Qəhramanlıq salnaməsi
20 Yanvar Azərbaycan
xalqının tarixinə qanla yazılmış səhifələrdən
biridir. O müdhiş gecə tariximizə təkcə faciə
kimi yox, həm də mübarizlik, qəhrəmanlıq
günü kimi daxil oldu. Faciədən bizi 19 il ayırır.
Xalqımızın milli azadlıq tarixində müstəsna
yer tutan, müstəqillik uğrunda imperiyaya qarşı
qeyri-bərabər döyüşə atılaraq 1990-cı
ilin 20 Yanvar gecəsində həlak olan insanların xatirəsi
Azərbaycan Kooperasiya Universitetində də yad edildi.
Anım mərasimində
universitetin rektoru Eldar Zülfüqarovun geniş məruzəsi
dinlənildi. Natiq vurğuladı ki, xalqımız ötən
əsrin 90-cı illərində milli azadlıq mübarizəsinə
qalxaraq öz kimliyini bir daha sübut etdi, imperiya
buxovlarından qurtulmaq yolunda qəti bir addım atdı.
Doğrudur, həmin mücadilədə imperiyanın öncədən
planlaşdırdığı qırğın nəticəsində
çoxlu sayda itkilərimiz oldu, amma xalqımız
sınmadı, əyilmədi, öz tarixinə şanlı səhifələr
həkk etdi. 1990-cı il yanvarın 20-nə keçən gecə
amansız güllələrdən 113 nəfər
günahsız insan qurban getdi, xeyli sayda insan yaralandı.
Azərbaycanın
informasiya blokadasına alındığı bir şəraitdə
baş vermiş həqiqətləri operativ surətdə
dünya ictimaiyyətinə çatdırmaq zərurəti
yaranmışdı.
Dəhşətli faciəyə
kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində mətbuat
konfransı keçirən ümummilli öndərimiz Heydər
Əliyev hadisəyə operativ qiymət verən ilk vətənpərvər
ictimai-siyasi xadimlərdən idi. Bu qətiyyətli mövqe
respublikamızın informasiya blokadasına
alındığı ağır günlərdə totalitar
rejimə ən ağır və sarsıdıcı zərbə
oldu.
Heydər Əliyev
çıxışında kommunist rejiminin gerçək
simasını açmış, xalqımızın suveren
hüquqlarına qəsd olunduğunu bildirmiş, SSRİ rəhbərliyini,
totalitar rejimin "repressiya maşını"nı işə
salan ermənipərəst, satqın Mixail Qorbaçovu bu hadisəyə
görə heç nədən çəkinmədən
bütün dünyada rüsvay etmişdir.
Eldar Zülfüqarov
sözünə davam edərək bildirdi ki, 20 Yanvar hadisələrinin
əsl qiymətinin verilməsi istiqamətində yalnız
1994-cü ildə ciddi addımlar atıldı. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 5 yanvar
1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20
Yanvar hadisələrinə tam siyasi hüquqi qiymət verilməsi
tövsiyə olundu. Milli Məclisin bir neçə gün
davam edən iclasında Yanvar faciəsinin əsl səbəbləri
açıqlandı, günahkarlar aşkar edildi, 1990-cı il
yanvarın 20-də törədilmiş faciəli hadisələrə
siyasi hüquqi qiymət verildi.
Heç nə yaddan
çıxmır, heç nə unudulmur. Tarix
yaddaşları silkələyib oyadan 20 Yanvar faciəsini,
müstəqillik sevən xalqımızın nəyə qadir
olduğunu heç vaxt öz səhifələrindən silməyəcəkdir.
Haqq-ədalət uğrunda canlarından keçmiş şəhidlərin
parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Bizim
borcumuz isə o qanlı olaylarda qurban gedənlərin
qaldırdıqları bayrağı başımız
üstündə daha da uca tutmaqdır.
Anım mərasimində
universitetin təlim-tərbiyə işləri üzrə
prorektoru İlham Vəliyev, dekan Vilayət Əliyev
çıxış edərək vurğuladılar ki,
qanlı 20 Yanvar faciəsi Azərbaycanın azadlıq
mübarizəsi tarixinin həm faciəli, həm də
şanlı səhifələrindən biridir. Son yüzilliklərin
ağrı-acısını çiynində daşıyan Azərbaycan
xalqı 1990-cı ilin 20 Yanvarında çətin
sınağa çəkildi. Arzusunu məşələ
çevirən yüzlərlə, minlərlə azadlıq
mücahidi tarixin bir göz qırpımı olan o qanlı
Yanvar günlərini yaşadı.
20 Yanvar faciəsi
qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində
tələbələrin ifasında ədəbi-bədii
kompozisiya nümayiş etdirildi.
Qədir ASLAN
Respublika.- 2009.- 22 yanvar.- S. 5.