Azərbaycanlılara qarşı genosid həqiqətləri

 

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin Qırğızıstanda rus və qırğız dillərində, nəfis tərtibatda çapdan çıxmış kitabı belə adlanır: "Gələcəyin strategiyasını müəyyən edərkən: modernləşdirmə kursu. Azərbaycanlıların genosid həqiqətləri".

Aleksandr Quzov və Fatma Abdullazadənin redaktoru olduqları kitab qloballaşan dünyamızda özünün inkişaf yolunu müəyyənləşdirmiş Azərbaycanın inkişafına əsaslanan prinsiplərinin elmi-nəzəri təhlilinə həsr edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu prinsiplər ölkəmizin bugünkü tərəqqi dövründə inkişafının milli strategiyasının əsasını təşkil edir. Dörd bölmədən ibarət olan kitabda Azərbaycan şəraitində sabitlikdən modernləşməyə, iqtisadiyyatdan demokratiyaya tranzitin xüsusiyyətlərindən danışılır, Prezident İlham Əliyevin fəaliyyətinin ümumi mənzərəsi yaradılır.

"Azərbaycanlıların genosid həqiqətləri" bölməsində Ramiz Mehdiyevin 20 Yanvar faciəsi barədə obyektiv, elmi araşdırmaları əhatə olunmuşdur. "Qanlı faciə", "Dini faktor", "Qafqaz faktoru" , "Milli faktor" və digər yazılarda 20 Yanvarın başvermə səbəbləri araşdırılır, tarixi hadisə müxtəlif aspektlərdən təhlil olunur. Müəllif "Qanlı Yanvarın geosiyasi aspekti" yazısında qeyd edir ki, 20 Yanvar hadisələrinin mənbəyini araşdırarkən o zaman Azərbaycandakı ictimai-siyasi hadisələrə münasibətdə kənarda qalan Qərb ölkələrinin mövqeyini nəzərdən qaçırmaq olmaz. Qeyd edək ki, həmin mövqe heç də Azərbaycanın xeyrinə deyildi. Azərbaycan xalqına divan tutan sovet ordusunun bu addımlarına haqq qazandıran SSRİ rəhbərliyi Qərbi əvvəlcədən buna hazırlamışdı və 1990-cı il yanvar hadisələrində cinayətkarların cəzalandırılmamasının əsas səbəblərindən biri də bu idi.

Kitabda həmçinin ulu öndərimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan Respublikası hökumətinin daimi nümayəndəliyində 20 Yanvar faciəsinə həsr edilmiş yığıncağındakı nitqi, 1994-cü il yanvarın 5-də faciənin dördüncü ilinin qeyd olunması ilə əlaqədar sərəncamı, 1994-cü il martın 29-da Milli Məclisdə keçirilən Yanvar hadisələrinə həsr olunmuş yığıncaqda qəbul edilmiş qərar və digər sənədlər də öz əksini tapmışdır.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə və nəşr edilən kitab siyasətçilər, ictimai elmlər sahəsində çalışan mütəxəssislər, humanitar fakültələrin tələbələri və bütünlükdə, oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

Zümrüd QURBANQIZI,

 

Respublika.- 2009.- 22 yanvar.- S. 3.