Vətəndaşlıq mövqeyi
ilə seçilən alim
Azərbaycan
filologiyasında öz yolu olan, sayılan və seçilən
filoloqlar içərisində öz dəstxətti ilə
seçilən Vilayət Hüseyn oğlu Əliyevin adı
elmi ictimaiyyətə vətənpərvər ziyalı, zəhmətkeş
alim kimi çoxdan tanışdır.
Filologiya elmləri
doktoru, professor Vilayət Hüseyn oğlu Əliyev 1938-ci ildə
Şəki rayonunun Daşbulaq kəndində
köçkün ailəsində anadan olmuşdur. Tale onun
valideynlərinin üzünə gülməmişdir. Ailələri
repressiya olunmuş və beləliklə, sığınacaq
yeri kimi Azərbaycana pənah gətirmişdir.
Naxçıvan, Şəki, Salyan bu ailənin tərcümeyi-halına
yazılmışdır. Əliyevlər ailəsinin
övladı Vilayət Əliyev ailənin bərkə-boşa
düşmüş üzvlərindən biri olmaqla hələ
uşaqlıqdan yurd itkisinin ağrı-acısını
dadmışdır. Həyat kimləri döyə-döyə
bərkidirsə, belələri sədaqətli, səmimi,
xeyirxah, sözübütöv, əqidəli olurlar.
Vilayət Əliyevin ərsəyə
çatdığı ailənin iqbalı Tanrı tərəfindən
açıq olmuşdur. Bu ailənin üzvləri repressiya
olunanda da, həyatda bədxahlıqlara tuş gələndə
də Tanrı onları hifz etmişdir. Odur ki, Vilayət Əliyev
xoşbəxtliyə, səadətə və ucalığa
addım-addım gəlmişdir...
Vilayət Əliyev
1960-cı illərdən dilçilik sahəsində fəaliyyət
göstərir. Onun elmi-tədqiqatları Azərbaycan
dilçiliyi və türkologiya ilə bağlıdır.
200-ə yaxın elmi məqalənin və "Azərbaycan
dilində felin təsriflənməyən formaları",
"Məsdər", "Azərbaycan dilində feli sifət",
"Azərbaycan dilində felin perifrastik formaları",
"Toponimika", "Azərbaycan toponimiyası" kimi
kitabların müəllifidir. Azərbaycan MEA-nın nəşr
etdirdiyi 3 cildlik "Müasir Azərbaycan dili" əsərinin
müəlliflərindən biridir.
Azərbaycan
Respublikası Prezidentinin 04 iyul 2001-ci il tarixdə
imzaladığı sərəncamla Azərbaycan
Respublikası Dil Komissiyasının üzvüdür.
"91" vətənpərvər ziyalılardan biri və
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının
üzvüdür.
Vaxtilə Vilayət Əliyevin
elmi-pedaqoji fəaliyyətindən yazanlar, onun ömür
yoluna ayna tutanlar, həyatını öyrənənlər
belə bir fikir söyləyiblər ki, onun həyatı da
özlüyündə bir romandır. Doğrudan da onun həyatı
roman qəhrəmanlarının həyatı kimi keşmə-keşli
yollardan keçib, ömür yolu təkcə uğurlar
üzərində qurulmayıb, həm də problemlər,
qayğılar ilə dolu olubdur... O, Pedaqoji Texnikumu bitirdikdən
sonra Salyanın Noxudlu kəndində gənc müəllim kimi
fəaliyyətə başlayıb. 3 il sonra ali təhsil
almağın vacib olduğunu bir zərurət kimi başa
düşüb və Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olubdur. Xoşbəxtlikdən
tanınmış alimlərin mühazirələrini dinləyib
və seminarlarında iştirak edibdir. Vilayət müəllim
unudulmaz tələbəlik illərindən söhbət
açarkən Ə.Sultanlının, M.Cəlalın,
H.Araslının, M.Hüseynzadənin, H.Mirzəzadənin, M.Təhmasibin,
M.Şirəliyevin, P.Xəlilovun, R.Rüstəmovun, Y.Seyidovun,
M.Rəhimovun və digərlərinin adlarını
ağızdolusu xoş xatirələrlə çəkir.
Heç şübhəsiz ki, onun elm yolunu seçməsində
bu ziyalıların, alimlərin şəxsi nümunəsi
heç də az rol oynamayıbdır. Odur ki, Vilayət müəllim
müəllimlərinin yoluna qoşulub, öz taleyini tədqiqatçılığa,
pedaqoji fəaliyyətə həsr edibdir. Və təsadüfi
deyildir ki, Daşkənddə məqsədli aspiranturada təhsil
alıbdır. Daşkənd mühiti Vilayət Əliyevin həyatında
böyük rol oynayıb, xüsusilə həmyerlimiz Maqsud
Şeyxzadə ilə yaxından tanış olubdur. Vilayət
müəllim həmin günləri xatırlarkən Maqsud
Şeyxzadə ilə bağlı təəssüratlarını
belə dilə gətirir:
—Bizim son
görüşümüz 1965-ci ilin martında oldu. Mən həmin
gün dissertasiya müdafiə edirdim. Müdafiə özbək
dilində getməli idi. Akademik M.Ş.Şirəliyev, elmi rəhbərim
professor Q.Ə.Əbdürrəhmanov deyirdilər ki, sən bu
gün iki imtahan verirsən: həm yazdığın əsəri
müdafiə etməli, həm də özbək dilini necə
öyrəndiyini nümayiş etdirməlisən.
Vilayət müəllimin
söhbətlərindən hiss etmək olur ki, Maqsud Şeyxzadə
Daşkənddə onun mənəvi cəhətdən
arxası, bir eloğlu kimi onun müdafiəsinə, özbək
dilini öyrənməsinə dayaq olubdur.
Vilayət Əliyev 2 il
müddətində "Azərbaycan və özbək dillərində
feli sifət" mövzusunda namizədlik
dissertasiyasını uğurla müdafiə etdikdən sonra gənc
alim kimi Azərbaycan Xarici Dillər İnstitutunda (indiki Azərbaycan
Dillər Universitetində) işə başlayıb və
sonralar Naxçıvan Pedaqoji İnstitutunda (indiki
Naxçıvan Dövlət Universitetində) dosent kimi fəaliyyət
göstəribdir. Vilayət Əliyev filologiya elmləri
doktoru, professor, tanınmış pedaqoq və əməkdar
müəllim kimi öz xeyirxah müəllimlərindən
öyrəndiklərini yaşadır, ürək genişliyi
ilə, səxavətlə tələbələrinə xərcləyir.
Və bu işindən ləzzət alır. Onun dərs dediyi
tələbələrin bir çoxu hazırda
respublikamızın müxtəlif yerlərində və
müxtəlif sahələrdə ləyaqətlə, şərəflə
çalışırlar. Vilayət Əliyev tələbələrinin
uğurlarına, nailiyyətlərinə sevinən müəllimlərimizdəndir.
Bu xoş sözləri onun tələbələri adından
inamla söyləyirəm. Və öz müəllimim barəsində
hörmət əlaməti olaraq Türkiyə hökmdarı
Fateh Sultan Məhəmmədlə bağlı hadisəni xatırlayıram.
O, bir yaz səhərində İstanbula daxil olarkən
sağında və solunda müəllimlərindən
Ağşəmsəddin və Gürani əyləşmişdir.
Adamlar əllərindəki çiçək dəstələrini
Sultan Məhəmmədə vermək istəyirdilər. Sultan
Məhəmməd bunu görüb deyir: "Çiçəkləri
Ağşəmsəddinə verin, mən Sultan Məhəmmədəm,
o, mənim müəllimimdir".
Bu mənada Vilayət Əliyevin
tələbələrinin hər biri onun yolunu gözləyir,
ona hörmət və ehtiram göstərirlər.
Vilayət Hüseyn
oğlu Əliyevin elmi-pedaqoji fəaliyyətinin əsas hissəsi,
böyük bir hissəsi Azərbaycan Dövlət Pedaqoji
Universiteti ilə bağlı olubdur. O, 1990-cı ildə
doktorluq dissertasiyası müdafiə etmiş, felin təsriflənməyən
formalarını müqayisəli şəkildə
araşdırmış, bu məsələyə kompleks şəkildə
yanaşmaqla məsdərin, feli sifətin, feli bağlamanın
həm ümumi, həm də xüsusi əlamətlərini
açıqlamışdır. Əlbəttə, felin təsriflənməyən
formaları kimi ağır zəhmət tələb edən
bir mövzunu işləmək tədqiqatçıdan
dilçilik vərdişləri, geniş erudisiya, dilin
morfoloji və sintaktik xüsusiyyətlərini dərindən
bilmək, bütövlükdə dilin təbiətinə və
ruhuna olduqca yaxın olmaq və s. keyfiyyətlər tələb
edir. Məhz bu xüsusiyyətlərə qadir olan Vilayət Əliyev
nəinki Azərbaycan dilçiliyini, eyni zamanda
türkologiyanı yeni-yeni elmi-nəzəri müddəalarla zənginləşdirə
bilmişdir. Xüsusilə felin təsriflənməyən
formalarının mahiyyəti, felin təsriflənməyən
formalarının nitq hissələri arasında mövqeyi, təsriflənməyən
formaların felin şəkillərinə, zaman və şəxs
kateqoriyalarına münasibəti, atributivlik, təsniflənməyən
forma şəkilçilərinin xarakteri və s. Məsələlər
türkoloji dilçiliyin elmi-nəzəri səviyyəsini
yüksəlməsinə xidmət etmişdir.
Vilayət Əliyev Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi
kafedrasında, hazırda isə Müasir Azərbaycan dili
kafedrasında çalışmaqla, mötəbər bir sahəyə
elm sahəsinə elmi işlər üzrə prorektor kimi rəhbərlik
etməklə yenə də nəinki Azərbaycan dilçilik
elminə, həm də bütövlükdə elmimizə xidmət
edir. Elmi işlər üzrə prorektor kimi ADPU-da elmi işin
səviyyəsinin yüksəlməsi üçün əlindən
gələni əsirgəmir. Müntəzəm olaraq
professor-müəllim heyətinin və tələbələrin
elmi-tədqiqatlarının yekununa həsr olunmuş
konfransların keçirilməsində elm naminə gərgin
zəhmət sərf edir. Vilayət Əliyev Nəsimi
adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət
göstərən Müdafiə Şurasının həmsədridir.
O, burada da namizədlik və doktorluq dissertasiyalarının
yüksək səviyyədə müdafiəsi
üçün əlindən gələni əsirgəmir.
Vilayət Əliyev o qəbildən
olan dilçi türkoloqlardandır ki, həmişə
işləyir, araşdırmalarını aparır, məqalələrini,
yeni-yeni kitablarını çap etdirir. Onun doktorluq müdafiəsindən
17 il keçir. Bu müddət ərzində onun "Azərbaycan
toponimiyası", "Toponimika", "Zəngəzurda
qalan izimiz", "Heydər Əliyevin dil siyasəti" və
s. yüzlərlə məqalələri çap
olunmuşdur.
Vilayət Əliyevin
çap etdirdiyi kitablara elmi ictimaiyyət biganə
qalmamış, öz müsbət rəylərini, fikirlərini
və mövqelərini dönə-dönə bildirmişdir.
Təkcə onu qeyd etmək kifayətdir ki, "Zəngəzurda
qalan izimiz" kitabı ilə bağlı "Kredo",
"Xalq qəzeti", "Azərbaycan" qəzetlərində,
"Vektor" beynəlxalq elm dərgisində elm
adamlarının, siyasətçilərin onlarca məqalələri
çap olunmuşdur. Bu məqalələrin hər birində
Vilayət Əliyevin vətəndaş mövqeyi, alim təəssübkeşliyi,
azərbaycançılıq məfkurəsinə sadiqliyi,
başımıza gələn faciələrə biganə
qalmaması və s. geniş şəkildə
işıqlandırılmışdır. Hətta "Azərnevs"
qəzetində ingilis dilində çap olunmuş informasiya da
Vilayət Əliyev tədqiqatlarının ingilisdilli oxucular
vasitəsilə dünya ictimaiyyətinə
yayılmasında, bu tipli əsərlərin dünyanın
beynəlxalq dillərinə tərcümə olunmasında
heç də az rol oynamır. Əslində Vilayət Əliyev
son dövrdə yazdığı kitablarında Azərbaycan
dövlətinə, dövlətçiliyinə, dövlətin
ideologiyasına sadiqliyini mübariz bir alim kimi sübut edir.
Elmi həqiqətləri ortalığa qoymaqla yanaşı,
milli təəssübkeşliyini, hissiyyatını gizlətmir.
Vilayət Əliyevin son
dövrlərdə yazdığı kitablar təkcə elm
adamlarının marağında deyil, geniş oxucu kütləsinin,
ictimaiyyətin ürəyincədir. Bu fikri təsadüfi
olaraq söyləmirik. Ona ünvanlanmış çoxlu oxucu
məktubu dediyimizi təsdiq edir. Vilayət Əliyevin
kitabını oxuyanlar ona açıq məktub yazır, onun
yazdıqlarının oxucuların ruhuna uyğun olduğunu təsdiq
edirlər. Bir oxucu məktubundan: "Çapdan yeni
çıxmış, şəxsən mənə göndərdiyiniz
Sizin yazdığınız "Zəngəzurda qalan
izimiz" kitabını böyük sevinc hissi ilə
aldım. Bu dərin məzmunlu kitabı çox diqqətlə
oxudum, bilmədiyiım maraqlı tarixi faktları öyrəndim
və bəyəndim".
Vilayət Əliyev
dilimizin keşiyində dayanan, onun imkanlarına hörmətlə
yanaşan, dilimizi mənəvi sərvətimiz kimi dəyərləndirən,
dövlət atributlarından biri kimi ona xüsusi əhəmiyyət
verən, dilimizi milli varlığımızın göstəricisi
kimi qiymətləndirən alimlərimizdən biridir. Yəqin
ki, geniş elmi ictimaiyyətin yaddaşında bir hadisə
daha yaxşı qalıbdır: Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan
komissiyanın noyabrın 2-də keçirilmiş
iclasındakı polemika. Bu polemikada müxtəlif fikirlər,
mövqelər təzad yaratmaqla yanaşı, az qala cəmiyyətin
özündə bir çaşqınlığa səbəb
olurdu. Əsl həqiqəti söyləməyə
böyük ehtiyac vardı. Dilimizin adını Azərbaycan
türkcəsi, türk dili, Azərbaycan-türk dili və s.
adlarla adlandırmaq iddiasında olanların bir çoxu səmimiyyətdən
uzaqda dayanır, ürəkləri ilə dillərini vəhdətə
gətirə bilmirdilər. Burada böyük türk mütəfəkkiri,
məşhur məsnəvilərin müəllifi Cəlaləddin
Ruminin fikri yada düşür. O deyib ki, səmimiyyət
bütün fəzilətlərin anasıdır, yəni qəlb
ilə dil vəhdətdə olmalıdır. Cəlaləddin
Ruminin bu fikrini təsadüfi olaraq xatırlamadıq. Ona
görə xatırladıq ki, məhz dilimizin adı ilə
bağlı müzakirə olan, kifayət qədər səmimi
mövqe tutanlardan biri oldu. Və səmimi bir şəkildə
dedi: “... şəxsən mənim fikrim budur ki, bizim dil Azərbaycan
dilidir. Nəyə görə? Əvvəla Azərbaycan
xalqı xalq kimi formalaşarkən, düzdür., Oğuz
kökü üzərində formalaşsa da, digər amillər
burada rol oynayıbdır. Biz formalaşmışıq, müəyyən
ərazidə uzun əsrlər boyu yaşayırıq. Ərazimiz
var, dövlətimiz var və xalqın dili var".
Vilayət Əliyevin
"Dədə Qorqud"la, dilimizin tətbiqi sahəsindəki
problemlərlə bağlı mətbuatda çap etdirdiyi
onlarca məqalə bir alim, vətəndaş mövqeyinin məsuliyyəti,
fəallığı, ürək, qəlb yanğısı
kimi qəbul olunmalıdır. Bu mənada onun Azərbaycan
Respublikası Prezidentinin 04 iyul 2001-ci ildə
imzaladığı sərəncamla Dövlət Dil
Komissiyasının tərkibinə daxil edilməsi çox təbiidir.
O, Dövlət Dil Komissiyasının üzvü kimi də
müntəzəm olaraq "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" 18 iyun
2001-ci il tarixli 506 nömrəli fərmanın tələblərindən
irəli gələn məsələlərə xüsusi
önəm verir, respublikamızın ən mötəbər
qəzet və jurnallarında məqalələrlə
çıxış edir.
Vilayət Əliyev
bütün varlığı ilə
türkçüdür, türk dünyasını və
türkoloji düşüncəni, məfkurəni qəbul edən,
təbliğ edən türkoloqlardan biridir. 1999-cu ilin iyul
ayında Türkiyədə keçirilən türk dövlətləri
və topluluqlarının VII qurultayında iştirak etmək,
1998-ci ildə ADPU-da deportasiya ilə bağlı
keçirilmiş konfransın təşkilatçılarından
biri olmaq, eləcə də "Kitabi-Dədə Qorqud"un
1300 illik yubileyinin qocaman ali təhsil müəssisəsində
- ADPU-da keçirilməsini təşkil etmək bütün
bunların hamısı Vilayət Əliyevin bir alim kimi ali
hisslərə, düşüncəyə və milli-mənəvi
dəyərlərimizin qorunmasında ziyalılara məxsus
olan keyfiyyətlərə qadirliyindən xəbər verir.
Vilayət Əliyev o qəbildən
olan ziyalılarımızdandır ki, respublikamızın
ictimai-siyasi həyatına da biganə deyildir. Onun ictimai-siyasi
fəallığında da bir alim-vətəndaş
mövqeyi vardır. Hələ keçən əsrin
90-cı illərində Azərbaycanın siyasi, iqtisadi, mədəni
həyatında boşluq, anarxiya, hərcmərclik hökm
sürdüyü zaman müdrik ağsaqqalımız, ulu
öndərimiz Heydər Əliyevin ətrafında dərin zəkalı,
yüksək mədəniyyətli, müstəqil
düşüncəli, milli qürurlu, peşəkar
insanların birləşməsinə böyük ehtiyac
vardı. Məhz ulu öndərimizin ətrafında birləşən
"91" vətənpərvər ziyalıdan biri də
Vilayət Əliyev olmuşdur. Bu gün "91"lər
adı ilə tarixə yazılmış vətənpərvər
ziyalılardan biri olan Vilayət Əliyev Azərbaycanın
naminə heç bir təqib və təzyiqdən qorxmayaraq
16 oktyabr 1992-ci ildə "Səs" qəzetində ulu
öndərə müraciət edənlərdən biri kimi həmişə
bu işi ilə qürur və fəxr duyduğunu söyləyir.
Mövqelər, münasibətlər, əqidələr,
siyasi görüşlər zamanın imtahanından bəzən
üzü ağ çıxa bilmir. Ancaq Vilayət Əliyevin
dəstəklədiyi Yeni Azərbaycan Partiyası da, onun
yaradıcısı ulu öndər Heydər Əliyev də,
bu görkəmli siyasi xadimin siyasi kursu da zamanın
imtahanından üzüağ çıxdı. Vilayət Əliyev
isə ictimai-siyasi fəaliyyətində mövqeyini,
münasibətini, əqidəsini, siyasi
görüşünü dəyişmədi və axıra qədər
sadiq və sədaqətli oldu. Əgər mətbuatımıza
fikir versək görərik ki, Vilayət Əliyev həmişə
ölkəmizin ictimai-siyasi həyatında öz
sözünü deyən ziyalılarımızdan biridir.
Ağa qara deyənlərə qarşı kəskindir,
mübarizdir, hisslərini, duyğularını gizlətməyəndir.
Əslində o, Azərbaycanın ictimai-siyasi mühitində
mövqeyi aydın, dəqiq, lazım gələndə dəniz
kimi kükrəməyi bacaran, çəkinmədən həqiqəti
söyləyə bilən bir alim-vətəndaş kimi
tanınır. 2008-ci il prezident seçkilərində Azərbaycanın
ayrı-ayrı bölgələrini qarış-qarış
gəzərək Prezidentimiz İlham Əliyevin təbliğat,
təşviqat kampaniyasında olmaq Vilayət Əliyev
üçün olduqca etimadlı bir iş kimi qəbul olunur.
Filologiya elmləri doktoru, professor, əməkdar müəllim,
ADPU-nun elmi işlər üzrə prorektoru, YAP-ın Siyasi
Şurasının üzvü Vilayət Əliyev
üçün 2008-ci il əlamətdar bir ildir. 2008-ci ildə
müqəddəs bir yaş 70 yaş Vilayət müəllimin
qapısını döydü. Sevinirik ki, Vilayət Əliyevin
canı sağlam, ruhu təzə, enerjisi tükənməzdir.
Hələlik 70 yaşlı Vilayət Əliyev
üçün Peyğəmbərimizin bir fikrini söyləmək
istərdim. Peyğəmbərimiz deyib ki, heç vaxt doymayan
iki ac var: elm acı və var-dövlət acı. Vilayət Əliyev
elmi-tədqiqatlarından, elmi fəaliyyətindən doymayan
bir alim kimi hələ yeni-yeni əsərləri, məqalələri
ilə Azərbaycan dilçilik elmini sevindirəcəkdir. Ona
bu yolda uğurlar, can sağlığı arzulayır, "70
yaşınız mübarək olsun" deyirik.
Xəlilov B.
Respublika.- 2008.- 29 noyabr.- S.6.