Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq

 

Artıq 2008-ci il tarixə çevrilmişdir. Fərəhlə deyə bilərik ki, ötən il Azərbaycanın hərtərəfli inkişafı üçün uğurlu olmuşdur. Ölkə iqtisadiyyatı yüksək sürətlə davam etmiş, bütün sahələrdə sanballı nailiyyətlər qazanılmışdır. 2008-ci ildə Dünya Bankının ölkəmizi dünyada bir nömrəli islahatçı ölkə kimi tanıması və bunu dünya ictimaiyyətinə bəyan etməsi, əlbəttə, bizim üçün əlamətdar hadisə hesab olunmalıdır. Bu fakt ona dəlalət edir ki, Azərbaycanda sürətlə aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar gözəl bəhrəsini verir və bu iqtisadi yüksəliş Azərbaycana dünya miqyasında çox böyük nüfuz, hörmət gətirir, siyasi dividendlər qazandırır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev yüksək əhval-ruhiyyə ilə bildirmişdir: “Azərbaycanda iqtisadi inkişaf üçün bütün lazımi tədbirlər görülür. Dövlət sahibkarlığın ikişafını dəstəkləyir və növbəti illərdə bu dəstək daha da böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq".

Xüsusi vurğulamaq lazımdır ki, son beş il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. İqtisadiyyatın belə sürətli inkişafı imkan verir ki, həyatın bütün sahələrində, o cümlədən infrastruktur və sosial sahələrdə olan məsələlər uğurla həll edilsin.

Son beş il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatmış və orada nəzərdə tutulan bütün vəzifələr həllini tapmışdır. Proqram qəbul olunanda 600 min yeni iş yerinin açılması planlaşdırılmışdır. Ancaq beş il ərzində ölkəmizdə 750 min yeni iş yeri açılmışdır ki, bu da regionların sosial-iqtisadi inkişafına böyük stimul vermişdir. Nəticədə bölgələrimiz abadlaşmış, sosial mənzərəsi gözəlləşmiş, infrastruktur layihələr həyata keçirilmişdir.

Regionlarda görülən işlər bu gün də davam etdirilməkdədir və növbəti beş ildə də dövlətimiz regionların inkişafına xüsusi diqqət yetirəcəkdir.

Bütün görülən işlərlə bərabər sosial siyasət prioritet istiqamətlərdən biri kimi həyata keçirilir. Sosial obyektlərin tikintisi böyük vüsət almışdır. Son beş ildə Azərbaycanda 1600 yeni məktəb inşa edilmişdir və təhsil obyektlərinin tikintisi gələcək illərdə də davam etdiriləcəkdir. Demək olar ki, bütün rayonlarda müasir tibb müəssisələri yaradılır və onlar yeni avadanlıqlarla təchiz edilir. Əhaliyə səhiyyə xidmətinin səviyyəsinin daha da yüksəldilməsi sosial siyasətin əsas istiqamətlərindən biridir.

2008-ci ildə minimum əmək haqqının və minimum pensiyaların həcmi 50 faiz artırılmışdır və belə artımlar 2009-cu ildə də olacaqdır. Büdcə təşkilatlarında çalışanlar dövlət tərəfindən lazımi maddi təminat alacaqlar. Yola saldığımız ildə məcburi köçkünlərin, qaçqınların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün zəruri tədbirlər görülmüşdür. Dövlət rəhbərimiz 2003-cü ildə bildirmişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaqdır. Bu gün ölkəmizdə bir dənə də çadır şəhərciyi yoxdur.

Əvvəllər çətin şəraitdə yaşayan yüz minlərlə soydaşımız indi rahat evlərdə yaşayır. Onlar üçün abad qəsəbələr salınmış, səhiyyə müəssisələri, uşaq bağçaları, məktəblər, poçt-rabitə obyektləri tikilmiş, yollar salınmış, işıq xətti çəkilmiş, digər mədəni-məişət xidmətləri yaradılmışdır.

Ölkəmiz 2008-ci ildə öz enerji siyasətini müvəffəqiyyətlə həyata keçirmiş və enerji təhlükəsizliyi məsələlərində böyük nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev Azərbaycan xalqına təbrikində bu məsələ ətrafında danışarkən göstərmişdir: "2008-ci ildə Bakıda keçirilən Enerji Sammiti bunun bariz nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcəkdir. Biz bu imkanlardan uğurla istifadə edirik və mən şübhə  etmirəm ki, növbəti illərdə Azərbaycanın uğurlu neft strategiyası davam etdirələcəkdir".

Qeyd edilməlidir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri fəaliyyət göstərir, neft-qaz ixracatının şaxələndirilməsinə nail olunmuşdur. Energetika sektoruna böyük həcmdə vəsait qoyulur. Azərbaycan, əsasən, qarşıda duran bütün neft-qaz məsələlərini uğurlu həll etmişdir. Azərbaycan nefti və qazı həm xalqımıza xidmət göstərir, eyni zamanda əlavə iqtisadi imkanlar açır, siyasi və iqtisadi imkanlarımızı daha da genişləndirir. Bu isə ölkəmizin qüdrətinin artması, xalqımızın firavan həyatı, xoşbəxt gələcəyinə əsaslı təminat deməkdir.

 

 

İlyasov V.

 

Respublika.- 2009.- 6 yanvar.- S.1.