Azərbaycanın ilk sərhədçi generalı

 

Yenicə qədəm qoyduğumuz bu ildə Milli Təhlükəsizlik Nazirliyinin və eləcə də Dövlət Sərhəd Xidmətinin yaradılmasının 90 illiyi tamam olur. Bu münasibətlə dövlət səviyyəsində müxtəlif tədbirlər, mərasimlər keçiriləcək. Əməkdar incəsənət xadimi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, polkovnik Abdulla Qurbaninin yüksək professionallıqla tərtib edərək Azərbaycan Sərhəd Qoşunlarının 90 illik yubileyi qarşısında oxuculara təqdim etdiyi, sərhədçilər arasında ilk azərbaycanlı general Mustafa Cəfər oğlu Nəsirovun Vətən qarşısında şərəfli xidmətlərinə həsr olunmuş kitab da yubiley tədbirlərinə layiqli hədiyyədir. Rəsmi sənədlər, fotolar, xatirələr toplusu "Sərhədçilər arasında ilk azərbaycanlı general" adlanır.

Bu kitabda 85 ilə yaxın ömür sürmüş, mənalı həyatının yarım əsrdən çoxunu Sərhəd Qoşunlarına həsr etmiş ilk azərbaycanlı sərhədçi generalın şirinli-acılı sərhəd həyatından soraq verən materiallar toplanmışdır. O Mustafa Nəsirov ki, dünyaya gəldiyi gündən həyatın çətinliklərinə uğurla sinə gərib, od-alov da görüb, şaxta-borana da düşüb. Şıltaq Arazın bənd-bərəni yıxan günlərinin, sellərinin, sularının sərhədyanı kəndləri viran qoymasının, dağıtmasının şahidi olub. O Mustafa Nəsirov ki, təbiətin amansız şıltaqlıqlarına baxmayaraq, heç vaxt sərhədləri başlı-başına qoymayıb Naxçıvanın qızmar yay günlərində sərhəd zastavalarını birər-birər gəzmiş, iş başında sərvaxt, ayıq-sayıq dayanmışdır.

Heç kimə sirr deyil ki, sovetlər dönəmində milli kadrların ali hərbi rütbələrə çatması çox çətinliklə mümkün olurdu. Bunu əsərin qəhrəmanı, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, istefada olan general-mayor Mustafa Nəsirov da etiraf edir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, sərhədçilər arasında ilk azərbaycanlı generalam. ... Mənim "general-mayor" ali hərbi rütbəsinə yüksəlməyim xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Yüzlərlə, minlərlə azərbaycanlılardan biri kimi mən də həmişə Heydər Əlirza oğlundan böyük diqqət və qayğı görmüşəm. Mənim həyatımda və taleyimdə bu böyük şəxsiyyətin, dahi insanın xüsusi yeri vardır".

Həddən artıq təvazökar olan general-mayor Mustafa Nəsirov xidmətləri haqqında ictimaiyyət arasında qısqanclıqla danışır, özünü həmişə reklam olunmaqdan kənara çəkir və fikirləşir ki, "Xidməti borcumu yerinə yetirmişəm, zəhmətim də hökumət tərəfindən yüksək qiymətləndirilib. Xalqımın qarşısında da həmişə alnıaçıq, üzüağam. Daha gördüyüm işləri, qazandığım uğurları millət qarşısında nümayiş etdirməyəcəyəm ki?!".

Nə yaxşı ki bu missiyanı polkovnik Abdulla Qurbani öz üzərinə götürüb və qeyd etməliyik ki, işin öhdəsindən uğurla gəlib. Qəhrəmanının - sərhədçilərin hərbi məktəbinin kursantlığından general-mayor rütbəsinədək, hər kəsə nəsib olmayan vəzifə mərtəbəsinədək yüksəldiyi anları, bu yolda çəkdiyi əziyyətləri, məşəqqətləri, ümumiyyətlə, çətin və şərəfli sərhədçi ömrünü kino lenti kimi oxucuların gözü önündə canlandırır. Bunun üçün 1942-ci ildən ordu sıralarında olan, sərhəd qoşunlarında hissə komandirinin müavini vəzifəsindən başlayaraq Sərhəd Dairəsi Qoşunları rəisinin müavini vəzifəsinədək yol keçmiş, saç-saqqalını sərhəddə ağartmış generalın şəxsi arxivinə müraciət edir. Burada daha nələr yoxdur? Uşaqlıq, gənclik illərinin nadir fotoşəkilləri, sərhədçi dostları haqqında məlumatlar, əlyazmalar, məktublaşmalar, xatirələr, gündəliklər, müstəqil dövlətimizin gənc sərhədçiləri ilə görüşdən fotoreportajlar...

Mustafa Nəsirovu sərhəd və sərhədçilər haqqında canlı ensiklopediya adlandırırlar. 1994-2001-ci illərdə Azərbaycan Respublikası MTN-in Sərhəd Qoşunlarının komandanı olmuş general-mayor Abbasəli Novruzov onun haqqında yüksək fikirlər söyləyərək deyir: "Qürur hissi ilə deyə bilərəm ki, Mustafa Cəfər oğlu ömrünü hədər yaşamayıb. O, həyatda daim başını dik tutub yeriyib.

Mustafa müəllim bu gün də gümrahdır, qətiyyətlidir, mehriban, xeyirxah və qayğıkeşdir. O, xalqının dərin hörmət və məhəbbətini qazanıb. Onunla birgə həyat yollarında sadiq dostu olan ömür-gün yoldaşı Xavər xanım, gözəl övladları və nəvələri var. Döyüşən generala daha nə lazımdır? Məncə, yalnız möhkəm cansağlığı. Biz də ona bunu arzulayırıq".

Hər bir ölkənin iqtisadi strategiyasının uğurla həyata keçirilməsi üçün onun milli maraqlarının qorunması, sərhədlərinin toxunulmazlığının və iqtisadi təhlükəsizliyinin təmin edilməsi vacib şərtdir. Bu mühüm amili dəfələrlə nəzərə çarpdıran dövlət başçımız möhtərəm İlham Əliyev demişdir: "Ulu öndər Heydər Əliyevin gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəticəsində o qədər möhkəm zəmin yaranıb ki, indi bu təməl üzərində biz möhkəm iqtisadiyyat qururuq. Ancaq bizim sərhədlərimiz lazımi səviyyədə qorunmasa, əgər Azərbaycanın gələcəyini, müstəqilliyini istəməyən qüvvələrin qarşısında möhkəm sədd qoyulmasa, bizim uğurlarımız şübhə altına düşə bilər. Ona görə ölkədə təhlükəsizliyin təmin olunması, sabitliyin saxlanılması, əmin-amanlığın, asayişin davam etdirilməsi bizim inkişafımız üçün başlıca şərtdir. Bu işdə Sərhəd Qoşunlarının üzərinə çox böyük vəzifələr düşür".

Ömrünün çox hissəsini sərhədlə bağlayan Mustafa Nəsirov isə sərhədi özünün taleyi, Vətən torpağının astanası hesab edir. Sərhəd Qoşunlarımızın sabahına inamla baxır: "Azərbaycan sərhədçilərinin qarşısında duran vəzifə sovet dövrü sərhədçilərinin vəzifələrindən xeyli fərqlənir. İlk növbədə, sərhədçilərimiz bu gün müstəqil dövlətin keşiyini çəkir, onun təhlükəsizliyini qoruyur. Daha doğrusu, bugünkü sərhədçi sovet dövründə olduğu kimi robot deyil, o, öz Vətənini şüurlu şəkildə qoruyur. Mən tez-tez hərbi hissələrdə oluram. Sərhəd zastavalarında əsgər və zabitlərlə görüşüb söhbətlər aparıram. Onların əhvali-ruhiyyəsini, iradəsini, peşəkarlığını görəndə bundan böyük fəxr duyuram. Bu gün sərhəd zastavalarımız sovet dövründə olduğundan da yaxşı şəraitə malikdir. Üstəlik, sərhədlər də daha peşəkarlıqla qorunur. İftixar hissi keçirirəm ki, müstəqil dövlətimizin özünəməxsus sərhəd qoşunları vardır...".

O, keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının K.Y.Voroşilov adına Hərbi Akademiyası yanında Ali Komanda Heyəti kursunu bitirmiş ilk azərbaycanlı idi və həmişə özünü yad millətlərin içərisində tənha hiss edirdi. Yeganə arzusu o idi ki, digər sahələrdə olduğu kimi, azərbaycanlılar Silahlı Qüvvələrdə, həmçinin sərhəd qoşunlarında da mühüm vəzifə tutsun, bir-birlərinə arxa-dayaq olsunlar. Sərhədyanı bölmələrə gedəndə gənclərlə söhbətlərində onları həmişə sərhədçi peşəsinə yiyələnməyə ruhlandırırdı. Bu gün isə hər şey onun arzuladığı kimidir.

Ulu öndərimizin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti müstəqil qurum kimi fəaliyyətə başladıqdan sonra vətənimizin sərhədlərinin qorunması faktiki olaraq yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidmətinin gördüyü işlər ümummilli liderimiz tərəfindən yüksək qiymətləndirilmişdir: "Bu gün Azərbaycanın Sərhəd Qoşunları bütün yüksək standartlara cavab verir və ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur. Əminəm ki, sərhəd qoşunları bundan sonra da qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək".

Mustafa Nəsirovun xidmətləri yüksək qiymətləndirilib. O, üç orden, 26 medalla, o cümlədən "Marşal Jukov" medalı, eləcə də Sərhəd Qoşunları ali dərəcəli fərqləndirmə nişanlarına-birinci və ikinci dərəcəli "Sərhəd əlaçısı" nişanı ilə təltif olunmuşdur. 1999-cu ilin sentyabrında Rusiya Federasiyasının Sərhəd Qoşunları Komandanlığı onu "Sərhəd kəşfiyyat orqanlarının 80 illiyi" xatirə nişanına layiq görüb.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin Sərhəd Qoşunlarının veteranı, ehtiyatda olan general-mayor Mustafa Nəsirova 85 illik yubileyi münasibətilə ünvanlanmış təbrik məktubunda deyilir: "Keçmiş SSRİ Sərhəd Qoşunlarında yüksək vəzifələrə təyin olunmuş ilk azərbaycanlı sərhədçi olmağınız və azərbaycanlılara yaradılan süni çətinliklərə baxmayaraq, dahi öndər, ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlı zabitlərin inkişafına xüsusi diqqət və qayğısı sayəsində general-mayor ali hərbi rütbəsinə layiq görülməyiniz, orden, medal və fəxri fərmanlarla təltifləndirilməyiniz xidmətinizə verilən qiymətin nəticəsidir.

Danılmaz faktdır ki, xidmətiniz boyu Vətən, xalq və dövlət qarşısında müqəddəs borcunuzu şərəf və vicdanla yerinə yetirmiş, gənc zabitlərə örnək və nümunə olmusunuz. Bu gün sərhədçilər sizi bacarıqlı komandir, peşəkar mütəxəssis, prinsipial və yaradıcı zabit, səmimi insan və gözəl yoldaş kimi xatırlayırlar".

Kitabda M.Nəsirovla müxtəlif vaxtlarda ünsiyyətdə olmuş şəxslərin rəyləri, xatirələri də verilmişdir. Onlardan bir neçəsini oxuculara çatdırırıq:

1962-ci ildən 1999-cu ilədək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1963-cü ilədən 1990-cı ilədək Azərbaycan SSR Ali Soveti İdarə Heyətinin sədr müavini işləmiş Səkinə Əliyevanın "Biz generalla fəxr edirik" sərlövhəli yazısında deyilir: "O, bizim düşündüyümüzdən də artıq ləyaqətli bir insan idi. Biz onunla 1962-ci ildə tanış olmuşuq. Bu tanışlıq sonradan dostluğa çevrildi. O vaxtdan 40 il keçir. Bizim onunla, onun sevimli həyat yoldaşı Xavər xanımla təmənnasız dostluğumuzun həddi yoxdur. Biz generalla fəxr edirik".

Ehtiyatda olan zabit, general-polkovnik Q.Ağahüseynov yazır: "M.Nəsirov çox doğru və dürüst insan idi. İndi də belədir. O, rüşvətxorluq, əliəyrilikdən həmişə uzaq olub. Belə idi M.Nəsirov - görkəmli azərbaycanlı hərbçisi. Onun həyatı əsl qəhrəmanlıqdır. Çoxları belə deyir, ancaq o öz həyatını bir az başqa cür dəyərləndirir: "Mən çox şey edə bilərdim, lakin nəyi bacardım, nəyə gücüm çatdısa, onu etdim...". Bu sözlərin arxasında onun ciddiliyi, xeyirxahlığı və sadəliyi dayanır".

Vaxtilə Lerik və Lənkəran rayon partiya komitələrinin I katibi, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş Sultan Məmmədov öz yazısını belə adlandırıb: "Şərəfli həyat yolu". Müəllif yazır: "Mən onun şəxsi keyfiyyətlərinə yaxından bələdəm. Onun ciddiliyinə, xeyirxahlığına, xalqı, ailəsi və dostları qarşısındakı məsuliyyət hisslərinə qibtə etmək olar. Əminliklə deyə bilərəm ki, M.Nəsirovun şərəfli həyat yolu gənclərimiz, xüsusən də sərhədçilərimiz üçün gözəl nümunədir".

Sovet İttifaqı Qəhrəmanı, ehtiyatda olan polkovnik Məlik Məhərrəmov onun xalqı, dövləti qarşısında xidmətlərindən danışarkən belə demişdir: "Keçid dövrünün ağır günlərində ömürlərinin ən yaxşı illərini Vətənə həsr edən böyük veteranlar ordusunun sosial müdafiəsinin təşkili, bu istiqamətdə işin yaxşılaşdırılması, onları respublikanın qarşısında duran məsələlərin həlli naminə səfərbər etmək çətin iş idi. Ancaq Mustafa Nəsirov bu məsələnin həllinə var gücünü sərf etdi. Bunun üçün o, ayıq-sayıqlıq, dəqiqlik, yüksək mədəniyyət və məsuliyyət hissi nümayiş etdirdi. O, xalqının sədaqətli oğlu kimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin həyata keçməsi üçün imkanı çatan hər şeyi edir. Mən onunla dəfələrlə yol yoldaşı olmuşam. Ona getdiyi hər yerdə böyük hörmət görürdüm".

Sərhəd Qoşunlarının yaradılmasının 90 illik yubileyi gəlir. General-mayor Mustafa Nəsirovun da arzusu nəvəsi balaca Mustafa ilə bu bayramda iştirak etməkdir. Azərbaycan sərhədçilərinin ağsaqqalı Mustafa Cəfər oğluna arzusuna çatmaq üçün möhkəm cansağlığı, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində yorulmaz fəaliyyət arzulayırıq. Yubiley tədbirlərində görüşənədək, cənab general!

 

 

Nərgiz RÜSTƏMLİ,

 

Respublika.- 2009.- 15 yanvar.- S. 4.