Görkəmli poliqrafçı alim
Milli
poliqrafiyamızın inkişafında böyük xidmətləri
olan Şəddat Cəfərov 1940-cı ildə Bakı şəhərində
anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin
yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına
(indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində
şagird kimi əmək fəaliyyətinə
başlamış, təhsilini 57 saylı axşam fəhlə-gənclər
məktəbində davam etdirmiş və 1959-cu ildə orta təhsilini
başa vurmuşdur. Sonra hərbi xidməti borcunu yerinə
yetirmişdir.
Ordudan tərxis olunduqdan
sonra yenə öz doğma kollektivində sinkoqrafçı
işləmiş və 1966-cı ildə baş mühəndis
vəzifəsinə keçmişdir. Şəddat öz
işində yeniliklər axtarmağa başlamış, daha səmərəli
üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini
tətbiq etməklə mətbəədə böyük
iqtisadi səmərə əldə edilməsinə nail
olmuşdur. İstehsalatla bərabər elmi işlə də
məşğul olan Şəddad namizədlik dissertasiyası
müdafiə etmiş, iqtisad elmləri namizədi
adını almışdır. O öz istedadı və rəhbərlik
bacarığına görə məsul vəzifələrə
irəli çəkilmişdir. "Yeni kitab" mətbəəsində
direktor, sonra isə "Kommunist" nəşriyyatında
baş direktor müavini vəzifəsində işləmişdir.
Nəşriyyat sahəsindəki
uğurlarını nəzərə alaraq 1985-ci ildə Sov.
İKP MK-nın göstərişi ilə Şəddat Cəfərov
"Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə
təyin olunmuş və bu müəssisəni ən
qabaqcıl bir mətbəəyə çevirmişdir. Nəşriyyat
direktoru olmaqla yanaşı, Ulyanovsk şəhərinin Lenin
rayonunun deputatı seçilmiş və deputat qrupuna rəhbərlik
etmişdir. O, həmçinin Vilayət Həmkarlar
İttifaqının Rəyasət Heyətinin üzvü
seçilmişdir. Ulyanovskda işlədiyi dövrdə bir
alim kimi İqtisad Universitetində idarəetmədən
mühazirələr də oxumuşdur. Ulyanovsk şəhərindəki
məsul vəzifəsini, xüsusi hörmətə layiq
olduğunu görərək onu Bakıda işləməyə
dəvət edirlər, nəhayət, Şəddat müəllim
20 Yanvar hadisəsindən sonra Bakıya qayıdır, mətbuat
və informasiya nazirinin köməkçisi işləməyə
başlayır. O, nazirlikdə özünü istehsalatdan təcrid
olunmuş kimi hiss edir və orada qərar tuta bilmir. 1991-1992-ci
illərdə 3 saylı Bakı Kitab Mətbəəsində
direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının
direktoru, 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya
Birliyində baş direktorun müavini, daha sonra
"Göytürk" mətbəəsinin direktoru,
1994-cü ildən ofset çap kombinatında direktor, 1998-ci
ildə "Şans" nəşriyyat-poliqrafiya mərkəzinin
direktoru vəzifəsində çalışmış,
2002-ci ildən etibarən Bakı mətbəəsi ASC-nin
direktoru vəzifəsində işləyir.
Şəddat Cəfərov
ömrünün hər günündə yaradıcı bir gənc,
orta yaşlı bir alim, ixtiraçı, mətbuat və
informasiya üzrə yaradıcı mütəxəssis kimi
inkişaf etmiş, ölkəmizin mətbuat sahəsində
yüksək templə irəliləməsinə və
inkişaf etmiş ölkələrin mətbuat sisteminə
inteqrasiyasına çalışmışdır.
Şəddat Cəfərov
ən çətin dövrlərdə ümummilli liderimiz
Heydər Əliyevin siyasi xəttini dəstəkləmiş və
mətbuatda onun dünyəvi şəxsiyyət kimi təqdim
olunmasında böyük hünər göstərmişdir.
1992-ci ildə "Azərbaycan" nəşriyyatının
direktoru işləyən Şəddat Cəfərov o
dövrdəki qadağalara baxmayaraq, Heydər Əliyevin şəklinin
"Naxçıvan yaşayır, döyüşür"
kitabının üz qabığında dərc olunmasına
nail oldu. Bundan sonra o, çətinliklərə və təzyiqlərə
məruz qaldı, lakin haqq işinin təbliğatçısı
kimi bütün mərhumiyyətlərə dözdü.
Şəddat Cəfərov
həm də bədii yaradıcılıqla məşğul
olmuşdur. Onun "Balamirzə yazandı", "Mədəni
adam", "Qovaq ağacı", "Yaxşısı
budur dözək", "Həbib dayı və müdir bəy",
"Arayış", "İmtahan", "Bəs təhqir
olunmuş qalaq?", "Vəd" və bir çox digər
hekayələri cəmiyyətdə baş verən
günümüzün reallıqları ilə səsləşən
hadisələr əsasında formalaşmışdır.
Azərbaycanın ilk
poliqrafçı alimi Şəddat Cəfərov "Vətən"
nəşriyyatının direktoru, "Əkinçi" mətbuat
cəmiyyətinin vitse-prezidenti, "Qızıl qələm"
mükafatı laureatıdır. Onun haqqında müasir
yazarlar bir çox əsərlər və publisist yazılar dərc
etdirmişdir. Yazıçı-publisist Ağəddin Mənsurzadənin
"Atalar üçdən deyib", Elşad Səfərlinin
"Şəhərə tələsən qatar"
kitabındakı poemalardan biri, Fatma xanım Həsənqızının
"Acılı-şirinli günlər" kitabında,
"Söz" jurnalı və "Nəbz" qəzetinin
xüsusi buraxılışları və bu kimi dərgilərdə
Şəddat Cəfərovun şəxsi, insani, humanist, siyasi
vətənpərvərlik və s. keyfiyyətləri göstərilmişdir.
"Söz"
jurnalının baş redaktoru, tanınmış qələm
ustası Sevda Əlibəyli Şəddat Cəfərovu
"Peşəsinin akademiki" adlandırmışdır.
Onu "Poliqrafiya elminin ilk qaranquşu" (Sabir Rüstəmxanlı
- şair, publisist, Milli Məclisin üzvü),
"Torpağına, kökünə bağlı" (Dilrubə
Camalova) məqalələrində hərtərəfli fəaliyyətini
xüsusi qiymətləndirmişlər.
Şəddat müəllim
müxtəlif dünya ölkələrində poliqrafiya təcrübəsinin
öyrənilməsi üzrə keçirilən konfranslarda
(İran, Rusiya, Fransa, Almaniya, Türkiyədə) elmi məruzələrlə
çıxış etmişdir.
Şəddat müəllim
hazırda 3 saylı Bakı Mətbəəsində uğurla
fəaliyyət göstərir. Öz bilik, bacarıq və təcrübəsini
gənclərə həvəslə öyrətməklə
yeni nəsil poliqrafçılar yetişdirir.
Tamilla ƏLİQIZI.
Respublika.- 2009.- 14 yanvar.- S. 6.