Əli Bəy
Hüseynzadə irsinə
layiqli töhfə
XIX əsrin sonu XX əsrin əvvəllərində
türk dünyasının yetişdirdiyi nəhəng
ictimai-siyasi xadimlərdən biri, görkəmli ədib Əli
Bəy Hüseynzadənin irsi neçə-neçə tədqiqat
əsərinə, araşdırmalara mövzu olmuşdur. Hələ
sağlığında ikən müasirlərinin
"bütün türk dünyasının mücahidi",
"külli-müsəlman aləminin iftixarı",
"Qafqaz müsəlmanlarının atası"
adlandırdığı bu şəxsiyyət yalnız Azərbaycanın
deyil, bütün türk dünyasının həyatı,
azadlığı haqqında dediyi böyük həqiqətlərə
görə məşhurlaşmışdı.
Milli mədəniyyət
tariximizə publisist, tənqidçi, şair, nasir, tərcüməçi
və filosof kimi daxil olmuş Əli bəy Hüseynzadənin
ən görkəmli tədqiqatçılarından biri də
filologiya elmləri namizədi Ofelya xanım Bayramlı
olmuşdur.
"Çaşıoğlu"
nəşriyyatında Ofelya xanımın transliterasiya, tərtib,
müqəddimə, şərh və izahlarının müəllifi
olduğu "Əli bəy Hüseynzadə".
Seçilmiş əsərləri iki cilddə yenicə
çapdan çıxmışdır. Kitabda verilən farsca
şeir və nəsr parçalarını Azərbaycan dilinə
çevirən Çingiz Sasanidir. Ofelya xanımın
"Görkəmli fikir dühası" məqaləsi ilə
başlayan birinci cilddə Ə.Hüseynzadə haqqında məqalələr,
Əli bəyin "Füyuzat" jurnalında və "Həyat"
qəzetində çıxan məqalələri, tərtibçinin
mükəmməl qaydada hazırlanmış izahları yer
almışdır. Yeri gəlmişkən Ofelya xanımın
böyük zəhmətinə yüksək qiymət verən
filologiya elmləri doktoru, professor Yaşar Qarayev "Əli bəyin
irsi və varisləri" məqaləsində yazır:
"Füyuzat" dərgisinin səhifələrindən
seçilən və "Qırmızı qaranlıqlar
içində yaşıl işıqlar" adı ilə bir
yerə toplanan bu məqalələr "Siyasəti-fürusətdən
sonra Əli bəy Hüseynzadənin müasir oxuculara təqdim
edilən ikinci kitabıdır. Hər iki kitabın
işıq üzü görməsi bilavasitə Ofelya
xanım Bayramlının böyük əməyinin, milli və
vətəndaşlıq xidmətinin nəticəsidir. Ofelya
xanımın hər iki kitabı istər Əli bəy, istərsə
də ədəbiyyatşünaslığımız
qarşısında bir əsrlik borcun qismən də olsa,
ödənilməsi deməkdir. Bir neçə on il müddətində
Əli bəy ədəbi məktəbinə və XX əsr
Azərbaycan mürtəce romantizminə" (?) yalnız
"Siyasəti-fürusətə yox, bütövlükdə
“Siyasəti-Füyuzata” çirkab, lənət və küfr
yağdırmaqda bir-birilə yarışan rütbəli,
titullu vətən oğullarının günahını bu
münəvvər xanımın qeyrətli və sərrast qələmi
yuyub təmizləmişdir.
Ofelya xanımın nəşrə
hazırladığı hər iki kitab özlüyündə
hələ yalnız yaradıcı-elmi axtarışların
məhsulu kimi də meydana çıxa bilməzdi. Bu kitablara
o həm mənəvi, həm də maddi gücünü əsirgəmədən
sərf eləyib. Əvvəlki illərin senzura və yasaq sədlərini
keçdiyi kimi, indiki kitab çapı sahəsində daha
keçilməz olan maliyyə vəsait maneələrini də
Ofelya xanım eyni fədakarlıqla dəf etmişdir".
Akademik Əziz Mirəhmədov
isə "Türkçülüyə xidmət nümunəsi"
məqaləsində yazır: "Bu cildin və ümumiyyətlə,
külliyyatın mətnini yıpranıb saralmış mətbuat
nüsxələrindən seçib yığan,
transliterasiya, tərtıb, izah və şərh edən
yorulmaz tədqiqatçı Ofelya xanım Bayramlıdır. Əvvəlki
cildlər kimi, bu kitabda da naşirlik səxavəti onun
özünə aiddir. O.Bayramlı, eyni zamanda külliyyata
yaxşı elmi "müqəddimə"lər
yazmışdır".
Bayrağımızdakı
türkləşmək, islamlaşmaq, avropalaşmaq
düsturunun, gerbimizdəki boya simvolikasının müəllifi
və rəssamı Əli bəy Hüseynzadə 1864-cü
il fevralın 24-də Salyanda anadan olmuşdur. Anasını
erkən yaşda itirən Əli bəy atasının
riyaziyyat müəllimi kimi fəaliyyətə
başladığı Tiflisdəki Qafqaz ruhani idarəsinin nəzdində
olan molla məktəbində ilk təhsilini alır.
Nəvəsinin zəkalı
və qabiliyyətli olduğunu görən ana babası
Şeyx Əhməd Səlyani onun tərbiyəsi və təhsili
ilə özü məşğul olur. Rus və Avropa mədəniyyətini
öyrənsin deyə, Qafqaz valisinin izniylə onu rus
gimnaziyasına qoyur. Təhsil illərində Əli bəy
rus, latın, yunan, ərəb və fars dillərini öyrənir,
rus və Qərb ədəbiyyatı ilə yaxından
tanış olur. 1885-ci ildə babası onu təhsilini davam
etdirmək üçün Peterburqa göndərir.
Fizika-riyaziyyat fakültəsində oxuduğu illərdə
Mendeleyev, Vaqner, Beketov kimi tanınmış professorlardan dərs
alan Əli bəy Homeri, Danteni, Şekspiri, Bayronu, Şilleri,
Höteni mütaliə etməklə bərabər, Şərq
dilləri fakültəsində məşhur şərqşünas
Jukovskinin Ömər Xəyyam haqqında mühazirələrində
də böyük maraqla iştirak edir. Azad fikirli gənclərin
çarpərəst müəllimlər tərəfindən
sıxışdırılması gənc tələbəyə
pis təsir göstərirdi. Peterburq universiteti tələbələrinin
coşğun və qətiyyətli
çıxışları, siyasi quruluşa qarşı
etirazları Əli bəydə mütləqiyyətə
qarşı nifrət oyadırdı. Buna görə, o, 1889-cu
ildə Rusiyanı tərk edib Türkiyəyə gedir.
Peterburqda aldığı diplomla iş tapa bilməyən Ə.Hüseynzadə
1890-cı ildə İstanbuldakı hərbi-tibb məktəbinə
daxil olur. Burada o, biliyi və erudisiyası ilə bütün
tələbələrdən seçilir. Burada da istibdala
üzləşən Əli bəy "İttihadi-osmani"
(sonralar "İttihad və tərəqqi") cəmiyyətinə
daxil olur. Bütün yaşadıqları Ə.Hüseynzadənin
sonrakı həyatında da böyük izlər qoydu və
türkçülük bütün fəaliyyətinin,
yaradıcılığının qayəsi, amalı oldu.
Ə.Hüseynzadə
bunu belə ifadə edirdi:
"Biz insanız: Məzhəb
və qövmiyyət insanlığı, insaniyyət
hüququnu müdafiə ediniz. Məzlum olan sinifləri
zalım siniflərin təcavüzatından azad etməyə
çalışınız, müsavati-tammə istəyiniz.
Yersiz, yurdsuz əkinçilərimizə, kəndlilərimiz
yer, torpaq tələb ediniz, füqərayi-kasibəmizin şəraiti-təəyyüşünü
təshihə çalışınız.
Biz Qafqazlıyız:
Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa
bilmək üçün lazım gələn muxtariyyət tələb
ediniz.
Biz müsəlmanız:
Binaənəleyh öz əqayidi-diniyyəmizə, hürriyyəti-vicdanımıza
hər nə lazımsa, onu istəyiniz, onu tələb ediniz.
Biz türküz:
Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər
növ sədlərin, divarların yıxılmasına, rəf
olunmasına qeyrət ediniz".
Seçilmiş əsərlərdə
həmçinin görkəmli şəxsiyyətlərin Əli
bəy Hüseynzadə haqqında fikirləri yer
almışdır. Onlardan bir neçəsini xatırlatmaq istərdik:
Ə.Müznib: "Əli
bəy həzrətləri... millətinə milliyyətini
anlatdı, farslaşıb bilküliyyə bərbad olan Qafqazdakı
türk balalarına türklüyü bildirdi, həsəb-nəsəbini
öyrətdi".
Tadeuş Sviyataxovski:
"XX əsrin əvvəllərində türk xalqlarına
kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy
Hüseynzadə idi".
Y.Akçuraoğlu:
"Əfsanəvi Əli bəy dünyanın bütün
lisanlarının, ülüm və fünunun hər
növünü ədəbiyyat və sənayeyi-nəfisənin
hər şöbəsini tamamən əhatə etmiş və
tətbiqə müvəffəq olmuş fövqəlbəşər
idi, o, dövrünün həmfikri olan ziyalılarını
(Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq,
Hüseyn Cavid və b.)" məcmuənin ətrafına
toplayaraq yaradıcılıqlarına ciddi bir qayğı ilə
yanaşır, təsir göstərir, onların
dünyagörüşlərində milli düşüncəni
oyadırdı".
Sadeddin Nüzhet
Ergün: "Girmədigi, qarışmadığı, fikir
işi yapmadığı hürriyyət qovğası
qalmamışdır. Renesansın böyük
düşünürlər kimi o da hər düşüncəyə
uyğun hezarfən bir qafa, orkestral bir ruhdur. Doktor,
ixtilalçı, rəssam, ədib, jurnalist, dilçi,
publisist, türkçü, cərrah, professor, şair,
riyaziyyatçı, tərcüməçi, hər şey, hər
şey. O, humanizmin özü idi. Ustad üçün hər
şey, hər bir bilgi, hər öyrətim, tək fayda
üçündür. O, insanda insanı aramaq, bulmaq və uzərində
durmaq. İştə öncə fikrin yüksək qayəsi".
Kitabın ikinci cildi Ə.Hüseynzadənin
müxtəlif illərdə yazdığı şeir, hekayə
və məqalələrdən ibarətdir.
Bütün mənalı
ömrünü Əli bəy Hüseynzadə irsinin öyrənilməsinə
həsr etmiş mərhum tədqiqatçı Ofelya xanım
Bayramlının gərgin əməyinin bəhrəsi olan
yeni nəşr araşdırmaçılar, alimlər, mətbuat
işçiləri, tələbələr üçün
çox dəyərli və zəngin mənbədir.
Nuriyeva T.
Respublika.- 2009.- 1 yanvar.- S. 7.