Türkdilli alimlərin zirvə toplantısı

 

Bu yaxınlarda Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində VI Uluslararası Türk Dili Qurultayı keçirilmişdir. Bu beynəlxalq tədbirdə Azərbaycanı bir qrup dilçi alimimiz təmsil etmişdir. Qurultayın iştirakçısı, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya elmləri namizədi Aynel Məşədiyevanın bu mötəbər məclis barədə təəssüratlarını dərc edirik.

Türk Dil Qurumu (TDQ) Türkiyə Cümhuriyyətində, eləcə də türk dünyasında və ümumiyyətlə beynəlxalq elmi aləmdə ən mötəbər, ən nüfuzlu mədəniyyət mərkəzlərindən biridir. 1932-ci ildə böyük Atatürkün təşəbbüsü və yaxından köməyi ilə yaradılan bu qurum indi də müvəffəqiyyətlə fəaliyyət göstərir. Ötən 70 ildən çox müddətdə bu mötəbər təşkilat təşəkkül tapmış, öz fəaliyyət dairəsini xeyli genişləndirmiş, nüfuzlu elmi mərkəzə çevrilmişdir. Hazırda TDQ bütün türkdilli respublikaların dilçilərinin, başqa ölkələrin şərqşünas alimlərinin, mən deyərdim ki, zirvə toplantılarının, qurultay və konfranslarının təşkilatçısıdır.

Qurumun əsas məqsədi türk dilinin, eyni zamanda türkdilli xalqların dillərinin gözəlliyini, zənginliyini, oxşarlıqlarını və özəlliklərini aşkarlayaraq onları yer üzündəki dillər arasında tutduğu layiqli zirvəyə çatdırmaqdır.

Bütün bu məqsədlərə nail olmaq üçün TDQ səmərəli fəaliyyət göstərmişdir. O, 800-ə yaxın adda dəyərli dərgilər nəşr etmişdir. Bu yayınların arasında izahlı lüğətlər, monoqrafiyalar, digər dövri nəşrlər vardır.

Bu ilin oktyabrında Ankarada Bilkent Otel və Konfrans Mərkəzində keçirilən VI Uluslararası Türk Dili Qurultayı da bu qəbildən olan tədbirlərdən idi. Qurumun hər dörd ildən bir qurultay keçirməsi artıq ənənə şəklini almışdır. Bu beynəlxalq tədbirə hələ 4-5 ay bundan əvvəl hazırlıq işləri gedirdi. Qurultayı keçirən Türk Dil Qurumu türkdilli dövlətlərin müvafiq elm və təhsil ocaqlarına internet vasitəsilə müraciət etmiş və qurumun təşkilat komitəsinə məqalələr göndərmələrini bildirmişdi. Belə bir mühüm beynəlxalq tədbirin keçirilməsindən xəbər tutan mənim də çalışdığım Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhəbbət xanım Mirzəliyeva şöbəmizin bütün işçilərinə, xüsusən də gənc əməkdaşlara qurultayı keçirən Türk Dil Qurumuna məqalə yazıb göndərməyi tövsiyə etdi. Şöbəmizin beş əməkdaşı internet vasitəsilə TDQ-yə türk dillərinin müxtəlif aspektlərinə aid öz elmi məqalələrini çatdırdı.

Məqalələrimiz orada qəbul olundu və biz hamımız qurultaya dəvət aldıq. Biz gənclər ad-soyadımızın beynəlxalq tədbirdə 30-35 ölkənin, o cümlədən Azərbaycanın tanınmış alimləri arasında olduğunu biləndə sevinc hissi keçirdik. Yeri gəlmişkən, institutumuzda gənc əməkdaşların yaradıcılıq inkişafı üçün lazımi şərait yaradılmışdır. Onların elmi məclislərdə iştirakını təmin etməkdən ötrü rəhbərlik köməyini əsirgəmir. Bu müsbət xüsusiyyəti tanınmış alimlər, professorlar Cavad Heyət, Tofiq Hacıyev və başqaları qurultaydakı çıxışlarında xüsusi vurğuladılar.

Mən 500-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi qurultayın işindən ətraflı danışmazdan əvvəl bir vacib məsələni qeyd etmək istəyirəm. Bizim orada iştirakımızın, çıxış etməyimizin əsas səbəblərindən biri dilçilik institutunda yaradılan nümunəvi yaradıcı mühitdir, institutun direktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü Ağamusa Axundovun, onun elmi işlər üzrə müavini, professor Məsud Mahmudovun, şöbə müdiri, professor Məhəbbət xanım Mirzəliyevanın bütün işçilərin yaradıcılığına eyni münasibət bəsləmələrinin, onlara qayğı göstərmələrinin nəticəsidir...

Nümayəndə heyətimiz qurultayın başlandığı gün səhərə yaxın Ankarada oldu. Hava limanında alimlərimizi qurultayın təşkilat komitəsinin üzvləri çox mehribanlıqla, əziz adamları kimi qarşılayıb tədbirin keçirildiyi Bilkent Otel və Konfrans Mərkəzinədək müşayiət etdilər. Qardaş türk xalqının nümayəndələri bizə ilk gündən öz doğmaları, əziz qonaqları kimi münasibət göstərməyə başladılar.

Oktyabrın 20-də Türkiyə vaxtı ilə saat 10.00-da öz işinə başlayan, Türkiyə Respublikasının prezidenti Abdullah Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın, Atatürk Kultur, Dil və Tarix Yüksək Qurumunun prezidenti, professor Sadik Turalın, dövlət naziri, professor Mehmet Aydının iştirak etdikləri VI Uluslararası qurultayı Türk Dili Qurumunun prezidenti, professor Şükrü Haluk Akalın açaraq tədbir iştirakçılarını və qonaqları salamladı, onlara uğurlar arzuladı. Sonra prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan qurultaya toplaşanları təbrik edərək türkdilli ölkələrin və bu dilləri tədqiq edən qeyri-dövlətlərin türkoloq alimlərini birləşdirən belə bir möhtəşəm məclisin keçirilməsinin vacibliyini vurğuladılar.

Prezident Abdullah Gül türk dillərini tədqiq edən qeyri-türkdilli ölkələrin bir qrup tanınmış aliminə türk dillərinin tədqiqində yaradıcılıq xidmətlərinə görə Türk Dil Qurumunun və dövlətin "Ləyaqət" ordenini təqdim etdi. Mükafata layiq görülənlər arasında dünya miqyasında tanınan almaniyalı alim-türkoloq Lars Yoxanson və rusiyalı elm adamı Viktor Quzev də var idi.

Qurultay iştirakçıları qırğız xalqının böyük oğlu, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun xatirəsini sükutla yad etdikdən sonra alimlər ayrı-ayrı iclaslarda bölmələrdə işləri davam etdirməyə başladılar.

Beynəlxalq məclisdə müstəqil Azərbaycanı Milli Elmlər Akademiyasının Dilçilik, Şərqşünaslıq institutlarının, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Naxçıvan Dövlət universitetləri və başqa elm ocaqlarının alimləri təmsil edirdilər.

Azərbaycanın tanınmış türkoloq alimləri, professorlar Tofiq Hacıyevin, Nizami Xudiyevin, Məhəbbət xanım Mirzəliyevanın, Firudin Cəlilovun, Kamil Vəli Nərimanoğlunun, Adil Bağırovun, Buludxan Xəlilovun, Aydın Abıyevin, dosent Nuridə xanım Novruzovanın, elmlər namizədləri Şəkər xanım Orucovanın, Elnarə xanım Ələkbərovanın, Kübra xanım Quliyevanın, aspirant Gülnarə Əliyevanın, bu sətirlərin müəllifinin və başqalarının türk dillərinin müxtəlif istiqamətlərinə həsr olunmuş çıxışları dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

Alimlərimizin müsbət cəhətlərindən biri də o idi ki, onların əksəriyyəti (T.Hacıyev, N.Xudiyev, M.Mİrzəliyeva, F.Cəlilov, N.Novruzova, A.Abıyev, A.Bağırov, B.Xəlilov, K. V. Nərimanoğlu, M. Musaoğlu və başqaları) həm iclaslara sədrlik edir, həm də onların müxtəlif vaxtlarda ayrı-ayrı bölmələrdə çıxışları olurdu. Türkoloqlarımızın məruzələri rəngarəngliyi, mövzu çalarlığı, aktuallığı ilə də fərqlənirdi.

Qurultayı rövnəqləndirən amillərdən biri də, mən deyərdim ki, ən önəmlisi dünya şöhrətli elm adamlarının bu beynəlxalq məclisə qatılaraq fikir mübadiləsi aparmaları, dəyərli tövsiyələr vermələri, türk dillərinin inkişaf perspektivlərindən söhbət açmaları idi. Bunlardan bəzilərinin adlarını çəkməyi vacib sayıram. Bütün dünyada tanınan professorlar Cavad Heyət, Zeynəb Korkmaz, Osman Fikri Serkaya, Marika Çikiya, Dimitri Nasilov, İqor Kormuşin, Anna Dıbo, Tofiq Məlikli kimi məşhur türkoloqlarla ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq şərəf deyilmi?!

Bu möhtəşəm tədbirdə biz türk dillərinin ümumi vəziyyəti, baş verən morfoloji, sintaktik, leksik, fonetik yeniliklər, dialektik və şivələrin araşdırılmasında əldə edilən nəticələr və s. dəyişikliklər barədə məlumatlar öyrəndik. Qurultaydan asudə vaxtlarda iştirakçılar üçün Ankaranın gəzməli, görməli yerlərinə, muzeylərə ekskursiyalar, konsertlər təşkil edilirdi. Biz Türk Kultur Mərkəzi, Türk Dil Qurumunun Kitabxanası ilə tanış olduq.

Qurultay öz işini başa çatdırdıqdan bir gün sonra tədbir iştirakçılarını türk dilinin paytaxtı sayılan Karaman şəhərinə apardılar. Şəhərin valisi bizi çox mehriban qarşıladı. Orada Karaman rəqsləri nümayiş etdirildi. Sonra Arxeoloji Qazıntılar Muzeyi ilə tanış olduq. Nümayəndə heyətlərinin bütün üzvlərinə dəyərli kitablar hədiyyə edildi, ziyafət masası açıldı.

Karamandan qayıdarkən biz görkəmli türk sufi şairi Cəlaləddin Rumi Mövlanənin vəfat etdiyi və dəfn olunduğu Konya şəhərində olduq. Orada Mövlanənin məzarını ziyarət etdik, şəhərlə tanış olduq. Bir sözlə qardaş Türkiyə Respublikasına səfərimiz elmi-yaradıcılıq cəhətdən də, ekskursiya baxımından da çox zəngin oldu. Oradan zəngin, unudulmaz təəssüratla qayıtdıq. Beş gün çəkən mötəbər VI Uluslararası Türk Dili Qurultayından, Türkiyənin paytaxtından və qədim şəhərlərindən aldığımız geniş təəssüratı bir məqaləyə yerləşdirmək mümkün deyil. Zaman-zaman bu möhtəşəm tədbirin materiallarına müraciət edərək onun geniş şərhini verməyə çalışacağıq.

 

Respublika.- 2008.- 27 noyabr.- S.6.