Azərbaycanın hərtərəfli inkişafı
üçün ötən il çox uğurlu olmuşdur
Azərbaycanın
bugünkü dinamik iqtisadi inkişafı elmi əsaslar üzərində
gerçəkləşdirilən sosial-iqtisadi strategiyanın
uğurla davam etdirilməsi ilə şərtlənir. Ölkəmiz
hazırda nəinki Cənubi Qafqaz regionunda,
bütövlükdə Avratlantik geosiyasi arealında sabitlik və
iqtisadi əməkdaşlıq məsələlərində əsas
söz sahiblərindən birinə çevrilmişdir. Son
beş il ərzində Azərbaycanın iqtisadi tərəqqisi
sürətlənmiş və yeni mərhələyə qədəm
qoymuşdur.
Bu baxımdan yola
saldığımız 2008-ci il Azərbaycan tarixinə
iqtisadi nailiyyətlər və sosial tərəqqi ili kimi daxil
olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində ötən ili ölkəmizin hərtərəfli
inkişafı üçün çox uğurlu il kimi dəyərləndirdi:
"Ölkəmiz üçün, Azərbaycanın hərtərəfli
inkişafı üçün 2008-ci il çox uğurlu
olmuşdur. 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək
sürətlə inkişaf etməkdə davam etmişdir. Deyə
bilərəm ki, son dörd il ərzində Azərbaycan
iqtisadi artım baxımından dünyada birinci ölkədir.
Bu böyük nailiyyətdir və bizə imkan verir ki,
bütün iqtisadi, infrastruktur və sosial məsələləri
uğurla həll edək".
2008-ci ildə ən
böyük maliyyə qurumu olan Dünya Bankının Azərbaycanı
bir nömrəli islahatçı ölkə kimi
tanıması, Birləşmiş Millətlər Təşkilatının
Azərbaycan Dövlət Neft Fondunu şəffaflığa
görə, şəffaflıq işində
qazandığı uğurlara görə mükafatla təltif
etməsi bir tərəfdən dünyanın nüfuzlu beynəlxalq
təşkilatlarının Azərbaycana, Azərbaycanda gedən
proseslərə verdikləri obyektiv qiymətdirsə, digər
tərəfdən bu, ölkəmizin beynəlxalq aləmdə
nüfuz qazanmasının və hörmətə malik
olmasının göstəricisidir.
Son beş ildə
ümumi daxili məhsulun 2,7 dəfə, sənaye
istehsalının 2,8 dəfə, dövlət büdcəsi gəlirlərinin
10 dəfə artması, ölkə iqtisadiyyatına 44 milyard
dollar məbləğində investisiya qoyulması kimi amillər
Azərbaycanın iqtisadi artım baxımından dünyada
lider dövlət imici qazanmasını şərtləndirən
əsas faktorlar olmaqla yanaşı, ölkəmizdə
aparılan ciddi və düşünülmüş
islahatların məntiqi nəticəsi kimi dəyərləndirilir.
Bu möhtəşəm uğurlar həm də Azərbaycanın
hərtərəfli inkişafını
stimullaşdırır.
İnkişaf etmiş
ölkələrin təcrübəsi göstərir ki,
müasir dövrdə hər bir xalqın, dövlətin gələcək
taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər
deyil, həm də elmi-mədəni və intellektual
imkanları, bütün bunların fövqündə dayanan
insan kapitalı müəyyənləşdirir. Buna görə
də Azərbaycan öz inkişafını, sadəcə təbii
sərvətlərin gətirdiyi dividendlərə
bağlamır və mövcud resurslarını sırf insan
faktorunun prioritetə çevrilməsi yönümündə
qurur.
Dövlətimizin
başçısı İlham Əliyev hələ bir
neçə il öncə Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin
ölkəmizə gətirəcəyi siyasi və iqtisadi
dividendlərdən danışarkən bəyan edirdi ki,
ölkəmizə böyük valyuta axını gözlənilir
və bu, ilk növbədə təhsilə, səhiyyəyə,
sosial sahələrə ayrılmalıdır.
Təhsil sahəsinə
ayrılan büdcə vəsaitlərinin ildən-ilə
artaraq 2008-ci ildə 1,1 milyard manata çatması və
investisiya qoyuluşlarının isə 220 milyon manat təşkil
etməsi möhtərəm Prezidentimiz İlham Əliyevin
elmimizin və təhsilimizin inkişafına göstərdiyi
sonsuz diqqət və qayğının bariz nümunəsidir.
Məlumat üçün qeyd edək ki, indiyədək təhsil
sahəsinin inkişafı ilə bağlı 14 dövlət
proqramı təsdiq edilmiş, son beş ildə 1600 məktəb
binası və ayrı-ayrı təhsil müəssisələri
üçün əlavə korpuslar tikilmişdir. Təkcə
2008-ci ildə 300-dək yeni və yeniləşmiş məktəb
istifadəyə verilmişdir. Ali təhsil sahəsində də
islahatlar davam etdirilmişdir. Dövlətimizin başcısı
İlham Əlivevin bir sıra ali məktəblərdə
olması, Azərbaycan Tibb Universiteti üçün yeni
korpusların tikilməsi, Bakı Musiqi Akademiyası
binasının əsaslı təmiri, Bakı Dövlət
Universitetinin yeni tədris korpuslarının istifadəyə
verilməsi bu sahəyə göstərilən dövlət
qayğısının əyani təzahürüdür.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının açılması da ölkəmizin təhsil
həyatında çox əlamətdar hadisə olmuşdur.
Dövlətimizin
başçısı İlham Əliyevin "Bizim gənclərimiz
dünyanın ən tanınmış, mötəbər təhsil
ocaqlarında təhsil almalı, öz biliklərini
artırmalıdırlar" fikri öz xalqının xoşbəxt
gələcəyini düşünən bir liderin müdrik
düşüncəsindən qaynaqlanır. Axı Azərbaycanın
gələcək taleyi bilikli və qabiliyyətli, müasir
dünya görüşünə malik gənclərdən
çox asılıdır.
Elə buna görə də
möhtərəm Prezidentimiz İlham Əliyev gənclərimizin
xarici ölkələrdə təhsil almasına çox
böyük önəm verir, sonsuz diqqət və
qayğı göstərir. Məhz bu diqqət və
qayğının nəticəsidir ki, hazırda 4 min azərbaycanlı
tələbə xarici ölkələrin ali məktəblərində
təhsil alır. 2015-ci ilədək müvafiq Dövlət
Proqramına əsasən 5 min azərbaycanlı gənc xaricdə
təhsil alacaqdır.
Təhsil işçilərinin
əmək haqlarının 50 faiz artırılması ali məktəblərdə
qəbul imtahanlarında yüksək bal toplayan 100 tələbəyə
Prezident təqaüdünün verilməsi dövlətimizin
başçısı İlham Əliyevin təhsili priotet sahə
hesab etməsindən irəli gəlir.
2008-ci ilin ən
yaddaqalan hadisələrindən biri də regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
uğurla başa çatması və proqramda qarşıya
qoyulan bütün vəzifələrin yerinə yetirilməsidir.
Sevindirici haldır ki, əgər proqram qəbul olunanda 600 min
iş yerinin açılması nəzərdə
tutulmuşdusa, proqramın böyük uğurla icra edilməsi
nəticəsində Azərbaycanda 750 min yeni iş yeri
açılmışdır. Bu isə regionların sürətlə
inkişafında çox böyük təkan oldu.
Dövlətimizin
başçısı İlham Əliyevin
vurğuladığı kimi yola saldığımız
2008-ci ildə kənd təsərrüfatı sahəsinin
inkişafına da böyük diqqət göstərilmiş
və böyük uğurlar qazanılmışdır: "
Biz, demək olar ki, ərzaq təhlükəsizliyinin təmin
olunması üçün bütün lazımi tədbirləri
görmüşük və ümid edirəm ki, növbəti
bir-iki il ərzində özümüzü ərzaq məhsulları
ilə tamamilə təmin edəcəyik. Kənd təsərrüfatında
aparılan islahatlar, fermerlərə verilən güzəştlər,
dövlət qayğısı, dövlət tərəfindən
verilən kreditlər bütün bunlar bizim
uğurlarımızı şərtləndirən amillərdir".
2008-ci ildə dövlətimizin
başçısı İlham Əliyevin
düşünülmüş və ardıcıl siyasəti
nəticəsində həm sosial obyektlərin tikintisi, həm
əhalinin müxtəlif təbəqələrinin maddi rifah
halının yaxşılaşdırılması, həm məcburi
köçkünlərin, qaçqınların sosial problemlərinin
həlli və məşğulluğunun
artırılması, həm yoxsulluq kimi ictimai bəlanın
aradan qaldırılması, həm də energetika və nəqliyyat
sahəsində, bir sözlə, ictimai həyatımızın
bütün sahələrində görülmüş
işlər və qazanılmış uğurlar Azərbaycanın
iqtisadi tərəqqisinin sürətlənməsindən və
yeni mərhələyə daxil olmasından soraq verir. 2008-ci
ildə qazanılan uğurlar və nailiyyətlər göstərir
ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan 2009-cu ildə də dünyanın diqqətini
cəlb edə biləcək daha böyük uğurlara imza
atacaqdır.
Xaliq Məhəmmədoğlu
Respublika.- 2009.- 11 yanvar.- S. 1.