Ömürnaməyə bələdçilik

 

Bu kitab niyə, nə üçün, kim üçün yazılıb. Memuar ədəbiyyat, bir qayda olaraq, ömrün payız çağında qələmə alınır. Ancaq mən sizləri əmin etmək istəyirəm ki, neçə illərdən bəri dost-tanışlar ömür yolum haqqında həqiqətləri yazmağa təşviq və vadar etsələr də, hələ bədii təxəyyülə nöqtə qoyub asan yolla getmək -gördüklərimi, eşitdiklərimi, bildiklərimi yazmaq fikrindən uzaq qaçırdım. Bunun iki səbəbi var idi. Birinci o idi ki, sovet dövründə başıma gələnləri olduğu kimi açıb danışmaq mümkün olmayacaqdı, həm də açıb danışacağım əhvalatlar mənim sirrxəzinəmdi, onları bəyan etməklə oxucunun bədii yazılarımın gerçəkliyinə inamını qıra bilərdim. Bu isə əzizinə qəsd etmək dərəcəsində cinayət olardı. İkincisi, ölüm qaraltısı məni basmalıydı ki, anlayım: bu sirlər xəzinəsini özümlə qəbrə aparmaq naxələflik olar, tələş.

Bizim qəribə taleyimiz var.

Ömrün belə bir çağı gəlib çatdı ki, yazılarımda oxucudan gizlətdiklərimi deməklə mən nəinki öz yaradıcılığımın təzadlarına açar vermiş olaram, həm də az qala, yaşıdı olduğum əsrin qəribəliklərinə şahidlik edərəm və ümumiyyətlə, mənim nəslimin bədbəxtlikləri və xoşbəxtlikləri haqqında həqiqəti bilmək istəyən cavanlarımıza kiçik bir cığır açaram.

Və bu axırıncı niyyət yazını memuar çərçivəsindən çıxarsa da, əminəm ki, düşuncələrimi çəkinmədən qələmə almaqla, hətta onların mütləq gerçəklik kimi qavranmasına ehtimalım olmasa da, opponentlərimə həqiqəti mübahisələrdə dərk etmək imkanı verə bilərəm. Mən əsrin taleyini yaşamışam, onun uğurları da, uğursuzluqları da mənimdir. Mənim kimi çoxlarını zəmanələr özunə "kölə" eləyib. Ancaq bu cür "köləlik" üçün peşmançılıq çəkmirəm, ona görə ki, heç bir çətinlik qarşısında təbiətimi, əqidəmi dəyişməmişəm, mütiləşməmişəm. Ən başlıcası xalis qanlı azərbaycanlı kimi özümü qoruyub saxlamışam, kommunist kimi ilk növbədə Azərbaycan vətəndaşı olmuşam. Əsil-nəcabətimin dəyərləri mənə milli və dini əqidə dönməzliyi, səbatı verib. Sarsılmaz inamım və iradəm hər zaman mənə diqtə edib ki, qulluq etdiyin məslək heç vəchlə sənin insanlığını əlindən almamalıdır.

Hətta gözümü açanda bəy, o dünyaya yığışmaq ərəfəsində kommunist olmuş olsam da, başqa cür, yaxşı yaşama naminə üçüncü bir silkə girə bilməmişəm, yerim-yurdum məlumdur, onu necə dəyişim, əslim-nəcabətim bəlli ondan necə imtina edim; əxlaqım-ədəbim də yol vermir ki, özümə arxa çevirim. Bu dediklərimi bir qədər əhatəli şərh etməli oluram. Əlbəttə, yazıçının memuar yazması təəccüb də doğura bilər. Əgər o, həyatda acılı-şirinli müşahidə elədiklərini, anladıqlarını, həyəcanlandıqlarını bədii əsərlərində qələmə almayıbsa, memuar onun kimliyini, çətin ki, hissiyyatla təqdim edə bilsin. Ömurnamə qələmimə əylənclik edən bir də o idi ki, mənim yurdum - Qarabağ düşmən əsarətindədir. Bu müsibəti kənara qoyub, öz dərd-sərimizdən necə söz açım?! Ancaq babaların ruhu güclü çıxdı, şəcərəmizlə bağlı topladığımız materiallar, günbəgün məni ömürnaməni yazmağa vadarlandırırdı. Qızım Nigar xanım (nəşriyyatın direktoru) təsisçisi olduğum "Elm və həyat" nəşriyyatında fəaliyyətimdə fasilə verib, şəcərə tariximizi yazmağın zəruriliyini mənə aşıladı. Oğlum Ceyhun kitabın çapının mümkünlüyunə məndə inam yaratdı.

İş otağımda  ofisdə divardan asılmış Əsilzadəlik Şəhadətnaməsi qiymətli bəxşişdi nəslimizə. Ancaq başqalarını demirəm, öz cavan qohum-əqrabam da bunun mənasını dərk etmirdi. Əsil-nəcabət fəzilətini nəzərə çatdırmaq on illərlə qəbahət sayılırdı... Nəslin ən yaşlı nümayəndəsi, qələm sahibi olan şəxs bunu açıqlamağa borcluydu.

Başımıza gələn qəziyyələrdən, əhvalatlardan yazmaq niyyətim uşaqlıq dövründən ağlıma gəlmişdi. Bakıda oxuyanda "Gündəlik" yazırdım. Bunlara təhlil-şərh verməklə yaşadığım acı günlərin mənzərəsini daha səhih yaratmaq olardı. Və yaxşı ki nə onda, nə də səksəninci illərdə buna əməl etməyə vaxtım və mümkünatım olmamışdı.

Əslində bəyliklə bağlı öz başıma gələn müsibətləri yazmışdım: "Mən kiməm? Dost ya düşmən?!". Yazıya dahi Füzulinin qitəsindən bu misraları epiqraf seçmişdim:

Fəğan ki, dustumu düşmənimdən etmən fərq,

Kəmali-cəhl ilə ovqat sərf olur məhü sal

Bu ovqatda on illərlə yaşamalı olmuşdum.

İndi üç yüzillik şəcərə tariximizlə tanış olandan sonra bunları bütövlükdə özümə şamil etməyə haqqım olmadığını anladım.

Şəcərəmizin kimliyini, nəslimizə xas ülvi keyfiyyətləri dost-düşmən anlamından araşdırıb, kağıza köçürmək üçün çox iş görmək lazım gəldi. Və yaxşı ki nəslimizdən axtarışlara maraqla qoşulanlar tapıldı. Qardaşım oğlu, humanitar təhsil almış bəysevər Gəray Dövlət Arxivinə müraciət etdi, dayım oğlu mühəndis Camal vaxt eləyib ailə arxivlərini araşdırdı, kitabxanaları gəzdi, nəslin yaşlı nümayəndələrinin xatirələrini birər-birər topladıq.

Yeri gəlmişkən, bütün bu araşdırmalarda bizə ürəkdən havadarlıq və kömək edən Azərbaycan Dövlət Tarix Arxivinin direktoru A.N.Axundov, aparıcı arxivarius A.Ə.Məmmədov cənablarına, istedadlı publisist-tədqiqatçı, "Soy" dərgisinin baş redaktoru Ənvər Çingizoğluna ailəmizin dərin təşəkkürünü, minnətdarlığımızı bildirirəm. Memuar yazmaq lüzumunu zaman-zaman mənə xatırladan, bunun vacibliyi ilə məni təsirləndirə bilən yazıçı-publisist dostlarım: Nahid Hacızadəyə və Firuz Mustafaya təşəkkür edirəm. Lakin arzu bir başqa, əməl bir başqadır.

Qələmi əylənc edən, saxlayan səbəblər də az deyildi. Birinci elə oyudu ki, Qarabağ nisgili qara daş olub ürəyimdən asılmışdı, bunu kənara qoyub tarixi dərd-sərimizdən kitab yazmaq asan deyildi. Bu arada qarabağlı qızın yurd sevgisi və eşq fədakarlığı haqqında bir əfsanə-povest yazdım: "Sehrli məhəbbət və gözəl ölüm". Bundan sonra bir qədər təskinlik tapdım. Və gündə altı-yeddi saat masa arxasında oturmalı oldum.

Mən üç zəmanənin sakini olmuşam. Bunlar xan-bəylik, sosializm və sonda kapitalizm yönümlü İstiqlal dövrüdür. Mülkədar qurumunu ucundan-qırağından xatırlayıram. Hərçənd, o vaxt sovetlər bərqərar idi. Mənim 4-5 yaşım olardı, bəy atamın nahaq ölümdən canını qurtarmaq üçün İrana mühacirliyi bəy güzəranımıza biryolluq son qoymuşdu. Ədil bəyin - ucunun harada döndüyü görünməyən qoyun sürüləri, kişnərtisi qurdları üşəndirən at ilxısı, dərəni ağzınacan dolduran dəvə karvanı, neçə qaramal naxırı, Haramı düzündə qışlağı, Ermənistanda - Salvart yaylağı, kəndimizdəki bağ-bağatlı torpağı, ev mülkü - bütün var-yoxu əlimizdən alındı, o güzərandan mənə acı və xumarlı xatirələr qaldı: bir damla fərəh, bir dərya kədər!

Adım məktəb jurnalına düşməmiş siyasət dəftərinə salındı. Atam yaşlı övladlarının adını çəkməkdən ehtiyatlanaraq, İrandan məktubları ancaq mənim adıma göndərirdi. Bununla da taleyimin qırx düyünü başladı - "düşmən Ədil bəyin oğlu!" Bu, hərzaman - birinci sinifdə oxuyanda, ali təhsil alanda, iş yerlərində də başıma qaxınc oldu, gözümə qaranlıqlar çökdürdü. Sonralar kənardan baxanlar "Azərbaycan gənclərinin, respublika radiosunun, “Azərbaycanfilm”in, “Azənəşr”in, “Kommunist”in... başçısı olanda, Moskvada, Bakıda romanlarım çap ediləndə ünvanıma bəxtəvərlik oxudular... İçimdəysə sakitləşməyən qasırğa uğuldayırdı, atamla bağlı!

Ancaq ətrafdakıları, hətta övladlarımı da bu fırtınalı həyatdan kənarda saxlamağa çalışırdım. Onlar çəkdiyimiz zillətlər barədə bir qədər Ziba nənələrindən, bacılarımdan-Şükufədən, Məleykədən eşidiblər. Axı dərdi bölüşmək səxavət sayılmır. Xoş ovqat isə ürəkləri isidir.

Məni tanıyanlar yaxşı bilirlər ki, pul-mal, vəzifə, şöhrət düşkünü olmamışam. Ömürnaməni oxuyanda təəccüblənməsinlər ki, bəs onda niyə Azərbaycanın görkəmli şəxsiyyətlərinin mənə bağışladıqları kitablara yazdıqları qiymətli kəlamların bu kitaba salınmasına icazə vermişəm. Özümü urvatlı, sayqılı göstərmək üçün deyil, o insanlar həyatıma xeyirxahlıq bərəkəti veriblər. Onları ömürnamədə anmaq borcumdur.

Və bu gümandayam ki, növbəti kitabda, indi imkan eləyib haqlarında danışa bilmədiyim böyüklər və kiçiklər haqqında xatirələrimi və mühakimələrimi sizlərlə bölüşərəm və həyatımı mənalandıran səfərlər - Amerika, Avropa, Asiya, Afrika ölkələrinə səyahətlərim barədə dünyanı gəzə-gəzə topladıqlarımdan (bunları qələmə alarkən gördüklərimin bir qismini görməməzliyə vurmalı olmuşdum) indiyədək demədiklərimi sizlərə çatdıraram. Bu təqdirdə ömürnaməni tamamlanmış hesab etmək olar.

Ömrüm boyu məni kölgə kimi girləmiş təqiblər özümə görə deyildi, keçmişimə görəydi. Və təəccüblü odur ki, mən də övladlarıma belə bir ağrını ötürməli olmuşam. Demək, xoşbəxtlik irsən keçməsə də, qeyri-bəxtəvərlik hüceyrələri daha davamlı olurmuş, övladlara da sirayət edirmiş...

Güman edirəm ki, ulu nəslimizin yetirmələri, bütün gəncliyimiz bu tikanlı çəpəri tapdalayıb keçəcək, yeni zəmanənin fövqünə qalxa biləcəklər.

Mənim şəxsi faciəm, habelə yazıçı xoşbəxtliyim onda olub ki, bəy oğlu olmağım başıma min bir müsibət gətirdiyindən həyəcanlanan qələmdən yapışaraq ürəyimi boşaltmışam. Təsəvvür eləyin: Partiya və dövlət - sinfi mənsubiyyətimə görə mənə düşmən gözülə baxıb həmişə ehtiyatlanıb; şərqşünaslıq ali təhsilimdən uzaqlaşdırıb, redaksiyada məsul vəzifədən kənarlaşdırıblar, ancaq nəyə görə isə (xalqıma, dövlətə, peşəmə sədaqətimə görə) yenə irəli çəkiblər. Bu, altmış il davam edib. Sonra da... 90-cı illərdən başlayaraq kommunist partiyasının hökmranlığı dövründə yuxarılara yaxın olduğuma görə başlanan təqib... davam etdi. Cəbhəçilər məni düşmən obrazı kimi qaralamışdılar, yenilər isə rəsmi orqanlarda, televiziyada çıxışlarıma qadağa qoydular. Cəmiyyətdən kənarlaşdırma cəhdlərinə məruz qaldım.

Bunları da demək lazımdı. Ömrümün çoxunu sovet qurumunda yaşamış, onu bəyənib qəbul etmiş, onun naminə təbliğat aparmış adam kimi də, o dövrdə həmin quruluşun naqisliyindən irəli gələn iqtisadi-ictimai-mənəvi şikəstlikləri görüb yazılarımda, başçılıq etdiyim nəşrlərdə yanğı ilə demiş vətəndaş qələm sahibi kimi də, Azərbaycanın İstiqlal gününü görmək səadətinə qovuşmuş sadə bir azərbaycanlı kimi də mənalı həyat sürdüyümü etiraf edirəm. Yaşamağa dəyərmiş! Görürsünüz, necə qəribə ömür yaşamışam: "düşmənimə" dost olmuşam, "dostum" isə mənə düşmən gözü ilə baxıb...

Səksən yaşına dolmuşam, bu da var ki, ömür uzunluğundan çox da feyziyab-məmnun deyiləm. Son iyirmi ili yaşamasaydım, heç olmazsa, bundan əvvəlki illər ərzində qazandıqlarımı itirməzdim. Bilirsiniz nəydi o qazanclar? O zaman mənim aləmimdə insanların hamısı gözəldi: təbiət ancaq rəngarəng, dilrüba mənzərələrdən ibarətdi; cəmiyyətdə ədalət arzusuna qovuşmaq inamı vardı.

Və bunları mən yüksək həvəslə yazılarıma salmışdım. İndi o inamı və inancı ancaq babalarımızın ruhu qaytara bilər bizlərə.

Sizə təqdim olunan ömürnamədə təhkiyələr məhz bu mətləb ətrafında dövr edir ki, şəcərəmiz zəmanələrin çətin-müşkül sınağından çıxa bilib. Cəmiyyətdə öz nəcib mövqeyimizi saxlamağımız -xalis qanla, müqəddəs, halal ana südüylə nəsildən-nəslə ötürulən dəyərlərə görə mümkün olmuşdur. Bizləri insaniyyət müstəvisində sabitqədəm, dəyanətli etmiş insanlara əbədi borcumuz var.

Yüz il əvvəl babam, böyük bir mahalda islam şəriəti məsələlərinin həllində hökm sahibi olan Qazı Mirzə Əli Axundzadənin mövhumat girdabında boğulan xalqı elmə-maarifə, əsl insan olmağa çağırmasına dahi Cəlil Məmmədquluzadənin öz iti qələmiylə dəstək verməsi bizlərə qiymətli bəxşişdir və hər birimizi bu əqidəyə daim sədaqətli olmağa vadar edir.

 

          Əlibəyov C.

 

          Respublika.- 2008.- 29 noyabr.- S.6.