“Avropa ailəsi”nin layiqli üzvü
Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına tamhüquqlu
üzv qəbul olunmuşdur
XX əsrin sonlarına
doğru soyuq müharibənin başa çatması və
sosializmin süqutu, keçmiş İttifaq daxilində mərkəzdənqaçma
meyillərinin və milli azadlıq dalğasının
genişlənməsi Azərbaycana milli inkişaf yolunu
müstəqil şəkildə müəyyənləşdirmək
imkanı yaratmışdır. 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktında demokratiya və azad bazar
iqtisadiyyatı yolunu prioritet kimi seçdiyini bəyan etmiş
respublikamız Qərbə - Avratlantik məkana dinamik
inteqrasiyasını da mühüm vəzifələrdən
biri kimi müəyyənləşdirmişdir.
Müstəqilliyin ilk
illərində - xüsusən 1992-1993-cü illərdə
respublikamızda obyektiv əsas və bünövrə olmadan
demokratikləşmə xəttinin populist şüar kimi bəyan
edilməsi, total siyasi şüurun fundamental dəyişikliklərə,
yeniliklərə hazır olmaması bu mötədil sistemə
transformasiyanı müəyyən qədər ləngitsə
də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra həyata
keçirilən kompleks tədbirlər vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğu prosesinə
başlamaq imkanı yaratmışdır. Ulu öndərin rəhbərliyi
altında ictimai-siyasi sabitliyin, qanunçuluğun və
hüquq qaydalarının təmin edilməsi istiqamətində
həyata keçirilmiş məqsədyönlü tədbirlər
respublikamızın Avropada və ümumilikdə dünyada
qeyri-stabil dövlət imicini aradan qaldırmış, regionun
siyasi simasını və taleyini müəyyənləşdirən
mühüm demokratik institut və təşkilatlarla əməkdaşlığına
nəfəs vermişdir. Avrostrukturlara inteqrasiya prosesinə fəal
surətdə qoşulan respublikamız bu geosiyasi arealda əməkdaşlıq
təşəbbüslərinin birbaşa
iştirakçısına çevrilmiş, demokratik dəyərlərin,
insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan
siyasi sistemin formalaşdırılması istiqamətində
inamlı addımlar atmışdır. Avropa regionunun
nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa
Şurası ilə əməkdaşlıq da həmin
dövrdən zəruri məsələ kimi gündəmə gəlmiş, yenicə
müstəqillik qazanmış respublikamız öz
maraqlarını qorumaq, ölkə həqiqətlərini
dünyaya çatdırmaq, demokratikləşmə prosesini
sürətləndirmək məqsədilə təşkilata
üzvlüyü vacib saymışdır. Sonrakı mərhələdə
bir daha təsdiqlənmişdir ki, Azərbaycanın demokratik siyasi
sistemə transformasiyasında ən ardıcıl və məqsədyönlü
iş aparan təşkilat məhz Avropa Şurasıdır.
Xatırlatmaq
lazımdır ki, 1949-cu ildə 10 Avropa ölkəsi -
Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya,
İtaliya, Lüksemburq, Fransa, İsveç, Norveç və
Niderland Avropa Şurasını təsis etmişlər. Təşkilatın
5 may 1949-cu il tarixdə qəbul edilmiş nizamnaməsinin I
maddəsində göstərilir ki, Avropa Şurasının məqsədi
öz üzvləri arasında onların ümumi mirası
olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və
prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə
daha çox birliyə nail olunmasıdır. Təşkilat bu
məqsədə şuranın orqanları vasitəsilə
ümumi marağı əks etdirən problemlərin
müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi,
hüquqi və inzibati məsələlərdə, insan
hüquqları və əsas azadlıqlarının
qorunması və gələcəkdə də həyata
keçirilməsində razılaşmalar və ümumi fəaliyyət
əsasında nail ola bilər.
1992-1993-cü illərdə
Azərbaycanın təşkilata üzvlüyü istiqamətində
atılmış müəyyən addımlar uğursuzluqla nəticələnmiş,
yalnız umummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra dünyanın hüquqi-siyasi atmosferinin
müəyyənləşməsində mühüm rolu olan
beynəlxalq təşkilatlarla, o cümlədən Avropa
Şurası ilə qarşılıqlı faydalı əməkdaşlıq
uzaq hədəflərə hesablanan və milli maraqları
özündə ehtiva edən xarici siyasət
doktrinasının mühüm istiqamətlərindən biri
elan edilmişdir. 1993-cü ildən etibarən ölkədə
siyasi sabitliyin təmin olunması hüquqi, demokratik və
dünyəvi dövlət quruculuğu istiqamətində real
addımların həyata keçirilməsinə, milli
qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılmasına imkan yaratmışdır.
Yüksək humanizm, şəxsiyyətə inam və
hörmət, insanpərvərlik prinsiplərini önə
çəkən ulu öndərimiz Heydər Əliyev
Avratlantik məkana inteqrasiya yoluna üstünlük vermiş,
bu istiqamətdə qətiyyətli addımlar
atmışdır.
Həmin dövrdən
etibarən Azərbaycanın xarici siyasətində Avropa
Şurasına daxil olmaq istiqamətində həyata
keçirilən kompleks tədbirlər müstəqil
respublikamızın dünyəvi dövlət quruculuğu
sahəsində bu qurumdan öyrənmək meyillərini daha
da gücləndirmişdir. O illərdə ulu öndər Heydər
Əliyevin peşəkar siyasətçi və dövlət
xadimi kimi göstərdiyi diplomatik səylər,
respublikamızın beynəlxalq nüfuzunun
qaldırılması istiqamətində atılan addımlar,
eləcə də ölkəmizin siyasi fəallığının
güclənməsi, ictimai həyatın hərtərəfli
demokratikləşdirilməsinə yönələn islahatlar
respublikamızın Avropa Şurası ilə yaxınlaşma
prosesinə yeni impulslar vermişdir. 1994-cü ilin mayında cəbhədə
atəşkəsin əldə olunması, habelə bir il sonra
Azərbaycanın ilk milli Konstitusiyasının
hazırlanması istiqamətində real addımların
atılması, təşkilatla əməkdaşlıq
üçün üfüqlər açmışdır.
1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası
insan hüquq və azadlıqlarının təminatına
maksimum imkanlar açmaqla cəmiyyətin bütün sahələr
üzrə yeniləşməsində, siyasi və hüquqi
islahatların dərinləşdirilməsində,
liberallaşma prosesində mühüm rol oynamış, ən
başlıcası Avropa Şurası ilə münasibətlərin
yüksələn xətlə inkişafına təkan
vermişdir.
Əsas Qanunun qəbulundan
sonra ölkədə hüquqi islahatların yeni mərhələsi
başlanmış, ulu öndər Heydər Əliyevin
imzaladığı bir sıra sərəncamlar Azərbaycanın
Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirmişdir.
1996-cı il iyunun 28-dən etibarən Azərbaycan
Respublikasının Avropa Şurasında "xüsusi qonaq
statusu"nda iştirakının təmin olunması milli
qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla
əlaqə və dialoqun intensivləşməsinə zəmin
yaratmışdır. Eyni zamanda ulu öndər Heydər Əliyevin
8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi tədbirləri
haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası
ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın
dərinləşdirilməsi sahəsində tədbirlər
haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan
Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın
dərinləşdirilməsi və Azərbaycan
Respublikasının Avropada mənafelərinin təmin edilməsi
haqqında" sərəncamları Avropa Şurasına
üzvlük üçün tələb olunan
hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin
işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.
Bu sərəncamlarla Avropa ölkələrində
hamılıqla qəbul edilmiş standartlara və normalara
uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət,
Cinayət-Prosessual, Mülki və Mülki Prosessual Məcəllələrin,
habelə məhkəmə-hüquqi sistemi ilə bağlı
yeni qanunların hazırlanmasının əsası
qoyulmuşdur. 1996-2000-ci illərdə respublikamız insan
hüquq və azadlıqlarının, habelə demokratik təsisatların
inkişafının təminatı ilə bağlı bir
sıra beynəlxalq konvensiyalara, sazişlərə
qoşulmuş, Azərbaycanda Konstitusiya Məhkəməsi,
habelə üçpilləli məhkəmə sistemi
yaradılmışdır.
1996-2000-ci illərdə
respublikamız insan hüquq və azadlıqlarının,
habelə demokratik təsisatların inkişafının təminatı
ilə bağlı bir sıra beynəlxalq konvensiyalara,
sazişlərə qoşulmuşdur. Bütün bunların
müqabilində Avropa Şurasında Azərbaycanla
bağlı təsəvvürlər müsbət mənada dəyişmiş,
əməkdaşlığa maraq artmışdır. 2000-ci il
mayın 15-də Avropa Şurası Siyasi Komitəsinin Dublin
şəhərində keçirilmiş iclasında Azərbaycan
uzrə məruzəçi olmuş Jak Bomelin hesabatı dinlənilərək
respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsi ilə bağlı rəy verilmişdir. AŞPA-nın
2000-ci il iyunun 26-28-də keçirilmiş növbəti
sessiyası zamanı 126 nəfər deputatın iştirak
etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər
əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan
Respublikasının Avropa Şurasının tamhüquqlu
üzvlüyünə qəbul edilməsi məsələsi
dəstəklənmişdir. 2000-ci il sentyabrın 6-da Avropa
İttifaqının üzvü olan ölkələrin
adından Azərbaycan və Ermənistanın Avropa
Şurasına üzvlük üçün müraciətləri
ilə bağlı bəyanat qəbul edilmişdir. Və bunun
nəticəsi kimi 1996-cı ildən təşkilatda
xüsusi qonaq statusu ilə təmsil olunan Azərbaycan 2001-ci
ilin 17 yanvarında qurumun Nazirlər Komitəsinin qərarı
ilə Avropa Şurasının tamhüquqlu
üzvlüyünə qəbul edilmişdir. 2001-ci il
yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
həsr olunmuş rəsmi mərasimdə ulu öndərimiz
Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli
nümayəndə heyəti iştirak etmişdir.
Təşkilata
üzvlükdən dərhal sonra cəmiyyətdə tez-tez təkrarlanan
suallardan biri də məhz bu idi: Azərbaycan bir çox
hallarda ikili standartların özünü qabarıq büruzə
verdiyi bir mürəkkəb auditoriyada öz maraqlarını
qoruya biləcəkmi? Sirr deyil ki, rəsmi Bakı təşkilata
qəbul ərəfəsində Avropaya inteqrasiya naminə
ölkədəki vəziyyətə adekvat olmayan bəzi
öhdəliklərə də imza atmalı olmuşdu. Üstəlik,
Avropa Şurası Parlament Assambleyası təşkilatda yeni qəbul
olunmuş ölkələrə sərt nəzarət mexanizmlərinin
tətbiqinə üstünlük verirdi. Respublikamızın
təşkilatda öz mövqeyini lazımi səviyyədə
əsaslandırması, qərəzli təzyiqləri dəf
etməsi, ən əsası, üzləşdiyi problemləri
bu mötəbər tribunadan qətiyyətlə bəyan etməsi
üçün Azərbaycan nümayəndə heyətinə
məhz Avropanın siyasi leksikonuna bələd olan yüksək
intellektli, siyasi-iqtisadi bilgiləri dərindən mənimsəmiş,
praqmatik təfəkkürlü siyasətçi rəhbərlik
etməli idi. Və bu seçimdə diqqət istisnasız
olaraq böyük siyasətdə özünü tam təsdiqləmiş
İlham Əliyevin üzərində dayandı. Azərbaycan
nümayəndə heyətinin müxtəlif siyasi
baxışlı üzvlərini qısa müddətdə
monolit komandaya çevirməyi bacaran İlham Əliyev
AŞPA-da ermənilərə qarşı effektiv əks-hücumun
təşkilinə nail oldu. Bu məsələyə xüsusi
önəm verilməsi təsadüfi deyildi - Ermənistanın
təcavüzü ilə üzləşmiş Azərbaycan
erməni faşizminin gerçək mahiyyətini dünyaya
açıb göstərmək üçün bu mötəbər
təşkilatın tribunasından maksimum yararlanmağa
çalışırdı. Həmin dövrdə nümayəndə
heyətinə rəhbərlik edən İlham Əliyev
diplomatik ustalığı, səmimi ünsiyyət qurmaq
bacarığı, işgüzarlığı, insanları
inandırmaq səriştəsi ilə bütövlükdə
AŞPA-nın yüksək reytinqli parlamenrarlardan biri kimi
tanıdı. Bu etimadın yüksək nəticəsi olaraq
2003-cü il yanvar ayının
27-də İlham Əliyevin AŞPA-nın sədr müavini və
büro üzvü seçilməsi Azərbaycanın təşkilat
çərçivəsində əldə etdiyi ən
böyük uğurlardan idi. Bu, ölkəmizin Avropa
Şurası ilə əlaqələrinin kifayət qədər
yüksək səviyyədə inkişaf etdiyini, nümayəndə
heyətimizə, xüsusən, İlham Əliyevə
böyük rəğbətin mövcudluğunu təsdiqləyən
mühüm hadisə oldu. Yeri gəlmişkən, sonrakı mərhələdə
İlham Əliyevin AŞPA-nın fəxri üzvü
seçilməsi və xüsusi medalla təltif olunması da
böyük fərəh, qürur doğuran hadisə idi.
İlham Əliyevin
nümayəndə heyətinə rəhbər olduğu
qısa müddətdə AŞPA-da Azərbaycan həqiqətlərini
təcəssüm etdirən 30-dək sənədin
hazırlanmasına və qəbuluna nail olunmuşdur. Azərbaycan
nümayəndə heyətinin təşkilat çərçivəsindəki
çoxşaxəli fəaliyyətinin əsas qayəsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq
idi. Və o dövrün nəticələri bu məqsədin
uğurla reallaşdırıldığını söyləməyə
ciddi əsaslar yaradır. AŞPA-nın 2005-ci ilin
yanvarında keçirilmiş qış sessiyasında Ermənistanın
təcavüzkar dövlət kimi tanınması da bunun əyani
təsdiqidir.
Azərbaycanın ərazi
bütövlüyünün tanınması bu gün Ermənistanın
qarşısına şərt kimi qoyulmuşdur. Bu, sırf
Avropa Şurasının nizamnaməsindən irəli gələn
tələbdir - təşkilata üzv dövlətlər
bir-birinin ərazi bütövlüyünü və
suverenliyini tanımağa borcludur. Nümayəndə heyətimizin
üzvləri bu məsələ ilə bağlı bir
neçə dəfə Avropa Şurası Nazirlər Komitəsinə
şifahi müraciət etmişlər. Və bu müraciətlərə
cavab olaraq hər dəfə Ermənistanın
davranışının Avropa Şurası prinsiplərinə
və beynəlxalq hüquq normalarına zidd olduğu
bildirmişdir. Fakt qarşısında qalmış Ermənistan
nümayəndə heyəti Avropa Şurası müstəvisində
hansısa adekvat təbliğat aparmaq imkanından məhrumdur
və bu reallığı erməni mətbuatı da etiraf
edir.
Müəyyən
qüvvələr, xüsusən də bəzi siyasiləşmiş
QHT-lər və ifrat radikal müxalifət partiyaları
AŞPA ilə Azərbaycan arasında gərginlik yaratmaq,
ölkəmizin mövqelərini zəiflətmək
üçün ən müxtəlif üsullara əl
atdılar. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi
olmuş Martines Kassan ölkənin ifrat radikal müxalifət
partiyalarına xitabən 2003-cü ildə belə demişdi:
"Dünyanın heç bir ölkəsində
görünməyib ki, müxalifət öz ölkəsinə
təzyiq göstərmək üçün belə fəal
olsun". Bəli, Ermənistan müxalifətindən fərqli
olaraq Azərbaycanın ifrat radikal müxalifəti öz fəaliyyətini
daim ölkəyə təzyiqləri gücləndirmək
istiqamətində qurmağa çalışır. Və bu
inkarçı qüvvələrin aşkar qərəzi ilə
hər dəfə üzləşməli oluruq: onlar xaricdəki
antiazərbaycançı qüvvələrlə sıx əməkdaşlıq
qurur, xüsusən də, AŞPA-nın sessiyaları ərəfəsində
ölkə iqtidarına müəyyən süni problemlər
yaratmağa cəhd göstərirlər. Bu cəhdlərə
rəğmən, son 8 ildə Avropa Şurası ilə Azərbaycan
arasındakı qarşılıqlı faydalı əməkdaşlıq
yüksələn xətlə inkişaf edir və rəsmi
Bakı təşkilatın regiondakı roluna mühüm
önəm verir. Zaman-zaman Azərbaycanla Avropa Şurası
arasında süni problemlər yaratmağa, bu yolla ölkəmizə
təzyiq göstərməyə çalışan qüvvələr
isə məqsədlərinə nail ola bilməyiblər. Rəsmi
Bakı isə təşkilat qarşısında
götürdüyü bütün öhdəlikləri
vaxtlı-vaxtında icra etmiş, ölkədə İnsan
haqları üzrə müvəkkil - Ombudsman İnstitutu fəaliyyətə
başlamış, Azərbaycan Prezidentinin mütəmadi
imzaladığı əfv fərmanları nəticəsində
qondarma "siyasi məhbuslar" problemi qapanmış, insan
hüquqlarının Təminatına xidmət edən yeni
qanunlar qəbul olunmuş, o cümlədən İctimai
televiziya fəaliyyətə başlamışdır. Rəsmi
Bakı təşkilatın ölkənin demokratik
inkişafına xidmət edən bütün mütərəqqi
təklif və tövsiyələrini nəzərə
almış, AŞPA həmməruzəçilərinin
müntəzəm monitorinq aparmasına şərait
yaratmışdır.
Bu gün beynəlxalq
müstəvidə, xüsusilə Avropa mühitində
Prezident İlham Əliyevin yeritdiyi siyasətin aşkar surətdə
dəstəklənməsi faktı son dərəcə fərəhlidir.
Səbəbsə çox sadədir - Prezident İlham Əliyev
dövlət başçısı olana qədər də
beynəlxalq müstəvidə qəbul olunan, rəğbət
bəslənilən siyasətçi idi. Onun AŞPA-dakı fəaliyyəti
bu gün də təşkilatın rəhbərliyi tərəfindən
daim razılıqla, rəğbətlə xatırlanır. Azərbaycan
Prezidenti İlham Əliyev AŞPA ilə
qarşılıqlı faydalı əməkdaşlığın
daha da genişləndirilməsi zərurətini daim önə
çəkir, bu istiqamətdə praktik tədbirlərin həyata
keçirilməsini təmin edir.
Bütün
bunlar deməyə əsas verir ki, 2001-ci ilin 17 yanvarında insan hüquqlarının, liberal dəyərlərin
hakim olduğu bu mötəbər
təşkilatın qarşısında üçrəngli
bayrağını ucaldan Azərbaycan yüksək tolerantlığa əsaslanan ictimai düşüncə tərzi
ilə sivil Qərb dəyərlərinə heç də
yabançı olmadığını təsdiqləmişdir. Beləliklə,
xarici siyasətdə qarşıya qoyduğu əsas prioritetlərdən daha birini
uğurla gerçəkləşdirən müstəqil respublikamız "Avropa
ailəsi"nə qovuşaraq
milli maraq və mənafelərinin müdafiəsi, habelə erməni lobbisinə qarşı
səmərəli əks
ideoloji-siyasi təbliğatı gücləndirmək üçün əlverişli
tribuna qazanmışdır.
Elşad ABDULLAYEV,
Azərbaycan Beynəlxalq
Universitetinin rektoru,
hüquq elmləri doktoru, professor.
Respublika.- 2009.- 18 yanvar.- S. 5.