Qlobal maliyyə böhranı: neoliberal inkişaf paradiqmasının süqutu

 

Dünyada qloballaşma prosesi artan sürətlə davam etməkdədir. Bu günə qədər problemə yanaşma müxtəlifliyi, ifrat kənar mövqelər arasında hər hansı bir konsensusa gəlinməmiş və nə vaxtsa bütün tərəfləri qane edə biləcək "ümumi məxrəcin" əldə olunacağına bəslənən inam tədricən "əriməkdədir". Məhz bu aspekti əsas tutaraq, qloballaşmanın fəlsəfəsi, nəzəri-metodoloji müstəvidə aparılan tədqiqatları prizmasından müasir böhranın baş vermə səbəblərinin konseptual mahiyyətini aça biləcək cəhətlərin üzə çıxarılmasını məqsədəmüvafiq hesab edirik. Belə ki, sistem olmaq etibarilə qlobal iqtisadiyyatı silkələyən bu böhranın necə və niyə başlandığını, yəni onun əsas, eləcə də üzdə olan səbəblərinin nədən ibarət olduğunu, gedişi və nələrlə yekunlaşa biləcəyi haqqında yalnız mövcud empirik faktlara söykənməklə gerçək xarakterli qənaətə gəlmək mümkünsüzdür. Hər sübuta yetirilən bilik elmi bilik olmadığı kimi, empirik səviyyədə müşahidə edilən faktların "çılpaq" şəkildə, yəni düzgünlüyü şübhə doğurmayan nəzəri "yüksüz" interpretasiyası ən yaxşı halda yalançı ümumiləşdirmələrlə yekunlaşa bilər.

Məsələn, məhz empirik faktlara söykənənlər birmənalı şəkildə problemin ipoteka böhranından qaynaqlandığını iddia edirlər. Həqiqətən də, ipoteka böhranı üzdə olan və çox asanlıqla müşahidə edilən bir prosesdir. Və deməli, gözlə görünəndir, ona görə də gerçəkdir və s.

Bizim fikrimizcə, bu tərzli yanaşma problemi ifrat dərəcədə bəsitləşdirmək, primitivləşdirmək çərçivəsindən o yana çıxmır. Eyni zamanda qeyd edilən formada "sübuta yetirmək" istəyi bir növ böhranın təbii xassə kəsb etdiyini, adi bir sistem xəstəliyi anlamına gəldiyini və yekun olaraq mövcud qloballaşma modelinin doğruluğuna şübhə olmadığı qənaətini ortalığa qoyur. Bu qənaət inkişaf etmiş ölkələrin dövlət başçıları (məsələn, C.Buş) səviyyəsində açıq mətnlə elan olunmaqdadır.

 

Qlobal ədalət müstəvisində "qloballaşma" kabusu

 

Elmi fikirdə bu gün müşahidə edilən ən təhlükəli meyil gözlənilənin yaxud ola biləcəyi ehtimal edilənin reallıq kimi qələmə verilməsidir. Hipotetik qiymətləndirmənin gerçəkliklə (perspektiv anlamda) bağlılığı yalnız və yalnız ehtimal xarakterli ola bilər.

Hazırda dünyanın "İmmun sistemi" çoxtəhlükəli meyillərin bir-başa təsiri altına düşmüşdür. Beynəlxalq təhlükəsizlik, həm bütövlük keyfiyyətinə malik qlobal sistem olmaq etibarilə, həm də ayrı-ayrı regionlar və ölkələr bölümündə ifrat dərəcədə mürəkkəb məzmunlu problemli situasiya ilə üz-üzədir. Problemin fəlsəfi ideallaşdırılması və bu prizmadan çıxış yollarına baxış birmənalı olaraq "realist məktəbin" (D.Qobson, K.KIauzevitsa, Q.Morqentau, Q.Kissincer) öz mahiyyəti etibar ilə artıq kifayət qədər "tüklənmiş" Pareto-optimumundan elə də fərqlənməyən konseptual yanaşmasına gətirib çıxarır. Sabit qaydaların, sabit dünya nizamının mövcudluğu mütləq təhlükəsizliyin qarantı kimi çıxış etmək keyfiyyətinə malik deyildir. "Realist məktəbin" məntiqindən çıxış etsək, onda belə məlum olur ki, bir ölkənin "mütləq təhlükəsizliyi", digər bir ölkənin yaxud ölkələr qrupunun nisbi təhlükələrə məruz qalması şəraitində reallığa çevrilə bilər. Başqa sözlə, qlobal miqyasda ölkələrarası qarşılıqlı asılılığın assimetrikliyi adi gözlə müşahidə olunmaqdadır. Qlobal assimmetriklik nəyin paylanması yaxud bölüşdürülməsindən asılı olmayaraq, kütləvi şəkildə ədalətsizlik doğurur. Ədalətsizliyin qlobal miqyaslı təzahür formaları, dünya nizamının quruluş prinsiplərinin yanlışlığı ucbatından təbiilik xassəsinə malik empirik nəticələr kimi ortalığa çıxır.

Qlobal assimmetrlik gerçək məzmunlu qlobal "bütövləşmənin" və deməli, "qlobal metasistem" deyilən funksional (bəzilərinə görə determinləşmiş) yaranışın reallığa çevrilməsini əngəlləyən başlıca amildir. "Müxtəlifliklərin kontiniumu" gerçəkdirmi sualına adekvat cavab axtarışı sonsuzluğuna qədər uzana bilər. Qlobal assimmetriklik insan cəmiyyətinin insan kimi yaşayan cəmiyyət halına gətirilməsini mümkünsüz etməklə hər cür fitnə-fəsadın (müharibələr, konfliktlər və s.) ideal mənbəyi kimi çıxış edir. Bu gün bəşəriyyətin tən yarısının - 3.2 milyard insanın insan kimi yaşamaq imkanının yoxluğu və bu sferada hər hansı real məzmunlu bir irəliləyişin olmaması assimmetrikliyin - onun ədalətsizlik komponentinin doğurduğu acı gerçəklikdir.

Digər tərəfdən hələ keçid dövrünü yaşayan ölkələr, o cümlədən Azərbaycan Respublikası qloballaşma prosesinin əhatə dairəsində olmaqla müəyyən yanaşma tərzi ortalığa qoymaq məcburiyyətindədirlər.

Qlobal situasiyaya (bəlkə "oyun qaydalarına") uyğunlaşma zəruriliyi "kiçik ölkələr" üçün həyati əhəmiyyət daşıyır. Münasibətlər sisteminin kökündə dayanan ziddiyyətli yaranış - "sərhəd" tanımayan real məzmunlu bazar funksional fəaliyyətin prioritet sahələrini yaxud məcburi gediş kimi digər sferaları geoiqtisadi məkana çıxarır və mexaniki olaraq artıq formalaşmış qlobal "oyun qaydalarının" nəzarətinə keçir. Əgər göstərilən aspektdə uyğunsuzluq yaranarsa yaxud mövcuddursa, onda prosesin əks-istiqamətli gedişi labüdləşir və nəinki labüdləşir, həmçinin mənfi işarəli effektlə "yüklənərək" ölkədaxili iqtisadi nizama dağıdıcı təsir göstərir. Problemin məntiqi strukturu "uyğunsuzluq" istilahının nizamlı prosesə çevrilməsinin, yəni fərq ziddiyyət əkslik mübarizə oxu üzrə getdikcə artan şiddətlilik dərəcəsinin "hərəkətə" keçməsinin qarşının alınması zəruriliyini təbii şəkildə aktuallaşmış problem kimi ortalığa çıxarır. Ənənəvi metodika uyğunsuzluğun "fərqə" çevrildiyi anı birmənalı olaraq problem kimi qəbul edir. Yəni problem yaradan proses elə ilkin mərhələdə, uyğunsuzluq fərq çevrilməsində təzahür etməklə özünün bitkin formasını alır. Şiddətlənmə dərəcəsinin maksimumu - mübarizə mərhələsinə çatma ilə ilkin mərhələ arasında elə bir mahiyyət fərqi yoxdur. Yalnız bu halda, yəni uyğunsuzluğun maksimumu halında itkilərin (bəzi hallarda qarşılıqlı itkilər) həcmi artır, dağıdıcı effekt doğuran hadisələr baş verir. Başqa sözlə, ilkin və son hədd arasında (iqtisadi sistemə təsiri nöqteyi-nəzərindən) meydana çıxan mənfi effekt yalnız kəmiyyətcə fərqlənir. Bütövlükdə, sistemə təsirin keyfiyyət ölçüsü hər iki halda eyniyüklüdür və ölkədaxili iqtisadi proseslərin nizamlı gedişində müəyyən əngəllər törədirlər.

İlk baxışdan iqtisadi prosesin müəyyən mərhələsində meydana çıxan, başqa sözlə, geoiqtisadi məkanla bağlı olan və təbiəti etibar ilə institusional mahiyyət daşıyan problemin məhz "təbiiliyi" nəzər-diqqəti cəlb edir. Digər ifadə ilə söhbət həmin "təbiiliyin" metodoloji anlamda elmin mental-dəyər səviyyəsində dərkinin problematikliyindən gedir. Həqiqətən də, iqtisadi münasibətlər sisteminin qaynaqlandığı dəyər-konseptlərin mahiyyətinə daxil edilmədən yalnız xarici kəsimdə aktuallaşan uyğunsuzluq qondarmadır, yalançı aktuallaşmadan başqa bir şey deyildir. Milli qlobal qarşılaşmada birincidən ikinciyə keçid, yaxud birincinin ikinciyə "qovuşması" prosesində uyğunsuzluq meydana çıxırsa, onda həmin məntiqlə davam etsək, belə alınır ki, "qloballaşma" dediyimiz şey özü qondarmadır, milli, yaxud millilərdən qaynaqlanmayan, millilərə mahiyyət və məzmunca yabançı olan elə kriteriya və prinsiplərə söykənərək formalaşır ki, onu təbii-tarixi prosesin məcburi gedişi kimi səciyyələndirmək olmaz.

Qlobal səviyyədə qarşılıqlı asılılığın assimmetrikliyi müxtəlif ölkələrin planetar "oyun qaydalarına" uyğunlaşmaların müxtəlif sürətliliyindənmi doğub?

Doğurdanmı, ölkənin institusional açıqlıq dərəcəsinin qloballaşan dünyada qərarlaşmış analoji halla fərqliliyi, yaxud hər iki istiqamətdə prosesin məna tutumunun üst-üstə düşməməsi qlobal assimmetrikliyin əsas səbəbidir? Qloballaşma lokallaşma dixatomiyasını ziddiyyətli vahidlik adlandırmaq olarmı?

Haşiyəyə çıxaraq qeyd edək ki, gerçək elmi əsaslandırma olmadan yalnız müşahidə əsasında (yəni idrak prosesi bir proses olmaq etibarilə yekunlaşmadan) hər hansı bir ölkədə cəmiyyətin idarə edilməsinin qlobal səviyyəli idarəetmə ilə qırılmaz bağlılığının mövcudluğunu iddia etmək ən azı elmi sadəlövhlük təsiri bağışlayır. Belə bir iddiada bulunanlar tərəflərarası mahiyyətcə bir istiqamətli xarakter daşıyan bağlılığı əsaslandırmaq üçün yazırlar ki: əvvəla, qloballaşma və ayrı-ayrı ölkələr və sosiumlararası asılılığı, eləcə də beynəlxalq əlaqələri bütün sferalar (iqtisadi, informasiya, siyasi, ekoloji və s.) üzrə kəskin şəkildə gücləndirmişdir. Bu deyimdə əsas məsələ sosiumlararası bağlılığın real elmi fakt kimi səciyyələndirilməsidir.

Ayrı-ayrı epizodik hallar istisna olmaqla əslində belə bir şey yoxdur. Məlumdur ki, sosiumlararası "ortaq məxrəcin" tapılması öz mahiyyəti etibarilə qlobal vahidləşmə arzusunda olanların mərkəzi problemidir və onun hətta uzaq perspektivdə belə reallaşacağı inamı mirajdır, xəyala qapılmadır və hər nədirsə, gerçək olanla heç bir əlaqəsi yoxdur. İkincisi, həm ayrı-ayrı ölkələr, həm də qlobal səviyyədə cəmiyyətin təşkilində baş verən dəyişikliklərin obyektiv təmayüllərinin ümumiliyi mövcuddur və bu özünü, opponentlərin fikrincə, qloballaşma lokallaşma dixatomiyasının meydana çıxmasında göstərir.

Yenə də yalançı aktuallaşma ilə üz-üzəyik! Belə ki, əvvəla, təmayüllərin obyektivliyi nə deməkdir-anlaşılmır! Hansı kriteriya, yaxud ölçü vahidindən istifadə etməklə bu qənaətə gəlinib? Əgər təmayül - inkişaf qanunauyğunluğu deyilən şeyin dar çərçivədə təzahür formalarından yaxud o formaların "formalaşmasında" iştirak edən elementlərdən biridirsə, onda onun "subyektiv" olmaqlığı mümkünsüzdür. Yəni təmayül varsa, o yalnız obyektiv olaraq mövcud olur və buna görə də obyektiv təmayül ifadəsi "su yaşdır" ifadəsi kimi adi tavtalogiyadır. İkincisi, qlokallaşma, yəni qloballaşma lokallaşma dixatomiyasının, ələlxüsus lokallaşma ilə bağlı prosesin planetar xarakter kəsb etdiyini sübuta yetirə biləcək heç bir elmi fakt yoxdur. Əgər söhbət sırf maddi məzmun daşıyan, başqa sözlə, ictimai rifahın yalnız və yalnız maddiyyat ölçüsünün ön plana çıxarılmasından, neoliberal "rasionalizmin" yeganə və mütləq dəyər kimi qlobal səviyyədə qəbul edilməsindən gedirsə, onda elə belə də yanaşmaq, məhz mahiyyət üzrə əsas müddəaları ortalığa qoymaq daha düzgün və ədalətli olardı. Çox qəribədir ki, problemə yuxarıda təsvir etdiyimiz tərzdə yanaşma, sanki vahid mərkəzdən idarəolunan proses kimi kifayət qədər geniş yayılmış və əksər tədqiqatlarda həqiqət kimi qəbul edilir. Arzuedilənin gerçəklik kimi ortalığa qoyulmasında neoliberalistlərin əsas hədəflərindən biri - milli dəyərlər sistemini həm lokal, həm də qlobal səviyyələrdə "kütləvi" hücuma məruz qoymaq, onun mahiyyətini (modernləşmə bayrağı altında) kardinal şəkildə  dəyişmək və neoliberal dəyərlərlə "silahlanmış" individiumu beynəlxalq və milli müstəvidə əsas aktora çevirmək niyyəti güdülür.

Aydındır ki, bu halda super iqtisadi gücə malik olan ölkənin (ABŞ-ın) dövlət maraqlarının tam şəkildə təminatı yolundakı bütün maneələr aradan qalxacaqdır.

Ümumiyyətlə, problemin bu aspektdə qoyuluşunun özü problematikdir. Belə çıxır ki, problemin mahiyyəti yaxud adının təsvirində yanlış aktuallaşma aparılır. Problemin qoyuluşunun problematikliyi hansısa prizmadan elmətrafı dairədə "elmi" qoyuluş kimi qəbul edilə bilər. Amma real elmi-metodoloji yanaşma çərçivəsində ən yaxşı halda iki problemarası "söz oyunu" keyfiyyətindən o yana çıxmır.

Həqiqətən də, ilkin şərtlərin problem xarakterli olması, məzmunca problemin dərkedilməzliyi anlamına gəlir ki, bu halda vəziyyətdən çıxış yolu kimi hər hansı bir cəhətin, yaxud formalaşmaqda olan situasiyanın hər hansı bir konkret münasibətlər məcmusunun ideallaşdırılması belə "yalançı" ideallaşma olacaqdır. Bu deyilənlər məsələyə yanaşmanın metodoloji yozumudur. O ki qaldı məsələnin real məzmununa, bu sferada tam anlaşılmazlıq hökm sürür. Axı, məlumdur ki, qlobal səviyyədə qlobal sosiumun idarəedilməsi problemi deyilən bir problem yoxdur, yaxud bu gün, eləcə də yaxın gələcəkdə gündəmə daxil ediləcəyi gözlənilmir.

Eyni zamanda məlumdur ki, "dünya hökuməti" adlı hansısa fövqəlmilli qurum da yoxdur. Və qlobal sosiumun idarəolunması ilə, təkrar edirəm, idarəolunması ilə heç bir beynəlxalq struktur məşğul olmur. Mövcud beynəlxalq təşkilatların bir qismi planetar səviyyədə sosiumla bağlı bəzi problemlərin müzakirəsini (müzakirədən o yana keçmir) aparırlar və əgər qismət olursa bəzi hallarda müəyyən qərarlar da ortalığa qoyurlar. Amma beynəlxalq təşkilatların qərarları bir qayda olaraq, tövsiyə xarakterli olur, yəni heç bir hüquqi yük daşımır.

Qətiyyən unudulmamalıdır ki, nəyin və necə baş verməsindən asılı olmayaraq, sosium həmişə milli xarakter daşıyır və bu xassə onun substansiyası kimi çıxış edir. "Abstrakt sosium" xalis təxəyyül məhsulu olmaqla heç bir halda reallığa çevrilə bilməz. Sosiumdaxili baş verən və onun monolitliyini (bunsuz inkişaf yoxdur) formalaşdiran proses sosial-həmrəylik sosial əməkdaşlıq milli identiklik oxu üzrə getməklə heç bir tarixi dönəmdə alayı məzmun daşımamışdır və bu əslində heç mümkün də deyildir.

Əslində nə baş verir? Neoliberal məzmunlu qloballaşma həm planetar, həm regional, həm də milli səviyyələrdə cəmiyyətin idarəedilməsi sferasında mövcud olan və yeni yaranan problemləri ifrat dərəcədə kəskinləşdirməkdədir.

Eyni zamanda , qeyd edilməlidir ki, semantik yanaşmanın daxili məntiqinə söykənməklə gəlinən nəticənin həqiqiliyi müəyyən şübhələrlə qəbul edilə bilər. Belə ki, əvvəla problemə yanaşmanın metodoloji bazası müəyyən suallar doğurur. Praqmatik həqiqətin müəyyənləşdirilməsində semantik yanaşmadan istifadə nə dərəcədə doğrudur? Həqiqətin aşkarlanması və əsaslandırılması kriteriyalarının müxtəlifliyi inkar edilmədiyi təqdirdə - bu həqiqətən də belədir - hansı əsasla gəlinən qənaətin gerçək olduğu iddia edilir? İkincisi, vətəndaş cəmiyyəti heterogen xassəli funksional yaranış olmaq etibarilə (düzdür, vətəndaş cəmiyyəti quruculuğu prosesinin müəyyən mərhələsində determinləşmiş dinamika müşahidə edilir, yaxud edilə bilər) özündə ifrat dərəcədə parçalanmış mənafe qruplarının "mənə məxsus olmalıdır" prinsipi əsasında aparılan qarşılıqlı rəqabət müstəvisində göstərdikləri fəaliyyətlərinin məcmusunu ehtiva edir. Axı, vətəndaş cəmiyyətinin əksər struktur bölmə və elementlərini özündə birləşdirə biləcək "ümumi məqsəd" olmur. Və əgər məqsəd ümumiliyi yoxdursa, "bəlkə də qaytardılar" prinsipinə güvənmək, ümid etməklə hansı sinergetik effektdən danışmaq olar? Dövlət vətəndaş cəmiyyəti tandemi dayanıqlı inkişafın mühüm amillərindən biridir-yalnız o halda ki, dövlət-vətəndaş cəmiyyətinin struktur bölmələri arasında, eləcə də fərd-vətəndaş cəmiyyəti, fərd-dövlət və nəhayət, dövlət-vətəndaş cəmiyyəti arasında mənafe tarazlığını təmin edə bilsin. Başqa sözlə, vətəndaş cəmiyyətinin, bir sıra tədqiqatçılar tərəfindən formalaşdırılmış "ideal simasının" real məzmun kəsb etməsi birbaşa və bilavasitə dövlətin "davranış tərzindən" funksional asılılıqdadır. Başqa sözlə, vətəndaş cəmiyyətini beynəlxalq və milli səviyyədə dövlətə bərabər aktor kimi səciyyələndirmək nəinki yanlışdır, hətta çox ağır nəticələrə gətirib çıxara bilər.

Həmçinin, şübhə yoxdur ki, qloballaşma (neoliberal model çərçivəsində) ayrı-ayrı   strukturların azadlıq dərəcəsi ilə onların planetar səviyyədə mənafe tarazlığının formalaşdırılması arasında birbaşa və tərs mütənasib asılılığın olduğunu üzə çıxarır.

İradə azadlığı sosial məsuliyyət cütlüyünün isə həqiqi bir "cütlük" olmadığı, daha çox arzuedilən funksional bağlılıq keyfiyyətinə sahibliyi və ifrat dəyişkən xarakterə malikliyi adi gözlə müşahidə edilməkdədir. Problemi qəlizləşdirən əsas məsələ ondan ibarətdir ki, qloballaşma ictimai sistemin açıqlıq dərəcəsini kəskin şəkildə genişləndirir və yüksəldir. Bu prosesə paralel olaraq ayrı-ayrı fəaliyyət sferalarının (qlobal miqyasda) nataraz yönümlü inteqral qovuşması baş verir ki, nəticədə alınan "inteqral bütövlük" daha çox anklav xarakteri kəsb edir və geridönməzliyi ilə səciyyələnir. Məsələn, qlobal maliyyə bazarının artıq ayn-ayrı ölkə yaxud region çərçivəsində spontan qaydalı əlahiddələşməsi mümkünsüzdür.

Yaxud mümkündür, amma çox ağır nəticələrlə sonuclana bilər. Məhdud zaman çərçivəsində müvəqqəti olaraq müəyyən əlahiddələşmələr baş verə bilər. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, müstəsna hallar bir qayda olaraq dayanıqlı xarakter daşımır.

Digər tərəfdən, anklav xarakterli "inteqral bütövlüklərin" yaranması bütünlükdə bəşəriyyətin davamlı və sabitqədəmli inkişafı nöqteyi-nəzərində fəsadlar kompleksi doğurur:

1. Hər şeydən əvvəl planetar miqyası əhatə edə biləcək "qlobal ümumilik" daha çox pərakəndəliklərin süni bütövlüyü təsirini bağışlayır. Belə ki, maliyyə sferasını çıxmaq şərti ilə qlobal bütövlük anlamına gələn ikinci bir sferanın adının çəkilməsi problematikdir.

2. Müasir qloballaşma prosesi nəinki "müxtəlifliklərin", hətta "müxtəlif sürətlilərin" belə ortaq məxrəcini tapmaqda acizdir.

3. Qloballaşma (neoliberal bazarla birlikdə) qlobal geniş təkrar istehsal prosesinin gedişində kəskin "separatizm" meyilləri doğurmaqda davam edir. Qlobal maliyyə sferası "özündə şeyə" çevrilməklə "isti pullar" (həmçinin real mövcud olmayan pullar), "möhtəkir əməliyyatlar" dalınca qaçmaqdadır.

Araşdırmalarımız göstərir ki, qloballaşmanın gətirdiyi naqisliklərin əsaslı səbəblərdən qaynaqlanmasında istinad edilən neoliberal bazar modelinin həlledici rolu vardır. Belə ki, neoliberal bazar modeli:

1. Seçim və manevr imkanlarını ifrat dərəcədə məhdudlaşdırır. Strateji qərarların qəbulu prosesi çox dar çərçivəyə salınır.

2. Bu model alternativsizlik keyfiyyətini ortalığa qoyur ki, nəticədə də milli səviyyədə siyasi pessimizm qaçılmaz olur.

3. Dayanıqlı inkişafın başlıca sütunlarından olan orta təbəqə eroziyaya uğrayır.

4. Əhalinin ifrat təbəqələşməsi və marginallaşması prosesi sürətlənir və s.

Göründüyü kimi, qloballaşma prosesi daha çox problem yaradan prosesdir.

 

Qlobal maliyyə böhranı...

 

Beləliklə, qlobal maliyyə böhranı niyə baş verdi, yaxud gözlənilən idimi suallarına cavab verməzdən əvvəl çox maraqlı bir tarixi analogiya aparmaq məqsədəuyğun olardı.

Belə ki, 1929-cu ildə ABŞ-dan başlayan (yenə ABŞ ?) qlobal iqtisadi böhranla müasir maliyyə böhranı arasında çox qəribə bir oxşarlıq mövcuddur. Məlumdur ki, real məzmunlu bazarın formalaşdığı dövrdən XX əsrin 30-cu illərinə qədər planetar səviyyəli iqtisadi proseslər "piramida" quruculuğu formasında getmişdir. Yəni real sektorun, əsas kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesi formasında o dövr üçün yeganə düzgün gediş hesab edilə biləcək bir iqtisadi məcmuluq şəklində ortaya çıxmışdır. Söhbət "sənaye inqilabı dövrü" adlandırdığımız tarixi inkişaf mərhələsində formalaşmış iqtisadi sistemin əsas dəyişənlərindən gedir. Həmin dövrdə problemin (inkişaf probleminin) konseptual qoyuluşu aşağıdakı məntiqi yanaşmaları özündə ehtiva edirdi:

1. Əsas olan standartlaşdırılmış kütləvi istehsaldır.

2. Məhsulun realizasiyası problem deyil. Təklif spontan şəkildə tələb doğurur. Yəni marketoloqların ifadə etdiyi kimi "satıcı bazarı" hökmrandır.

3. Maliyyə-real sektorun xidmətçisidir və bundan kənarda "fəaliyyət" göstərə bilməz.

Aydındır ki, qeyd etdiyimiz yanaşma geniş təkrar istehsal prosesinin tamlığını, bütövlüyünü pozmaqla inkişafın sistemli xarakterinə ciddi zərbə vurur və kəskin fəsadların meydana çıxmasına yol açırdı. Məhz buna görə də 1929-33-cü illər ərzində "piramida" quruculuğu prosesi özünün fiziki sərhədlərinə çatmaqla ömrünü başa vurdu. Məhz o böhrandan sonra dünya yanlış yolda olduğunu, yalnız real sektora “güvənməklə” və əsas diqqəti onun üzərində cəmləməklə inkişafın nizamlı gedişinə nail ola bilməyəcəyini başa düşdü və yenidən sistemlilik problemi ön plana çıxarıldı. Lakin ifrat kənar elmi mövqelərin mübarizəsi kimi yadda qalan bu tarixi inkişaf mərhələsində də qlobal miqyası əhatə edə biləcək, bir növ "ümumi resept" məzmunlu yanaşma tərzi ortalığa qoyulmamışdır. 1980-ci illərdən etibarən dünyanı yeni düzənə "sürükləyən" son dərəcə təhlükəli meyil və təmayüllər meydana çıxmağa başladı. Bütövlükdə bəşəri təhlükə doğuran meyillər sırasında geniş təkrar istehsal prosesinin sistemliliyi və tamlılığının yenidən pozulması əlahiddə yer tutur. Bu mənada müasir dünya 1929-33-cü illərin "piramidasının" astar üzü ilə qarşılaşmışdır.

Maliyyə sferasının əlahiddələşməsi, "özündə şeyə" çevrilməsi, real sektorla birbaşa bağlılığı olmayan güclü pul axınlarının meydana çıxması, törəmə maliyyə bazarlarının görünməmiş yüksəlişi neoliberal modellə qloballaşmaya doğru gedən dünya iqtisadiyyatında tamamilə yeni, əvvəlki dövrlərdən mahiyyətcə fərqlənən "oyun qaydalarının" formalaşmasına gətirib çıxardı. Artıq 2001-ci ildən dünya yeni düzənə qədəm qoydu. Başqa sözlə, son 20 illik (1980-2001) dövr geniş təkrar istehsal prosesinin kəskin disproporsiyalarının, kəskin fəsadların meydana çıxdığı dövr kimi səciyyələndirilə bilər.

Əslində problemin qoyuluşu çox sadədir. "İqtisadi proses" dediyimiz şey (maliyyə də iqtisadi prosesdir) diskretdir. Fasiləsizdir. İqtisadi proses heç vaxt, nə əvvəlki dövrlərdə, nə də indi ayrı-ayrı indilərdən, ayrı-ayrı keçmişlərdən və ayrı-ayrı gələcəklərdən ibarət olmayıb. Keçmiş, indi və gələcək həm funksional, həm determinoloji baxımdan vəhdətdə olub. Elə buradaca qeyd etmək lazımdır ki, iqtisadi zaman fiziki zamanla heç vaxt üst-üstə düşməyib. İqtisadi prosesin tsiklik xarakteri var. Bu gün başlanan prosesin hansı effekt verəcəyini bir ildən sonra qiymətləndirəcəyik deyimi abstraksiyadan başqa bir şey deyildir. Yalnız tsikl başa çatdıqdan sonra məlum olacaq ki, başlanan prosesin real effekti hansı həcmdə olub. Tsikl başa çatmamış bu fikri yürütmək mümkün deyildir.

Beləliklə, qlobal maliyyə böhranının başvermə səbəblərini aşağıdakı kimi sıralamaq mümkündür.

1. Geniş təkrar istehsal prosesinin həm qlobal, həm də ayrı-ayrı "həlledici səsə malik" ölkə və regionlarda sistemliliyi, tamlığı və bütövlüyünün pozulması (Maliyyənin əlahiddələşməsi nəticəsində).

2. Törəmə maliyyə bazarlarının sürətli yüksəlişi; real olmayan pulun qlobal dövriyyəsinin ifrat dərəcədə artımı. Belə ki, bütövlükdə qlobal məcmu məhsul 60 trilyon dollara yaxın həcmdə olduğu halda, törəmə maliyyə alətləri (başqa sözlə, real şəkildə mövcud olmayan pul) 120 trilyon dollara çatmışdır.

3. İqtisadi sistemin neoliberal model çərçivəsində fəaliyyəti. Bu amilin həm mahiyyətə, həm də böhranın sürətlə yayılmasına birbaşa aidiyyəti vardır.

Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, neoliberal bazar modeli, əvvəla, seçim və manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da yekun etibar ilə ölkə hökumətinə real xarici təhlükə qarşısında tam gücü ilə fəaliyyət göstərməyə imkan vermir. Başqa sözlə, milli iqtisadi sərhədlərin və daxili münasibətlər kompleksinin məhdudiyyətsizlik, tam şəffaflıq və açıqlıq keyfiyyətinə sahiblənməsi, qlobal səviyyədə qeyd edilən proseslərin vahidlik mövqeyindən unifikasiyası hökumətin fəaliyyət sferasını (tənzimləmə nöqteyi-nəzərindən) çox dar çərçivəyə salır.

İkincisi, alternativsizlik aspektinin ifrat qabarması yekun olaraq siyasi pessimizmə gətirib çıxarır. Başqa sözlə, təhlükəsizlik problemi ilə bağlı olan məsələlərin ayrıca götürülmüş bir ölkə miqyasında həllinin real bazası (qlobal səviyyədə unifikasiya olduğuna görə) olmur və s.

Məlumdur ki, neoliberalizmin əsas inkişaf etdiyi, dərin kök atdığı məkan ABŞ-dır. Bu gün dünyada baş verən proseslərin incələnməsi də açıq-aydın şəkildə göstərir ki, ABŞ iqtisadiyyatı bir sıra sırf siyasi liberalizm səciyyəsi daşıyan elementlər və komponentlərlə çulğalanmışdır. Başqa deyimlə ifadə etsək, bu o deməkdir ki, iqtisadi sistemə yabancı elementlər daxil edilmişdir. Neoliberal yanaşmanın planetar səviyyədə geniş yayılması (yaxud, məqsədli şəkildə yayılması) elə bir münasibətlər sistemini sərgiləyib ki, artıq ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının ağırlıq mərkəzinə, qlobal dəyişikliklərin real bazasına çevrilmişdir. Məhz buna görə də, ABŞ iqtisadiyyatında baş verən proseslərin bütövlükdə planetar səviyyədə yayılması qaçılmazdır və sözün mütləq mənasında onun qarşısının alınması mümkün deyildir.

Beləliklə qlobal maliyyə böhranının sürətlə yayılmasının kökündə dayanan əsas səbəb ABŞ-ın geniş təkrar istehsal prosesinin milli bütövlüyünün pozulmasıdır. Milli iqtisadi təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən "milli bütövlük" konseptinin inkarı, zənnimizcə, ABŞ-ın dövlət siyasətinin əsas elementlərindən biri olmaqla, ABŞ-ın əgər belə demək caizdirsə, "qloballaşmasına", planetdə baş verən hər şeyin ona aidiyyəti olmasına və s. xidmət edir. Başqa sözlə, ABŞ-ın geniş təkrar istehsal prosesi tamlıq, bütövlük halında mövcud deyildir və bu gün müşahidə etdiyimiz və "qlobal bütövləşmə" adlandırdığımız proses sistemlilik prizmasından elmi abstraksiya çərçivəsindən kənara çıxmır. "Qlobal bütövləşmə" dediyimiz şey yalnız maliyyə sferasını (gerçək funksional mahiyyət daşıma nöqteyi-nəzərindən) əhatə edir. Məlumdur ki, digər sistemyaradan istiqamət - yaxud sfera - xarici ticarət dünya səviyyəsində böhran yaradan səbəblər sırasında çox nadir hallarda çıxış edə bilər. Maliyyə sferasından inteqrasiya olunaraq qlobal bütövləşmə yaradan dünya anklav xarakterli inteqrasiya birliyinə doğru gedir. Bu anklav xarakterli bütövlükdür.

Yəni dünya ölkələrinin nə iqtisadi sistemləri, iqtisadiyyatları, nə də geniş təkrar istehsal prosesinin əksər fazaları deyil, yalnız maliyyə sferası birləşmə əzmindədir və birləşir.

 

... və Azərbaycan

 

Qlobal müstəvidə formalaşacaq yaxud formalaşan "nəinsə" sistemliliyinin yoxluğu şəraitində problemli situasiyalar, böhranlı situasiyalar qaçılmazdır. Bütün bu deyilənlərin fonunda qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına birbaşa təsiri mümkündürmü sualına cavab birmənalıdır: Xeyr! Birbaşa təsirin mümkünsüzlüyünü şərtləndirən əsas amilləri aşağıdaki kimi ifadə etmək olar:

1. Ölkənin iqtisadiyyatının açıqlıq dərəcəsini müasir situasiyanın daxili təbiətindən çıxış etməklə optimal saymaq olar. Belə ki, funksional açıqlığın kifayət qədər geniş diapazonu əhatə etməsinə baxmayaraq, institutsional açıqlıq (maliyyə, valyuta rejimləri və s.) sferasında məhdudiyyət şərtləri kifayət qədər güclüdür.Yəni, qeyd edilən sfera xarici təhlükəyə münasibətdə "qoruyucu mexanizm" kimi çıxış etmək iqtidarındadır.

2. Ölkədə iqtisadi subyektlərin, o cümlədən bankların bazar kapitallaşması səviyyəsi hələ rüşeym formasındadır. Fond bazarı hələ ki formalaşma mərhələsindədir.

3. Xarici borclanma kritik səviyyədən xeyli aşağıdır. Belə ki, Azərbaycan banklarının xarici mənbələrdən cəlb etdikləri vəsait cəmi 2 milyard dollardır ki, bunun da ümumvəsaitlərdə xüsusi çəkisi 18 faizə yaxındır. Müqayisə üçün deyək ki, Qazaxıstanda müvafiq göstərici 78 faizə təşkil edir. Aydındır ki, 18 milyard dollar həcmində valyuta ehtiyatları olan bir ölkə üçün qeyd edilən rəqəm kifayət qədər kiçikdir.

Göründüyü kimi, bu gün, eləcə də gələn il ərzində qlobal maliyyə böhranının Azərbaycana birbaşa təsirindən danışmağın yeri yoxdur. Amma, eyni zamanda, prosesin davam edəcəyinə də heç bir şübhə yoxdur.

Böhran dərinləşməkdədir. Onun dayandığı andan etibarən durğunluq dövrü başlayacaq və bir müddət davam edəcəkdir. Bu prosesin gedişi, zatən belədir. Birmənalı şəkildə böhranın qarşısını almaq yaxud böhranlı prosesi saxlamaq, ondan qorunmaq və ya onu hansısa çərçivəyə salmaq mümkünsüzdür. Bununla belə, bizim vurğuladığımız əsas məsələ ondan ibarətdir ki, dünya yeni iqtisadi nizama keçməli, mövcud nəzəri yanaşmaların metodoloji bazası kardinal şəkildə dəyişməlidir.

Yaranmış situasiyanın daxili məntiqi açıq-aydın şəkildə göstərir ki, neoliberalizm özünün "fiziki" məhvinə yaxınlaşmaqdadır. Neoliberalizm-kəmiyyətcə ölçülə bilən və bütövlükdə maddi mahiyyət daşıyan "iqtisadi proses" dediyimiz məcmuluğun tənzimlənməsində, məqsədyönlü istiqamətlənməsində uzunmüddətli dövr ərzində prioritet mövqedə dayana bilməz. Bu yanaşmanın mahiyyətcə dəyişməsinə, sistemliliyin təminatına maneə törədən hər şeyin aradan qaldırılmasına böyük ehtiyac yaranmışdır. Əks-təqdirdə, yəni qeyd edilən aspektdə dəyişikliklər aparılmasa, yenə həmin qaydanın prioritetliyi saxlanılsa, onda zaman-zaman bu problemlər yaranmaqda və destruktiv sosial-iqtisadi nəticələr doğurmaqda davam edəcəkdir. 10-15 il ərzində inkişaf etmiş ölkələr əldə etdikləri sərvəti bir il ərzində itirəcəklər. Sonra yenidən həmin qazanma prosesi başlayacaq və yenidən itirəcəklər və beləliklə, yekun olaraq qlobal səviyyədə davamlı, dayanıqlı inkişaf dediyimiz şey əlçatmaz arzuya, xəyala, xülyaya çevriləcəkdir. Ona görə də, bu günkü iqtisadi proseslərin tənzimlənməsi və idarə edilməsində neoliberal "xalislikdən", neoliberal "təmizlikdən" uzaqlaşmaq lazımdır. Eyni zamanda, o da aydındır ki, neoliberalizm real bazarın substansiyasıdır. Onsuz bazar yoxdur. Amma sırf neoliberal modelli bazarı "özbaşına" qoyanda, o antidemokratik quruma çevrilir, təmərküzləşir, mərkəzləşir və fiaskoya uğrayır, yəni "intihar" edir. "Azad bazar" deyilən şey yoxdur, olmayıb və olmayacaq da. Həmçinin ayrı-ayrı ölkələrin milli mənafeləri arasında tarazlığa nail olunması, qlobal səviyyəli ədalətsizliyin aradan qaldırılması neoliberal yanaşma çərçivəsində, ona söykənməklə ortalığa gələ bilən, formalaşa bilən, potensial vəziyyətdən gerçəkliyə transfer edə bilən bir yanaşma deyildir.

Beləliklə, biz müstəqil bir dövlət olmaq etibar ilə xarici təhlükələrdən qorunma mexanizminin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək əzmindəyik. Aydın məsələdir ki, qısa bir vaxt intervalında, yaxud birdən-birə tam monolit xassəli iqtisadi sistem formalaşdırmaq mümkünsüzdür. Hələ heç bir dövlət qeyd edilən yekuna qısa zaman kəsiyində nail ola bilməyibdir. Bunu təbii qarşılamaq lazımdır.

Onun müəyyən bir zamana ehtiyacı var və hadisədən-hadisəyə təkmilləşmələrlə gedir. Əgər böhran olmasa idi, bizim bu istiqamətdə düşünməyimizə də heç ehtiyac qalmayacaqdır. Böhran varsa, ondan qorunmağın orta və uzun müddətli perspektivləri də var.

Beləliklə, qlobal maliyyə böhranından, illah da uzun müddət davam edəcəyi təqdirdə, "mütləq" qorunma imkanı yoxdur. Əsas məqsəd daha az itkilərlə bu böhrandan "yaxa" qurtarmaqdır.

Zənnimizcə, böhrandan minimum itkilərlə çıxışın yeganə yolu milli iqtisadi sistemin "xalis" neoliberal yanaşmadan müəyyən "məsafədə" dayanması zəruriliyindən keçir. Məhdudiyyət şərtləri, milli iqtisadi sərhədlərimizin qorunması kriteriyaları və prinsipləri ümummilli mənafelərin mahiyyəti ilə çulğalaşmalı və ondan, onun prioritetliyinin dönməzliyindən qaynaqlanmalıdır.  

 

 

Bayramov Əvəz

 

Respublika.- 2009.- 15 yanvar.- S. 5.