Qiymətli  tədqiqat əsəri

 

Azərbaycan dilinin bazası istənilən elmi sahənin ən çətin və mürəkkəb anlayışlarını ifadə etmək qüdrətinə malikdir. Bir tərəfdən ona görə ki, Azərbaycan dili statik deyil, daim zamanla ayaqlaşır, içindən cilalanmaqla yeni dilçilik elementlərilə əvəzlənərək zənginləşir, digər tərəfdən isə qrammatik, orfoqrafik və stilistik norma və qaydalarının möhkəm olmasına baxmayaraq, sosial-siyasi inkişaf prosesində mövcud prinsiplərdən ağıllı kənara çıxmalarla yeni üslub şəkilləri yaradır.

Məlumdur ki, qrammatika müstəqil elm sahəsi kimi iki istiqamətdə - morfologiya (nitq hissələri) və sintaksis (cümlə üzvləri) - tədqiq olunur. Bu fikrin davamı kimi qeyd edək ki, bədii dilimizin sintaksis üslub vasitələrinin müəyyən məsələləri dilçi-alimlər tərəfindən tədqiq edilsə də, ondakı üslub rəngarəngliyi tam və sistemli şəkildə araşdırılmalıdır. Aytən Bəylərovanın AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarı ilə nəşrə hazırlanmış "Bədii dildə üslubi fiqurlar" monoqrafiyası bu problemə həsr olunmuşdur. Məqsəd Azərbaycan bədii dilinin sintaksis bazasında bədii təqdimatı ilə seçilən üslub formalarını müəyyənləşdirmək, sistemləşdirmək, bədii dilçilikdə yerini və əhəmiyyətini aydınlaşdırmaqdır.

A.Bəylərova mövzunun həlli prosesində tanınmış tədqiqatçıların yaradıcılığına müraciət etmiş, yeri gəldikcə həm yerli, həm də əcnəbi dilçi-alimlərlə elmi fikir mübadiləsi aparmışdır.

Müəllif toxunduğu mövzunu genişliyi ilə açaraq onu, demək olar ki, tam əhatə etmişdir. Kitabda bədii dildə sintaktik-üslub vasitələrinin elmi izahı verilmiş, üslub şəkilləri quruluş-forma cəhətdən qruplaşdırılaraq, onların necə, hansı formada işlənmə yolları müəyyənləşdirilmişdir. Bədii dildəki üslub şəkillərinin ədəbi dildəki digər funksiya-quruluş imkanları ilə müqayisədə oxşar-fərqli cəhətləri araşdıran A.Bəylərova görkəmli söz ustalarımızın bədii irsindəki sintaksis və leksika zəngliyinin sadalanan məsələlərlə bağlılığından, bütün bunların isə birbaşa yaradıcılıq prosesinə təsir etməsindən də geniş və ətraflı söhbət açmışdır.

Monoqrafiyanın birinci fəsli "Cümlə konstruksiyalarında üslubi hadisələr" adlanır. Burada cümlə quruluşunda qənaət prinsipinə əsaslanaraq, mənaya görə asanlıqla düşən (əsasən, xəbər nitq hissəsinin), əvəzində isə nitqə dinamiklik və lakoniklik gətirən "ellipsis" üslub fiqurundan, onun yarımçıq cümlədən fərqli-oxşar cəhətlərini göstərməklə dilimizin texniki imkanlarından, mütləq təsdiq və mütləq inkar söz vahidləri ilə ritorik sual cümlələrinin yaradılması yollarından söhbət açılır, məzmunca cavab tələb etməyən və cavabı özündən doğan cümlə quruluşları isə "ritorik sual" üslubunun müstəqil şəkli kimi təqdim olunur.

Müəllifin "təcəssüm" üslubi təsvir vasitəsində"... həm canlandırmanı, həm şəxsləndirməni, həm də nitqləndirməni birləşdirir" deyən dilçi-alimlərlə həmfikir olması da müsbət elmi mövqedir.

A.Bəylərova cümlədə fikri qüvvətləndirmək üçün ziddiyyətli anlamları müqayisə formasında bir-birinə qarşı qoymaqla yaradıcılıq üçün çox vacib "antiteza" üslub şəklinin formalaşması fikrini də maraqlı faktlarla təsbitləşdirir.

Monoqrafiyanın ən iri ikinci fəsli ("Sintaktik vahidlərdə təkrir və paralelizm") iki yarımfəsildən və on üç bölümdən ibarətdir. Burada həm leksik, həm də sintaktik vahidlərlə ifadə olunan, bədii dildə ahəngdarlıq, ritm yaradan təkrirlər və onların bu vaxtadək təqdim olunmamış növləri araşdırılır, cümlədə təkrir növlərinin yeri və funksiyaları həm klassik, həm də müasir ədəbiyyat nümunələri əsasında təhlilə cəlb edilir.

Dilimizin tarixi inkişafını izləmək baxımından monoqrafiyanın "Sintaktik paralelizm" yarımfəsli müəyyən maraq doğurur. K.Vəliyevlə elmi həmrəylik, "Kitabi-Dədə Qorqud", folklor materialları və onların dil ənənələrinə söykənən müasir poetik nümunələrlə türk və Azərbaycan bədii dillərindəki mövcud paralellərin müştərək planda araşdırılması bu baxımdan təqdirəlayiqdir.

Kitabın son - üçüncü fəslində ("Xitabın üslubi mövqeyi") qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz birləşmələrinin, həmçinin xitabların məntiqi cəhətdən, xüsusilə də intonasiya vasitəsilə cümləyə bağlılığının bədii yaradıcılıqda müxtəlif üslub çalarları yaratmaq üsulu kimi verilməsini müəllifin uğuru hesab etmək mümkündür.

Bütün bunlarla yanaşı, ayrıca qeyd etmək istərdik ki, kitabda sintaktik-üslub şəkilləri haqqında elmi ədəbiyyatdakı məlum fikirlərin böyük qisminə münasibət bildirməsi faktını monoqrafiyanın məziyyətlərindən hesab etmək olar. Çünki bu element fikrimizcə, monoqrafiyanın elmi əhatə dairəsini artıran cəhətlərdəndir.

A.Bəylərovanın "Bədii dildə üslubi fiqurlar" monoqrafiyası öz tədqiqat obyekti baxımından diqqətçəkən əsərdir.

 

 

Məsudə İSLAMZADƏ,

filologiya elmləri

namizədi.

 

Respublika.- 2009.- 9 yanvar.- S. 6.