Magistratura pilləsinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilmişdir

 

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirildi. Konfransı giriş sözü ilə TQDK-nın sədr müavini Namiq Babayev açdı və bildirdi ki, "Magistr" jurnalının 1-ci sayı çapdan çıxmışdır. Jurnalın bu sayında 2009/2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul qaydaları dərc olunmuşdur. Həmçinin magistratura pilləsinə hazırlaşan bakalavrlara kömək məqsədilə nəinki təfəkkürün yoxlanması üzrə qəbul proqramı, həmin proqram əsasında izahlı test nümunələri, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları da təqdim olunmuşdur.

TQDK qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkminləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamlı olaraq magistratura pilləsinə qəbul qaydalarında müəyyən dəyişikliklər etmişdir. Belə ki, 2009/2010-cu tədris ilindən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. İmtahanların birinci mərhələsinin təxminən aprel ayının sonunda, ikinci mərhələsini isə iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İkinci mərhələdə isə ixtisas üzrə biliklərin yoxlanılması aparılacaqdır. Müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçiriləcəkdir.

Yeni qaydalara əsasən, magistraturaya qəbul zamanı aparılan ixtisaslar qəbul proqramları üzrə qruplaşdırılır. Müəyyən proqramlar daxil olan ixtisaslar seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı şəkildə cavab verməlidirlər. Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Tədrisi ingilis dilində olan ixtisaslara sənəd verən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçə bilərlər.

Qeyd edək ki, ötən ildən magistratura pilləsinə qəbul zamanı 473 yer boş qalmışdır. Belə ki, həmin boş qalan yerlərə TQDK müsabiqə keçirir. Müsabiqədə iştirak etmək istəyən bakalavrlar yanvar ayının 7-dən-16-na kimi keçiriləcək sənəd qəbulunda iştirak edə bilərlər. Sənəd qəbulu yanvar ayının 16-da başa çatacaq.

 

 

Hüseynova G.

 

Respublika.- 2009.- 7 yanvar.- S. 3.