Görkəmli
yazıçı, ədəbiyyatşünas – alim, müəllim
və ictimai xadim
Onu
xatırlayarkən
Ötən ilin yaddaqalan
hadisələrindən biri görkəmli yazıçı, ədəbiyyatşünas-alim,
müəllim və ictimai xadim Mir Cəlal Paşayevin 100 illik
yubileyinin təntənəli şəraitdə keçirilməsi
olmuşdur. YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli
şəxsiyyətlərin və əlamətdar hadisələrin
qeyd edilməsi proqramına əsasən həm ölkəmizdə,
həm də xarici ölkələrdə Mir Cəlal
Paşayevin həyat və yaradıcılığına həsr
edilmiş təntənəli yubiley tədbirləri
keçirilmişdir. Azarbaycan Milli Elmlər Akademiyası Rəyasəti
Heyəti Mir Cəlal Paşayevin həyat və
yaradıcılığına həsr olunmuş elmi sessiya
keçirməklə yanaşı, sənətkarın həyat
və yaradıcılığına kitab və fotosərgi təşkil
etmişdir. Həmçinin, Azərbaycan Dövlət Pedaqoji
Universitetində, Polis Akademiyasında, Azərbaycan Dillər
Universitetində və Gəncədə yığıncaqlar,
elmi konfranslar və bir sıra tədbirlər
olmuşdıır. Gəncə şəhərində
böyük sənətkarın ev-muzeyi
açılmışdır.
10 noyabr 2008-ci ildə
Parisdə, YUNESKO-nun iqamətgahında Mir Cəlal Paşayevin
100 illiyinə həsr olunmuş mərasimdə YUNESKO-nun
baş direktoru Koişiro Matsuura toplantı
iştirakçılarını salamlayaraq tədbirin
böyük ictimai-siyasi əhəmiyyətini qeyd etmişdir.
Sonra
çıxış edən Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasim
iştirakçılarına Mir Cəlal Paşayevin bədii
və elmi irsi, zəngin yaradıcılığı və
ictimai fəaliyyati haqqında ətraflı məlumat
vermişdir. O, öz çıxışında demişdir:
"İstedadlı qələm ustası olan Mir Cəlal
Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini
öz romanları və hekayələri ilə daha da zənginləşdirmişdir.
Həyatı boyu ədəbiyyatımızı tədqiq edən
alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsini
yaratmış və bu, onun müəyyən etdiyi qaydalar və
prinsiplər əsasında inkişaf etmiş və bu günə
qədər də inkişaf etməkdədir".
Mərasimdə Mir Cəlal
Paşayevin həyat və yaradıcılığından bəhs
edən film nümayiş olunmuşdur.
Sonra mərasim
"Könül dolusu musiqi" adlı konsert proqramı ilə
davam etdirilmişdir. Dirijor, xalq artisti Rauf Abdullayevin idarəsi
ilə Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan və
Avropa bəstəkarlarının əsərlərindən
ibarət konsert proqramı təqdim etmişdir.
Böyük şəxsiyyətlərin
övladı adını daşımaq özü də məsuliyyətdir.
Bir tərəfdən çoxluğun diqqət mərkəzində
olursan, digər tərəfdən isə üzərinə
yüksək etimadı, yaxşı adı doğrultmaq vəzifəsi
düşür. Mən bu hissləri cavan yaşlarımdan
yaşamışam. Mir Cəlal böyüklüyü və
səmimiyyəti onun bir övladı kimi hər zaman mənimlə
olub, bu gün də mənimlədir. Tale elə gətirdi ki,
ömrümün çox illərini qürbət ölkələrdə,
Vətəndən uzaqlarda yaşadım. Çətinə
düşdüyüm anlar oldu.
Qarşılaşdığım mürəkkəb vəziyyətlərdən
çıxış yolları axtaranda Mir Cəlal
varlığı Mir Cəlal məhəbbəti məni qorudu,
mənə doğru yol göstərdi.
Atam olduqca sakit və təmkinli
adam idi. Bəlkə də bu keyfiyyət onu yaxından
tanımayanlarda sadəlövh bir insan təəssüratı
da yarada bilərdi. Həqiqətdə isə o, dərin zəka,
işıqlı təfəkkür, düşüncə
sahibi, mehriban və səmimi olmaqla yanaşı, çox mətin
və prinsipial idi. Təbiətcə islahatçı olaraq
yeniliyi, tərəqqini, inkişafı hədsiz sevirdi.
Xatirimdədi, söhbətlərimizdə
hərdən sakitcə deyərdi: "Amerika möhtəşəm
dövlətdir". Kim bilir, bəlkə də sonralar
ömrümün bir çox illərinin bu ölkə ilə
bağlılığında atamın fəhmi, onun uzaqgörənliyi
başlıca rol oynadı. İkinci Dünya müharibəsi
zamanı Amerika dövləti keçmiş SSRİ-yə
yardımlar edirdi. "Lənd-Liz" deyilən bir proqram həyata
keçirilirdi. Atama da bir paltoluq parça-atrez vermişdilər.
Niyəsə o bu parçanı ömrünün sonuna kimi
saxladı. İndi də bilmirəm, niyə ondan palto tikdirmədi.
1975-ci ildə Amerikaya birillik elmi ezamiyyətə getdim. Atam hədsiz
sevinirdi. Üzə vurmasa da içində
narahatçılıq keçirdiyini də duyurdum. Necə
olmasa da oğlu o zaman rəqib hesab edilən bir dövlətdə
səfərdə idi. Tez-tez məktublar yazırdı. İndi
arxivimdə saxladığım bu məktublar təkcə bir
ata-oğul münasibətindən söhbət açmır,
o həm də Mir Cəlala məxsus öyüd-nəsihətdən,
tərbiyədən, mədəniyyət və məhəbbətdən
xəbər verir.
İncə yumor, səmimi
zarafatlar və bir də şübhəsiz ki, ata
nigarançılığı... Oxuyuram, uzaq illər yada
düşür. Məktublar, sətirlər, atama məxsus dəst-xətt
mənə Mir Cəlallı illərin həsrətini
yaşadır. İndi mən duyuram ki, atam nə qədər
sıxıntı keçirirmiş. Mənim də qürbət
ölkədə darıxmamağım üçün ətraflı
məlumatlarla dolu məktublar yazırmış. Bu məktublar
təkcə qohum-əqrəba haqqında yox, həm də mənim
ürəkdən bağlandığım, sonsuz bir məhəbbətlə
sevdiyim doğma Bakı barədə müjdələr gətirərdi:
"Bakıda səlamətlikdir. Aqil gözəl qızı
Nəzrin xanımı gəzdirir. Rasim də
"nevesta"sına üzük axtarır. Qış tətilindən
sonra hamı işə başlayıb. Bu gün Tofiq bağa
gedib. Arif də bizdədir, sənə məktub yazır. Sabah
ayın 23-ü kişilərin bayramıdır. havalar bir az
sınıb, qar əriyir, küləklər güclənir"...
Bir zamanlar həsrətini
çəkdiyim qohum-qardaşlar, intizarını duyduğum
Bakı atamın bu isti məktublarında bir anlığa
Amerikaya gələrdi... O, məktubların birindəki ikicə
misra bu gün də Mir Cəlalın o zamankı sonsuz
övlad intizarının kövrək mənzərəsini
canlandırır:
Sizdən ayrı yüz
qəmü, dərdü, məla-mətdir mənə,
Nə xoşam, nə
naxoşam, bilməm nə halətdir mənə!
Elmi ezamiyyəti başa
vurub Bakıya qayıtmışdım. Evimizə də bir
bayramfəşanlıq yaşanırdı. Doğmalar, dostlar
bizə yığışmışdılar. Gecə-gecədən
keçib qonaqlar dağılandan sonra Mir Cəlal müəllim
məni öz otağına dəvət elədi. Əli ilə
işarə etdi, çarpayısının ayaq ucunda oturdum. Təəssüratlarımı
öyrənmək istəyirdi. Mən
danışırdım, o isə sakitcə qulaq asırdı.
Hərdən suallar verirdi. Sonra "Elə mən də təxminən
sən söylədiyin kimi təsəvvür edirdim" dedi.
Onu da əlavə etdi ki, ona danışdıqlarımı hər
yerdə danışmayım. Stalin-Bağırov
repressiyalarının dəhşətlərini
yaşamış insanlar üçün rejimin vahiməsindən
qurtarmaq o qədər də asan deyildi. Sonralar ABŞ-da Azərbaycan
Respublikasının on dörd il fövqəladə və səlahiyyətli
səfiri olduğum zaman Bakıdan çoxlu zənglər
olurdu, məktublar alırdım. O məktublar arasında ən
çox Mir Cəlalın məktublarını gözləyirdim.
istəyirdim o, yenə yazsın: "Bakıda səlamətlikdir"...
Atam gələcəyi
çox aydın görür və duyurdu. İndi fikirləşirəm
ki, Mir Cəlalın dünyagörüşü, həyata
baxışları, onun məsləhətləri tələbələr,
qohum-əqrəba və ümumiyyətlə onunla ünsiyyətdə
olanlar üçün nə qədər əhəmiyyətli,
bəzən həlledici olmuşdur. Orta məktəbi bitirəndə
hansı ixtisası seçəcəyim barədə onunla
tez-tez aramızda ata-oğul məsləhətləşmələri
olurdu. O zaman bir çox yazıçıların
övladları atalarının yolu ilə gedərək ədəbiyyata
gəlirdilər. Dəqiq elmlərə həvəsim olsa da ədəbiyyatçı
olmaq istəyirdim. Fikrim universitetin filologiya fakültəsinə
daxil olmaq idi. Mir Cəlal müəllim məni o fikrimdən
yayındırdı. XX əsr elm və texnika əsridir, dedi.
Dəqiq elmlərə yiyələnərək gələcəyin
açarını əldə edəcəklər.
Yazıçılıq üçün isə xüsusi
universitet keçmək lazım deyil. Əgər istedadın
varsa, yazıçı da olarsan. Sonra mənə misallar
çəkdi. Çexov həkim idi, amma ən məşhur
yazıçı idi.
Atamdan tez-tez
soruşardılar. Onun "şah əsəri"
hansıdır. "Həyatımda ən böyük əsər
mənim ailəmdir" deyərdi. O, bunu sözgəlişi
deməzdi. Uşaqlığı məşəqqətli illərə
təsadüf edən, ailə məhəbbətindən,
ata-ana nəvazişindən uzaq düşən Mir Cəlal
ailə dəyərlərinə, ailə ünsiyyətinə
xüsusi bir münasibət bəsləyirdi. İnamla deyə
bilərəm ki, “Azərbaycanda ədəbi məktəblər”in
müəllifi, yazıçı və alim xüsusi bir ailə
məktəbinin də həmmüəllifidir. Əgər məndən
soruşsalar ki, xoşbəxt ailə
başçısında hansı keyfiyyətlər
olmalıdır? Fikirləşmədən atam Mir Cəlalı,
anam Püstə xanımı nümunə göstərərdim.
Mir Cəlalın 100
illik yubileyi ilə əlaqədar arxiv materiallarını vərəqləyərkən
onun çox təsirli bir məktubu aşkarlandı.
Mirzə İbrahimov, Rza
Quliyev və başqaları ilə birlikdə 1942-ci ildə
Uzaq Şərq Frontuna ezam olunmuş Mir Cəlal Novosibirsk
şəhərindən Püstə xanıma yazır:
"Ailəmizin xoşbəxt saatları—axşamüstü,
hamımızın bir yerdə deyib-güldüyümüz
yadıma düşür. Deyirəm əsl həyat, əsl səadət
odur. Mən bir də o saatlara qovuşmaq, bir də balaları
başıma yığıb şən uşaq səsləri
şəraitində nahar eləmək, demək-gülmək həsrətilə
yaşayıram. Mirzə ilə bu barədə söhbət
edirik".
Mir Cəlalın
"Gülbəsləyən qız" adlı gözəl
bir hekayəsi var. Bu əsər anamız Püstə
xanımın qayğıkeşliyinə həsr olunub.
İndi mən o hekayə barədə tam təfərrüatı
ilə danışmaq istəmirəm. Düşünürəm
ki, elə bu hekayənin adı çox şeylər deyir.
İlk baxışda
sakit görünən Mir Cəlal yaşadığı cəmiyyətin
problemlərini bəlkə də ən çox
düşünən adam idi.
İnsanlıq
bütün qayğıları ilə onun içindən
keçirdi. Yetmişinci illərdə Moskva
televiziyasının "Zaman" xəbərlər
proqramından ya əvvəl, ya da sonra siyasi şərhçilər
SSRİ-nin daxili və xarici siyasəti haqqında
çıxışlar edərdilər. Mir Cəlal müəllim
bu çıxışları nəzərdən
keçirdikdən sonra yekun rəy kimi deyərdi: "Bu
ölkə heç zaman düzəlməyəcək" və
ya "bu ölkənin axırı nə olacaq?"
Bir şeyi də qeyd
edim ki, əslində bugünkü yaşlı və orta nəsillər
müstəqilliyimizə göydəndüşmə kimi gəlməyiblər.
Bunun başlıca səbəbi Mir Cəlal da daxil olmaqla bizim
bir çox yazıçı və alimlərimizin nəsilləri
zamanında öz əsərləri ilə müstəqilliyə,
istiqlala hazırlamalarında idi.
Mir Cəlalın sovet
idarələrinə müraciət etməkdən, qapılar
döyməkdən, qəbul otaqlarında növbə gözləməkdən
qəti xoşu gəlmirdi. "İclas qurusu", "Anket
Anketov" kimi hekayələr müəllifi ayrı cür də
ola bilməzdi. Universitet həmkarları ilə gəzə-gəzə
evə gedən Mir Cəlal müəllim bir gün Bakı
Sovetinin binası qarşısında ayaq saxlamış və
gülümsəyərək demişdir: "Allaha
şükür edirəm ki, buraya işim
düşmür".
Mir Cəlalın "Səviyyə"
adlı son hekayəsi yadıma düşür. O bu hekayəni
ölümündən bir neçə gün əvvəl
yazmışdı. Müəllif cəmiyyətimizdə
çatışmayan, qıtlığı duyulan ən vacib şey
nədir sualına cavab axtarırdı. Cavab isə sadə
idi. Müxtəlif vəzifə, iş, rütbə sahiblərində
səviyyə çatmır. Otuz il öncə
yazılmış bu hekayə indi də öz
aktuallığını və müasirliyini saxlamaqdadır.
Mən həm də bir
övlad kimi Mir Cəlalın yorulmaz oxucusuyam. Amerikaya elmi
ezamiyyətə gələndə də, sonralar bu ölkədə
Azərbaycanın səfiri işləyəndə də
atamın kitablarını özümlə
götürmüşdüm. Bir həqiqətə inandım
ki, bədii əsərlərin oxunduğu məkandan, yerdən
də çox şey asılıdır. Mən hər birində
Azərbaycanın milli kaloriti duyulan, reallığı
görünən bu əsərləri Amerikada yenidən təzə
bir ovqatla oxuyurdum. Etiraf edim ki, oradan Mir Cəlal
yazıçı kimi daha nəhəng
görünürdü, zirvələr uzaqdan nəhəng
göründüyü kimi.
Mir Cəlalın
yaradıcılığı sovet dövrünə təsadüf
etdi. O, quruluşda işlədi, yazdı, yaratdı. Artıq
həmin dövlət tarixin arxivinə köçüb.
İndi biz fərqli bir cəmiyyətdə
yaşayırıq. Azərbaycan müstəqil dövlətdir.
Bəs görəsən sovet dövrünü xarakterizə
edən, o cəmiyyətin insanlarından söz açan digər
əsərlər də daxil olmaqla Mir Cəlalın əsərləri
də əbədilik qazana biləcəkmi?
Bu sualı Mir Cəlal
yaradıcılığına yaxından bələd olan,
onun əsərlərini rus dilinə çevirən
böyük bir rus yazıçısına verdim.
Uzun-uzadı müzakirəmiz oldu. Onun sözləri
yaddaşımdan getmir. "Yazıçılar qocalır, həqiqi
əsərlər cavanlaşır. O əsərlər ki insan
taleləri ilə bağlıdır, ondan söz
açır, onlar bütün zamanlarda təzə-tər
qalacaqlar. Mir Cəlalın yaradıcılığında
insan taleyindən söz açmayan heç bir əsər
yoxdur. Nə faşizm, nə də İkinci Dünya
müharibəsi o şəkildə təkrarlanmayacaq. Amma
M.Şoloxovun “İnsan taleyi” əsəri Sokolovun timsalında əbədilik
qazandığı kimi, Mir Cəlalın Baharı, da onun digər
əsərlərinin ölməz taleli obrazları da insanlara həmişə
doğma və yaxın olacaqdır".
Mir Cəlal müəllim
ünsiyyət etdiyi insanları vəzifəsinə və ya
lazımlılığına görə deyil, öz təbiətinə,
xasiyyətinə uyğun olaraq seçərdi. Təbiilik və
sadəlik Mir Cəlalın həm
yaradıcılığına, həm də xarakterinə məxsus
keyfiyyətlər idi. Bu xüsusiyyət zənnimcə, onun həyata
və təbiətə olan xüsusi münasibətindən
irəli gəlirdi. O, ilk baxışda dramatik görünən
hər hansı bir hadisəni də çox təmkinlə,
aramla qəbul edər, içərisində təhlilini aparar,
özünün fəlsəfi izahını verərdi.
Mir Cəlalın
sözü-söhbəti həmsöhbətlərinin qəlbinə
bir rahatlıq, dinclik gətirərdi. Yayın əvvəlində
ənənəvi "tut kompaniyası" aparardı.
Bakı bağlarındakı ağ tut məclislərinə
demək olar ki, bütün qohumlarını,
dostlarını, həmkarlarını toplayırdı.
Abşeron nemətlərindən söz düşəndə
deyərdi: "Bakı şanısı, Bakı ənciri
"patriot" meyvələrdir. Uzaq səfərə
çıxan kimi dərhal öz keyfiyyətlərini itirirlər".
Yaşıllıq
vurğunu idi. Çinar ağacını xüsusilə sevərdi.
Əllinci illərin ortalarında Bakıda çinar
ağaclarının əkilməsini həvəslə
qarşılayan Mir Cəlal yazdığı "Mən də
bakılıyam" hekayəsini bu ağacları
"bakılı" edən, o zamankı şəhər
sovetinin sədri Ağamirzə Əhmədova ithaf eləmişdi.
Mir Cəlalın əsərlərində
"badam ağacları", "badam çiçəkləri"
obrazları var. O, adi vaxtlarda da badam və badam çiçəklərindən
söhbət açardı. Mir Cəlal dünyadan
köçəndən çox sonra - 1992-ci ildə Təbrizə
getmişdim. Xahiş elədim ki, məni onun doğma kəndi
olan Əndəbilə aparsınlar. Onu da deyim ki, atamın
doğulduğu yer kimi hərdən səhvən Ərdəbil
şəhərini göstərirlər. Əslində isə
Mir Cəlal Təbriz yaxınlığındakı Əndəbil
kəndində dünyaya gəlib.
Mir Cəlalın ilk
beşiyi Əndəbili və oradakı qohum-əqrəbanı
görmək üçün yola düşdük. Əndəbilə
çatanda gözlərimə inanmadım. Təpələr
qoynunda qərar tutan Əndəbil badam ağaclarının
üzük qaşına bənzəyirdi. İçimdəki
heyrəti gizlədə bilmirdim. Mir Cəlalın ürəyində
badam ağaclarına və badam çiçəklərinə
olan sonsuz sevginin "sirri"ni kəşf edirdim.
Görünür, hələ uşaqlıq illərindən
kimsə də bu sevgini onun qulaqlarına
pıçıldamış, atam da ömrü boyu o sevgini, o
həsrəti yaşatmışdı.
Mir Cəlal
şükran bir adam idi. Dünya malında təmənnası
olmazdı. Gözü-könlü son dərəcə tox idi.
Ömrü boyu aza da, çoxa da qane olub şükür
oxuyardı. Hərdən gün-güzərandan söz
düşəndə gənclik illərindən söz
açardı. İyirminci illərin axırlarında Gədəbəyin
məktəblərində bir il müəllimlik edib məktəb
direktoru işləmişdi. Həmişə deyirdi ki, mən ən
yaxşı maaşı orada aldım. Pulun qızıl dəyəri,
bərəkəti var idi. Bir aylıq əmək haqqım
doqquz - on manat, bazarda qoyunun biri isə bir manat olardı. Bu pul əynimə
paltar almağa da, qonaq-qaranı yola salmağa da bəs edirdi.
Bu kitaba Mir Cəlal
haqqında xatirələr toplanıb. Belə bir söz var:
"Havalar soyusa da xatirələr soyumur". Mir Cəlal
sözün əsl mənasında qalın-qalın kitablara
sığacaq xatirəli bir ömür yaşadı. Həmkarlarının,
dostlarının, doğmalarının, qohumlarının, tələbələrinin,
övladlarının, nəvə və nəticələrinin
yaddaşında silinməz izlər qoyub getdi. Ən
başlıcası, onu çoxminli oxucuları unutmur.
Yazıçı, sənətkar üçün bundan
böyük xoşbəxtlik yoxdur. Mən bu sözləri Mir
Cəlalın həm övladı, həm də oxucusu kimi
deyirəm. Cavan heykəltəraşlardan biri Mir Cəlalın
kiçik bir büstünü işləyib. İndi həmin
büst mənim evimdə, Mir Cəlal müəllimin iş
otağındadır. Son dərəcə canlı alınan o
büstə baxıb xəyala dalıram. Mir Cəlal
günü-gündən doğrudanmı tarixə
çevrilir, o, doğrudanmı bizdən uzaqlaşır? Bir həqiqət
də var ki, böyük insanların yeri böyük tarixin səhifələrindədir.
Paşayev H.
Respublika.- 2009.- 1 yanvar.- S. 3.