20 Yanvar faciəsinə həsr olunmuş tədbir

 

Qərb Universitetinin akt zalında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri universitetin rektor əvəzi, dosent Zemfira Məmmədova açaraq iştirakçılara 20 Yanvar faciəsi barədə geniş məlumat verdi. O, Azərbaycan xalqının tarixinə qanla yazılmış həmin günün heç vaxt unudulmayacağını vurğuladı və qeyd etdi ki, məkrli düşmən heç vaxt öz arzusuna çatmayacaq, gec-tez biz öz torpaqlarımızı azad edəcəyik.

Siz gənclər bu tarixi hadisənin mahiyyətini yaxşı dərk etməli, yaxşı öyrənməli, yaxşı nəticə çıxarmalı və necə mübarizə aparmağın yollarını düzgün müəyyənləşdirməlisiniz. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri namizədi Cəbi Bəhramov xalqımızın başına gələn müsibətləri, soyqırım hadisələrini ardıcıllıqla, tarixi faktlarla izah etdi. Məsələnin mahiyyətini açıqladı, düşmənlərimizin kim olduqlarını yaxşı bilməyi və bundan lazımi nəticə çıxarmağı tələbələrə tövsiyə etdi.

Tədbirdə universitetin politologiya kafedrasının professoru Azad Şərifov, professor Qüdrət Əbdülsəlimzadə və başqaları çıxış edərək 1990-cı ildə törədilmiş yanvar qırğınının xalqımızın tarixi yaddaşında əbədi olacağını vurğuladılar. Bu, elə bir tarixi faktdır ki, bizdən sonrakı nəsillər də bu qanlı qırğının nə məqsədlə törədilməsinin səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız insanın qanına batmış imperiya cəlladlarını lənətləyəcək, bu torpağın azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda canlarından keçən şəhidləri zaman-zaman xatırlayacaqlar.

Sonra tədbirdə Qərb Universitetinin və onun nəzdində fəaliyyət göstərən orta məktəbin tələbələrinin 20 Yanvar faciəsinə həsr olunan "Şəhidlər Xiyabanı" şeiri səsləndirildi. Tədbir "Şəhidlər unudulmur - onların ruhu bizi mübarizəyə səsləyir", "Müstəqilliyimiz 20 Yanvar faciəsindən keçir" mövzularına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

 

Məhəmməd VƏLİYEV,

 

Respublika.- 2009.- 20 yanvar.- S. 5.