Dövlət qulluqçularının ixtisaslı hazırlığına diqqət
yüksəkdir
Müstəqil Azərbaycanın
ən gənc qurumlarından biri kimi komissiyanın təşkili, strukturu, məqsəd
və vəzifələri barədə nə deyə bilərsiniz?
- Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya 2006-cı il
oktyabrın 2-dən fəaliyyətə
başlamışdır. Komissiyanın strukturu Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
olunub və rəhbərlik, Dövlət qulluğuna
kadrların seçilməsi şöbəsi, İnformasiya
texnologiyaları və proqram təminatı sektoru, Hüquq
sektoru, Beynəlxalq əlaqələr sektoru, Mühasibat və
təsərrüfat sektoru və Dəftərxanadan ibarətdir.
Komissiyanın əsas məqsədləri dövlət
qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi
aktların tətbiqinin təşkil edilməsi, dövlət
qulluğu üçün kadrların müsabiqə əsasında
seçilməsi, yerləşdirilməsi, dövlət
qulluqçularının ixtisas hazırlığının
artırılması və sosial müdafiəsi sahəsində,
həmçinin dövlət qulluğu ilə bağlı digər
məsələlər barədə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş siyasətin həyata keçirilməsini təmin
etməkdən ibarətdir.
Bu məqsədlərin
həyata keçirilməsi ilə əlaqədar komissiya
dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir, Azərbaycan
Prezidentinin və Azərbaycan Respublikasının Dövlət
Qulluğunu İdarəetmə Şurasının
tapşırıqlarını yerinə yetirir.
Komissiya, eləcə də
dövlət qulluğu və kadr məsələləri sahəsində
fəaliyyətin təkmilləşdirilməsi
üçün tələb olunan normativ-hüquqi aktların
layihəsini hazırlayır və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə komissiyaya həvalə
olunmuş digər vəzifələri yerinə yetirir.
Cənab sədr,
bildiyimizə görə, Siz bu vəzifəyə Azərbaycan
Prezidentinin sərəncamı ilə təyin edilmiş və
necə deyərlər, təşkilatın yaradılmasına
şəxsən rəhbərlik etmisiniz. Təşkilatın yaranma
tarixi barədə bir qədər məlumat versəniz oxucularımız
üçün maraqlı olardı.
- Respublikamızda
dövlət qulluğunun daha yaxşı təşkili və
idarə olunması üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci
il 19 yanvar tarixli 180 saylı fərmanı ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə
Komissiya
yaradılmış, iyun ayında onun Əsasnaməsi təsdiq
edilmişdir. Fəaliyyətə isə komissiya 2006-cı il 2
oktyabr tarixdə başlamışdır.
Komissiyanın fəaliyyətinin
mühüm istiqamətlərindən biri vətəndaşların
dövlət qulluğuna qəbulunun şəffaflıq və
müsabiqə əsasında keçirilməsidir.
Komissiyanın bu sahədə işi üç yöndə
qurulub. Birincisi, peşəkar,
müasir dünyagörüşlü və yüksək təhsilli
kadrların dövlət qulluğuna cəlb edilməsi məqsədilə
vakant dövlət qulluğu vəzifələri barədə
ictimaiyyətə dolğun məlumatın verilməsidir. İkincisi, həmin vəzifələrə
qəbulun müsabiqə və şəffaflıq əsasında
mərkəzləşdirilmiş qaydada keçirilməsidir. Üçüncüsü və
ən əsası isə, bu sahədə aparılan dövlət
siyasətinə ictimai etimadın artırılmasıdır.
Komissiyada çalışan
mütəxəssislərin seçilib yerləşdirilməsini necə həyata
keçirirsiniz?
- Hazırda
komissiyanın 25 əməkdaşı var. Komissiyanın
inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına
uyğun olan vəzifələrinə əməkdaşlar
qanunvericiliyə müvafiq olaraq müsabiqə əsasında
qəbul edilmişlər.
- Bəhram
müəllim, başçılıq etdiyiniz komissiya təhsil və
kadr hazırlayan nazirlik, komitə və müəssisələrin
barometri rolunu oynayır.
Onların hazırladığı kadrlardan razısınızmı?
Əvvəla, qeyd etmək
istərdim ki, bu gün dövlət qulluğunda
çalışan vətəndaşlarımızın
böyük əksəriyyəti yüksək səviyyəli
mütəxəssislərdir. Onların da çoxu elə
işlədikləri dövlət qurumlarında
yetişmiş kadrlardır. Bununla belə, idarəetmənin
yeni dövrün tələblərinə
uyğunlaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya dövlət
qulluqçuları üçün müxtəlif tədbirlər
həyata keçirir. Komissiya bu sahədə işini
üç istiqamətdə qurub və bir sıra nüfuzlu
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Birincisi,
dövlət
orqanlarının kadr qurumları rəhbərləri
üçün Bakıda treninq və təlimlər təşkil
olunur. Bir qayda olaraq, bu tədbirlərdə beynəlxalq
ekspertlər iştirak edir. Bu tədbirlər sırasında
"Azərbaycanın korrupsiyaya qarşı mübarizə
strategiyasına dəstək" (AZPAC) layihəsi çərçivəsində
Avropa Şurası ilə birgə "Etik davranış
qaydaları və xidməti fəaliyyətin qiymətləndirilməsi",
"Etik davranış qaydalarının
implementasiyası" mövzularında təşkil etdiyimiz təlimləri
qeyd edə bilərik.
İkincisi,
dövlət
orqanlarının kadr qurumları rəhbərləri
üçün xarici ölkələrdə təlim
kursları təşkil edilir. Bu ilin may-iyul aylarında
komissiya Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti
(GTZ) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində
Litva Respublikasının paytaxtı Vilnüs şəhərində
"Kadrların idarə edilməsi" mövzusunda silsilə
təlim kursları təşkil etmişdir. Litva İdarəçilik
İnstitutu tərəfindən keçirilən kurslarda
"insan resurslarının idarəedilməsinin əsasları",
"İslahatlar dövründə təşkilatın
inkişafı və işçi heyətinin işinin təşkili",
"İdarəetmədə rəhbərin rolu",
"İnformasiya texnologiyalarının istifadəsi ilə
kadrların idarəedilməsində effektivliyin
artırılması" mövzuları ətrafında Litva,
Azərbaycan və Avropa İttifaqı ölkələrinin təcrübəsi
barədə fikir mübadiləsi aparılmışdır.
Üçüncüsü,
yerli icra
hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti
orqanlarının ikili tabelikdə olan yerli bölmələrində
çalışan dövlət qulluqçuları
üçün regionlarda təlimlər təşkil edilir.
İlk belə təlimlərimiz noyabrın əvvəllərində
Gəncə və Tovuz şəhərlərində
keçirilmişdir. Komissiya təlimləri Birləşmiş
Millətlər Təşkilatının İnkişaf
Proqramı (UNDP) ilə birgə təşkil etmişdir. Təlimlərə
Goranboy, Naftalan, Xocalı, Samux, Göygöl, Kəlbəcər,
Gəncə, Daşkəsən, Şəmkir, Gədəbəy,
Tovuz, Ağstafa və Qazax şəhərlərinin yerli icra
hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələrində
çalışan rəhbər vəzifəli dövlət
qulluqçuları cəlb edilmişdir. Təlimlərdə
komissiyanın əməkdaşları "Dövlət
qulluqçularının etik davranış qaydaları",
"Müsahibənin keçirilmə qaydaları",
"Dövlət qulluqçularının vəzifə təlimatları",
"Kadrların idarə edilməsinə müasir
yanaşma" mövzularında çıxış
etmişlər.
Bu gün dövlət
qulluğuna gələn gənclərin hazırlıq səviyyəsi
isə o qədər də ürəkaçan deyil.
Komissiyanın apardığı araşdırmalara görə,
ali məktəbləri bitirənlərin çoxu test
imtahanı mərhələsini keçə bilmir. Beş
müsabiqə üzrə iştirak edən bütün namizədlərin
təxminən 18 faizi test imtahanı mərhələsini, 4
faizi isə həm də müsahibə mərhələsini
keçə bilmişdir. Dövlət ali məktəbləri
ilə müqayisədə özəl ali məktəblərin
göstəriciləri çox aşağıdır. Hər
iki mərhələni uğurla keçən namizədlərin
orta hesabla 41 faizini Bakı Dövlət Universitetinin, 16 faizini
Dövlət İqtisad Universitetinin, 8 faizini Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının məzunları təşkil edir. Bu
sıralamada növbəti yerləri isə 6 faizlə Azərbaycan
Dillər Universiteti və Milli Aviasiya Akademiyası tutur.
Seçdiyiniz kadrlar arasında gələcəyin
nazirlərini, dövlət
xadimlərini görürsünüzmü?
- İndiyə qədər
4 müsabiqə və 3 müsahibə keçirilmişdir. Bu
müsabiqə və müsahibələrdə 5700-dən
artıq namizəd iştirak etmiş və onlardan 380-dən
çoxu dövlət orqanlarında müxtəlif vəzifələrə
təyin olunmuşlar. Hazırda beşinci müsabiqənin
müsahibə mərhələsi davam edir.
Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya dövlət
qulluğuna kadrların seçilməsi və yerləşdirilməsi
məsələsinə xüsusi önəm verir. Biz
işimizi elə qurmuşuq ki, dövlət qulluğuna gələn
yeni kadrlar vətənpərvər, peşəkar, müasir
dünyagörüşlü və yüksək təhsilli
olsun. Dövlət orqanlarından aldığımız məlumatlara
görə buna müvəffəq olmuşuq. Əgər
dövlət qulluqçusu adını qazanmış bu
kadrlar qanunvericiliyə uyğun olaraq öz səlahıyyət
və vəzifələrini layiqincə yerinə yetirsələr,
habelə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin hər bir vəzifəli şəxs və
dövlət qulluqçusunun qarşısında qoyduğu əsas
tələblərə riayət etsələr, onları daim vəzifədə
yüksəliş gözləyir. Bu tələblər
aşağıdakılardır: xalqa və dövlətçiliyə
sədaqətlə xidmət etmək, milli maraqları hər
şeydən uca tutmaq, vətəndaşların müraciətlərinə
diqqətli yanaşmaq, şərəfli dövlət
qulluqçusu adına yaraşmayan işlərdən uzaq
olmaq, təşəbbüskarlıq, problemlərin həlli
üçün mövcud imkanlardan istifadə etmək və
xalqa xidmətçi olmağı unutmamaq.
Müsahibəyə
görə sağ olun.
İlyasov V.
Respublika.- 2008.- 30 noyabr.- S.3.