Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 illiyinə həsr olunmuş tədbir

 

Yanvarın 14-də AHIK-in böyük zalında "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi altında konfederasiyanın 15 illiyinə həsr olunmuş respublika baxış-müsabiqəsinin yekunu keçirildi. Baxış-müsabiqənin yekunu və qaliblərin mükafatlandırılması mərasimini giriş sözü ilə açan AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev tədbir iştirakçılarına işlərində uğurlar arzuladı və bildirdi ki, bizim əsas məqsədimiz işçilərin hüquq və mənafelərini qorumaqdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün ilk növbədə əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalat xəstəliklərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, istehsalat mədəniyyətinin və estetikasının yüksəldilməsinə, texnika və texnologiyanın təkmilləşdirilməsinə nail olmalıyıq. Bu sahədə həyata keçirdiyimiz tədbirlərdə 2006-cı il noyabrın 15-də üç sosial təşkilatın imzaladığı "Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün layiqli əməyin təminatı üzrə ölkə proqramı"nı əsas götürmüşük. Onu da qeyd edim ki, bu tədbirlər içərisində işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən müxtəlif mövzularda keçirdiyimiz baxış-müsabiqələr mühüm yer tutmuşdur.

Sevindirici haldır ki, AHİK-in təşəbbüsü ilə keçirilən respublika baxış-müsabiqələrinin keyfiyyəti getdikcə yaxşılaşır, əhatəsi genişlənir, qaliblərin mükafatlandırılması üçün ayrılmış maliyyə vəsaiti artır.

Belə ki, əvvəllər respublika baxış-müsabiqəsində cəmi 170-ə yaxın müəssisə və təşkilat iştirak etmişdi və onlardan yalnız 8-i qalib adını qazanmışdısa, sonrakı illərdə (2004, 2006, 2008) bu müsabiqələr artıq kütləvi hal almağa başladı.

Bu baxımdan 2004-cü ildə 200-dən çox iştirakçı müəssisə və təşkilatdan AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə 25-i diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.

2006-cı ildə 350 iştirakçıdan 35 müəssisə və təşkilat diplom və qiymətli hədiyyələrə layiq görülmüş, 13 müəssisə isə fəal iştiraklarına görə həvəsləndirici mükafata təqdim olunmuşdu.

2008-ci ildə isə respublika baxış-müsabiqəsində iştirakçıların sayı artıq 500-ə çatmışdı ki, onlardan 50 müəssisə, təşkilat sex və sahə ən yaxşı göstəricilərə nail olmuş, 19-u müsbət nəticə göstərmiş, 8-i həvəsləndirici mükafat almışdır.

Natiq müsabiqə iştirakçılarının diqqətinə çatdırdı ki, AHİK 2004-cü ildə Beynəlxalq Əmək Təşkilatının müəyyənləşdirdiyi aksiyaya qoşulduqdan sonra Dövlət Nəzarəti orqanlarının, həmkarlar ittifaqları nümayəndələrinin və ictimaiyyətin iştirakı ilə hər il ölkədə əməyin mühafizəsi üzrə tematik seminarlar, baxış müsabiqələr, dəyirmi masalar təşkil olunur.

Yalnız son dörd ildə bu tədbirlərdə respublikanın 11 zonasından 2500-dən çox dinləyici, 80 rayon və şəhər həmkarlar komitəsinin sədrləri, dövlət nəzarəti orqanlarının mütəxəssisləri iştirak etmişlər. Millət vəkili onu da qeyd etdi ki, həmkarlar ittifaqları tərəfindən görülən bütün bu və ya digər işlər hesabına ildən-ilə əməyin mühafizəsinə çəkilən xərclərin miqdarı artır. Həmkarlar ittifaqlarının vəsaiti hesabına 3 pansionat və istirahət evi tikilib istifadəyə verilmiş, ikisi isə inşa edilməkdədir.

Natiq çıxışının sonunda ümummilli lider Heydər Əliyevin siyasi, sosial-iqtisadi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə davam və inkişaf etdirən cənab İlham Əliyevin təşkilatının imkanlarını lazımınca dəyərləndirməsindən, ölkə başçısının vətəndaşların yaxşı yaşamasında, mədəni iş şəraiti üçün aparılan mübarizədə həmkarlar ittifaqlarının iştirakını yüksək qiymətləndirməsindən, Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 100 illiyi münasibətilə AHİK-ə ünvanladığı təbrik məktubundan danışdı və bildirdi ki, biz möhtərəm Prezidentin həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi qiymətə öz işimizdə layiqincə cavab verməliyik.

AHİK-in fəaliyyəti barədə nümayiş etdirilən filmdən sonra respublika baxış-müsabiqəsinin gedişi dövründə müəssisə və təşkilatların sex və sahələrin rəhbərlərinə ən yaxşı göstəricilərə, müsbət nəticələrə və fəal iştirakına görə mükafatlar və hədiyyələr verildi.

 

 

Kamal İBADOV,

 

Respublika.- 2009.- 15 yanvar.- S. 4.