Azərbaycan 2008-ci ilin bir nömrəli
islahatçı ölkəsi kimi tanınır
Prezident İlham Əliyev vurğulayıb ki,
uğurlarımızın təməlində bizim siyasətimiz,
düzgün xəttimiz və ölkəmizdə gedən
müsbət prosseslər dayanır
2008-ci ildə
xalqımız böyük uğurların, mühüm tarixi
hadisələrin şahidi oldu. Yeni müəssisələr
açıldı, iqtisadiyyat artdı, böyük, nəhəng
infrastruktur layihələri həyata keçirildi. Azərbaycan
inkişafının keyfiyyətcə yeni mərhələsini
də uğurla başa vurdu. Hələ 2003-cü ildə
Prezident seçkiləri ərəfəsində verilən vədlər,
irəli sürülən konsepsiya və proqramlar həyatımızda
öz real təsdiqini tapdı. Ölkəmizin daha da tərəqqisi
və qüdrətlənməsi üçün həyati əhəmiyyətli
möhkəm baza-siyasi, sosial-iqtisadi baza tam formalaşdı.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın
yekunlarına həsr olunmuş iclasındakı proqram
xarakterli nitqində dövlətimizin başçısı
son illər ərzində aparılan uğurlu iqtisadi
islahatların 2008-ci ilin yekunlarında da özünü
göstərdiyini, iqtisadiyyatın 21 faiz
artdığını qeyd etdi: "Əgər
dünyanın ən birinci, ən qabaqcıl maliyyə qurumu
olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına
görə ilin bir nömrəli islahatçı ölkəsi
kimi tanıyırsa və bunu bəyan edirsə, bu,
özü-özlüyündə göstərir ki,
uğurlarımızın təməlində bizim siyasətimiz,
düzgün xəttimiz və Azərbaycanda gedən müsbət
proseslər dayanır".
Bütövlükdə
2008-ci il Azərbaycanın dinamik və hərtərəfli
inkişafı baxımından çox uğurlu olub. Bu
gün dünyada dərinləşən maliyyə
böhranının təsiri nəticəsində hətta bir
çox aparıcı ölkələrin iqtisadiyyatında
yaranan durğunluğa baxmayaraq, Azərbaycan iqtisadiyyatı
inkişaf etməkdədir. 2008-ci ildə ümumi daxili məhsulun
real həcmi 2003-cü illə müqayisədə 2,6 dəfə
artaraq, 38 milyard manat olmuş, o cümlədən qeyri-neft
sektoru 1,8 dəfə, neft sektoru isə 4,1 dəfə
artmışdır. Ümumi daxili məhsulda özəl
sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil etmişdir.
İl ərzində real artım 10,8 faiz, o cümlədən
neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə
15,7 faiz olmuşdur. Ümumi daxili məhsulun adambaşına
düşən nominal həcmi 2003-cü ilə nisbətən
5 dəfə artaraq, 4.440 manat təşkil etmişdir.
Azərbaycan
iqtisadiyyatı şaxəli şəkildə, davamlı tərəqqi
yolundadır. Ötən il bu istiqamətdə çox
mühüm addımlar atılıb. Ölkənin tərəqqisi,
xalqın daha da yaxşı yaşaması naminə lazımi
tədbirlər görülüb.
Bu baxımdan sosial məsələlərin
həllinə yönələn addımlar xüsusilə təqdirəlayiqdir.
Maaşların, pensiya və müavinətlərin artım
tempi yüksəkdir və bu meyil davam etdirilir. Hazırda
ölkədə orta aylıq əmək haqqı 268 manat təşkil
edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən
24,2 faiz çoxdur. 2008-ci ildə əhalinin adambaşına
düşən gəlirləri ötən illə müqayisədə
36,2 faiz artmışdır. Minimum aylıq əmək
haqqı və əmək pensiyalarının baza hissəsi il
ərzində artılaraq 75 manata
çatdırılmışdır. Bunun nəticəsində
təyin olunmuş aylıq pensiyaların orta məbləği
ötən ilin müvafiq dövrü ilə müqayisədə
50 faizdən çox artaraq 96 manata çatmışdır.
Ölkəmizdə
insanların rifah halının
yaxşılaşdırılması istiqamətində
atılan addımlar öz gözəl nəticələrini
verir. Belə ki, ölkədə yoxsulluğun səviyyəsi
2003-cü ildəki 44,7 faizdən, 2008-ci ildə 13,2 faizə
enib. Dövlətimizin başçısı iclasdakı
nitqində bu məsələyə də toxunaraq bunu
böyük nailiyyət kimi qiymətləndirib: "Ölkədə
aparılan əsaslı, köklü iqtisadi islahatlar həm
ölkənin iqtisadi potensialının möhkəmlənməsinə
yönəlib, eyni zamanda və ilk növbədə,
insanların rifah halının yaxşılaşmasında
özünü göstərir".
Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi
inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində
ölkəmiz son illərdə iqtisadi artım üzrə
dünyada lider dövlətə çevrilmişdir. 2008-ci ildə
də iqtisadiyyatın bütün sahələrində irimiqyaslı
islahatların sistemli və düşünülmüş
şəkildə davam etdirilməsi Azərbaycanı
dünyanın ən islahatçı ölkəsi kimi
tanıtmışdır.
Azərbaycan regionun və
dünyanın böyük iqtisadi layihələrinin əsas tərəfdaşına
çevrilmişdir. İclasda qeyd edildiyi kimi,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və
Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli layihələr
ölkəmizin siyasi və iqtisadi mövqelərini
böyük dərəcədə möhkəmləndirmişdir.
Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi
istiqamətində də böyük işlər
görülüb. Artıq Azərbaycan neftini və
qazını dünya bazarlarına çıxaran 7 kəmər
mövcuddur. Azərbaycan dost və tərəfdaş ölkələrin
enerji təhlükəsizliyi məsələlərinin həllində
böyük rol oynayır. Dövlətimizin
başçısı bütün bunlara böyük önəm
verildiyini bildirib və vurğulayıb ki, bölgədə
enerji siyasəti baxımından Azərbaycanın əvəzolunmaz
rolu vardır: "İki ay bundan əvvəl Bakıda
keçirilmiş enerji sammiti bunu bir daha təsdiqlədi.
Aparılan müzakirələr, sammitin nəticələri, qəbul
edilmiş qərarlar bir daha onu göstərdi ki, bu bölgədə
enerji məsələlərinin hansı istiqamətə
yönəldilməsinə Azərbaycanın çox
böyük təsiri vardır".
Azərbaycanın
müstəqil dövlət olduğunu, müstəqil siyasət
yeritdiyini və bu siyasətin Azərbaycanı son beş ildə
böyük dərəcədə gücləndirdiyini
xüsusi diqqətə yetirən cənab İlham Əliyev
bildirib ki, həm iqtisadi, həm siyasi baxımdan bölgədəki
rolumuzun artması Azərbaycanı çox yüksək pilləyə
qaldırıb və bundan sonra da Azərbaycan xalqının
iradəsi, milli maraqları, Azərbaycan dövlətinin milli
maraqları, dövlətçilik prinsipləri bizim
üçün əsas olacaqdır.
Prezident İlham Əliyev
2008-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli işində əməli
praktik nəticələr olmasa da, Azərbaycanın
mövqeyinin daha da möhkəmləndiyini vurğulayıb.
Belə ki, birgə bəyannamə Azərbaycan, Ermənistan
prezidentləri tərəfindən imzalanmışdır. Bu o
deməkdir ki, bu ölkələr münaqişənin tərəfləridir
və münaqişənin heç bir başqa tərəfi
yoxdur. Dövlətimizin başçısı bəyannamədə
əksini tapan bütün fikirlərin tam təhlilini verərək
bildirib ki, bu bəyannamə, əslində, Azərbaycanın
mövqeyini əks etdirir.
Bu gün siyasi, iqtisadi və
hərbi üstünlük Azərbaycan tərəfindədir.
Biz bu üstünlükdən istifadə edirik və gələcəkdə
də edəcəyik. Odur ki, ölkəmiz sülh yolunu əsas
tutmasına baxmayaraq, istənilən anda öz
torpaqlarını digər vasitələrlə də azad etmək
iqtidarındadır.
Cənab İlham Əliyev
nitqində 2008-ci ilin yekunlarının Azərbaycanda
aparılan siyasətin təntənəsi olduğunu
vurğulayıb. Dövlət başçısı bəyan
edib ki, 2009-cu ildə də bütün nəzərdə
tutulmuş vəzifələr icra edilməli və həmişə
olduğu kimi, ilk növbədə diqqət mərkəzində
Azərbaycan vətəndaşları olmalıdırlar:
"Onların rifah halı, təhlükəsizliyi,
yaxşı yaşaması bizim hamımızın
borcudur".
Ş.ƏLİZADƏ,
Respublika.- 2009.- 18 yanvar.- S. 1.