Qlobal böhran və Azərbaycan üçün yeni imkanlar

 

(əvvəli ötən sayımızda)

 

3.2 Maliyyə böhranı və Azərbaycan

 

Azərbaycanda 2003-2008-ci illərdə bütövlükdə iqtisadiyyatın dinamik inkişafı, beynəlxalq iqtisadi münasibətlərin qurulması, sahibkarlığın, qeyri-neft sektorunun, infrastrukturun, regionların intensiv inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, təhsilin, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi və s. sahələrdə beynəlxalq iqtisadi, maliyyə institutları tərəfindən də birmənalı qəbul edilən böyük nailiyyətlər əldə edilmişdir.

Digər tərəfdən isə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı bank və kredit sistemi ilə bir o qədər də yüksək dərəcədə inteqrasiya olunmayıb. Ona görə də gözləmək olar ki, əgər fövqəladə hallar baş verməsə, Azərbaycan dünya ölkələrini əhatə edən maliyyə problemlərinin az təsirinə məruz qalacaq. Bu, birinci növbədə onunla bağlıdır ki, Azərbaycanda bir tərəfdən ehtiyatla idarə olunan iqtisadi sistem formalaşıb və digər tərəfdən qlobal yanacaq-enerji layihələrini təmin edəcək karbohidrogen sərvətlərinə malikdir.

Azərbaycanın yüksək dərəcədə xalis kapital idxal sisteminə inteqrasiya olunmaması, kifayət qədər kapital ehtiyatına malik olması və xalis kapital təchizatçısı kimi çıxış etmək imkanının olması səbəbindən qlobal kredit böhranından əsasən təcrid şəraitindəndir.

Milli Bank mərkəzləşmiş kreditlər üzrə faiz dərəcəsini aşağı salır. Ölkədə uçot stavkası artıq 3-cü dəfə aşağı salınaraq 8 faizə endirilib. Bu, Milli Bankın kommersiya banklarının kredit imkanlarını artırmaq və ayrı-ayrı sektorlarda, xüsusilə tikinti sektorunda meydana çıxan likvidlik probleminin həllinə yardımçı olmaq istəyindən irəli gəlir. Lakin bu, kommersiya banklarının kredit siyasətinə nə dərəcədə təsir edəcəyi haqqında dəqiq fikir söyləməyə əsas vermir. Ən azı ona görə ki, bu prosesdə kommersiya bankları tam sərbəstdir və onların heç bir öhdəlikləri yoxdur.

Biznes sahələrinin azalması nəticəsində ÜDM-də əmək haqqının çəkisinin azalması və istehlakçıların davranışında baş verən dəyişikliklər, o cümlədən onların mövcud şəraitə etibarı da bir çox amillərin təsiri altında dünyanın hər yerində nəzərə çarpacaq dərəcədə azalması kimi iki amil istehlak artımına təsir göstərəcək.

İqtisadi artıma neqativ təsir edən əsas amillərdən biri də Rusiya-Gürcüstan qarşıdurması nəticəsində real və potensial investorların öz istəklərindən geri çəkilməsi ilə Cənubi Qafqazın biznes cəlbediciliyinin aşağı düşməsidir.

Azərbaycan iqtisadiyyatında indiyə qədər dünyada analoqu olmayan artım tempinin bir daha təkrar olunacağına ümid azalır.

Tarixi təcrübə də bunu təsdiq edir. 70-ci illərin ortalarında Yaponiyanın iqtisadi artımı 10 faizi ötürdüsə, 1975-ci ildən indiyə qədər bu artım 10 faizdən çox olmayıb. Bu, xüsusilə Azərbaycan kimi mükəmməl iqtisadiyyata malik və sənayeləşmənin mühüm bir mərhələsini adlamış, ixracatının həcmi kifayət qədər böyük olan ölkələrə xasdır.

Azərbaycan üçün ən böyük təhlükə böhranlı bazarların getdikcə daha çox genişlənməsi və real sektorun, bank, sığorta və s. sahələrin nisbətən aşağı rəqabət qabiliyyətli olmasıdır.

Azərbaycanda son illərdə dünya standartlarına uyğun yol infrastrukturunu yaratmaq və Böyük İpək Yolunun bərpası üçün alınan uzunmüddətli və aşağı faizli kreditlər ölkənin manevr imkanlarını məhdudlaşdırsa da, elə də dağıdıcı nəticələri olacağını gözləmək düzgün olmazdı.

Ümumilikdə, Azərbaycanın təxminən 2,5 milyard dollar xarici borcu və kommersiya banklarının birlikdə təxminən xarici borcu 2 milyard dollar, toplam isə xarici borcu 4,5 milyard dollardır. Bu da bütövlükdə ÜDM-in 10-12 faizini, ümumi valyuta ehtiyatının isə 20 faizini təşkil edir ki, o da elə də böyük rəqəm deyil.

Yaxın xaricdə, Rusiya, Ukrayna və s. yaşayan çoxlu sayda azərbaycanlılardan ölkəyə daxil olan xarici valyuta ciddi şəkildə azalacaq.

Əgər nəzərə alsaq ki, bütün MDB məkanından Azərbaycana göndərilən vəsaitin həcmi 1,5 milyard dollar, Rusiyadan 700 milyon dollar, qeyri-rəsmi isə təxminən 3 milyard dollar təşkil edir, onun təsiri daha çox mənzil, torpaq, maşın və s. bazarlarında hiss olunacaq.

 

3.3 Neftin qiyməti və Azərbaycan

 

Aydındır ki, neft Azərbaycan iqtisadiyyatının baza sahəsi olmaqla həm neftlə birbaşa, həm də dolayı yolla bağlı olan sahələrdə istehsal olunan UDM-in əsas istehsal amili olmaqla yanaşı, həm də dövlət gəlirlərinin əsas mənbəyidir.

Hazırda Azərbaycanda gündəlik neft hasilatı 840 min barrel təşkil edir ki, bu da dünya neft hasilatının yalnız təxminən 1 faizini təşkil edir. Ona görə də Azərbaycanın sutkalıq neft hasilatını 300 min barrel azaldacağı inandırıcı deyil.

Növbəti aylar ərzində də Azərbaycan neft gəlirlərindən yaratdığı ehtiyatlara əhəmiyyətli dərəcədə əlavələr edə biləcək.

 

3.3.1 Dirçəlişə qədər

 

-Cari ehtiyatların çox riskli maliyyə aktivlərinə yatırılmalarının qarşısı alınmalı, maliyyə stimullarına təkan verilməlidir.

-Nəqliyyat, səhiyyə və təhsil sahələrində infrastruktur ehtiyacların təmin edilməsi davam etdirilməlidir. Bu məqsədlə ya ehtiyat fondlarından, ya da uyğun xarici ortaqların maliyyə imkanlarından istifadə oluna bilər.

-Sərhədlərə yaxın və hava limanlarında "azad zonaları" və "xüsusi zonaları" inkişaf etdirməklə qlobal təchizat zəncirləri arasında əlaqələrin sadələşdirilməsi təmin edilməlidir.

-Texniki ekspertizalar üçün xarici investisiyaların cəlb edilməsi prosesinin sadələşdirilməsi, şəffaflığının təmin edilməsi məqsədilə ədalətli idarəedici, hüquqi və vergi nəzarəti sistemi təmin edilməlidir.

-Azərbaycan da daxili bazarı qorumaq, enerji, metal və sairədən istifadəyə qənaətli yanaşma məqsədilə manatın dollar və avroya nisbətinin tənzimlənməsi və ən geniş ərzaq və qeyri-ərzaq mallarının idxal tarifləri ilə bağlı tədbirlər həyata keçirməlidir.

Qeyd etmək lazımdır ki, dərin tənəzzüllə üzləşən Çin, Rusiya və s. kimi nəhəng ölkələr artıq belə yanaşmalardan geniş istifadə etməyə başlayıb.

-Milli Bank kommersiya banklarının kredit imkanlarını artırmaq məqsədilə (Kommersiya banklarının əsasən qısa müddətə xarici banklardan götürdükləri toplam 2 milyardlıq kredit ödəmələri nəticəsində itirilmiş likvidlik imkanlarını bərpa etmək üçün) uçot dərəcəsini optimal səviyyədə aşağı salmaqla stimullaşdırıcı tədbirlər görməlidir.

-Dövlət tərəfindən sahibkarlığa kömək məqsədilə birbaşa olaraq Sahibkarlığa Kömək Fonduna kifayət edəcək səviyyədə maliyyə yardımı göstərilməlidir.

-Kommersiya banklarına etibarlılığı stimullaşdırmaq üçün sığortalanan əmanətlərin məbləği heç olmasa 3-4 dəfə artırılmalıdır (qeyd edək ki, bu məbləğ indi 8 min AZN təşkil edir).

-Kommersiya banklarına uzunmüddətli vergi tətilləri verilməsi mexanizmi tətbiq edilməlidir.

-Qiymət defoltunun dağıdıcı təsirinin qiymət artımına nisbətən daha da ağır nəticələrə gətirəcəyini nəzərə alaraq zəruri nemətlər qrupuna bilavasitə təsir imkanları təhlil edilməli və müddətli tədbirlər tətbiq edilməlidir.

 

3.3.2 Dirçəlişdən sonra

 

-Bank sektorunun güclü inkişafı ilə yanaşı, digər maliyyə institutlarının, xüsusilə sığorta şirkətlərinin, qarşılıqlı fondlar və ortaq kapital firmaları şəbəkələri yaradılmalıdır;

-Səhiyyə və təqaüd üçün ədalətli və etibarlı mühafizə şəbəkəsi qurulmalıdır;

-Mərkəzdən kənarda və hətta ucqar regionlarda biznes sahələrinin, xüsusilə də sənaye sahələrinin inkişafı üçün Stimullaşdırıcı Siyasət mexanizmi yaradılmalıdır;

-Azərbaycanın neftlə yanaşı, digər təbii ehtiyatlarının hasili infrastrukturu qurulmalıdır;

-Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan dövlət qulluqçularının və digər əmək resurslarının treninqi və yenidən hazırlanması şəbəkəsi yaradılmalıdır;

-Müddətli (məs.: 5 il, 10 il) vergi kredit və möhlətlərinin verilməsi üçün normativ-hüquqi baza yaradılmalı və həyata keçirilməlidir.

 

IV. Böhran nə qədər davam edəcək?

 

İnkişaf etmiş ölkələr (İEÖ) və inkişaf etməkdə olan ölkələrin (İEOÖ) iqtisadiyyatları arasında olan müəyyən olunmamış boşluqlarla birləşən qlobal tənəzzül mərkəzi banklar tərəfindən likvidliyin kütləvi artırılmasına qarşı immunitet daşıyır.

Eyni zamanda, hiperinflyasiya ehtimalı müəyyən qədər azalıb.

Daha dərin tənəzzüldən xəbər verən və hər tərəfdə işsizliklə bağlı sərvət itkiləri qısa müddət ərzində iki rəqəmli tənəzzülə məruz qalmış birja bazarları, əmlak bazarları və hətta əmtəə bazarları inkişaf etmiş 20 ölkənin, Avropa ölkələrinin, OPEC-in və s. atdığı təxirəsalınmaz tədbirlər nəticəsində, demək olar ki, nəzarət altına alınmışdır.

Dünya birliyinin gəldiyi ən başlıca qənaət gücləndirilmiş, effektiv, həmçinin əlaqələndirilmiş idarəetmədən ibarətdir. Eyni zamanda təklif olunan güclü idarəetmə iki çox vacib istiqaməti özündə əks etdirməlidir:

-Maliyyə sövdələşmələrində və onların qeydə alınmasında şəffaflığın təmin olunması;

-Sistematik riski azaltmaq məqsədilə kifayət qədər likvidlik və bazar iştirakçıları üçün aksiyaların olmasının təmin edilməsi.

Nəzərə almaq lazımdır ki, bu cür idarəetmə o vaxt səmərəli olur ki, bazar iştirakçılarının nizamnamələri ədalətli və ciddi şəkildə tətbiq edilsin. Yalnız belə əlaqələndirmə nəticəsində "qonşunu zəiflət" tendensiyalarının qarşısını almaq və daha böyük tənəzzülə imkan verməmək olar.

Bütün bu deyilənləri nəzərə alaraq beynəlxalq müşahidəçilərin gəldiyi yekdil fikrə görə 2009-cu ildə qlobal iqtisadi tənəzzülün artımı 1-3,5 faiz olacaq və dirçəliş 2010-cu ilin ortalarına kimi baş verəcək.

 

V. Qlobal böhran və neftin qiyməti

 

Axırıncı bir neçə ayda neftə olan qlobal tələbat 25-30 faiz azalıb və 2009-cu ildə bu azalma davam edəcək. Metallurgiya şirkətləri istehsalı 30 faiz ixtisar edib, Ukrayna və Rusiya limanlarında 2 milyon tondan çox hazır neft qalıb, neft sənayesi ilə bağlı olan müəssisələr bağlanır, avadanlıqların təminatı azalır.

ABŞ-ın Energetika Nazirliyinin proqramına görə, cari il dünya birjalarında neft orta hesabla 51 dollara satılacaq. Nazirliyin ekspertlərinin hesablamalarına görə, ABŞ-da və dünyada iqtisadi böhran daha dərin olduğundan neftə olan tələbatı azaldır.

2009-cu ildə neftə qlobal tələbatın daha böyük həcmdə-sutkada 450 min barrel aşağı düşəcəyi və son 30 ildə ilk dəfə olaraq 3 il dalbadal neftə olan tələbatın azalacağı gözlənilir.

Kəşf edilmiş yeni yataqların işlənməsi ( Braziliya, Kanada və s.) kimi böyük layihələr dayanır.

Əgər ötən il noyabr ayının birinci yarısında Beynəlxalq Enerji Agentliyi 2009-cu il üçün proqnozları 670000 və ya 0,8 faiz azaldaraq 86,5 milyon barrel müəyyən etmişdisə, artıq noyabrın ortalarında OPEC aylıq hesabatında 530000 və ya 0,6 faiz azaldaraq 86,68 milyon barrel müəyyən etmişdir.

Mütəxəssislər Nyu-York Ticarət Birjasının məlumatlarına əsaslanaraq qeyd edirlər ki, neftin qiyməti 25 dollar/barrelə qədər, qlobal artım tempi 2008-ci illik 2,5 faizdən 2009-cu ildə 0,9 faizə düşə bilər.

Neftin qiyməti və OPEC-in bu sahədə atdığı addımlarla bağlı proqnozlar çox sürətlə dəyişir.

Dünyada istehlak olunan neftin 40-45 faizini təmin edən OPEC və digər neft ölkələri neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər. Xüsusi halda OPEC davamlı olaraq gündəlik neft hasilatını azaldır. Ötən il dekabrın 17-də Əlcəzairdə OPEC növbəti sammitdə toplanmış və bu təşkilata üzv olmayan bir çox neft ölkələri, o cümlədən Azərbaycan da iştirak etmişdir.

Rusiya OPEC-in daimi üzvlüyünə daxil ola bilər.

OPEC 2009-cu ildə neftin qiymətini 75 dollar/barrel səviyyədə saxlamaq niyyətində olduğunu elan edərək, bunun üçün cari il yanvarın 1-dən neft hasilatını gündəlik 2 milyon barrel azaltmağı qərara alıb.

OPEC-in üzvü olmayan Rusiya və Azərbaycan 600 min barrel/sutka azaltmağı planlaşdırır (hər biri 300 min barrel).

Beləliklə, 2009-cu ildə dünyada sutkalıq neft hasilatı toplam 2,6 milyon barrel azala bilər.

Davamlı şəkildə bu sahədə atılan addımlar yə görülən tədbirlər neftin qiymətini 70-80 dollar/Karrel arasında saxlamaq isiəyindən irəli gəlir.

Bu halın reallığına aşağıdakı amillərin də müsbət təsiri olacağı gözlənilir:

1.Hindistan və Çində ÜDM-in artım tempi minimum 6 faiz proqnozlaşdırılır.

2.Maliyyə institutlarının statusu ilə bağlı əlavə xoşagəlməz sürprizlər gözlənilmir.

3.Ölkələr maliyyə stimul siyasətini elə əlaqələndirməlidirlər ki, "gəlirsiz oyuna", daha doğrusu, başqalarının itkisindən qazanmağa imkan verilməsin (ixrac subsidiyaları və birtərəfli devalvasiyalar). Qısamüddətli və təcili istehlak stimulu üçün işsizliyə görə müavinətlərin artırılması və uzunmüddətli təsir üçün infrastruktura qoyulan investisiyalar (məs.: enerji qənaəti, ictimai nəqliyyat və ardıcıl səhiyyə xidmətləri) ideal vasitələr olacaq.

4. Maliyyə stimul siyasəti ədalətli və bərabər vergilərlə elə qurulmalıdır ki, onun özəl investisiyaya kəskin təsiri olmasın.

5. Banklar yaxın gələcəkdə əlavə irihəcmli yardımlar tələb etməyən likvidlik və aksiya ehtiyatları yaratmalıdırlar.

6. Banklar ayrı-seçkiliyə yol vermədən kreditləri artırmamalı və ya krediti ödəmə qabiliyyətli müştərilərin kredit tələblərini rədd etməməlidir.

7. Maliyyə institutlarının nizamnamələri alternativ maliyyə resurslarına (məs.: riskli kapital firmaları) tətbiq edilərkən onlar biznes investisiyalarının maliyyələşdirilməsini artırmaq üçün uyğunlaşdırılmalıdır.

8.Bank əməliyyatları, xüsusilə də mühasibat balansı və derivatlarla əlaqədar işlər şəffaf olmalıdır ki, nəzarətçilər kapitalın və likvidliyin uyğunluğunu yoxlaya bilsinlər.

Lakin burada bir amilə diqqəti yönəltmək çox vacibdir.

Rusiyanın OPEC-ə üzv olacağı təqdirdə bu təşkilat dünya neft hasilatının yarıdan çoxunu təmin edəcək. Eyni zamanda OPEC-in sutkalıq hasilatı 2,3 milyon barrel (2 milyon barrel OPEC, 300 min barrel Rusiya) azaltma qərarı məcmu gündəlik hasilatı təxminən 3 faizdən bir az çox azaldığı halda qlobal iqtisadi artım 3,8 faiz azalır ki, bu da neftin qiymətinin sabit qalacağını və ya artacağını deməyə əsas vermir.

OPEC-in qərarından sonra neftin dünya bazarlarındakı qiymətinin yenidən düşməkdə davam etməsi qeyd olunanları bir daha təsdiq edir.

Digər tərəfdən, neftin qiymətinin aşağı düşməsinə bilavasitə böyük birjalarda neft ticarətçilərinin və böyük dövlətlərin maksimum gəlir götürmək və iqtisadiyyatı bütövlükdə neftdən asılı olan ölkələrə təsir vasitəsi kimi spekulyativ yanaşmalarının da böyük təsirini nəzərə almaq lazımdır.

 

VI. Böhrandan çıxış imkanları

 

Keçmiş böhranlarla indiki böhranın fərqi və supergüclərin böhrandan çıxma siyasətləri:

-əvvəlki hallarda özünü qoru, qonşunu məhv et;

-indiki halda birgə tədbirlər görülməsi.

Dünyanın ən güclü 20 ölkəsinin ABŞ-da bir araya gəlməsinin şahidi olduq və ümumi olaraq sammitdə problemin həlli üçün mühüm prinsiplər müəyyən olunub:

-Maliyyə sistemində islahatlar keçirmək və inkişafını təmin etmək;

-Maliyyə sisteminə inamı artırmaq istiqamətində tədbirlər həyata keçirmək;

-Maliyyə banklarında 5 formada təklif paketinin hazırlanması irəli sürülür;

-Banklar uçot qaydalarını tam şəffaf və uyğun formaya gətirməlidirlər;

-Bazarlar üzrə, risklərin, şirkətlərin maliyyə fəaliyyətinə nəzarət etmək;

-BVF və digər maliyyə orqanlarının səlahiyyətlərini genişləndirmək.

Bu şərtlərin nə dərəcədə reallaşacağını zaman göstərəcək.

Avropa Komissiyası qlobal maliyyə böhranı ilə bağlı 27 üzv ölkənin müraciətinə əsasən hazırlanan "vahid tədbirlər planını" təqdim etdi. Nəticədə yekun rəyə gəlinib:

- İqtisadi problemlərin öhdəsindən gəlmək üçün Avropada daha çox əlavə maliyyə ehtiyaclarına deyil, tədbirlərin yaxşı əlaqələndirilməsinə ehtiyac duyulur.

Yeni təşəbbüsə görə 27 ölkənin vergi və investisiya sahəsində əlaqələndirilmiş siyasət aparmasının zəruriliyi və tətbiqi qərara alınıb.

İş və istehlak bazarında fəallığı bərpa etmək üçün ÜDM-in 1 faizinin bu sahəyə yönəldilməsi tövsiyə olunur. Konkret olaraq bir neçə tədbirlə yanaşı, əlavə dəyər vergisinin (ƏDV) tətbiqinin aradan qaldırılması da təklif olunur.

İqtisadiyyatı canlandırmaq üçün müəssisələrdə daha çox vəsaitin qalması, deməli, onların öz işçilərinə daha qayğıyla yanaşması və istehsalatı genişləndirməsi üçün mənfəət vergisinin azaldılması nəzərdə tutulur.

Neftin dünya bazarında qiyməti

a) ümumdünya iqtisadi dirçəlişindən;

b) OPEC üzvlərinin neft hasilatının azaldılması kvotasına riayət etməsindən;

c) alternativ enerji mənbələrinin inkişafından (məs.: günəş enerjisini yığan cihazlar) və enerji qənaətindən (səmərəli avtomobillər və evlər) asılı olacaq.

Likvidliyi bərpa etmək üçün görülən tədbirlərə əlavə olaraq, hökumət iflas riskindən uzaq böyük bankların aksiyalarını almaq yolu ilə kapital bazasını möhkəmləndirir. Banklar da zəifləmiş aksiya bazasını çoxaltmaq üçün öz hesablarına kapitalı artırırlar.

Risklərin lazımınca qiymətləndirilməməsi ilə mübarizədə diqqəti əsasən üç faktora yönəltməyin vacibliyi qeyd olunur:

-Qısa müddətlilik;

-Qeyri-şəffaflıq;

-Həddən artıq dövrilik mexanizminin mövcudluğu.

Qısa müddətliliklə bağlı onu qeyd etmək olar ki, müasir maliyyə sistemi maksimum qısa müddətdə iştirakçılara böyük gəlirlər əldə etməyə üstünlük verir.

Dünya bankının prezidenti cənab Trime qısa və uzunmüddətli maraqların optimal uzlaşdırılmasının stimullaşdırılmasının vacibliyini qeyd edir. Şəffaflığın defisitliyi ilə bağlı olaraq o, qeyd edir ki, maliyyə bazarına tələblər ciddiləşdirilməli, fəaliyyəti tənzimlənməyən bazar iştirakçılarına nəzarət artırılmalıdır.

Dövriliklə bağlı olaraq cənab Trime qeyd edir ki, maliyyə sistemi üçün dövrilik prinsipi xas xüsusiyyətdir. Lakin məsələ ondadır ki, müasir qlobal sistem dövriliyin rəqslərini daha da intensivləşdirir. Ona görə də bu sahədə əsas vəzifə iqtisadi artımın hərəkətverici qüvvəsi olan mövcud maliyyə sisteminin effektliyini saxlamaqla onun stabilliyinin təmin olunması vacibdir.

Nəhayət, qlobal iqtisadi sabitliyi təmin etmək üçün təkcə maliyyə sektorunun yenidən qurulması kifayət deyil, həm də orta müddətə nəzərdə tutulmuş makroiqtisadi siyasətə diqqət yetirilməlidir.

Bir çox ekspertlərin qənaətinə görə, bu axırıncı fikir çox düzgündür və vacib əhəmiyyət daşıyır. Lakin belə qlobal məsələnin həyata keçirilməsinin ABŞ-ın veto hüququnun olduğu təkcə BVF-ə həvalə edilməsi kifayət deyil. Beynəlxalq valyuta və maliyyə sistemində səmərəli və hər tərəfli islahatların aparılması zəruridir. Bir çox inkişaf etmiş ölkələr proteksionis baryerlərdən əl çəkməli və öz bazarlarına Çin, Hindistan və s. kimi böyük və İEOÖ-lərin daxil olmasına imkan yaratmalıdırlar.

Vergi güzəştlərinin və ya vergidən azad olmanın hökm sürdüyü "vergi cənnətləri" kasıb və inkişaf etməkdə olan ölkələrdən kapital axını üçün böyük imkanlar yaradır. Bu da inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında gəlirlərin bölüşdürülməsini axırıncıların xeyrinə təxminən 1-3-ə nisbəti kimi müəyyənləşdirir.

Ona görə də İEÖ və İEOÖ arasında iqtisadi münasibətlərə yenidən baxmalı və axırıncıların iqtisadi maraqlarının qorunmasının yeni prinsipləri müəyyən edilməlidir.

Qlobal böhranın ağır yükünün İEOÖ-nün üzərinə salınmaması üçün lEÖ-lə İEOÖ-lər arasındakı münasibətləri tənzimləyən "Vaşinqton Konsepsusu" adlanan sənəddə toplanmış tövsiyələrə (BVF, Dünya bankı və digər beynəlxalq təşkilatların) yenidən baxılmalıdır.

Qlobal böhranın daha da dərinləşməsində spekulyativ amillərin və kütləvi informasiya vasitələrinin təsirinin çox böyük olduğunu nəzərə alaraq onların üzərində güclü nəzarət mexanizmi yaradılmalıdır.

Artıq bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya, Latviya və s. ölkələrdə KİV-də maliyyə böhranı ilə bağlı məlumatların yayılmasına faktiki olaraq əhali arasında ajiotaj yaratdıqlarına görə qadağa qoyulub, nəzarət orqanlarına ciddi tapşırıqlar verilib.

Böhranın dərinləşməsi və Şərqi Avropa ölkələrinin digər sektorlarına sirayət etdiyi təqdirdə. Avropa Birliyi öz banklarına, həmin ölkələrin banklarına müvafiq kreditlərin verilməsinə yardımçı olmalıdır.

 

 VII. Alternativ enerji mənbələri

 

Baxmayaraq ki üzvi yanacaq növləri (neft, qaz və kömür) 2030-cu illərə qədər ilkin yanacaq resursları içərisində aparıcı rol oynayacaq (təxminən 80 faiz), bu illərdə bərpa olunan sahələrdən enerji istehsalı tempinin artımı gözlənilir.

Bərpa olunan enerji (BOE) növlərinə külək, günəş, geotermal biokütlə, hidroenerji və s. aid edilir.;

Bir çox ekspertlər bu alternativ enerji mənbələrindən istifadəni məhdudlaşdıran amil kimi  onun istehsalını çox xərclə əlaqələndirirlər və 2030-cu ilə qədər onun ümumi enerji istifadəsində 7,5-8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Ən yüksək artım tempi külək enerjisində müşahidə olunur. Belə ki, 2007-ci ilin sonunda bütün quraşdırılmış külək generatorlarının ümumi, gücü 94,1 GVt-a çatır - 2000-ci illə müqaisədə 5 dəfə çox.

Küləkdən alınan enerjinin ümumi enerji istehsalında payına gəldikdə, burada fərqli tendensiyalar mövcuddur. Avropa İttifaqı ölkələrində bu, 3 faizə bərabərdir. ABŞ-da isə bu 1 faiz təşkil edir. 2007-ci ildə Almaniyada 14,3 faiz, İspaniya və Portuqaliyada 20 faiz olmuşdur. Bir çox ölkələr bu göstəriciləri əhəmiyyətli dərəcədə artırmağı qarşılarına məqsəd qoymuşdur. Bunu hazırda dünyada gedən proseslər dəstəkləyir. Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən 2030-cu ilə qədər külək generatorlarına tələbat 4800 GVt-a çatacaq. Müqayisə üçün qeyd edim ki, bu, indiki göstəricidən 50 dəfə çoxdur (4800/94). Külək enerjisinin inkişafına mane olan əsas səbəb onun baha başa gəlməsidir. Ancaq gözlənilir ki, onun həcminin artması ilə bu nöqsan aradan qalxacaq. Digər səbəb onun mənbəyinin, yəni küləyin sabit olması ilə əlaqədardır. Belə ki, küləyin gücü enerjiyə təlabatın pik və qeyri-pik saatları ilə üst-üstə düşmür. Küləyin zəif, təlabatın isə pik nöqtəsində enerjiyə olan tələbatın ödənilməsi üçün ehtiyat enerji güclərinə ehtiyac yaranır, eyni zamanda küləyin güclü, tələbatın isə qeyri-pik olduğu vaxtlarda isə artıq enerjinin saxlanması üçün əlavə xərclər tələb olunur. Bu vəziyyətdən çıxış yolu külək elektrik stansiyaları kompleksinin yaradılması və onların vahid energetika sisteminə qoşulmasıdır.

Külək enerjisinin istehsalı 2000-ci ildə 18039 MVt-dan 2007-ci ildə 93849 MVt-ya çatmışdır.

Hər halda, BEM-lərin inkişafı son onillikdə çox sürətlənmişdir. Buna səbəb iki əsas tendensiya, neftin qiymətinin uzunmüddətli dönəmdə artması və texnoloji inkişaf nəticəsində bu mənbələrdən alınan enerjinin maya dəyərinin aşağı düşməsi olmuşdur. BEM-in inkişafının digər aspekti isə ondan ibarətdir ki, belə mənbələr demək olar ki, bütün ölkələrdə var. Onların kifayət qədər inkişaf etməsi bir çox ölkələri enerji asılılığından qismən azad edəcək.

Geoterminal enerji potensialı isə daha böyük qiymətləndirilir. Dünyada yer qabığının 10 kilometrində yerləşən geoterminal potensialı 180000 trilyon şərti yanacaq vahidi səviyyəsində qiymətləndirilir, hansı ki bu, ümumi üzvi yanacaq ehtiyatından 1,7 min dəfə çoxdur. Yer üzündə bioresursların həcmi 800 milyard ton və hər illik bərpa səviyyəsi 200 milyard ton təşkil edir.

Dünyada günəş enerjisi fotoelektrik çeviriciləri istehsalı ildə 300 MBt təşkil edir ki, onun da 40 faizi Amerikanın payına düşür.

Dünyada 2 milyon üzvi su təchizatı gelioqurğu mövcuddur.

Lakin dünyada mövcud maliyyə böhranı, neftin qiymətindəki obyektiv və spekulyativ dəyişikliklər bu sahənin də inkişafına təsirsiz qalmayacaq.

2005-ci ildə dünyada 35,3 milyard I bioyanacaq istehsal olunub.

ABŞ-da günəbaxandan alınan etanol 0,4 dollar/dm3, Avropadə isə bitki yağlarından alınmış metil efiri 0,6 dollar/dm3 təşkil edir.

Müqayisə üçün qeyd edək ki, duru yanacağın istehsal həcmi 0,2 dollar/dm3 təşkil edir.

Mütəxəssislərin proqnozuna görə, bu fərq yaxın gələcəkdə aradan qalxacaq və bioyanacağın dəyəri benzinin dəyərindən aşağı olacaq. (Azərbaycan Neft təsərrüfatı. № 9, 2008.)

Hazırda 49 ölkənin alternativ enerji mənbələrinin inkişafı ilə bağlı müvafiq proqramları var.

Amerikada Enerji Siyasəti haqqında qanunda (BOE) bütün növlərinin inkişafına hər tərəfli yardım nəzərdə tutulur. Avropa İttifaqının EC (2001) direktivində 2010-cu ildə BOE-nin elektroenergetikada xüsusi çəkisinin 2001-ci ildəki 14 faizdən 22 faizə, bioyanacaqdan istifadənin həmin dövrdə 5,8 faizə, dünyada külək enerjisi istehsal edən qurğuların gücünü 1996-cı ildəki 6 min MBt-dan, 1999-cu ildə 12 min MBt, 2008-ci ildə isə, ümumiyyətlə, 36 min MBt-yə çatdırmaq nəzərdə tutulmuşdur.

Bütün bunlara baxmayaraq, yaxın gələcəkdə bu alternativ enerji mənbələrinin hələ də dünya yanacaq təchizatında elə də böyük rol oynayacağı mümkün deyil.

 

 

Akif MUSAYEV,

iqtisad elmləri doktoru, professor,

AMEA-nın müxbir üzvü.

 

Respublika.- 2009.- 11 yanvar.- S. 3.