“Şüa” kompleksi sağlamlıq bəxş edir
Bakının Nərimanov
rayonundakı Koroğlu Rəhimov küçəsində bir
neçə ildir ki, "Şüa" İdman
Sağlamlıq Kompleksi fəaliyyət göstərir. Bura demək
olar ki, bütün idmançıların sevimli yerinə
çevrilmişdir. Müasir tələblərə cavab verən,
füsunkar ərazisi ilə diqqəti cəlb edən kompleksdə
əsasən sərbəst güləş bazası yerləşir.
Burada Avropa və dünya çempionları mütəmadi
olaraq məşq edir, mötəbər yarışlarda
uğur qazanır və müxtəlif yarışlarda fəxri
kürsünün ən yüksək pilləsində dayanırlar.
Biz "Şüa"
İdman Sağlamlıq Kompleksinin direktor müavini Rasim
Qurbanovla söhbət edərkən o, bizi maraqlandıran məsələlərə
aydınlıq gətirərək dedi:
—Vurğulamaq
lazımdır ki, Prezident İlham Əliyevin qayğı və
diqqəti sayəsində son illərdə Azərbaycanda
idmanın müxtəlif sahələrində böyük
uğurlar qazanılmış, bu sahənin inkişafı
üçün dünya standartlarına cavab verən komplekslər
tikilib istifadəyə verilmişdir.
"Şüa"
İdman Sağlamlıq Kompleksində məşqlər həmişə
yüksək səviyyədə aparılır. Bu sahəyə
idman sahəsində böyük uğurlara imza atan təcrübəli
məşqçilər cəlb edilmişlər.
Respublikamızın
Milli Karate Federasiyası da kompleksin ərazisində yerləşir.
Onlar üçün hər cür şərait
yaradılmışdır.
Komleksdəki
üzgüçülük hovuzunun xidmətindən
idmançılar səmərəli istifadə edir və
öz sağlamlıqlarını qoruyub saxlayırlar.
Üzgüçülük hovuzuna gələnlər
arasında paytaxtın məktəbliləri daha çox
üstünlük təşkil edirlər.
"Şüa"
İdman Sağlamlıq Kompleksində tədbirlər
planına uyğun olaraq həmişə yaddaqalan mərasimlər
keçirilir. Hər il Böyük Vətən müharibəsi
veteranlarına maddi yardım göstərilir,
görüşdə rəşadətli döyüş yolu
keçmiş Azərbaycan oğullarının şücaətindən,
qəhrəmanlığından geniş söhbət
açılır.
Kompleksdə milli öndərimiz
Heydər Əliyevin anım mərasiminin keçirilməsi ənənə
şəklini almışdır. Keçən ilin dekabr
ayında keçirilən anım tədbirində 300 nəfərdən
çox Böyük Vətən müharibəsi, Qarabağ əlili
olan veteranlara, həmçinin aztəminatlı ailələrə
ehsan süfrəsi açılmışdır.
İdman kompleksinin ərazisində
həmişə geniş quruculuq və abadlıq işləri
aparılır, şübhəsiz ki, bu da idmançılarda
xoş ovqat yaradır.
Rasim Qurbanov sözünə
davam edərək bildirdi ki, kompleksdə 2008-ci il uğurlu nəticələrlə
yekunlaşdırılmışdır. Cari ildə isə
qarşıda daha əzəmətli vəzifələr durur.
Çalışacağıq ki, məşqlər yüksək
səviyyədə aparılsın, Azərbaycan
idmançıları müxtəlif yarışlara
hazırlıqla, yüksək əhval-ruhiyyə ilə
yollansınlar.
Qədir Aslan
Respublika.- 2009.- 9 yanvar.- S. 6.