Bütövlükdə Azərbaycanın
bugünkü inkişafını səciyyələndirərək
deməliyəm ki, ölkəmiz siyasi və iqtisadi islahatlar
yolu ilə inamla irəliləyir
Sabitlik, demokratiya və
inkişaf müasir Azərbaycan dövlətinin rəmzidir,
davamlı irəliləyişimizi, dünyadakı nüfuzumuzu
şərtləndirən əsas amillərdir. Azərbaycanın
zaman etibarilə çox qısa bir vaxtda keçdiyi yol, əldə
etdiyi möhtəşəm nailiyyətlər dünyanın
aparıcı dövlət başçılarını,
nüfuzlu politoloq və iqtisadçılarını belə
heyran qoyub. Başa vurduğumuz 2008-ci il bu baxımdan ölkəmiz
və xalqımız üçün daha uğurlu olub, parlaq
qələbələrlə yadda qalıb. Təsadüfi deyil
ki, Dünya Bankı ötən il Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıyıb. Bu isə Azərbaycanda
aparılan ciddi, düşünülmüş iqtisadi
islahatların öz bəhrəsini verdiyini, ölkəmizin
dünya miqyasında çox böyük nüfuza və
hörmətə malik olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın son illər
sıçrayışlı inkişaf yolu keçdiyini
önə çəkən Prezident İlham Əliyev deyib:
"Bütövlükdə Azərbaycanın bugünkü
inkişafını səciyyələndirərək deməliyəm
ki, ölkəmiz siyasi və iqtisadi islahatlar yolu ilə inamla
irəliləyir. İslahatlar paralel şəkildə həyata
keçirilir, hüquqi dövlət qurulması, cəmiyyətin
demokratikləşməsi məsələlərinə
çox böyük əhəmiyyət verilir. Güclü
siyasi sistem yaradılması bizim bütün gələcək
uğurlarımızın rəhnidir, çünki möhkəm
demokratik təsisatları olmayan heç bir cəmiyyət
inkişaf edə bilməz".
Siyasi və iqtisadi
islahatların paralel şəkildə inamla davam etdirilməsi,
daxili və xarici siyasətin uzlaşdırılması və
dövlətimizin maraqlarının təmin olunmasına,
dünyaya inteqrasiya prosesinin sürətləndirilməsinə
yönəldilməsi müstəqil Azərbaycan dövlətinin
qüdrətini artırıb, Qərbdəki mövqelərini
daha da gücləndirib.
İqtisadi və siyasi
islahatlar nəticəsində ölkəmiz öz
inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə
qədəm qoyub. 2008-ci ildə də iqtisadiyyatımız
yüksək sürətlə inkişaf etmişdir. Ötən
ilin on bir ayı ərzində iqtisadi və sosial sahələrdə
baş verən müsbət dəyişiklikləri əks
etdirən makroiqtisadi göstəricilər də bunu təsdiqləyir
və əhalinin həyat səviyyəsinin yüksəldiyini
göstərir. İqtisadi və sosial tərəqqinin əsas
keyfiyyət göstəricisi sayılan ümumi daxili məhsul
(ÜDM) istehsalı 11,5 faiz artaraq 34.7 milyard manata
çatıb. Adambaşına 4051,5 manatlıq məhsul
istehsal olunub ki, bu da 2007-ci ildəkindən 10,3 faiz çoxdur.
İqtisadi və sosial
sahələrin inkişafı üçün bütün
maliyyə mənbələrindən əsas kapitala 8 milyard
manat həcmində investisiya yönəldilib ki, bunun da 74,3
faizi daxili sərmayələrin payına düşüb. Bu,
dövlətimizin iqtisadi gücünün, iqtisadi
potensialının daim artmasının, yerli
sahibkarlığın durmadan inkişafının əyani
sübutudur. Daxili investisiya əvvəlki ilin müvafiq
dövrünün səviyyəsinin 74,6 faiz üstələyib.
İstifadə olunmuş investisiyaların əksəriyyəti
abadlıq və tikinti-quraşdırma işlərinə sərf
edilib.
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
xalqa təbrikində Prezident İlham Əliyev ölkəmizdə
iqtisadi, infrastruktur və sosial məsələlərin uğurla
həll edildiyini bildirib: "Azərbaycanda iqtisadiyyatın
inkişafı üçün bütün lazımi tədbirlər
görülür. Dövlət sahibkarlığın
inkişafını dəstəkləyir və növbəti
illərdə bu dəstək daha da böyük olacaqdır.
Bunun nəticəsində bu gün Azərbaycan
iqtisadiyyatının 85 faizi özəl sektorda
formalaşır. Bu, böyük nailiyyətdir və onu
göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar
ölkəmizin hərtərəfli inkişafına xidmət
edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı
illərdə də iqtisadi inkişafa böyük diqqət
göstərəcəyik və əminəm ki, qarşıda
duran bütün vəzifələrə nail
olacağıq".
Azərbaycan xarici siyasət
sahəsində də son illər çox böyük
uğurlara imza atıb, Avropa ailəsinin ən önəmli
üzvlərindən birinə çevrilib. Dünyanın,
xüsusən də Qərbin enerji təhlükəsizliyi məsələsinə
Azərbaycan öz layiqli töhfələrini verməkdədir.
Qlobal transmilli layihələrin reallaşması ölkəmizin
dünyadakı mövqelərini daha da gücləndirib.
Bu gün Azərbaycan
nefti və qazı həm ölkəmizə xidmət göstərir,
həm də dünya bazarlarına çıxarılır.
Odur ki, bu baxımdan da Azərbaycan dünya üçün
çox mühüm ölkədir. Ötən il enerji
sammitinin məhz Bakıda keçirilməsi də dünya
ölkələrinin Azərbaycana verdiyi önəmin bariz
nümunəsidir. Dövlətimizin başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, Bakıda qəbul edilmiş
qərarlar nəinki Azərbaycanın gələcək enerji
siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə,
Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib
çıxarılmasına xidmət göstərəcəkdir.
Göründüyü
kimi, Azərbaycanın hərtərəfli və dinamik
inkişafı həm də bəşəri miqyasda
böyük məna kəsb edir. Hazırda ölkəmiz bir çox
dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar,
Avratlantik strukturlar üçün strateji və səmərəli
tərəfdaşdır. Bu baxımdan 2009-cu il Azərbaycana
daha böyük siyasi və iqtisadi uğurlar vəd edir.
Xəlil Cabbarov
Respublika.- 2009.- 13 yanvar.- S. 2.