Tanınmış mikrobioloq alim
Hələ eramızdan əvvəl
insanlar kortəbii olaraq göbələklərdən bir qida
kimi istifadə etmişlər. Göbələklərin yeməli
və zərərli olması haqqında eramızdan əvvəl
1200-cü ildə hindlilərin qədim dini kitablarında bitki
xəstəlikləri haqqında məlumat vardır. Geniş
yayılmış papaqlı göbələklər Aristotelin
(e.ə. IV əsr) əsərində də təsvir
edilmiş və onların zəhərli xassələri
haqqında ətraflı məlumat verilmişdir.
Sovetlər
İttifaqı yaranana qədər Rusiya imperiyasına
çoxsaylı səyyahlar gəlmiş və oranın
göbələk aləmini aşkar etməyə maraq göstərmişlər.
Azərbaycanda da ən qədim
zamanlarda göbələklərdən müxtəlif sahələrdə
istifadə edilirdi. XII əsrin şair və mütəfəkkiri
Əfzələddin Xaqaninin əmisi Kafiəddin Ömər
Osman oğlu Şamaxının Məlhəm kəndindəki
tibb mədrəsəsində, indi bizə məlum olan
yaşıl rəngli kifdən - penicillium spp. irinli
yaraların müalicəsində istifadə edirmiş.
Respublikada
ayrı-ayrı regionların ümumi mikrobiotikasına aid tədqiqatlar
ilk dəfə 1936-cı ildə S.A.Cəfərov
(Talış), 1952-ci ildə N.Ə.Mehdiyeva (Quba-Xaçmaz
zonası), 1961-ci ildə T.M.Axundov (Naxçıvan) tərəfindən
aparılmışdır.
Hazırda Azərbaycanın
müxtəlif regionlarında təxminən 4000-ə yaxın
göbələk növü qeydə
alınmışdır. Onlardan 100-dən çoxu elmdə
yeni aşkara çıxarılmışdır.
Respublikada mikologiya
üzrə elmi işlər və elmi kadrların
hazırlanması əsas etibarilə Azərbaycan Milli Elmlər
Akademiyasının Botanika və Mikrobiologiya institutlarında,
Bakı Dövlət Universitetində, fitopatologiya üzrə
isə Gəncə Kənd Təsərrüfatı
Akademiyasında hazırlanır.
Ömrünü mikrobiologiya
elminə həsr etmiş görkəmli alimlərdən biri
professor Nisə Mehdiyevanın mənalı ömür yolu gənclərimizə
əsl örnəkdir.
12 aprel 1928-ci ildə
Bakıda doğulmuş Nisə Əşrəf qızı
Mehdiyeva 1945-ci ildə Şamaxıda orta məktəbi, 1950-ci
ildə isə Lomonosov adına Moskva Dövlət Universitetini
müvəffəqiyyətlə bitirmişdir.
O,1950-1952-ci illərdə
Azərbaycan Dövlət Universitetində müəllim
işləmiş, 1952-1955-ci illərdə SSRİ Elmlər
Akademiyasının Botanika İnstitutunun (Leninqrad şəhəri)
aspirantı olmuşdur. 1955-ci ildə namizədlik, 1969-cu ildə
isə doktorluq dissertasiyasını müdafiə etmiş alim
1965-ci ildə mikrobiologiya üzrə elmi işçi,
1986-cı ildə isə mikologiya üzrə respublikada ilk
professor elmi adını almışdır.
Nisə Mehdiyeva
1955-1957-ci illərdə respublika Elmlər Akademiyasının
Rəyasət Heyətində biologiya üzrə elmi katib
işləmişdir. 1958-ci ildə Torpaqşünaslıq və
Aqrokimya İnstitutunda torpaq biologiyası laboratoriyasını
təşkil edərək, Akademiyada mikrobiologiya elminin əsasını
qoymuşdur. 1968-ci ildə professor N.Mehdiyeva Akademiyada ilk dəfə
neft mikrobiologiyası sahəsində işləri təşkil
edərək ona rəhbərlik etmişdir. 1972-ci ildə
laboratoriya Mikrobiologiya sektoru, 1994-cü ildə isə
Mikrobiologiya İnstitutu statusu almışdır.
N.Mehdiyeva 1958-ci ildən
1981-ci ilədək bu elmi müəssisəyə, 1995-ci ilədək
laboratoriyaya rəhbərlik etmişdir. Nəhayət,
1995-1996-cı illərdə Qafqaz Universitetində mikrobiologiya
mərkəzinin rəhbəri və elmi işlər üzrə
prorektor vəzifəsində fəaliyyət göstərmişdir.
Mikrobiologiyanın
müxtəlif problemləri üzrə 130 elmi məqalənin,
bir elmi kinofilmin, 9 müəlliflik şəhadətnaməsinin,
4 kitabın müəllifi olan Nisə Mehdiyevanın rəhbərliyi
altında respublikada və onun xaricində 10 elmlər namizədi,
2 elmlər doktoru hazırlanmışdır.
Professorun
apardığı elmi işlərin əksəriyyəti
torpaq ekosistemində çox mürəkkəb münasibətdə
olan mikoskopik heyvanlar və göbələklər
arasındakı qarşılıqlı əlaqəsinə həsr
edilmiş, bu sahədə maraqlı elmi-praktik əhəmiyyətli
nəticələr əldə etmiş və bu problemlə
bağlı tədqiqatlara SSRİ Elmlər Akademiyasında rəhbərlik
etmişdir.
N.Mehdiyevanın təşəbbüsü
ilə respublikada mikrobiologiya problemləri üzrə Elmi
Şura, Mikrobioloqlar Cəmiyyəti təşkil edilmiş və
uzun müddət onlara başçılıq etmişdir. Təcrübəli
alim dəfələrlə SSRİ-də və beynəlxalq
elmi konfranslarda, respublika ictimai təşkilatlarının
işində fəal iştirak etmişdir.
Beynəlxalq Eko Energetika
Akademiyasının akademiki Nisə Mehdiyeva, respublika Xalq Nəzarəti
Komitəsində 20 ildən artıq ştatdankənar inspektor
işləmiş və respublikamızın elmi idarələrinin
yoxlanılmasında bir alim kimi bacarığını əsirgəməmişdir.
O, eyni zamanda respublika Bilik Cəmiyyətinin üzvü
olmuş, dəfələrlə fəxri fərmanla
mükafatlandırılmışdır.
N.Mehdiyeva hazırda təqaüddədir.
Lakin buna baxmayaraq, ev şəraitində elmi işini
ömrünün müdrik çağında da davam etdirən
professor ingilis-rus-Azərbaycan dillərində ilk mikrobioloji
lüğət və Azərbaycanda "Mikologiya"
kitabını yazaraq yenidən çap etdirmişdir. Bu
kitabın ilk variantı 1979-cu ildə "Elm" nəşriyyatı
tərəfindən rus dilində "Xищные нематофаговые грибы -
гифомецеты" adı ilə
çap olunmuşdur.
Respublika və xarici
jurnallarda 10 elmi məqalə dərc etdirən alim, dəfələrlə
mikrobiologiya üzrə elmi dərəcə almaq
üçün müdafiə edənlərə opponentlik
etmiş və ixtisaslaşmış elmi şuranın
üzvü olmuşdur.
Sovetlər
dövründən fəal ictimaiyyətçi olan N.Mehdiyeva
AMEA-da partiya təşkilatı katibinin müavini, respublika
qadınlar qurultayının nümayəndəsi olmuşdur.
Ömrünün
müdrik çağında da yazıb yaradan N.Mehdiyeva 2007-ci
ildə professor Fazil Qaraoğlunun "Ermənilər və həqiqətlər"
kitabının redaktoru olmuşdur.
Umidvarıq ki, AMEA-da
mikrobiologiya elminin əsasını qoyanlardan biri olan professor
Nisə Mehdiyevanın elmi potensialından, zəngin
kitabxanasından və dərslik vəsaitindən Mikrobiologiya
İnstitutunun əməkdaşları, mütəxəssislər
səmərəli istifadə edəcək və 80
yaşında tənha yaşayan elm fədaisinə
qayğı ilə yanaşacaqlar.
İlyasoğlu Rauf
Respublika.- 2009.- 9 yanvar.- S. 6.