Fədakar alim-androloq
Gənc alim İlham Əhmədov
Azərbaycanımızın füsunkar guşələrindən
biri olan Qəbələnin Nohurqışlaq kəndində
dünyaya göz açıb. İlk təhsilini də elə
həmin kənd məktəbində alıb. Orta təhsilini əla
qiymətlərlə başa vurduqdan sonra 1986-cı ildə
indiki Azərbaycan Dövlət Tibb Universitetinin müalicə
profilaktika fakültəsinə qəbul olunub. Universitetin Tələbə
Elmi Cəmiyyətinin fəal üzvü olub, elmi konfranslarda dəfələrlə
çıxış edib. O, 1992-ci ildə ali təhsilini
başa vurduqdan sonra universitetdə saxlanılıb.
Universitetin böyük Elmi Şurasının qərarı ilə
həmin ali məktəbin Urologiya kafedrasının baş
laborantı təyin edilib.
O, həmin günləri
belə xatırlayır: "Urologiya kafedrasında Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Südeyif İmanverdiyevin rəhbərliyi altında
işləməyim gələcək elmi fəaliyyətimə
işıq saldı. Elmə böyük marağımı nəzərə
alan görkəmli elm xadimimiz mənə "Prostat vəzi xərçənginin
diaqnostikası və müalicəsi" mövzusunda namizədlik
dissertasiyası üzərində
çalışmağı tövsiyə etdi. 1999-cu ildə
namizədlik dissertasiyasını uğurla müdafiə edərək
tibb elmləri namizədi adını aldım. Elə həmin
ildə mənə çalışdığım
kafedranın assistenti vəzifəsi həvalə edildi".
Lakin onu ən çox
maraqlandıran ölkəmizdə çox zəif inkişaf
edən androloji sahə idi. Odur ki, andrologiyanın elmi yeniliklərini
həvəslə öyrənirdi.
Az sonra o, "Erektil
disfunksiya (impotensiyanın) diaqnostikası və müalicəsi"
mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə
başladı. Bu sahənin imkanlarını dərindən
öyrənmək üçün zəngin təcrübə
qazanmaq lazım idi. O bu arzusunu elmi rəhbəri
S.İmanverdiyevə bildirdi: "Südeyif müəllim mənim
fikrimi bəyəndi. Dedi ki, Türkiyədə böyük
bir dostum var - Atəş Kadioğlu, İstanbul Universitetinin
tibb fakültəsinin professorudur, Amerikada təhsil alıb,
indi İstanbulda androloji şöbənin rəhbəri, həm
də Türk Androloji Akademiyasının prezidentidir. Hörmətli
akademik məktublaşıb onun razılığını
aldıqdan sonra mən 2004-cü ildə Türkiyə
İstanbul Universitetinin tibb fakültəsinin androloji bölməsinə
elmi axtarışlarımı davam etdirmək
üçün göndərildim".
İ.Əhmədov ilk
günlərdən Türkiyədə andrologiyanın elmi
potensialının çox böyük olduğunu görərək
daha əzmlə çalışır, praktik işlərə
daha çox meyil göstərir, androloji tədris kurslarına
və ən mükəmməl androloji cərrahiyyə əməliyyatlarına
qatılır. 10 elmi məqaləsi Türkiyənin müxtəlif
dərgilərində çap olunur. Professor Atəş
Kadioğlu ilə birlikdə beynəlxalq tibb jurnalında nəşr
edilən məqaləsi isə onu qonşu dövlətdə
tanıdır. O, həmçinin Türkiyədə androloji tədris
kitablarının hazırlanmasında yaxından iştirak
edir və həmin dərsliklərdə bir neçə
bölmənin həmmüəllifi olur.
2005-ci ildə gənc
alim Azərbaycana qayıtdıqdan sonra professor
S.İmanverdiyevin birbaşa rəhbərliyi və dəstəyi
ilə Tibb Universitetinin Urologiya kafedrasının nəzdində
androloji kabinet yaradılır. İnkişaf etmiş xarici
ölkələrdən gətirilən tibbi avadanlıqlar və
tədris vəsaitləri androloji müayinə və
müalicəyə müasir yöndən yanaşmağa imkan
verir.
2006-cı ildə
Bakıda Azərbaycan-Türkiyə androloji birliklərinin ilk
simpoziumu keçirilir. Bu tədbir Türkiyənin 17 vilayətindən
gələn görkəmli tibb mütəxəssislərinin dəyərli
çıxışları ilə yadda qalır. Yenə də
akademik S.İmanverdiyevin yaxından köməyi ilə İ.Əhmədov
2007-ci ildə ölkəmizdə Andrologiya və Reproduktiv Təbabət
Assosiasiyasının yaradılmasına nail olur. Qurum hər il
elmi simpozium və toplantılar keçirir. Bu tədbirdə
androloji xidmətin yaxşılaşdırılması, bu sahədə
elmi yeniliklərin ölkəmizdə tətbiqi geniş
müzakirə olunur, təcrübi biliklərin mübadiləsi
aparılır.
Androloq-alim Avropa
Androloqlar Assosiasiyasının üzvüdür.
Belçikada, İtaliyada elmi konfranslarının, ötən
ilin dekabrında isə Brüsseldə androloqların beynəlxalq
konfransının iştirakçısı olmuşdur.
Andrologiya sahəsi ilə bağlı 30 elmi məqalənin
müəllifidir. Onun həmkarları ilə birgə
hazırladığı monoqrafiya və metodik tövsiyələr
dəyərli tibbi vəsaitdir. O, həmçinin yeni metodlarla
600-dən çox uğurlu mikroskopik (rekonstruktiv), plastik əməliyyatlar
həyata keçirib.
Bu gün
bacarıqlı alimimizin arzusu respublikamızda androloji mərkəz
yaratmaqdır. O bu barədə deyir: "Son illər möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
quruculuq işləri ilə yanaşı, bütün sahələrdə
böyük irəliləyişlər vardır. Biz də hər
birimiz öz sahəmizdə respublikamızın
inkişafına, onun elmi potensialına kömək göstərməyə
borcluyuq. Mən də androloji bir mərkəz yaratmaqla bu sahədə
elmimizin xarici ölkələrin səviyyəsinə
qalxmasını və bu cür xəstələrin elmi əsaslarla
müayinə və müalicəsinin təşkilini
qarşıma məqsəd qoymuşam".
Tanınmış
androloq, akademik S.İmanverdiyevin və türkiyəli professor
A.Kadioğlunun elmi rəhbərliyi altında mükəmməl
bir doktorluq dissertasiyası hazırlayıb. Bu elmi əsər
Türk Androloji Akademiyasının, həmçinin Ali
Attestasiya Komissiyasının müsbət rəyini də
alıb.
Əminik ki, fədakar
alim İ.Əhmədov doktorluq adını da şərəflə
daşıyanlardan olacaq və onun respublikamızda androloji mərkəz
yaratmaq ideyası da tezliklə reallaşacaqdır.
İlham ƏSGƏROV,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü.
Respublika.- 2009.- 17 yanvar.- S. 6.