Ot kökü üstə bitər
Bir eldən, bir obadan,
yaxud bir ailədən söhbət düşəndə
ataların bu kəlamını xatırlamamaq mümkün
deyildir. Haqqında söz açacağımız şəxs
ulu bir ailənin nümayəndəsidir. Bu ailənin, bu nəslin
əzəli çırağını yandıran,
özündən sonra gələn nəsillərin həyatını
öz nuruna qərq edən gözəl maarif xadimi, şair,
nasir, etnoqraf, tərcüməçi Rəşid bəy Əfəndiyev
olub.
Rəşid bəy Əfəndiyev
hazırda bir çox dünya şöhrətli alimlərin,
pedaqoqların, geoloqların, riyaziyyatçı və
kimyaçı elm xadimlərinin, həkimlərin böyük
bir sülaləsinin əsasını qoymuşdur.
Azərbaycanın dilbər
guşələrindən biri olan Şəkidə dünyaya
göz açan Rəşid bəy Əfəndiyev əvvəlcə
dini təhsil almış, sonra Qori müəllimlər
seminariyasında oxumuş, Tiflisdə Aleksandrovsk Müəllimlər
İnstitutunda təhsilini davam etdirmişdir. Azərbaycanda Xalq
Cümhuriyyəti dövründə Bakıda müəllimlər
seminariyasında direktor olmuş, sonra isə Şəki
pedaqoji məktəbinə başçılıq etmişdir.
Azərbaycan maarifinin ilk
təməl daşlarından birini qoymuş bu görkəmli
maarifçi, etnoqraf, dramaturq, şairin Vətən
qarşısında ən böyük xidməti xalq
üçün gərəkli, ləyaqətli övladlar
böyütməsidir. İki oğlu və dörd
qızı dövrünə görə mükəmməl təhsil
almış, adlı-sanlı ziyalılar olmuşlar. Məmmədbəy
Əfəndiyev riyaziyyatçı alim, professor, qızı
Maral xanım maarifçiliklə məşğul olmuş,
sonra görkəmli maarif xadimi Əhməd Nəbiyevlə ailə
qurmuşdur. Rəşid bəyin qızları Mahtaban və Cəmilə
də atalarının yolu ilə gedərək həyatlarını
pedaqoji işə sərf etmişlər.
Maral xanım və Əhməd
Nəbiyev Azərbaycan maarifi və mədəniyyəti
tarixində xüsusi yer tuturlar. O zaman keçmiş SSRİ məkanında
ən yüksək Lenin ordeni ilə təltif edilmişdir. Bu
ailədə Əfəndiyevlər-Nəbiyevlər sülaləsinin
yeni parlaq simaları dünyaya göz açmışlar. Bu
gün biz onlardan biri İzzət müəllim haqqında
söz açmaq istəyirik.
Görkəmli
alim-pedaqoq, əməkdar elm və texnika xadimi, SSRİ Dövlət
Mükafatı laureatı, texnika elmləri doktoru, professor
İzzət Əhməd oğlu Nəbiyev respublikamızda, eləcə
də keçmiş ittifaq məkanında neft və qaz sənayesinin
avtomatlaşdırılması və telemexanikləşdirilməsinin
elmi-praktiki əsaslarını qoymuş alimlərdən
biridir. O, məhsuldar və şərəfli həyat yolu
keçmiş, ömrünü respublikamız
üçün o zaman elmi-texniki istiqamət olan
avtomatlaşdırma, informatika və cihazqayırma sahələrinin
bünövrəsinin qoyulmasına, inkişafına həsr
etmişdir.
Şəki şəhərində
dünyaya göz açmış və 1940-cı ildə
orta məktəbi bitirdikdən sonra Bakıya gələn
İzzət Nəbiyev Azərbaycan Sənaye İnstitutunun
energetika fakültəsinə qəbul olunur, 1949-cu ildə təhsilini
əla qiymətlərlə bitirdikdən sonra Moskva Energetika
İnstitutunun aspiranturasında ilk elmi fəaliyyətə
başlayır. Dissertasiya işini uğurla bitirdikdən sonra
texnika elmləri namizədi kimi Bakıya qayıdır və
yüksək ixtisaslı elmi və mühəndis kadrların
hazırlanması, respublikanın neft sənayesinin
avtomatlaşdırılması ilə məşğul olur.
1960-cı ildə neft profilli ali məktəblərdə ilk
fakültənin-istehsal proseslərinin
aftomatlaşdırılması fakültəsinin əsasını
qoyur və onun ilk dekanı olur.
1970-ci ildə Avtomatika,
telemexanika və elektronika kafedrasına müdir seçilir və
1991-ci ilə qədər həmin kafedraya rəhbərlik edir.
Neft və qaz sənayesinin
artırılması sahəsində Azərbaycanda elmi məktəbin
yaradılmasında öz töhfələrini vermiş
professor İzzət Nəbiyev elmi yaradıcılıq fəaliyyəti
gündən-günə çiçəklənməyə
başlayır. Bir-birinin ardınca sanballı
monoqrafiyaları, dərslikləri işıq üzü
görür. Bir faktı da xüsusilə qeyd etmək
lazımdır ki, professor İzzət Nəbiyevin bir sıra
monoqrafiyası Moskvada işıq üzü görür.
Alimin "Neft quyularının məhsuldarlığının
teleölçüsü üçün avtomatik sistemlər",
"Ölçmə məlumatının
yığılması və çevrilməsinin diskret texniki
vasitələri", "Neftçıxarma sənayesi
üçün telemexanika kompleksləri" monoqrafiyaları
və neçə-neçə elmi məqalələri
Moskvada dərc olunur. Bu da azərbaycanlı alimin məşğul
olduğu sahədə keçmiş ittifaq məkanında
aparıcı alimlər elitasına daxil olmasına bariz
sübutdur. İzzət Nəbiyev 11 monoqrafiya və dərs vəsaitinin,
300-dən artıq elmi məqalə, 50 ixtira üçün
müəlliflik şəhadətnaməsinin müəllifidir.
Həmin elmi əsərlər bu gün də aktualdır və
gənc tədqiqatçılar tərəfindən geniş
istifadə edilir.
Professor İzzət Nəbiyev
elmlə istehsalatın vəhdətini ön plana çəkmişdir.
1957-ci ildən ömrünün axırına qədər
1993-cü ilə qədər o, eyni zamanda Sumqayıt
"Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə
İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat
Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli
elmi-tədqiqat və konstruktor-layihə işlərində
bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi
fundamental nəzəri nəticələr kütləvi
istehsalda mənimsənilmiş, respublikamızın, eləcə
də keçmiş ittifaqın neft və qaz sənayesinin
avtomatlaşdırılması və telemexanikləşdirilməsi
komplekslərinin yaradılmasında mühüm rol
oynamışdır.
1969-cu ildə professor
İ.Nəbiyev bir qrup həmkarı ilə birlikdə
"Avtomatlaşdırma sistemlərinin və texniki vasitələr
kompleksinin işlənməsi və Azərbaycan neft sənayesində
tətbiqinə görə" SSRİ Dövlət
Mükafatına layiq görülmüşdür.
Professor İzzət Nəbiyev
geniş diapazonlu pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsinə,
respublikamızın xalq təsərrüfatının
prioritet sahələri üçün mühəndis və
elmi kadrların hazırlanmasına daim xüsusi diqqət və
qayğı göstərmişdir. O, 4000-dən çox
yüksək ixtisaslı mühəndisin yetişməsində
böyük rol oynamışdır.
İ.Nəbiyev
avtomatlaşma və cihazqayırma sahəsində fənlərin
Azərbaycan dilində tədrisinin nizamlı sistemini
yaratmış ilk və öndər alimlərin
sırasında özünə layiq yer tutur. O, respublikada
birinci olaraq Azərbaycan dilində "Telemexanika" dərsliyinin
müəllifidir. İzzət müəllim onlarca dərs vəsaitinin
yazılmasında, redaktə edilməsində, nəşrində
və tədris prosesinə tətbiq olunmasında bilavasitə
iştirak etmişdir.
Respublika Prezidenti
yanında Ali Attestasiya Komissiyasının üzvü,
keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik
Şurasının üzvü, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və
istehsal proseslərinin avtomatlaşdırılması"
bölməsinin sədri, müxtəlif dövrlərdə
ixtisaslaşdırılmış elmi şuraların
üzvü kimi mühəndis kadrların hazırlanmasında
xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və
məsləhətçiliyi ilə 75 elmlər doktoru və
namizədləri yetişmişdir.
İzzət müəllim
öz xeyirxah, nəcib işləri ilə özünə
unudulmaz abidə ucaltmışdır. Azərbaycan Dövlət
Neft Akademiyasında vaxtilə onun rəhbərlik etdiyi Avtomatika,
telemexanika kafedrasında və yaşadığı
binanın divarında görkəmli heykəltəraş
Ömər Eldarovun müəllifi olduğu xatirə lövhələri
vurulmuşdur.
Görkəmli alim
İzzət Nəbiyev həm də gözəl ailə
başçısı olmuşdur. Onun tale qisməti Gülarə
Bayramova ailə, məişət qayğıları ilə
yanaşı elmi-tədqiqat işi ilə də məşğul
olmuşdur. Gülarə xanım neft-qaz axtarışı
üzrə namizədlik dissertasiyasını müdafiə
etmişdir.
Bəli, Nəbiyevlər
ailəsi ölkənin tərəqqisinə öz töhfələrini
vermişlər. İki oğul—Rauf və Rəşad da nəslin
şərəfli adına layiq yer tuturlar. Hər iki gənc
avtomatika və telemexanika ixtisasına yiyələnib. Bəli,
İzzət Nəbiyevin yolunu davam etdirən gənclər
yüzlərcədir, minlərcədir. Bu gün onlar Neft
Akademiyası kimi şərəfli ad almış Azərbaycan
Respublikasının bu sahədəki uğurlarında
böyük rol oynayırlar.
Bu yaxınlarda Bakıda
IV enerji sammiti
keçirilmişdir. 14 ölkənin dövlət və
hökumət başçılarının iştirak etdiyi
sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
deyib: "Mən qürur hissi ilə demək istəyirəm
ki, Azərbaycanda başlanmış enerji layihələri bu
gün daha geniş əməkdaşlıq üçün
imkanlar açır. Bizim tikdiyimiz boru kəmərləri Azərbaycan
neftini Avropa və dünya bazarlarına
çıxarır".
İndi Azərbaycanın
xaricdən qaz almadığını, Gürcüstana və
Türkiyəyə qaz ixrac etdiyini xatırladan Prezident
İlham Əliyev ölkəmizdə nəhəng qaz
ehtiyatlarının, güclü infrastrukturunun olduğunu
vurğulayıb.
Bəli, dünya enerji
meydanında möhkəm yer tutan Azərbaycanın bu
uğurlarında indi anadan olmasının 85 illiyini qeyd
etdiyimiz görkəmli alim, nəcib insan İzzət Nəbiyevin
və onun yetişdirdiyi mütəxəssis kadrların əvəzsiz
rol oynadıqlarını göstərmək vacibdir.
Ulu öndər Heydər
Əliyevin müdrikliklə dediyi "Biz milli-mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi qoruyub saxlamalıyıq və
gənc nəsli bu ruhda tərbiyələndirməliyik” kəlamlarını
unutmamalıyıq
Əliyev T.
Respublika.- 2008.- 27 noyabr.- S.7.