Sığorta-pensiya sisteminin dinamik inkişafı
üçün tədbirlər görülür
Azərbaycanda
sığorta-pensiya sistemində həyata keçirilən
islahatların növbəti mərhələsini müəyyənləşdirən
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı" pensiya təminatında sığorta prinsiplərinin
gücləndirilməsini və tədricən
yığım komponentinin tətbiqinə keçidi nəzərdə
tutmaqla pensiya islahatlarının daha da dərinləşdirilməsini,
aparılan islahatlar nəticəsində qurulmuş yeni
sığorta-pensiya sisteminin dayanıqlı və dinamik
inkişafına nail olunmasını, bu zəmində vətəndaşların
pensiya təminatının daha da təkmilləşdirilməsini
özündə ehtiva edir. Dövlət Sosial Müdafiə
Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına
görə Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli
sərəncamı ilə təsdiq edilmiş Dövlət
Proqramında yer alan əsas vəzifələr sırasına
sığorta-pensiya sisteminin fəaliyyətində
sığorta prinsiplərinin gücləndirilməsi və
qeyri-sığorta xarakterli ödəmələrin tənzimlənməsi
mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaşların
2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə
qazanılmış pensiya hüquqlarının yeni əmək
pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin
edilməsi, məcburi dövlət sosial
sığortasının təkmilləşdirilməsi və
könüllü pensiya sığortasının inkişaf
etdirilməsi, əmək pensiyalarının yığım
komponentinin fəallaşdırılması və qeyri-dövlət
pensiya institutlarının formalaşdırılması və
inkişaf etdirilməsi, bütövlükdə
sığorta-pensiya sisteminin cari ödəmə qabiliyyətinin,
habelə orta və uzunmüddətli maliyyə
dayanıqlığının təmin edilməsi,
sığorta-pensiya sisteminin fəaliyyətində müasir
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə
nail olunması, idarəetmənin tam
avtomatlaşdırılması və fərdi uçot
sisteminin əhatəli inkişafının təmin
olunması daxildir.
Dövlət
Proqramına uyğun olaraq 2009-2015-ci illərdə
sığorta-pensiya sisteminin inkişafı
sığorta-pensiya sisteminin fəaliyyətinin aktual modellər
əsasında təkmilləşdirilməsi, məcburi
dövlət sosial sığortası sahəsində fəaliyyətin,
həmçinin əmək pensiyası təminatının təkmilləşdirilməsi,
dövlət sosial sığorta sistemində fərdi
uçotun inkişafı, sığorta-pensiya sistemində
yığım komponentinin tətbiqi istiqamətlərində
işlər görüləcək. Proqrama əsasən
sığorta-pensiya sisteminin aktual təhlilinə əsaslanmaqla
sistemin orta və uzun-müddətli inkişafı üzrə
tədqiqatların təşkili, sığorta-pensiya sisteminin
perspektiv inkişafının aktuar modelləşdirmə əsasında
proqnozlaşdırılmasının təmin edilməsi həyata
keçiriləcək. Bundan başqa, bütün sığorta
olunanlar üzrə ödənilən sosial sığorta
haqları ilə pensiya və müavinətlər arasında əlaqənin
gücləndirilməsinə dair, işləyənlərin
sosial müdafiəsinin və gələcək pensiya təminatı
hüquqlarının qorunması məqsədi ilə
qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi
ilə bağlı və əməkhaqlarının süni
surətdə aşağı məbləğlərdə
müəyyənləşdirilməsi hallarının
qarşısının alınması üzrə
qanunvericilikdə dəyişikliklərin edilməsi barədə
müvafiq təkliflər hazırlanacaq.
Proqramda məcburi
dövlət sosial sığorta haqları sahəsinə də
xüsusi diqqət göstərilib. Belə ki, sənəd əsasən
məcburi dövlət sosial sığorta haqları
hesabına ödənilən müavinətlərin
hesablanması və verilməsində sığorta prinsiplərinin
tətbiqinə dair təkliflər hazırlanacaq, məcburi
dövlət sosial sığorta haqları hesabına ödənilən
müavinətlərin təyin olunması və uçotunun
avtomatlaşdırılması reallaşdırılacaq.
Onu da qeyd edək ki,
Dövlət Proqramından irəli gələn vəzifələrin
icra müddətləri konkretləşdirilib və bu sənəd
"2008-2015-ci illərdə yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nda müəyyən
olunmuş strateji məqsədlərin əldə olunmasına
öz töhfəsini verəcək.
Mustafa KAMAL
Respublika.- 2009.- 16 yanvar.- S. 4.