Müasir Azərbaycan təhsilinin salnaməsi
Xalqın
inkişafını, tərəqqisini maariflənməkdə,
bilik qazanmaqda görən ümummilli liderimiz Heydər Əliyev
demişdir: "Təhsil millətin gələcəyidir".
Bu müdrik kəlamın davamı kimi Azərbaycan Prezidenti
İlham Əliyev təhsilə belə dəyər
vermişdir: "Təhsil Azərbaycanın davamlı
inkişaf strategiyasının ən öncül istiqamətlərindən
biridir". Elə Türkiyənin "İMAK" mətbəəsində
nəfis tərtibatla, rəngli illüstrativ materiallarla
çapdan çıxmış, həmin sənədlərin
toplandığı disk də əlavə olunmuş
"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin
inkişafı. 2003-2008" kitabı da bu uzaqgörən
fikirlərlə başlanır.
Kitabın
buraxılışına məsul, Azərbaycan
Respublikasının təhsil naziri, əməkdar elm xadimi,
professor Misir Mərdanov "Ön söz"də yazır:
"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi və iqtisadi kurs son illərdə Prezident
İlham Əliyev tərəfindən uğurla davam
etdirilmiş, ölkə başçısının
genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna
təşkilatçılığı,
balanslaşdırılmış xarici və daxili siyasəti
nəticəsində Azərbaycan dünyada ən stabil ölkələr
sırasına çıxmış, iqtisadi inkişaf tempinə
görə lider ölkəyə çevrilmişdir. Ölkəmizin
beynəlxalq aləmdə yeri və mövqeyi getdikcə daha
da möhkəmlənir, nüfuzu artır,
iqtisadiyyatımız böyük sürətlə inkişaf
edir, xalqımızın rifah halı durmadan yüksəlir...
Son illər
iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı
üçün əlverişli şərait
yaratmışdır. Təsadüfi deyil ki, təhsili Azərbaycanın
davamlı inkişafının əsas amillərindən biri
hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev prezident seçildiyi gündən onun
inkişafına, dünyanın qabaqcıl ölkələrinin
təhsili səviyyəsinə yüksəlməsinə
böyük diqqət və qayğı göstərir, təhsili
dövlət siyasətinin əsas prioritetlərindən biri
kimi daim diqqətdə saxlayır".
Qeyd edək ki, kitabda
Prezident İlham Əliyevin 2003-2008-ci illərdə ölkəyə
rəhbərliyi dövründə təhsil sahəsində
imzaladığı fərmanlar, sərəncamlar, təsdiq
etdiyi proqramlar, təhsil müəssisələrindəki
görüşləri, nitq və
çıxışları, onun rəhbərliyi altında əldə
olunmuş uğurlar barədə materiallar yer
almışdır.
Statistikaya nəzər
salsaq, ölkə başçısı bu beş ildə 86 tədbirdə
iştirak etmiş, 112 fərman və sərəncam
imzalamış, 800 nəfərdən çox təhsil
işçisini təltif etmişdir. Təhsilə ayrılan
vəsait hər il davamlı surətdə artır. 2003-cü
ildə təhsil xərcləri 243,2 milyon manat olduğu halda,
2007-ci ildə bu rəqəm
757 milyon manata, 2008-ci ildə isə 1,1 milyard manata
çatdırılmışdır. Təhsilin
inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyev
Fondunun, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
şəxsi təşəbbüsü və yardımı ilə
ölkədə ümumilikdə 34040 yerlik 184 yeni məktəb
və əlavə korpuslar inşa edilmiş, 37 məktəb,
o cümlədən internat məktəblər əsaslı təmir olunmuş müasir avadanlıqla təmin
edilmişdir. 2007-2008-ci illərdə Bakı Dövlət
Universiteti və Azərbaycan Tibb Universiteti üçün
yeni korpusların inşasına, bir sıra ali və orta məktəblərin
bərpasına və təmirinə Prezidentin Ehtiyat Fondundan 34
milyon manat vəsait ayrılmışdır. 2007-ci ildə
Bakıdakı 250 məktəbin, 2008-ci ildə isə
respublikanın digər şəhər və rayonlardakı
332 məktəbin istilik sistemləri bərpa olunmuşdur.
Prezident İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə
oxumalı, müəllimlər də yaxşı məktəblərdə
işləməlidirlər" tələbinə cavab olaraq
475 məktəb müasir avadanlıqla təchiz olunmuşdur.
Məktəblərin
informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təminatını
sürətləndirməkdən ötrü Prezident İlham Əliyevin
sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil
məktəblərinin" İKT ilə təminatı
Proqramı sayəsində əhəmiyyətli işlər
görülmüşdür. 2005-2007-ci illəri əhatə
edən Proqrama əsasən 3693 məktəb 31677 kompüter,
1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap
qurğusu və digər İKT avadanlığı, 28661 masa,
23346 stul ilə təchiz olunmuş 1722 kompüter sinfi
yaradılmış, 1851 dəst şəbəkə
avadanlığı quraşdırılmışdır, 20
min müəllim xüsusi treninqlərdən
keçmişdir. Üçillik Proqramın gerçəkləşməsi
sayəsində V-XI siniflərdə hər 29 şagirdə bir
kompüter nisbəti təmin edilmişdir. Müqayisə
üçün deyək ki, 2004-cü ilə qədər bu rəqəm
minin birə nisbətində idi.
Bu illərdə təhsilin
məzmununda da yeniliklər baş vermişdir. Qiymətləndirmə
sistemində dəyişikliklər vardır. Yaxın gələcəkdə
isə şagird nailiyyətlərinin qiymətləndirilməsi
sistemi köklü şəkildə dəyişdiriləcək
gündəlik qiymətləndirmə tədricən aradan
qaldırılmaqla, məktəbdaxili qiymətləndirmənin
yeni modeli tətbiq olunacaq. Orta təhsil kursu üzrə
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması yolunda ilk addımlar atılmışdır.
Dərslik siyasətində
müsbət mənada ciddi dönüş
yaranmışdır. İstər məzmun, istərsə də
formaca, poliqrafik cəhətdən müasir tələblərə
uyğun yeni nəsil dərsliklərin hazırlanması və
şagirdlərə pulsuz çatdırılması ən
böyük uğurlardandır. 2003-cü ildə 97 adda
3.819.640 nüsxə, 2004-cü ildə 35 adda 2.864.000 nüsxə,
2005-ci ildə 117 adda 7.906.000 nüsxə, 2006-cı ildə
108 adda 5.092.600 nüsxə, ötən dərs ilində 155
adda 5 milyon nüsxədən artıq dərslik çap
olunmuşdur. Həmçinin 19 adda 351.595 nüsxə xəritə
məktəblilərə
çatdırılmışdır. Müstəqillik
dövründə ilk dəfə olaraq Heydər Əliyev Fondu
Təhsil Nazirliyi ilə birgə ayrı-ayrı fənlər
üzrə 140 adda tədris-əyani vəsait, 2008-2009-cu dərs
ilindən yeni fənn kurrikulumlarının tətbiq ediləcəyi
I siniflər üçün dünya təcrübəsinə
istinadla yeni nəsil dərslik komplektləri
hazırlanmışdır.
"2005-2009-cu illər
üçün ümumtəhsil məktəbləri şəbəkəsində
pedaqoji kadr təminatı üzrə İnkişaf
Proqramı" sayəsində ümumtəhsil məktəblərində
kadr çatışmazlığı aradan
qaldırılmaqdadır. Proqrama müvafiq olaraq 2005-2007-ci illərdə
ucqar kənd məktəblərinə güzəştli şərtlərlə
3500 müəllim göndərilmişdir. Bu dərs ilində
daha 1300-dən çox pedaqoji kadrın həmin məktəblərə
göndərilməsi gözlənilir.
Azərbaycan Prezidenti
İlham Əliyevin 4 sentyabr 2008-ci ildə imzaladığı
"Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" sərəncam təhsil
işçilərinin ürəyindən xəbər
vermişdir. Prezidentin təsdiq etdiyi daha bir sənəd,
"Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)"
yaradıcı məktəblilər qarşısında
geniş üfüqlər açmışdır. Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili ilə əlaqədar inkişaf Proqramı
(2005-2009-cu illər)" çərçivəsində isə
beynəlxalq təşkilatlarla bərabər inklüziv təhsil
layihələri uğurla həyata keçirilir. "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(deinstitutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı"na (2006-2015-ci illər) uyğun olaraq uşaqlar
üçün ailə əsaslı sosial xidmətlər mərkəzləri
yaradılması, ümumtəhsil internat məktəblərinin
bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin,
lisey və gimnaziyaların yaradılması və digər tədbirlər
nəzərdə tutulmuşdur.
Texniki peşə təhsilinin
vacibliyini vurğulayan ölkə başçısı
2007-ci il iyun ayında "Texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı"nı
(2007-2012-ci illər) təsdiq etmişdir. Sənədə əsasən
texniki peşə təhsili sistemində maddi-texniki bazanın
möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin
formalaşdırılması, idarəetmənin və kadr
hazırlığı işinin təkmilləşdirilməsi,
peşə təhsilinin ictimai statusunun yüksəldilməsi
və məzmununun müasir tələblər səviyyəsinə
çatdırılması yolunda əsaslı işlər
görülməlidir.
Ali təhsil pilləsinin
yeniləşdirilməsi baxımından Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında" 31 yanvar
2008-ci il tarixli sərəncam aktuallığı, zəruriliyi
ilə təhsil ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanmışdır. Sərəncama əsasən
Avropa ölkələri ali məktəblərinin qabaqcıl təcrübələri
öyrənilmiş, "2008-2012-ci illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın layihəsi
hazırlanmış və hökumətə təqdim
edilmişdir. Burada Bolonya Bəyannaməsinə və beynəlxalq
təhsil təcrübəsinə əsaslanaraq ali təhsilin
modernləşdirilməsi, keyfiyyətcə yeniləşməsi
üçün səkkiz əsas istiqamət müəyyənləşdirilmişdir.
Təbii ki, təhsil
elmin inkişafına təsir göstərən başlıca
amildir. Ali məktəblərdə çalışan alimlərin
80 elmi-tədqiqat işinin nəticələri Azərbaycan
Milli Elmlər Akademiyasının son hesabatında yüksək
qiymətləndirilmiş, onların 800-dən artıq elmi məqaləsi
xarici jurnallarda dərc olunmuş, 300 nəfər ali məktəb
əməkdaşı beynəlxalq konfrans və simpoziumlarda
iştirak etmişdir. Bu mənada Prezident İlham Əliyevin
"Azərbaycan elmində islahatların aparılması ilə
bağlı dövlət komissiyasının yaradılması
haqqında" 10 aprel 2008-ci il tarixli sərəncamı elmi tədqiqat
və araşdırmalarla məşğul olan təhsil
işçilərinin qarşısında geniş
üfüqlər açır.
Azərbaycan təhsilinin
beynəlxalq əlaqələri genişlənməkdədir.
Artıq 18 ölkənin təhsil nazirlikləri ilə rəsmi
əməkdaşlıq münasibətləri mövcuddur.
Otuza yaxın ölkə ilə təhsil mübadiləsi
aparılır, 20-dən artıq beynəlxalq təşkilatla
70-dən çox birgə layihə və proqram gerçəkləşdirilmişdir.
Üç mindən çox azərbaycanlı gənc xarici
ölkə ali məktəblərində, dünyanın 50
ölkəsindən 6500-dən artıq tələbəsi isə
Azərbaycanda oxuyur. Ölkə başçısının
2007-ci ilin aprelində imzaladığı sərəncamla
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almalarına dair Dövlət
Proqramı" bu prosesin daha da sürətlənməsinə
geniş imkanlar açmışdır.
Kitabda ölkə
başçısının müxtəlif tədbir və
görüşlərdə söylədiyi kəlamlar
maraqlı poliqrafik tərtibatla oxuculara
çatdırılmışdır. Onlardan bir qismini oxuculara çatdırırıq:
"Məktəb bilik
deməkdir, maarif deməkdir, savad deməkdir. Biz
çalışmalıyıq ki, gənclərimiz savadlı,
bilikli, tərbiyəli olsunlar. Buna nail olmaq üçün həm
ailədə, həm də məktəbdə
uşaqlarımız çox yaxşı, vətənpərvərlik
ruhunda tərbiyə edilməli və əlbəttə ki,
yüksək biliklərə malik olmalıdırlar. Çünki
bilik tərəqqinin əsasıdır."
"Müasir dünyada
bilik və yeni texnologiyalar olmasa uğur qazanmaq mümkün
deyildir. Bu, həm insanlar üçün, həm də
ölkə üçün çox çətindir.
İnkişaf etmiş ölkələrə nəzər
salsaq görərik ki, onların tərəqqisini, eyni zamanda
ümumi daxili məhsulun artımını xeyli dərəcədə
müəyyən edən texnologiyalar, yeni metodikalar, elmdə əldə
olunan nailiyyətlərdir. Bütün bunların də əsası
məktəbdə qoyulur. Məktəb bu proseslərdə
çox önəmli rol oynayır".
"Hər bir dövlət,
hər bir xalq öz təhsilini daha da təkmilləşdirməyə
çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda
da işlər aparılır".
"Uşaqlarımızın
tərbiyə olunması, vətənpərvərlik ruhunda
böyüməsi çox mühüm amildir. Eyni zamanda bizim
gənc nəsilimiz bilikli, savadlı olmalı, dünyada
baş verən bütün yeniliklərə bələd
olmalıdırlar".
"İndiki zamanda
yaxşı təhsil almaq çox önəmlidir. Bu o deməkdir
ki, gələcəkdə uşaqlar, gənclər həyatda
özlərinə layiq yer tutacaqlar. İnkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salsaq
görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil
yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq
olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin
əsas əlaməti və səbəbi bilikdir, savaddır.
Ona görə Azərbaycanda yeni gənc nəslin
yetişdirilməsi və tərbiyə olunmasında təhsilin,
məktəbin çox böyük əhəmiyyəti
var."
"Bütövlükdə
biz təhsil sahəsinə böyük diqqət göstəririk.
Azərbaycanın dövlət büdcəsinin xərclərində
təhsil məqsədlərinə çox böyük vəsait
ayrılır. Ordu xərclərindən sonra təhsil xərcləri
ikinci yerdədir."
"Mən Avropanın,
dünyanın ali məktəblərində dəfələrlə
olmuşam. Dünyanın bir neçə aparıcı ali məktəblərinin
fəxri doktoruyam və müxtəlif ölkələrin ali məktəblərində
mühazirələr oxumuşam və onların fəaliyyəti
ilə tanışam. Deyə bilərəm ki, burada olan səviyyə
bütövlükdə Azərbaycanda son illər ərzində
ali məktəblərdə görülən işlər,
tikilən binalar dünyanın heç bir yerində
yoxdur".
"Hər bir ölkənin,
hər bir millətin gələcəyini iqtisadiyyat deyil, təbii
ehtiyatlar və hər hansı başqa sahələr deyil, təhsil
müəyyən edir. Müxtəlif dövrlərdə
dövlətlərin inkişafına nəzər salsaq görərik
ki, həmin ölkələrin uğurlarını müəyyən
edən təhsil, bilik, intellekt olmuşdur."
"Yüksək təhsil
səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər
ən mütərəqqi texnologiyalara yiyələnməsələr
həqiqətən inkişaf etmiş dövlət qurmaq
mümkün deyildir. Buna görə də təhsil bizim
üçün prioritet sahədir".
Toplunun bir
bölümündə 2003-2008-ci illərdə Azərbaycan
Respublikasında tikilmiş və əsaslı təmir
olunmuş təhsil müəssisələrinin rəngli
fotoşəkillərinə yer ayrılmışdır.
Ölkəmizin bütün bölgələrini əhatə
edən bu məktəblərin müasir
görünüşü, maraqlı memarlıq həlli diqqəti
cəlb edir. Burada həmçinin 2003-2008-ci illərdə
ölkəmizdə tikilmiş və əsaslı təmir
olunmuş müəssisələrin tam siyahısı
verilmişdir.
Müəllim əməyinə
böyük həssaslıq və ehtiramla qiymət verən
Prezident İlham Əliyev respublika təhsil işçilərinin
ünvanına bu sözləri söyləmişdir: "Azərbaycanın
daim yüksək amallara xidmət göstərmiş müəllim
ordusu ölkəmizin hərtərəfli inkişafı naminə,
gələcəyimiz olan gənclərin milli-mənəvi dəyərlərə
sədaqət ruhunda yetişdirilməsi yolunda var qüvvəsini
sərf etmişdir. İftixar hissi ilə qeyd olunmalıdır
ki, zəngin maarifçilik ənənələrinə malik təhsil
sistemimiz aparılan islahatlar nəticəsində bu gün
müasir beynəlxalq standartlara cavab verməkdədir. İnanıram
ki, Azərbaycan müəllimləri Birləşmiş Millətlər
Təşkilatının "Təhsil əsri",
"İntellekt əsri elan etdiyi XXI yüzillikdə milli təhsilin
davamlı inkişafı və dünya təhsil sisteminə
inteqrasiyası üçün əllərindən gələni
edəcək, bu sahədə artıq dönməz xarakter
almış islahatlar prosesini uğurla davam etdirəcəklər."
Azərbaycan Prezidenti
İlham Əliyevin dediyi kimi, təhsil əsrində təhsil
ictimaiyyətimizi məsul vəzifələr gözləyir.
Bu işlərin həyata keçirilməsində isə
"Prezident İlham Əliyev və Azərbaycan təhsilinin
inkişafı. 2003-2008" kitabı bütün pedaqoji
kadrlar və gələcək müəllimlər
üçün dəyərli mənbə olacaqdır.
Nuriyeva Təranə
Respublika.- 2009.- 10 yanvar.- S. 3.