Qürbətdə yazılan kitab

 

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlılarının I vitse-prezidenti, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Azərbaycan və Niderland Krallığı Yazıçılar Birliklərinin üzvü, həmyerlimiz Gülşən Lətifxan 15 ildir ki, qürbətdə - Hollandiyada yaşayır. O, bu ölkədə milli diasporumuzun təşəkkül tapmasında, Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında ikiqat səylə çalışır. Həmçinin bir jurnalist kimi iti qələm sahibidir, yaradıcılığı, fitri istedadı ilə geniş nüfuz qazanmışdır.

Gülşən xanımın ayrı-ayrı dövrlərdə "Ulduz", "Azərbaycan" jurnallarında, habelə müxtəlif qəzetlərdə povest, hekayə və digər janrlardan olan oxunaqlı yazıları dərc olunmuşdur.

Bu gün Gülşən Lətifxanı Avropada intellektual biliyə, dərin zəkaya malik olan bir yazıçı kimi tanıyırlar. Onun "Mənim nəslimin qızları" adlı ilk romanı 2006-cı ildə Bakıda işıq üzü görmüş və bu əsər oxucuların stolüstü kitabına çevrilmişdir.

"Azər və Aida" - "Əli və Nino" romanının çağdaş variantıdır. Əgər Qurban Səid müsəlman oğlu ilə xristian qızının azərbaycanlı Əli və gürcü Ninonun məhəbbətindən söz açıbsa, Gülşən Lətifxan azərbaycanlı Azərlə, qarışıq nigahdan doğulmuş Aidanın sevgisindən danışılır. Əgər "Əli və Nino" əsərinin fonunda Birinci Dünya müharibəsinin mənzərələri dekorasiya kimi istifadə olunubsa, nəfis tərtibatda nəşr edilmiş "Azər və Aida" romanındakı hadisələrdə Qarabağ müharibəsi ərəfəsi və bu müharibə başlanandan sonra baş verən hadisələr dolğun və bədii priyomlarla qələmə alınıb.

Qürbətdə rus dilində qələmə alınan əsər M.F.Axundov, Rəsul Rza, İsi Məlikzadə ədəbi mükafatları laureatı Məmməd Oruc tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.

"Azər və Aida" romanı anlaşıqlı, aydın dildə yazılıb, holland, eləcə də Qərb və rus nəşrindən seçilən ədəbi ənənələrlə cilalanıb. Süjet xəttindəki gərginlik, münaqişələrdəki dramatizm obrazların xarakterindəki düyünlərin açılmasına xidmət edir.

"Azər və Aida" ona görə nadir əsərdir ki, Avropa oxucusunu nəinki uzaq bir şərq xalqının rəngarəng mədəniyyəti ilə tanış edir, eyni zamanda onun qarşısında bəşəri sosial faciələrin mənzərələrini açır. Romanın əsas məziyyəti ondadır ki, beş-on fərdin taleyi qələmə alınsa da, məlum tarixi şəraitin qurbanı olan minlərin, milyonların faciəsini əks etdirir. Roman imkan verir ki, böyük ictimai-siyasi təbəddülatlar zamanı zəhərləyici rol oynayan etnik faktora-bunun nəticəsində meydana gələn faciələrə böyük, bəşəri məhrumiyyətlər kimi nəzər salasan. Hadisələr müəllifin Vətənində, Azərbaycanda cərəyan edir.

Gülşən Lətifxan romanda Qarabağ mövzusunu tək Azərbaycan xalqının deyil, eyni zamanda həm də erməni xalqının faciəsi kimi dilə gətirir. Bu əsər Qarabağ probleminə yeni baxış deməkdir.

Romanda erməni lobbisinin zaman-zaman "böyük Ermənistan" yaratmaq xülyasından, onların xalqımıza qarşı düşmənçilik mövqeyində durmasından geniş söhbət açılır. Həmçinin göstərilir ki, Qarabağ müharibəsinin başlanması və onun törətdiyi faciələrin əsas baiskarı Mixail Qorbaçov olmuşdur. Tarix onun bu xəyanətini heç vaxt bağışlamayacaqdır.

"Azər və Aida" romanının Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində xalq yazıçıları Anar, Çingiz Abdullayev, şair Əhməd Qəşəmoğlu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xalq şairi Fikrət Qoca, tənqidçi Əsəd Cahangir, "Azərbaycan" jurnalının, baş redaktor müavini Vaqif Yusifli, professor Rəna Mirzəzadə, xalq artisti Rasim Balayev və başqaları çıxış edərək XXI əsrdə qürbət ölkədə bədii təfəkkürlə qələmə alınmış kitabı yüksək dəyərləndirdilər. Belə bir fikir səsləndirildi ki, "Azər və Aida" romanı ilə bağlı film hazırlansın.

Təqdimatın sonunda çıxış üçün söz "Azər və Aida" romanının müəllifi, bir çox qiymətli diplom və mükafatlara layiq görülmüş, qürbət ölkədə qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən yazıçı Gülşən Lətifxana verildi. O, gələcək yaradıcılıq planlarından söhbət açdı və qələmə aldığı kitabın doğma diyarda təqdimatının keçirilməsindən məmnun qaldığını vurğuladı.

 

 

Qədir ASLAN,

 

Respublika.- 2009.- 14 yanvar.- S. 6.