Azərbaycan və Estoniya arasında sıx siyasi münasibətlər mövcuddur

 

Prezident İlham Əliyev vurğulayıb ki, münasibətlər müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün yaxçı bünövrəni təmin edibdir

 

Azərbaycan və Estoniya müstəqilliklərini bərpa etdikdən sonra çox yaxşı münasibətlərə malik olublar. Qeyd edək ki, Azərbaycanın Avropa Şurasına daxil olmasını ürəkdən dəstəkləyən ölkələrdən biri də Estoniya olmuşdur. Bu ölkə Azərbaycanın Avropada tərəfdaşı və dostu kimi tanınır. Estoniya Avropanın enerji tələbatının təmin edilməsində Azərbaycanın oynamalı olduğu mühüm rolu etiraf edən ölkələrdən biridir. Bunu Estoniya prezidenti Toomas Hendrik İlvesin Azərbaycana yüksək səviyyədə keçən rəsmi səfəri də təsdiq etdi.

Ölkələrimizin müstəqillik qazandıqdan sonrakı onilliklər ərzində uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Azərbaycan və Estoniya arasındakı olduqca möhkəm siyasi münasibətlər müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bünövrəni təmin edibdir.

Estoniya Respublikasının prezidenti Toomas Hendrik İlvesin ölkəmizə yüksək səviyyədə keçən rəsmi səfəri çərçivəsində prezidentlərin təkbətək görüşündə iki ölkə arasında münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Dövlət başçıları İlham Əliyev və Toomas Hendrik İlves ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardılar. Dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşündə cənab İlham Əliyev ikitərəfli və regional inkişafla bağlı məsələlərin geniş müzakirə edildiyini vurğuladı: "Regional inkişaf, regionda vəziyyət və təhlükəsizlik, enerji məsələləri - bunlar hamısı bir-birilə əlaqəlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi bizim üçün çox mühümdür".

Azərbaycan və Estoniya prezidentlərinin imzaladıqları birgə Bəyannamə ikitərəfli münasibətlərə, regional vəziyyətə və dövlətlərimizi bir-birinə bağlayan bir çox məsələlərə dair tərəflərin fikir və ideyalarını əks etdirir. Məsələn, Estoniyanın Bəyannamədə əks olunan mövqeyi bir daha təsdiqləyir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ərazi bütövlüyü prinsipi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları əsasında həll edilməlidir.

Prezident Toomas Hendrik İlves ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmanın bu gün dünyanın ən mühüm məsələlərindən biri olduğunu bəyan edərək bildirib ki, ərazi bütövlüyünün qorunması və mübahisələrin dinc vasitələrdən istifadə edilməklə, sülh yolu ilə həlli İkinci Dünya müharibəsindən sonra Avropada xarici siyasətin və beynəlxalq münasibətlərin təməl daşıdır: "Bu prinsipin pozulduğu zaman nəyin baş verdiyini görürük. Bu baxımdan, biz Azərbaycanın məsələ ilə bağlı mövqeyini yaxşı anlayırıq".

Cənab İlham Əliyev münaqişənin həllinin iki dövlət arasında aparılan müzakirələrin mövzularından biri olduğuna diqqət çəkərək bəyan edib ki, Azərbaycanın mövqeyi yalnız və yalnız beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanır və bu, münaqişənin həllinə aparan yeganə yoldur.

Bakıda keçirilən Azərbaycan-Estoniya biznes forumunda iştirak edən Prezident İlham Əliyev iş adamlarının apardıqları konkret fikir mübadiləsinin əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanların müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Cənab İlham Əliyev estoniyalı iş adamlarını azərbaycanlı tərəfdaşları ilə birgə iqtisadi layihələr yerinə yetirməklə yanaşı, dövlət sərmayəsi hesabına reallaşdırılacaq layihələrdə də yaxından iştiraka dəvət edib: "Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə regionda liderdir. Bizim neft ehtiyatlarımız inkişaf üçün yeni perspektivlər açır. 2009-cu il üçün nəzərdə tutulan dövlət sərmayə proqramlarının həcmi 5 milyard dollardan çox olacaq, həmin layihələr dövlət büdcəsindən maliyyələşdiriləcəkdir".

Dövlətimizin başçısı planetdə enerji təhlükəsizliyinin ciddi problemə çevrildiyi indiki vaxtda ölkəmizin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini də xüsusi vurğulayıb. Cənab İlham Əliyev bildirib ki, Azərbaycan enerji daşıyıcılarının nəqli və qiymət məsələsində istər hasilatçı, istər istehlakçı, istərsə də tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının tərəfdarıdır. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun 2007-ci ildə BMT tərəfindən şəffaflığa görə xüsusi mükafata layiq görülməsini, 2008-ci ildə isə Dünya Bankı kimi mötəbər qurumun Azərbaycanı dünyada bir nömrəli islahatçı ölkə elan etməsini forum iştirakçılarının diqqətinə çatdırıb.

Məlumat üçün bildirək ki, biznes forumunda Estoniya tərəfdən 20 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 100-dən çox iş adamı təmsil olunub. Estoniya biznesmenləri informasiya-kommunikasiya texnologiyaları, maliyyə, daşınmaz əmlak, nəqliyyat, logistika və bir sıra digər sahələri təmsil ediblər.

Azərbaycanın öz imkanlarından istifadə edərək tərəfdaş və dostları ilə işbirliyi qurduğunu bəyan edən cənab İlham Əliyev bildirib ki, biz enerji resurslarını heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik, onlar yalnız dəstək, yardım, bu və ya digər ölkənin siyasi və iqtisadi maraqları üçün sərf olunacaqdır: "Bu günə qədər Azərbaycan özünü enerji ehtiyatlarının hasilatçısı, nəqlinin təminatçısı və tranzit ölkə kimi nümayiş etdirmişdir. Əminəm ki, bu siyasət vəziyyətin proqnozlaşdırılmasına və əməkdaşlığa, ölkələr arasında daha yaxşı anlaşmaya xidmət edəcəkdir".

 

 

Ş.ƏLİZADƏ,

 

Respublika.- 2009.- 16 yanvar.- S. 1-2.