Uşaqlara qayğı gücləndirilir

 

Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə əlaqədar 2009-cu il Azərbaycanda "Uşaq hüquqları ili" elan olunmuşdur. Bu əlamətdar hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ilin "Uşaq ili" elan edilməsi barədə 2008-ci il 22 dekabr tarixli sərəncam imzalamışdır. Həmin sərəncamda qeyd olunduğu kimi, uşaqlara dövlət qayğısının daha da artırılması, onların problemlərinin vaxtında həlli üçün nəzərdə tutulan tədbirlər mahiyyət və keyfiyyətcə daha müasir tələblərə uyğun həyata keçiriləcək. Dövlət başçısı tərəfindən belə bir sərəncamın imzalanması bir daha göstərir ki, ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, hərtərəfli təhsillə əhatə olunmasına dövlət siyasətinin əsas prioriteti kimi xüsusi diqqət yetirilir, onların sosial müdafiəsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır.

Ölkəmizdə uşaqların təlimi, tərbiyəsi, həmçinin cəmiyyətə inteqrasiyası istiqamətində fəaliyyət göstərən bir çox təşkilatlar vardır. Uzun müddətdir ki, fəaliyyət göstərən, uşaqların hər birinə əsl ana nəvazişi, ana məhəbbəti bəxş edən və ən əsası uşaqların isti yuvasına çevrilən Günərzi "İşıqlı ev" Küçə Uşaqları Mərkəzinin direktoru Südabə Şirəliyevanın söhbəti də bu barədədir:

—Ölkənin gələcəyini daha parlaq görmək üçün gənc nəslə diqqət və qayğısını artıran, öz dəstəyini heç vaxt əsirgəməyən Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu il Azərbaycan Respublikasında "Uşaq ili"nin keçirilməsi hər bir uşağın işıqlı gələcəyinə əsaslı zəmin yaradacaq. Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına görə, ailə uşağın sağlam böyüməsi və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu sənədin tələblərinə əsasən başlıca vəzifə dövlət uşaq müəssisələrindən körpələrin bioloji və alternativ ailələrə verilməsi, azyaşlıların hüquqlarının qorunması, uşaqları qəbul edən ailələrə sosial yardımın göstərilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu elə bir vacib məsələdir ki, burada təkcə rəsmi dairələrin deyil, bütünlükdə cəmiyyətin fəal iştirakı və problemlərə sağlam düşüncə ilə yanaşması tələb olunur. Ümummilli lider Heydər Əliyevin bu sözləri hər bir vətəndaş üçün örnək olmalıdır: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır". Buna görə də xalqımızın, millətimizin gələcəyi üçün vətəndaşlıq məsuliyyətini aydınlığı ilə başa düşən, cavabdehlik daşıyan hər bir insan yeni nəslə sabahımızın etibarlı qurucuları kimi diqqətlə yanaşmalı, cəmiyyətdə sağlam mühitin formalaşması üçün bütün mühüm kampaniyalarda fəal iştirak etməlidir.

Məlumat üçün bildirmək istərdim ki, "küçə həyatı" sürən uşaqlar 3 kateqoriyaya bölünürlər: birinci kateqoriyaya birbaşa küçədə yaşayıb küçədə işləyən uşaqlar, ikinci kateqoriyaya küçədə işləyib evdə yaşayan uşaqlar, sonuncu kateqoriyaya isə müxtəlif səbəblər üzündən küçəyə düşən uşaqlar daxildirlər. 2002-ci il iyun ayının 1-də fəaliyyətə başlayan "Küçədə işləyən və yaşayan uşaqlar" üçün "İşıqlı ev " Küçə Uşaqları Mərkəzi o vaxtkı Gənclər, İdman və Turizm nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və Qadın və Müasir Dünya Mərkəzinin birgə təşəbbüsü ilə yaradılmışdır. Bu təşkilatın əsas məqsədi xeyirxahlıq missiyası üzərində qurulmuş və Azərbaycanda küçə uşaqları probleminin qismən həllinə şərait yaratmaq, bu cür uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaqdan ibarət olmuşdur. Mərkəz fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi küçədə yaşayan, çətin tərbiyə olunan yüzlərlə uşaqları bir yerə toplamış və onlara əsl ana qayğısı göstərmiş, həmçinin onları ictimai həyata qaytara bilmişdir. Qeyd etmək istəyirəm ki , "küçə uşaqları" problemi dünyanın istənilən ölkəsində vardır. Azərbaycanda isə daha çox birinci kateqoriyaya aid "küçə uşaqları" mövcuddur. Bizim mərkəz bir sıra layihələr həyata keçirmişdir ki, onlardan biri də "küçə uşaqları" probleminin həllində dünya təcrübəsi proqramı olmuşdur. Belə ki, mərkəzimizin bir neçə üzvü ilə birgə ötən il Rumıniyada, Buxarest şəhərində səfərdə olduq. Müşahidələrimizdən də gördük ki, burada uşaq evləri ləğv olunub, onların yerinə Günərzi mərkəzləri yaradılmışdır. Bu mərkəzlərdə uşaqlar həm qidalanır, həmçinin təlim kursları keçirlər. Qeyd etmək istəyirəm ki, Günərzi "İşıqlı ev" Küçə Uşaqları Mərkəzi də fəaliyyətə başladığı vaxtdan indiyə kimi buraya üz tutan bütün uşaqların ilk növbədə təmizliyini yoxlamış, onları isti yemək, geyimlə təmin etmiş, bunlarla yanaşı, maarifləndirmə, idman dərsləri, psixoloqlarımız tərəfindən yoxlanma, həmçinin qabiliyyət tələb edən təlim kursları da keçirilmişdir. Bizim mərkəzin üzvü olan oğlanlardan ibarət futbol komandamız da vardır ki, bir çox futbol yarışlarında qalib gəlmişdir. 2006-cı ildə Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə peşə təlimi üzrə 6 aylıq proqram həyata keçirdik. Layihəyə görə, hər qrupda 8 uşaq təlim keçirdi. Təlimlər isə zərgərlik, fotoqrafiya, mobil telefonların, avtomobillərin təmiri və sair sahələri əhatə edirdi. Bu təlimlərin başa çatdıqdan sonra uşaqlar üçün nə qədər əhəmiyyətli olduğunu gördük. Burada uşaqlar bir müddətlik küçə həyatından uzaqlaşıb, zəhmətə qatlaşaraq, əziyyətlərinin bəhrəsini görə bildilər və cəmiyyətə inteqrasiyanın nə olduğunu kifayət qədər anlamış oldular. Yeri gəlmişkən, çox istərdik ki, gələcəkdə də bu kimi təlimlərin keçirilməsində, ümumiyyətlə, mərkəzimizin fəaliyyətinin daha geniş, daha uzunmüddətli olması üçün ilk növbədə dövlət təşkilatları, həmçinin imkanlı şirkətlər öz köməkliklərini, dəstəklərini bizdən əsirgəməsinlər.

Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində bir-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat, vətəndaş üçün nümunədir. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkili üçün 30-dan artıq uşaq evi və internatlarda yenidənqurma və bərpa işlərinə diqqəti artıran Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir.

Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Mehriban xanımın göstərdiyi xidmətlər əvəzsizdir.

Ölkəmizdə körpələrin uşaq tərbiyə müəssisələrində sağlam böyüməsi üçün lazımi şərait yaradılır, sağlamlığının qeydinə qalınır, onların ərzaqla təminatına diqqət artırılır. Ümumtəhsil məktəblərində şagirdlərə elmin, təhsilin ən müasir nailiyyətlərinə uyğun bilik aşılanır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi profilli və sadələşdirilmiş tədris proqramlarına uyğun məktəblər, internatlar fəaliyyət göstərir. İnklüziv təhsilin tətbiqi ilə əlil uşaqların sağlam həmyaşıdları ilə eyni sinifdə təhsil almaları təmin olunur. Ata-ana nəvazişindən məhrum olunan, müəyyən obyektiv və subyektiv səbəblərə görə valideynlərindən kənarda-uşaq-körpələr evlərində, internatlarda yaşamağa məhkum azyaşlılar dövlət qayğısı ilə əhatə olunmuşlar. Ölkəmizdə belə uşaqların sayı 17 mindən artıqdır.

Lakin Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi heç bir internat, uşaq evi, ən müasir, bütün tələblərə cavab versə belə heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Bu problemin əsaslı surətdə həlli üçün dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" (2006-2015-ci illər) həyata keçirilir. Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, hüquqlarının qorunması və sosial müdafiəsi üçün belə müəssisələr kimi orada tərbiyə alan uşaqların sayının azalması istiqamətində kampaniya xarakterli layihələr həyata keçirilir.

 

 

Gülşən HÜSEYNOVA,

 

Respublika.- 2009.- 23 yanvar.- S.10.