Son beş ildə qəbul olunmuş proqramlar və həyata
keçirilən layihələr uğurla başa
çatdırılmışdır
Bu gün dünyanı
bürüyən iqtisadi böhran bir çox ölkələrin
iqtisadiyyatına ağır zərbələr vursa da, Azərbaycanın
dinamik inkişaf strategiyası və həyata keçirilən
davamlı və düşünülmüş siyasət
kursu yarana biləcək çətinliklərin
qabaqlanmasına imkan vermişdir. Odur ki, Azərbaycanda həyata
keçirilən bütün proqramlar və beynəlxalq əhəmiyyətli
layihələr uğurla reallaşmışdır.
Artıq tarixə
çevrilmiş 2008-ci il respublikamızın həyatında
olduqca əlamətdar hadisələrlə yadda qalmış,
həm siyasi, həm də iqtisadi cəhətdən uğurlu
olmuşdur. Son dörd ildə ümumi daxili məhsulun
artım dinamikasına görə dünyada birinci olan Azərbaycanda
ötən il ərzində də hərtərəfli
islahatlar aparılmış, özəl sektorun daha da
çiçəklənməsi üçün təsirli
addımlar atılmış, "Bir pəncərə"
sisteminin tətbiqinə başlanılmış, dövlət
investisiya xərcləri nəzərə çarpacaq dərəcədə
artırılmış, infrastruktur sahələrin müasir tələblər
səviyyəsinə qaldırılması üçün
xeyli işlər görülmüş, yeni yollar,
körpülər, yol keçidləri istifadəyə
verilmişdir. Minlərlə işçi çalışan
yeni istehsal müəssisələrinin istifadəyə verilməsi,
kənd təsərrüfatı sahələrinə güzəştli
kreditlərin ayrılması, kənd təsərrüfatının
vergi güzəştlərinin daha beş il müddətinə
uzadılması, regionların sosial iqtisadi inkişafı
Dövlət Proqramının icrasının uğurla
başa çatdırılması Azərbaycanın iqtisadi
inkişafına əlavə təkan vermiş, əhalinin məşğulluq
səviyyəsinin daha da yüksəlməsində
özünü göstərmişdir.
Azərbaycanda liberal
iqtisadi sistemin uğurla təşəkkül tapması və
günbəgün genişlənməsi ölkədə
yaradılan əlverişli investisiya mühitinin nəticəsidir.
Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatında özəl
sektorun xüsusi çəkisi artıq 85 faizə yüksəlmiş,
2008-ci ildə Dünya Bankı respublikamızı bir nömrəli
islahatçı ölkə kimi elan etmişdir.
Bütün bunlar Azərbaycana
olan marağı daha da arıtırmaqla bərabər, ölkəmizin
beynəlxalq nüfuzuna da olduqca müsbət təsir göstərir,
ayrı-ayrı sahələrə xarici sərmayə
axınının güclənməsinə əlavə stimul
verir. Əldə olunan iqtisadi nailiyyətlərin qorunub
saxlanılması və davam etdirilməsi üçün Azərbaycan
dövlətinin bundan sonra da öz siyasətinə sadiq
qalacağını bildirən ölkə Prezidenti İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə
xalqa müraciətində demişdir: "Azərbaycanda
iqtisadiyyatın inkişafı üçün bütün
lazımi tədbirlər görülür. Dövlət
sahibkarlığın inkişafını dəstəkləyir
və növbəti illərdə bu dəstək daha da
böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan
iqtisadiyyatının 85 faizi özəl sektorda
formalaşır. Bu, böyük nailiyyətdir və onu
göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar
ölkəmizin hərtərəfli inkişafına xidmət
edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı
illərdə də iqtisadi inkişafa böyük diqqət
göstərəcəyik və əminəm ki, qarşıda
duran bütün vəzifələrə nail
olacağıq".
Özünün iqtisadi
qüdrətinə və siyasi çəkisinə görə
Cənubi Qafqaz regionunda lider ölkəyə çevrilən
Azərbaycan artıq dünyanın enerji təhlükəsizliyində
özünəməxsus yeri və zəngin potensialı ilə
mühüm əhəmiyyət kəsb edir. Dövlət
başçısının bildirdiyi kimi, bu bizə həm
siyasi, həm iqtisadi dividendlər gətirir və yeni imkanlar
açır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri
uğurla fəaliyyət göstərir, ölkə
iqtisadiyyatının güclənməsinə layiqli töhfələr
verir. Artıq dünya ölkələri Azərbaycanın
neft strategiyasının uğurlarından öyrənməyə,
ölkəmizin bu sahədəki zəngin təcrübəsini
bölüşməyə ehtiyac duyur. Ötən il Bakıda
keçirilən Enerji Sammiti, aparılan geniş müzakirələr
və qəbul edilən qərarlar bunun əyani təzahürüdür.
Ölkəmizin iqtisadi
imkanları genişləndikcə sosial məsələlərin
həllinə diqqət artırılır, xalqın
rifahının yaxşılaşdırılması
üçün daha təsirli addımlar atılır. Təsadüfi
deyil ki, son beş il ərzində Azərbaycanda yoxsulluq şəraitində
yaşayanların sayı üç dəfədən
çox azalmış, bu göstərici 49 faizdən 16 faizə
düşmüşdür. Əhalinin sosial müdafiəsini
gücləndirmək məqsədilə minimum əmək
haqqı və minimum pensiya 50 faiz artırılmış,
ünvanlı dövlət sosial yardımlarının verilməsi
genişləndirilmişdir.
Azərbaycanın artan
maliyyə imkanları ölkə təhsilinin
inkişafına, səhiyyə sahəsinin mövcud tələbata
uyğunlaşdırılmasına və müasirləşməsinə
yönəldilir, yeni məktəblər, tibb ocaqları
inşa edilir. Təqdirəlayiq haldır ki, bu işlər
ölkənin bütün regionlarını əhatə edir,
paytaxtla yanaşı, ucqar yaşayış məntəqələri
də inkişaf edir. Son beş ildə respublikamızda 1600
yeni məktəb binası inşa olunmuş, ən müasir
avadanlıqlarla təchiz edilmiş səhiyyə ocaqları
istifadəyə verilmişdir. Bu, insanlara göstərilən
səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi
ilə yanaşı, tibb sahəsində çalışan
mütəxəssislərin müasir təcrübəyə
yiyələnmələri üçün olduqca əhəmiyyətlidir.
Artıq bölgələrdə yaşayan insanların
müayinə və müalicə üçün paytaxta gəlməsinə
o qədər də ehtiyac yoxdur.
Qazanılan uğurlarla
yanaşı, Azərbaycanın həllini gözləyən
ağrılı problemi də mövcuddur. Belə ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi öz ədalətli
həllini tapmayınca, ölkəmizin ərazi
bütövlüyü bərpa olunmayınca regionda
dayanıqlı sabitlikdən danışmaq mümkün deyil.
Azərbaycanın işğal olunmuş ərazilərinin geri
qaytarılması üçün lazım gələrsə,
hərbi gücümüzdən də istifadə ediləcəyini
bildirən dövlət başçısı hələlik
diplomatik səylərə və danışıqlar prosesinə
üstünlük verildiyini önə çəkib: "Amma
bununla bərabər, bu məsələnin həlli
üçün, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həlli üçün biz öz səylərimizi göstəririk.
2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisində Azərbaycanın işğal
altında qalan torpaqlarında vəziyyətlə bağlı
çox önəmli qətnamə qəbul edilmişdir.
Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının
beş daimi üzvündən üçü Minsk qrupunun həmsədrləri
bu qətnamənin əleyhinə çıxmışdı,
qətnamə böyük səs çoxluğu ilə qəbul
edilmişdir. Bir tərəfdən bu, Azərbaycanın
gücünü göstərir, Azərbaycanın artan
nüfuzunu göstərir, digər tərəfdən, onu
göstərir ki, haqq-ədalət öz yerini
tutmalıdır". Məhz bütün bu amillər Azərbaycanın
artan iqtisadi potensialı, hərbi gücü, beynəlxalq
nüfuzu və ən başlıcası dövlət
başçısının qəti iradəsi Ermənistan rəhbərliyini
və ictimaiyyətini reallıqla barışmağa meyilləndirir.
Ancaq qonşu ölkənin müstəqil siyasət
yürüdə bilməməsi, xalqın iradəsinin əksinə
olan siyasi kurs tutması onları regional əməkdaşlıqdan
və müasir dünyaya inteqrasiyadan məhrum edir.
Bütün bunlar isə son nəticədə
özünütəcrid siyasəti yürüdən Ermənistanın
Azərbaycanın haqlı mövqeyi ilə
razılaşacağını, işğalçılıq
siyasətindən əl çəkəcəyini deməyə
əsas verir.
Azərbaycanın son
beş il ərzində əldə etdiyi möhtəşəm
nailiyyətlər ölkə Prezidenti İlham Əliyevin
ardıcıl və məqsədyönlü siyasi kursundan
güc alır. Xalqın rifahının yüksəldilməsini,
ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsini,
beynəlxalq nüfuzunun artırılmasını dövlət
siyasətinin prioritetinə çevirən dövlət rəhbəri
yerlərdə olur, sadə insanlarla birbaşa ünsiyyətə
üstünlük verir, əhalinin qayğıları ilə
şəxsən maraqlanır. Məhz xalqa olan məhəbbətin
və bağlılığın nəticəsidir ki,
2003-cü ildə olduğu kimi, ötən il keçirilən
prezident seçkilərində də xalq öz iradəsini
azad şəkildə ifadə edərək bir daha cənab
İlham Əliyevə yüksək etimad göstərdi. Bu
baxımdan növbəti beş il ərzində Azərbaycanın
hərtərəfli inkişafının daha da genişlənəcəyinə,
xalqın həyat səviyyəsinin daha da
yaxşılaşacağına olan dərin ictimai inam və əminlik
əsaslı və möhkəm köklərə söykənir.
Son beş ildə keçilən yol, atılan uğurlu
addımlar, qazanılan qələbələr məhz bu
strateji siyasi kursun davam etdirilməsi zərurətini bir daha təsdiq
edir, xalqın xoşbəxt gələcəyə olan
sarsılmaz inamını daha da möhkəmləndirir.
Məmmədli B.
Respublika.- 2009.- 7 yanvar.- S.1-2.