Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev
Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin
redaktorluğu ilə “Heydər Əliyev: Dövlət xalq
üçündür” kitabı nəşr edilmişdir
Azərbaycan tarixinə
üzvü şəkildə daxil olmuş və öz novator
fəaliyyəti ilə dərin iz buraxmış Heydər Əliyevin
çoxşaxəli tarixi fəaliyyəti Azərbaycan
torpağının bütün guşələrinə, eləcə
də bütöv Azərbaycana elə dərin kök
salmışdır ki, Azərbaycan yaşadıqca Heydər Əliyev
də yaşayacaqdır. Bu uzaqgörən böyük şəxsiyyət
sovet dövründə, Azərbaycan KP MK-nın birinci katibi
olarkən Azərbaycana SSRİ-nin 15 respublikasından biri kimi
yox, sovet imperiyası içində müstəqil respublika
(dövlət) kimi baxırdı. Həmin vaxtlarda Azərbaycanda
bir neçə iri zavod tikdirməklə yeni iş yerləri
açır, xalqa diqqət və qayğı göstərirdi.
Azərbaycan tarixində kənd təsərrüfatı sahəsini
misli bərabəri olmayan şəkildə inkişaf etdirərək,
heç kimdən kömək ummadan xalqa isbat etdi ki, respublika
dar gündə sərbəst yaşaya bilər.
Zaman ötdü. 70 illik
bir tarixi kəsimdə SSRİ kimi imperiya süqut etdi. Yeni
ictimai-siyasi quruluşda Azərbaycan okeanda zədə
almış gəmi kimi batmağa başladı.
Bu ağır tarixi
anlarda Azərbaycanın köməyinə, xilasına
xalqımızın dahi oğlu Heydər Əliyev
çatdı. O, yıxılmaqda olan və içindən
çürüməyə başlayan Azərbaycana Antey kimi hər
səmtdən dayaq oldu. Yüksək dövlətçilik təcrübəsi
və yaradıcı təfəkkürü olan dəmir iradəli
Heydər Əliyev Azərbaycanı baş verməkdə olan
parçalanmadan xilas etdi, küçələrdə
yaranmış xaosu, siyasi və iqtisadi böhranı aradan
qaldırdı, xalqa rahat yaşamaq hüququnu
qazandırdı, atəşkəsə nail oldu. Azərbaycanı
dünyada tanıtdı, onun beynəlxalq miqyasda hörmətini,
nüfuzunu özünə qaytardı. Xaricdə Azərbaycana
güclü tərəfdaşlar tapdı. Neft
strategiyasının əsasını qoydu. Qədim İpək
Yolunu yenidən canlandırdı.
Azərbaycana yeni iş
yerləri, vətəndaşların doğma vətəndə
yaşaması üçün yeni ümidlər gətirdi.
Azərbaycan MEA-nı dağılmaqdan qorudu. Azərbaycanda
etibarlı daxili stabillik yarandı. Hərə öz işi ilə
məşğul olmağa başladı. Böyük diplomatik
ustalıqla qanunsuz yaranmış silahlı qüvvələri,
quldur dəstələrini ləğv etdi.
Heydər Əliyevdə
olan fenomenal yaddaş eyni zamanda bir neçə çox
mürəkkəb, lakin ölkə üçün
faydalı işlərin başlanmasına və onların mərhələlərlə
həyata keçirilməsinə yardımçı oldu. Onun
həyatda sınaqdan çıxmış iş təcrübəsi,
polad iradəsi, ədalətlilik, dönməzlik prinsipi tədricən
Azərbaycanın dirçəlməsinə təkan verdi.
Ümummilli liderimiz Heydər
Əliyev Prezident olduğu 10 il ərzində (1993-2003) 68 dəfə
xarici ölkələrə səfər etdi. Bu müddətdə
o, gələcəkdə xarici ölkələrdə
böyük qüvvəyə çevriləcək Azərbaycan
diasporunun özülünü qoymağa başladı, xarici
investorların Azərbaycana sərmayə qoymasına
etibarlı zəmin yaratdı. Bu yolla Azərbaycan özünə
çox böyük dəstək, arxa qazandı.
Azərbaycan daxilində
yaranmaqda olan saf ab-hava xalqın cəsarətini artırdı
və bu səbəbdən də onlar ölkədə
quruculuq, yaradıcılıq işlərini davam etdirdilər.
Azərbaycanın ən
ağrılı-acılı yeri olan Qarabağ probleminin
sülh yolu ilə həlli üçün yollar aradı və
müdrükcəsinə onu dünyanın aparıcı
dövlətlərinin köməyi ilə həll etmək
üçün işə başladı. Bu iş indi də
böyük inamla davam etdirilir. Bir həqiqət var ki,
işğal olunmuş torpaqlarımız qeyd-şərtsiz tam
azad olunmalıdır.
Azərbaycan
Respublikasının bugününün özülündə
Heydər Əliyev ideyası, siyasi və iqtisadi siyasəti
durduğundan dövləti uğurla idarə edən Prezident
İlham Əliyev ölkəmizi iqtisadi inkişafına
görə regionda birinci yerə yüksəltdi.
Azərbaycanın beynəlxalq
əlaqələri Heydər Əliyevin siyasəti üzərində
durmaqla, cənab İlham Əliyev onu daha da inkişaf etdirərək
Azərbaycanın yerini beynəlxalq miqyasda daha da möhkəmləndirir.
Deyilənləri nəzərə
alaraq qeyd etmək lazımdır ki, bu gün və bundan sonra əsrlər,
qərinələr boyunca Azərbaycanda Heydər Əliyevin
adı ən ali şəxs kimi çəkiləcək və
bu dahi şəxsiyyət Azərbaycanla birgə
yaşayacaqdır.
Heydər Əliyevin
adı respublikamızın qranit qayaları üzərinə
yazıldığından o, heç vaxt silinməyəcəkdir.
Biz hər il təkcə
ulu öndərimizin anadan olduğu günü yox, həm də
bütün il boyu onun adını anmalı və bu
böyük şəxsiyyətə dönə-dönə rəhmət
oxumalıyıq. Bu dahi şəxsiyyətin məzarını
daimi ziyarətgaha çevirməkdə davam etməliyik.
Mən Azərbaycan
Respublikasının hərbi prokuroru, ədliyyə
general-leytenantı Xanlar Vəliyevin redaktorluğu ilə bu
günlərdə çap olunmuş "Heydər Əliyev:
Dövlət xalq üçündür" (Bakı
"Adiloglu" Nəşriyyatı, 2008, 398 səh.) adlı
kitabı oxudum. Kitabın redaktoru və ön sözün
müəllifi general-leytenant Xanlar Vəliyevi çox
savadlı bir hüquqşünas kimi tanıyıram. Hərbi
prokuror Xanlar Vəliyev. "Ön söz"də
özünü oxuculara eyni
vaxtda bir publisist, iqtisadçı, tarixçi alim kimi də
bir daha tanıtdı.
Kitab çox nəfis və
xoşagələn bir səviyyədə çap edilib.
Üz qabığında ulu öndər Heydər Əliyevin
portreti, ümumi görünüşdə isə Azərbaycanın
dalğalanan dövlət bayrağı verilmişdir. Növbəti
səhifədə həmin portretin altında ulu öndərin
"Mən həyatda yaradanıma,
zəhmətimə və bir də
xalqıma arxalanıram" sözləri
yazılmışdır. Bu dəyərli kitab "Dövlətçilik",
"Konstitusiya, demokratiya, insan hüquqları", "Ordu
quruculuğu", "İqtisadiyyat",
"Qanunçuluq", "Mədəniyyət",
"Tarix", "Mənəvi tərbiyə", "Vətənpərvərlik",
"Dil haqqında", "Milli münasibətlər",
"Görkəmli ziyalılar haqqında" və
"Görkəmli şəxsiyyətlər Heydər Əliyev
haqqında" bölmələrindən ibarətdir.
Bu kitabda görkəmli
dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin
müdrik kəlamları, aforizimləri, cəmiyyətin
sosial, iqtisadi, hüquqi, mədəni həyatının ən
geniş sahələrini əhatə edən
çıxış və nitqlərindən seçilmiş
fikirləri toplanmışdır. Kitabla tanış olduqca dərk
edirsən ki, ümummilli liderimiz Heydər Əliyev dövlət
quruculuğu və demokratiyanın tərəqqisi, ölkədə
əmin-amanlıq, asayiş və sabitliyin sarsılmaz təməllər
üzərində daimi dayanıqlığına nail olmaqdan
ötrü qanunçuluğun möhkəmləndirilməsi,
dövlətçilik, milli mənəvi dəyərlərin
qorunması, elm, mədəniyyət və iqtisadiyyatın daha
sürətli, səmərəli və məqsədli
inkişafı, əhalinin maddi rifah halının daha da
yaxşılaşdırılması və digər məsələləri
bizim üçün əlçatmaz olan zirvədən
böyük müdriklik və uzaqgörənliklə həll
etmişdir.
Heydər Əliyev
tribunada, televizorun mikrofonu qarşısında cildlərlə əsərlər
yaratmışdı. Onun bütün əsərləri
yığcam fikirlərdən, atalar sözləri səviyyəsinə
qaldırılmış kəlamlardan ibarət olması ilə
fərqlənir. Ulu öndərin bütün əsərləri
taxıl zəmisi kimi saf buğda dənələrindən
ibarətdir. Hər bir şəxs onun əsərlərini
oxuyarkən hikmətli sözlərdən bolluca faydalana bilir.
Bu kitab
başdan-ayağa hikmət xəzinəsi olduğundan
hamımızın stolüstü kitabına çevrilməlidir.
Ulu öndər Heydər
Əliyev demişdir: "İndi
Müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən
böyük vəzifələrdən biri respublikanın
pozulmuş ərazi bütövlüyünü bərpa etməkdir".
Ulu öndər bizə
vəsiyyət etmişdir ki, müstəqilliyimizi daimi etmək, ərazimizi təcavüzlərdən
qorumaq üçün cəmiyyətimizə,
xalqımıza milli birlik,
mənəvi həmrəylik, vətəndaş həmrəyliyi
lazımdır.
Azərbaycan heç
vaxt öz torpaqlarını kimlərəsə verə bilməz.
Biz torpaqlarımızı mütləq azad edəcəyik. Əgər
işğal olunmuş torpaqlarımız sülh yolu ilə
qaytarılmasa, biz bütün imkanlarımız, güclü
ordumuz vasitəsilə bu məsələni həll edəcəyik
.
Xanlar Vəliyev dahi alman
filosofu İmmanuel Kantdan belə bir sitat gətirir: "Sürətlə
öz siyasi süqutuna
yaxınlaşan xalqın taleyini dahi şəxs dəyişə bilər". Azərbaycan
dövlətinin də süquta yönələn yolunu Heydər
Əliyev kimi Allahımızın yetirdiyi dahi şəxs dəyişməyə
imkan tapdı.
Kitab dövlətin ərazisində
rahat yaşayan vətəndaşların yadına fransız
mütəfəkkiri Monteskyönün fikrini yada salır. "Ədalətlə idarə olunan
dövlətdə yaxşı
vətəndaş olmaq asandır". Bu səbəbdən
də Azərbaycan vətəndaşları ölkədə
yaranmış xaosdan azad olduqdan sonra yaxşı vətəndaş
olmaqda davam etdilər.
Hikmətli sözlər
əsasən dahilərə məxsusdur. Yetkin şəxslərdə
uzun illər boyu yaranmış müdrik fikirlərdən
süzülərək yaranan belə sözlər bəşər
övladlarının yolunda yaranmış həyat ləngərini
xatırladır. Hikmətli sözlər adətən
yığcam, az sözlü olmaqla məna baxımından
atom nüvəsi qədər tutumludur.
Mən daima hikmətli
sözlər ovçusuna çevrilmişəm və xoşbəxtlikdən
həmişə orada axtardığım məzmunlu ifadələrə
rast gəlmişəm. Onlar həyatımın mənasına
çevrilməklə məni qısa müddətdə
uğurla uzun yola qısa müddətdə getməyimə
real imkan yaradıb. Bu baxımdan Heydər Əliyevin
bütün çıxışları, məruzələri
və adi danışıqları hikmətli sözlər xəzinəsinə
çevrilmişdir. Deməli, insanlar həm hikmətli
sözlərdən mənəvi zövq alır, həm də
özlərinin iş və həyatını tənzimləyir
ki, bu da həyatı daha düzgün qurmağa imkan
yaradır.
"Heydər Əliyev:
Dövlət xalq üçündür" adlı əsərdə
olan bütün 13 bölmənin 13-ündə də
ümummilli liderimiz Heydər Əliyevin sanki xam torpaqda cücərən
bolluca hikmətli sözləri səpilmişdir. Bu hikmətli
sözlər xəzinəsindən faydalanan hər bir kəs
1993-cü ildən başlayaraq 2003-cü ilə qədər
Azərbaycanın başına gələn bütün bəlalardan
və xoş anlardan xəbər tutacaqdır.
"Heydər Əliyev:
Dövlət xalq üçündür" kitabının
bir bölməsində ulu öndər Heydər Əliyevin
vaxtilə özü haqqında dediyi fikirlər cəmləşmişdir.
Ulu öndər demişdir: "Mən
bu böyük yükü
ancaq ona görə çiynimə götürmüşəm
ki, xalqımın ən çətin
dövrlərində ona xidmət göstərim". Bu
fikri vətəni özündən də çox sevən
ancaq qüdrətli və talantlı Azərbaycan vətəndaşı,
Azərbaycan oğlu deyə bilərdi.
Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
deməsi bütün vətəndaşlarımızda vətənpərvərlik
hisslərini oyatmaqla hamını əsl vətənpərvər
olmağa çağırır. Ulu öndərin dediyi kimi,
onun "Heç kəs iradəsini
sındıra bilməzdi,
çünki Heydər Əliyevin iradəsi onun bütün varlığından gələn
istək və arzusunun cəmi
idi".
Ömrünü Azərbaycanın
müstəqilliyinə, sərbəstliyinə, möhkəmlənməsinə,
çiçəklənməsinə, dünya dövlətləri
içərisində özünəməxsus şərəfli
yer tutması işinə sərf etmiş Heydər Əliyev
böyük inamla və iftixar hissi ilə deyirdi: "Nə qədər ki, Azərbaycan
var, mən də varam. Mən isə Azərbaycanda əbədi
olacağam". Və ya "Mənim
həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına
xidmət olmuşdur".
"Azərbaycan mənim gələcəyimdir. "Azərbaycan
mənim nəfəsimdir".
Yuxarıda qeyd etdiyim
kimi ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinə
rəhbərlik etdiyi on ilə qədərki bir dövrdə
68 dəfə xarici ölkələrə səfər
etmişdir. Xarici ölkələrə səfərləri
zamanı dünyanın bir çox ölkələrinin
başçıları ilə görüşmüş və
söhbətlər etmişdir. Bundan əlavə, Heydər Əliyev
daima yüzlərcə xarici dövlətlərin nümayəndələrini
də qəbul etmisdir. Bu müddət ərzində o, bir
çox dövlət başçıları
ilə görüşərək
fikir mübadiləsi aparmışdır. Onların hər
biri ümummilli lider haqqında çox sanballı və bizim
üçün çox dəyərli olan fikirlər söyləmişlər.
O fikirlərin hamısı biz Azərbaycan vətəndaşlarında
böyük qürur hissi yaradır.
Kitabın ən önəmli
bölmələrindən biri də "Görkəmli şəxsiyyətlər
Heydər Əliyev haqqında"dır. Bu bölməyə
Heydər Əliyevin görüşdüyü və ya
ünsiyyətdə olduğu görkəmli şəxsiyyətlərin
(dövlət xadimlərinin, müdriklərin) dediyi qiymətli
fikirlər daxil edilmişdir.
Türkiyə Respublikasının
Baş naziri cənab Tayyib Ərdoğan demişdir: "Heydər Əliyev təkcə
Azərbaycanda deyil,
bütün türk dünyasında tanınan və sevilən
lider idi". Fransanın sabiq prezidenti Jak Şirak
demişdir: "Bu qeyri-adi şəxsiyyət
Azərbaycanı tərəqqi
yoluna gətirib çıxarmışdır".
Türkiyə yazıçısı
İrfan Üvnər Nəsrəddin oğlu demişdir: "Heydər Əliyev Əlirza
oğlu bütün mənliyi ilə türk oğlu
türkdür!". Türkiyənin sabiq xarici işlər
naziri Ərdal İnönü demişdir: "Heydər Əlirza oğlu həyatdakı
Atatürkdür". Türkiyənin sabiq naziri Bülənt
Ecevit demişdir: "Heydər
Əliyev Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".
Rusiya Elmlər Akademiyası Afrika İnstitutunun elmi əməkdaşı,
professor Leonid Medvedko demişdir: "Heydər Əliyevin islam sivilizasiyası haqqında fikirləri
İslamşünaslıq üçün çox
vacibdir". Dünya Bankının sabiq prezidenti Ceyms
Vulfenson demişdir: "Biz Heydər
Əliyevin liderliyinə çox güvənirik, onun liderliyi nəticəsində
sürətli iqtisadi inkişaf
dünyanı heyran edir".
BMT-nin sabiq baş katibi
Butros Butros Qali demişdir: "Heydər
Əliyev böyük şəxsiyyətdir, o, mənim dostum,
qardaşımdır. Onun yeri həmişə ürəyimin
başındadır".
325-ci səhifədən
başlamış 397-ci səhifəyə qədər olan
yazıda dünyanın 332 şəxsi Heydər Əliyev
haqqında ən ali sözlər demişlər. Burada onlardan
bir neçəsini misal çəkdik. Yaxşı olar ki,
oxucular bu çox dəyərli kəlamların
hamısını oxuyub dünya səviyyəli dahi öndərimizi
daha da yaxından tanısınlar. Müdriklərin Heydər Əliyev
haqqında dedikləri ulu öndərin daxili
dünyasını tam açıqlayır. Onun dövlət
quruculuğu yolunda çəkdiyi yaradıcı əzab-əziyyət
dəyərləndirilir. Ulu öndər dünyada ən
layiqli lider kimi təbliğ edilir və onun daima yaşar şəxsiyyətinə
əlavə hörmət və məhəbbət
qazandırır. Heydər Əliyev müasir dövrdə
planetimizin səmasında görünən ən parlaq
ulduzdur. Bu ulduz Azərbaycanın bəxt ulduzudur.
Ulu öndər Heydər
Əlirza oğlu Əliyev dahi Mustafa Kamal Atatürkün həyatından
və onun müdrik sözlərindən
faydalanmışdır. İlk baxışda uğur əldə
edilməz bir hərbi hərc-mərclik dövründə
aydın və siyasi görüşü nəticəsində
Türkiyəni Avropada təpədən-dırnağa qədər
silahlanmış əjdahalar əlindən uğurla
aldığı və bugünkü Türkiyəni qoruyub
yaşatdığı kimi, Heydər Əliyev də o
dövrün ab-havasına bənzər Azərbaycanı da bir
növ beynəlxalq fəlakətlərdən qoruyub saxlamışdır.
Bu səbəbdən də vətən tarixinə türk
dünyasının XX əsrdə iki dahisinin adı brilyant
qaşlı üzük kimi qızıl hərflərlə
yazılmışdır. Əgər Atatürk Avropada
formalaşmış və təpədən-dırnağa qədər
silahlanmış Antanta dövlətlərinə qarşı
mərdliklə duraraq və ağır itki verərəkdən
qələbə çalmışdısa, Heydər Əliyev
də əslində, açıq-aydın görünən,
ancaq gizli birgə siyasətində birləşən
güclü dövlətlər qurumuna qarşı durmalı
və ona qalib gəlməli idi. İlahiyə çox
şükür ki, bu da uğurla baş tutdu.
Mustafa Kamal Atatürk
öz dövründə çalışdı ki, milli birlik
olsun. Bu münasibətlə Mustafa Kamal demişdi: "Milli birliyə nail olmayan milləti başqalarına şikar
olmaq qisməti gözləyir". Mustafa Kamal o dövrdə
milli birliyə nail olmuşdu və ölkəni başqa
dövlətlərə şikar olmaqdan qurtarmışdı.
Çoxşaxəli dünya təcrübəsinə əsaslanan
Hey-dər Əliyev də milli birliyə nail olmağı
ön plana çəkmişdir. O, ölkənin daxilində
olan hərc-mərcliyi aradan götürdükdən və Azərbaycanı
parçalanmaq təhlükəsindən xilas etdikdən sonra
qismən azad nəfəs alaraq milli birlik yaratmağa nail oldu.
Ulu öndər bu milli
birliyə sadiq olanları başına toplayaraq Azərbaycan
millətini başqa dövlətlərin şikarına
çevrilməkdən tam xilas etdi. Heydər Əliyev Azərbaycanı
istər siyasi, istərsə də iqtisadi sərbəstliyini
lazım olduğu səviyyədə təmin etdi.
Ataların bir müdrik
sözünü yada salmaq yerinə düşərdi: "El bir olsa, zərbi kərən
sındırar". Heydər Əliyev sayəsində el
bir oldu və onun zərbindən vətən satqınlardan və
mümkün olacaq işğallardan azad olundu.
Müdrik sözlər
dahilərin bilik və təcrübəsi yekununun məğzidir.
Müdrik sözlər dahilərin fikir cövhəridir.
Müdrik kəlamlar ağıllı insanın həyat təcrübəsinin
və bilik toplusunun içindən süzülən müdrik
fikrin atomudur. Müdrik sözlər Azərbaycan mühitində
iki yolla yaranmışdır. Onlardan birincisi və ən
başlıcası atalar
sözüdür. Bu atalar sözləri zaman və məkan
daxilində xalqımızın dahi övladları tərəfindən
yaranan sözlərdir. Atalar sözünün hər biri atom zərrəciyi
qədər həm zəngin və həm də məzmunludur.
Müdrik fikirlərin yaranmasının ikinci yolu isə ayrı-ayrı dahilərin elmi və
ya poetik yaradıcılığından yaranaraq bizlərə
çatan müdrik kəlamlardır. Onlar Nizami Gəncəvidə,
Məhəmməd Füzulidə, Nəsirəddin Tusidə,
M.F.Axundovda, S.Ə.Şirvanidə, M.Ə.Sabirdə və bir
çox başqa mütəfəkkirlərdə istənilən
qədərdir.
XX əsrin hikmətli
söz xəzinədarlarından biri ulu Atatürk, ikincisi isə
ulu öndər Heydər Əliyevdir. Bizim borcumuz hikmətli
sözlər xəzinəsinə daxil olmuş mənalı
sözləri seçərək lazım olan vaxtda onlardan
yerindəcə istifadə etməkdir.
Yerində deyilmiş
hikmətli sözlər insanın yaşayış tərzini
zənginləşdirir, onları gözlənilən
ağır bəlalardan xilas edir. Bəşəriyyətin
yaradıcı övladları, eləcə də dahi
övladları bu gün nə yaradırsa onların
hamısı gələcək nəsillər
üçündür. Bu dahiyanə fikir tariximizdə
özünəməxsus xüsusi-əvəzsiz yeri olan Mustafa
Kamal Atatürk demişdir: "Həyatda
tam zövq və səadət ancaq gələcək nəsillərin şərəfi,
varlığı, səadəti üçün çalışmaqda bulunmalıdır".
Bütün
varlığı ilə vətənə xidmət etmiş və
ömrü boyu öz şərəfli adını Türkiyənin
və bütün türkdilli xalqların tarixinə
yazmış M.K.Atatürkün dediyi bu dahiyanə sözlər
ömrünü vətən yolunda həsr etmiş şəxslərə,
o cümlədən də "Heydər Əliyev: Dövlət
xalq üçündür" (kəlamlar, sitatlar, aforizmlər)
kitabının işıq üzü görməsi
üçün çəkdikləri yaddaqalan yaradıcı
əməyinə görə redaktoru, respublika hərbi
prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevə
minnətdarlığımızı bildiririk.
Mən son olaraq "Heydər
Əliyev: Dövlət xalq üçündür" əsərinin
işıq üzü görməsi üçün çəkdikləri
əzab-əziyyətə, zəhmətə görə
onların hamısına bir vətəndaş, bir akademik kimi
minnətdarlığımı bildirirəm.
Bu iri həcmli kitab
sanbalına görə tarixdə yaşayacaq və ulu öndərimiz
Heydər Əliyevin ölməz irsinə böyük
ehtiramın təzahürüdür.
Budaqov B.
Respublika.- 2009.- 6 yanvar.- S.2.