2008-ci il: Müstəqillik salnaməsinin parlaq səhifəsi

 

Azərbaycan xalqı Yeni ilə möhtəşəm nailiyyətlərlə daxil oldu

 

Möhtəşəm nailiyyətlərlə başa vurduğumuz 2008-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni, idman və digər sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qaldı. Son beş ildə aparılan genişmiqyaslı islahatların, həyata keçirilən dövlət proqramlarının məntiqi nəticəsi olaraq müstəqil Azərbaycan dövləti 2008-ci ildə daha böyük uğurlar əldə etməyə, ölkənin siyasi və iqtisadi qüdrətini daha da artırmağa, beynəlxalq mövqelərini möhkəmləndirməyə, əsası isə, xalqımızın həyat səviyyəsini daha da yaxışlaşdırılmasına nail oldu.

İqtisadi artım sürətinə görə Azərbaycan ötən ildə də dünyadakı lider mövqeyini inamla qoruyub saxladı, mövcud iqtisadi potensialını daha da gücləndirdi. ÜDM-in yüksək templərlə artımı ölkəmizin hərtərəfli inkişafına çox böyük dərəcədə müsbət təsir göstərən aparıcı amilə çevrildi. İqtisadiyyatımızın, dövlət büdcəmizin dünyada analoqu olmayan sürətli artımı, təbii ki, 2008-ci ildə də bütün sahələrdə irəliləyiş, canlanma, müasir infrastrukturun formalaşması, ən yeni informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi, Bakı şəhərində və bütün bölgələrimizdə nəhəng abadlıq və quruculuq işlərinin geniş vüsət alması ilə müşayiət olundu. Təkcə dövlət büdcəmizin 2003-cü illə müqayisədə on dəfə artması, ötənilki icmal büdcənin 12 milyard dollar səviyyəsinə yüksəlməsi, beş il ərzində 740 mindən çox yeni iş yerlərinin açılması faktları özü-özlüyündə çox şey deyir, inkişafımızın barometri rolunu oynayır.

Bu möhtəşəm uğurlar fonunda 2008-ci ilin ən mühüm tarixi hadisəsi sözsüz ki, 15 oktyabr prezident seçkiləri oldu. Ölkəmizin taleyi və xalqımızın müqəddəratı baxımından olduqca böyük əhəmiyyət daşıyan, çoxsaylı beynəlxalq müşahidə missiyalarının, nüfuzlu xarici ekspertlərin tam şəffaf, demokratik yə ədalətli adlandırdıqları bu seçkilərdə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq növbəti dəfə Prezident seçilməsi yürüdülən siyasətin təntənəsinə çevrildi. Son illər dövlətimizin başçısı İlham Əliyevin cəmiyyətimizdə çox nüfuzlu və şəksiz lider kimi qəbul edilməsi seçkilərin nəticələrini hələ xeyli əvvəlcədən müəyyənləşdirmişdi. Əgər 2003-cü ildə xalqımız ümummilli lider Heydər Əliyevin siyasi kursuna səs verərək bu kursun məhz möhtərəm İlham Əliyev tərəfindən dönmədən həyata keçiriləcəyinə əminliyini ifadə etmişdisə, 2008-ci ilin prezident seçkiləri yaddaşlara "İlham-Xalq" birliyinin sarsılmazlığı, xalqımızın öz liderinə olan sonsuz məhəbbətinin, dərin inam və etibarının parlaq təzahürü kimi yazıldı. Bu seçkilərdə dünya ictimaiyyəti Prezident İlham Əliyevin gerçəkləşdirdiyi siyasi, demokratik, hüquqi, sosial-iqtisadi islahatların xalqımız tərəfindən yekdilliklə dəstəkləndiyini və müdafiə olunduğunun əyani şahidi oldu.

Ötən ilin mühüm tarixi hadisələri içərisində ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması önəmli yer tutur. Dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri və rolu olmuşdur. Müasir Azərbaycan tarixinin önəmli və əbədi xatırlanacaq çox əlamətdar bir mərhələsi, 34 illik bütöv bir epoxası məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli liderimiz millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq Azərbaycanın bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Ulu öndərimizin milli neft strategiyası ölkəmizin tarixində yeni dövr açmış, müstəqilliyimizin siyasi və iqtisadi bünövrəsinin möhkəmlənməsi və davamlı inkişafı üçün zəmin yaratmışdır. İki əsrin qovuşuğunda xalqımız məhz ulu öndərimizin sayəsində milli-mənəvi dəyərlərini layiqincə qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Təsadufi deyil ki, xalqımızın ümummilli lideri səviyyəsinə yüksəlmiş, hələ sağlığında ikən dünyanın ən nüfuzlu siyasətçiləri və ictimai xadimləri tərəfindən zəmanəmizin canlı əfsanəsi adlandırılmış Heydər Əliyevin adı bu gün regionda və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Ulu öndərimizin yubiley tədbirlərini dövlətimiz və xalqımız ən yüksək səviyyədə keçirərək öz müdrik və dahi rəhbərinə bir daha mənəvi borcunu ödəmiş, ölməz ideyalarına sonsuz sədaqətini ifadə etmişdir.

Bugünkü müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun timsalında Şərqdə ilk demokratik parlamentin formalaşmasından 90 il ötür. Cümhuriyyətin yaranması dünya miqyaslı tarixi hadisə idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti qısa zaman kəsiyində çox böyük işlər görməyə, müsəlman aləmində ilk demokratik respublikanın dövlət təsisatlarını  hökuməti, parlamenti, ədliyyə və prokurorluq, məhkəmə sistemlərini, milli ordunu formalaşdırmağa müvəffəq olmuşdu. Bu mütərəqqi ideya və ənənələr bu gün uğurla davam etdirilir. Xalqımız xalq cümhuriyyətinin, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşıb. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ötən ilin ən əlamətdar tarixi hadisələrindən sayılmalıdır.

Azərbaycanın dünyadakı nüfuzu durmadan artmaqdadır. Ölkəmiz regionda reallaşdırılan dünyamiqyaslı qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısıdır. Bu gün Azərbaycan artıq neftlə yanaşı, həm də qaz ixrac edən ölkə kimi tanınır, Gürcüstan və Türkiyə ilə yanaşı, Azərbaycan qazı indi Yunanıstana da ixrac edilir və yaxın gələcəkdə bu ölkələrin coğrafiyası genişlənəcəkdir.

Proqnozlar təsdiqləyir ki, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının həcmi ölkəmizin daxili tələbatı və ixrac əməliyyatları üçün hələ bir əsrlik dövr üçün kifayət edəcəkdir. Təsadüfi deyil ki, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. IV beynəlxalq enerji sammitinin ötən il noyabrın 14-də məhz Bakıda keçirilməsi də Azərbaycanın bu mühüm məsələdə önəmli rola malik olduğunun əyani təsdiqidir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz -Baltik-Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir. Məsələn, qeyd edək ki, bu gün artıq Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan neftinin nəqli üçü də istifadə edilir ki, bu da çox mühüm hadisə, geniş əməkdaşlığın nəticəsidir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Odessa-Brodi-Plotsk-Qdans, TGİ, Nabukko layihələrinin əhəmiyyətindən danışarkən xüsusi vurğulayıb: "Onların hamısının bu gün yeganə mənbəyi var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan!".

Azərbaycan dövləti elektroenergetika sahəsinin inkişafına da çox böyük diqqət göstərir. Son illər bu sahədə görülən işlər ölkəmizin inkişafı baxımından çox müsbət rol oynamışdır. Ötən il dekabrın 24-də Bakının Qaradağ rayonu ərazisində istifadəyə verilmiş "Səngəçal" elektrik stansiyası son 4 il ərzində Azərbaycanda tikilən altıncı modul tipli stansiyadır. Həm qazla, həm mazutla, həm də dizel yanacağı ilə işləyəcək "Səngəçal" elektrik stansiyasında 300 meqavat elektrik enerjisi istehsal olunacaqdır və respublikamızın dayanıqlı enerji təminatının daha da möhkəmlənməsinə xidmət göstərəcəkdir.

Ötən il icrası uğurla başa çatdırılan regional inkişaf Dövlət Proqramının Azərbaycanın hərtərəfli və dinamik tərəqqisindəki mühüm rolu xüsusi qeyd olunmalıdır. Məhz bu genişmiqyaslı dövlət proqramının həyata keçirilməsi bölgələrimizin inkişafında yeni mərhələnin təməlini qoyub, yerlərdə müasir infrastrukturun formalaşmasına, turizmin inkişafına, sənaye və emal sahələri ilə yanaşı, aqrar sahənin dirçəlişinə güclü təkan verib.

Həyatımızın bütün sahə və istiqamətlərinin müasirləşdirilməsi, mütərəqqi təcrübənin, ən yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq standartlara cavab verən yolların inşası, müasir yol qovşaqlarının istifadəyə verilməsi, bir sözlə, nəhəng abadlıq və quruculuq işləri ötən ili səciyyələndirən mühüm amillərdəndir.

Pekin Olimpiya oyunlarında Azərbaycan idmançılarının ilk dəfə olaraq yeddi medala layiq görülməsi, möhtəşəm qələbələr qazanması uğurlarımızın sırasında təqdirəlayiq yer tutur. Azərbaycan dövləti öz inkişafının elə bir yüksək mərhələsinə yüksəlib ki, artıq təkcə siyasi və iqtisadi nailiyyətləri ilə deyil, həm də idman sahəsindəki uğurları ilə dünyanı heyran qoyur. Bu isə məhz dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevin ölkəmizdə idman və bədən tərbiyəsinin, olimpiya hərəkatının inkişafına, qibtəediləsi uğurlar əldə etmək bacarığına malik idmançıların yetişməsinə, güclü bazanın formalaşmasına göstərdiyi gündəlik diqqət və qayğının bariz nümunəsidir.

Bu gün dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması ilin ən mühüm hadisələrindən biri olmaqla diasporumuzun daha geniş miqyasda fəaliyyət göstərməsini təmin edəcəkdir. Dünya Azərbaycanlılarının Ələqaləndirmə Şurasının dekabrın 18-də keçirilən iclasında da bu məsələlər xüsusi önəm kəsb etmişdir. Dövlətimizin başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmağın zəruriliyini vurğulayaraq deyib: "Hesab edirəm ki, Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimiz bu sahədə səylərini gücləndirməkdə davam edəcək, uğurlarımızın daha fəal təbliğ olunması və ölkəmizin müsbət imicinin möhkəmlənməsi qayğısına qalacaqlar.

Diasporumuz öz mütəşəkkilliyini və çevikliyini bir qədər də artırmalı, digər xalqların diaspor mərkəzləri ilə əlaqələrini genişləndirməli, ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarını vaxtında ifşa etməlidir".

Başa vurduğumuz 2008-ci ildə ölkəmizdə mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlətimizin xüsusi qayğısının canlı şahidləri olduq. Mətbuat günü münasibətilə KİV-lərə maliyyə yardımının göstərilməsi, dövlət büdcəsində KİV-lərin inkişafına kömək məqsədilə 1 milyon 304 min manat vəsaitin ayrılması, ən əsası isə, qəzetlərimizin ən müasir standartlar səviyyəsində rəngli çap olunması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi, jurnalistlərə və mətbuatın çoxsaylı oxucularına töhfəsidir.

Son illər Azərbaycanda mədəniyyətin inkişafına böyük önəm verilir. Görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yüksək dövlət mükafatları ilə təltif olunması, yubileylərinin keçirilməsi artıq ənənə halını alıb. Bu baxımdan ötən il də istisna olmayıb. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinin təkcə ölkəmizdə deyil, həm də YUNESKO səviyyəsində qeyd olunması ümumilikdə Azərbaycan ədəbi və mədəni irsinə dünya miqyasında verilən yüksək dəyərin bariz nümunəsidir. Mədəni irs hər bir xalqın qüruru və fəxridir. Bəşər tarixinin ən qədim xalqlarından biri olan azərbaycanlılar əsrlər, minilliklər boyu bütün çətinliklərə baxmayaraq, öz mədəniyyətini, dilini, adət-ənənələrini və milli dəyərlərini qoruyub saxlaya və nəticədə vətənimizin güclü, qüdrətli müstəqil dövlətə çevirə bilib. Dekabrın 27-də Bakıda, dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun milli-mədəni dəyərlərimizin qorunması və dünyada geniş təbliği  ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyət daşıyır və ötən ilin ən yaddaqalan hadisələrindəndir.

Yeni 2009-cu il artıq tarixin səhnəsinə çıxıb. İl ildən uğurlu gəlir, - deyiblər. Bu həqiqəti Azərbaycanın timsalında, bugünkü həyatımızda aydın görmək mümkündür. Ötən il əldə etdiyimiz nailiyyətlər, qarşıdakı dövr üçün müəyyənləşdirilmiş proqram və vəzifələr qəti əminliklə söyləməyə əsas verir ki, 2009-cu ildə Azərbaycan daha uca zirvələr fəth edəcək və dünya birliyində öz mövqelərini daha da möhkəmləndirəcəkdir.

 

 

Cabbarov X.

 

Respublika.- 2009.- 1 yanvar.- S.2.