Gəncədə Cavad xanın xatirəsi
anıldı
Xalqının
azadlığı uğrunda döyüşlərdə
misilsiz qəhrəmanlıq nümunəsi göstərərək
milli mübarizə tariximizə çox şərəfli səhifələr
yazmış Gəncə xanı Cavad xanın ənənəvi
anım mərasimi yenə də onun məqbərəsi
önündə keçirildi.
Ədəbi-bədii
kompozisiya 1803-cü ilin dekabr ayının axırına təsadüf
edən ramazan bayramı təntənələri ilə
başlayır. Gəncə bayram şənlikləri ilə
yaşayır, şəhər əhli ümumxalq sevincinə
qərq olub.
Bu ümumxalq təntənəsini
Çar Rusiyanın generalı Sisianovun Gəncənin
döyüşsüz təslim olması haqqında göndərdiyi
məktub alt-üst edir. Əhali çaşqınlıq
içindədir. Gəncə xanı Cavad xanın
çağırışı gəncəliləri azad,
müstəqil yaşamaq uğrunda mübarizəyə
çağırır. Şəhər bir nəfər kimi
ayağa qalxır.
Qızğın
döyüşlər başlayır. "Gəncəyə mənim
meyidimin üstündən keçib girmək olar"-deyən
Cavad xan 1804-cü ilin yanvar ayının 4-də oğlu
Hüseynqulu xanla birlikdə son damla qanına qədər
döyüşərək həlak olur.
Gəncəlilərin vətənpərvərlik
hünərinin təsvir olunduğu kompozisiya maraqlı bədii
sonluqla bitir. Cismən həlak olan Cavad xanın xəyali
obrazı və gəncəlilərə müraciəti
doğma vətəni və xalqını qəlbən sevən
hər bir vətənpərvər insanın həyat kredosu
kimi səslənir və bu günümüz üçün
çox aktualdır. Rəmzi xarakter daşıyan son səhnə
əslində torpaqlarının 20 faizi işğal altında
olan respublikamızın əhalisini mübarizəyə
çağırış nidasıdır.
Ədəbi-bədii
kompozisiyada Cavad xanın obrazını yaradan əməkdar
artist Ramiz Vəliyev rol üzərində xüsusi maraqla
işlədiyini vurğuladı və Cavad xan obrazını
yaradarkən onu təkcə Gəncə hakimi deyil,
xalqımızın milli qəhrəmanı kimi təqdim etmək
niyyətində olduğunu bildirdi.
Tamaşa maraqla
keçdi. Alqış sədaları öz vətənini
bütün varlığı ilə sevən və onun
azadlığı naminə canını, doğma
övladını belə qurban verən xalq qəhrəmanının
xatirəsinə gəncəlilərin sonsuz etiramının
ifadəsinə çevrildi.
C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrının aktyorlarının ifasında
səhnələşdirilən kompozisiya aktuallığı
və mövzunun səhnə həlli ilə diqqəti cəlb
edir. Meydanın imkanlarından istifadə çox uğurludur.
Açıq səma altında davam edən tamaşada
uğurlu rejissor işi də diqqəti cəlb edir.
Quruluşçu rejissor
Bəhram Osmanov bizimlə söhbət zamanı çox
maraqlı bir məqamı qeyd etdi. Xalqımızın qəhrəmanlıq
tarixindən söhbət açan belə səhnələr
ölkəmizin tarixində həddindən çoxdur.
Yaxşı olar ki, gəncəlilərin bu təcrübəsindən
istifadə edilərək hər bir bölgəmizdə belə
meydan tamaşaları hazırlansın. Bu, gənclərimizin
hərbi-vətənpərvərlik tərbiyəsində əvəzsiz
rol oynayar.
Tamaşada maraqlı
aktyor ansamblı iştirak edir. Yerində səslənən
musiqi və köməkçi səhnə effektləri biri
digərini uğurla tamamlayır, mövzunun bədii həllini
asanlaşdırır.
Mərasim başa
çatdıqdan sonra şəhər rəhbərliyi və
ictimaiyyətin nümayəndələri Cavad xanın məqbərəsi
önünə tər çiçək dəstələri
qoydular.
Cavad xanın məqbərəsi
hər bir vətənpərvər azərbaycanlının
müqəddəs ziyarətgahına
çevrilib-kompozisiyanın ideya xəttini bu bədii-fəlsəfi
mahiyyət təşkil edir. Qarabağ kimi dərdi olan bir millət
üçün bu, çox böyük taleyüklü bir
örnəkdir.
Y.TANRIVERDİYEV,
Respublika.- 2009.- 15 yanvar.- S. 6.