Rus Mərkəzi xalqlarımızın daha da
yaxşılaşmasına xidmət edəcək
Son vaxtlar Azərbaycanla
Rusiya arasında əlaqələr getdikcə intensivləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Rusiya Federasiyasına rəsmi səfəri, iki ölkə
prezidentlərinin görüşləri, müzakirə olunan
məsələlər ölkələrimiz, xalqlarımız
arasında hərtərəfli əlaqələrin bundan sonra
da inkişaf etdirilməsinə xidmət edir.
Bakı Dövlət
Universitetində təşkil olunmuş Rus Mərkəzinin
açılış mərasimində çıxış
edənlər bu və ya digər məsələlər barədə
ətraflı danışmışlar. Tədbiri universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq
fəaliyyətə başlayan mərkəzin əhəmiyyətindən
danışdı. Qeyd etdi ki, rus mədəniyyəti və
dilinin populyarlaşdırılması və qorunması məqsədilə
Rusiya Federasiyası prezidentinin 21 iyun 2007-ci il tarixli sərəncamı
ilə təsis edilən "Rus dünyası" fondu rus mərkəzləri
şəbəkəsinin yaradılması üzrə layihələr
həyata keçirir. "Rus dünyası" fondu bu mərkəzlərin
açılış proqramları, kitabxana, o cümlədən
ensiklopediyalar, soraq nəşrləri, rus dili lüğətləri,
bədii tədris, uşaq ədəbiyyatı və s. rus
kinematoqrafiyasının klassikası, audio kitablar, tədris-metodik
vəsaitləri kimi multimedia nəşrləri, rus dili tədris
proqramları ilə təmin etməyi nəzərdə tutur.
Fond həmçinin mərkəzin istifadəçilərini
Rusiyanın mərkəzi kütləvi informasiya vasitələrinin
elektron versiyalarına pulsuz çıxışını təmin
edir. Belə bir mərkəzin ilk dəfə Bakı Dövlət
Universitetində açılması sevindirici haldır. Mərkəz
tələbələrimiz üçün Rusiyaya
açılan bir pəncərədir.
Sonra söz "Rus dünyası" fondu idarə
heyətinin icraçı direktoru Vyaçeslav Nikonova verildi.
O, fondun məram və məqsədindən, bundan sonra nəzərdə
tutulan layihələrdən danışdı: "Rus dili
dünyanın ən çox işlənən dillərindən
biridir və bu gün dünyanın bir çox yerlərində
bu dildən istifadə olunur. SSRİ-nin süqutundan sonra
ittifaqa daxil olan müttəfiq respublikalarda bu dilə
münasibət dəyişdi. İndi yenidən rus dilinə
maraq artmaqdadır. "Rus dünyası" fondu rus dilinin
populyarlaşdırılması və qorunması
missiyasını öz üzərinə
götürmüşdür. Rus mərkəzləri də
buna xidmət edir. Bakı Dövlət Universitetində
açılan mərkəz tələbələrə Rusiya
tarixi, mədəniyyəti, ədəbiyyatı ilə
yaxından tanış olmağa imkan yaradacaqdır. Bu, həm
də Azərbaycan-Rusiya əlaqələrinin inkişafına
töhfələr verəcəkdir. Bugünədək
Belçika, Yaponiya, ABŞ, Tacikistan,
Qırğızıstan, Qazaxıstan və Ermənistanda belə
mərkəzlər açılmışdır. Ümumiyyətlə,
50-dən artıq belə mərkəzin yaradılması barədə
razılıq alınmışdır. Biz Azərbaycanda ilk dəfə
açılan Rus Mərkəzinin inkişafına kömək
edəcəyik".
Rusiyanın
Azərbaycandakı fövqəladə səfiri
Vasili İstratov ölkəmizdə olduğu iki il
müddətində tarixi və mədəni əlaqələri
olan xalqlarımızın yaxınlaşması istiqamətində
görülmüş işlərdən danışdı və
yeni açılan Rus Mərkəzinin Azərbaycanın ən
nüfuzlu və qocaman təhsil müəssisələrindən
biri olan BDU-da açılmasından məmnun
qaldığını dedi.
Sonda Bakı Dövlət
Universiteti adından üzərində Azərbaycan və
Rusiya prezidentlərinin portreti işlənilmiş tablo Rus mərkəzinə
hədiyyə edildi.
Qurbanqızı
Z.
Respublika.- 2008.- 29 noyabr.- S.4.