Şəhidlər ölməzdir
Türkiyənin
"İstanbul Beynəlxalq Qardaşlıq və
Yardımlaşma Dərnəyi"nin Azərbaycandakı
nümayəndəliyinin və Azərbaycan Respublikası 20
Yanvar Fondunun 20 Yanvar şəhidlərinin ailələri ilə
görüşü, onlara yardımlar göstərilməsi
artıq ənənə halını almışdır.
1994-cü ildən bu günədək hər il nümayəndəlik
20 Yanvar hüzn günü ərəfəsində Yanvar şəhidlərinin
ailələrinə ərzaq yardımı göstərir,
azacıq da olsa onların dərdinə şərik olmağa
çalışır.
Azərbaycan
Respublikası Gəncliyə Yardım Fondunun konfrans zalında
təşkil olunmuş anım mərasimini fondun prezidenti Ahmet
Tecim açaraq 20 Yanvar şəhidlərinin tariximizdəki
yeri və Azərbaycan xalqının azadlıq mübarizəsi
tarixində onların xidmətləri barədə
danışdı. O dedi: "Hər bir xalqın tarixində
azad və müstəqil yaşamaq üçün
dönüm nöqtəsi hesab olunan tarixlər və bu
azadlıq, müstəqillik uğrunda öz şirin
canlarından keçmiş qəhrəman övladları
olmuşdur. Belə qəhrəmanlar heç zaman unudulmur. 20
Yanvar şəhidləri də Azərbaycan xalqının
yaddaşında azadlıq mücahidləri kimi daim
yaşayacaqdır.
Bu gün biz də
onların xatirəsini yad etməyə
toplaşmışıq. Sevimli Peyğəmbərimiz
buyurmuşdur: "Vətəni sevmək imandandır". Vətən
yolunda şəhid olanları ölü sanmaq olmaz, onlar
diridirlər. Özlərini Vətənin azadlığı
uğurunda fəda etmiş 20 Yanvar şəhidləri kimi. 20
Yanvar tariximizdə önəmli, ehtiramla yad olunan bir
gündür".
Nazirlər Kabineti
Aparatının qaçqınların, məcburi
köçkünlərin problemləri, miqrasiya və beynəlxalq
təşkilatlarla iş şöbəsinin müdiri Qurban
Sadıqov artıq ənənə halını almış
bu tədbirin əhəmiyyətindən söz açdı:
"Bu il 20 Yanvar faciəsinin 19-cu ildönümü tamam olur.
1994-cü ildən başlayaraq hər il bu münasibətlə
tədbirlər keçirilir. Ümummilli liderimiz Heydər Əliyev
20 Yanvar faciəsinin bütün dünyada
tanıdılmasına, şəhidlərin xatirəsinin əziz
tutulmasına, diqqətlə yanaşır, bununla bağlı
sərəncamlar imzalayırdı. Prezident İlham Əliyev də
bu ənənəni davam etdirir. Ölkə
başçısının sərəncamı ilə şəhidlər
xiyabanının yenidən qurulması, qaçqın və məcburi
köçkünlərə, şəhid ailələrinə
dövlət qayğısının artırılması bunu
bir daha təsdiqləyir. 20 Yanvar Azərbaycanın
azadlığı uğrunda mübarizə tariximizdə
mühüm hadisədir".
Türkiyə
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Hülusi Kılıç 19 il əvvəl
baş vermiş qanlı terrorun görüntülərini o
zaman türkiyədə televiziya vasitəsilə izlədiyini
və bu hadisənin bütün türk xalqını hiddətə
gətirdiyini dedi və həmin günün tarixi əhəmiyyətindən
söz açdı: "O gün Azərbaycan öz birliyini
nümayiş etdirdi, birlik olan yerdə güc olar. Şəhidlik
uca bir zirvədir və hər kəsə nəsib olmaz. 20
Yanvar şəhidləri öz ölümləri ilə cənnət
qapılarını üzlərinə açdılar. Bir millət,
iki dövlət kimi biz hər zaman kədərimizi, sevincimizi
bölməyə hazır olmalıyıq. Şəhidlərin
ruhu şad olsun!".
Millət vəkilləri
Novruz Aslanov, Fuad Muradov Azərbaycan dövlətinin
qurulmasında mühüm rol oynayan 20 Yanvar faciəsinin əhəmiyyətindən
danışdılar, dünyanın gözü
qarşısında günahsız insanları sovet
imperiyasının qoşunları tərəfindən qətlə
yetirilməsi və günahkarların cəzalandırılmaması
fatklarına münasibətlərini bildirdilər, bir daha belə
faciələrin yaşanmaması üçün tariximizi
unutmamağa çağırdılar: "Şəhidlərin
ruhu o zaman şad olacaq ki, torpaqlarımızı azad edək.
Bunun üçün hər kəs
çalışmalıdır".
Şair Məmməd
Aslanın çıxışı daha kövrək, daha
duyğulu oldu: "O gün ağlayan təkcə insanlar
deyildi, qərənfillər də torpağın köksünə
sıxılaraq göz yaşı tökürdü.
"Ağla, qərənfil, ağla" şeiri də o
gün yazıldı. Qoy o gün bir də
yaşanmasın!"— deyən şair yüz illərdən bəri
türk və ümumən müsəlman dünyasına
qarşı tuşlanmış bu müsibətlərin təkrarlanmaması
üçün tariximizi unutmamağa səslədi.
Gəncliyə Yardım
Fondunun prezidenti Ahmet Tecim tədbirə yekun vuraraq dedi:
"Şəhidlik müqəddəs bir zirvədir. Şəhidlər
bizim bu günümüz üçün, azad, müstəqil
yaşamamağımız üçün şirin
canlarından keçiblər, onların ailələrinə
xüsusi qayğı göstərmək hər birimizin
borcudur".
Görüşün
sonunda Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyası, Türkiyənin
"İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma
Dərnəyi"nin, Azərbaycan nümayəndəliyinin və
Azərbaycan Respublikası 20 Yanvar Fondunun təşəbbüsü
və dəstəyi ilə 163 şəhid ailəsinə ərzaq-qida
yardımı paylandı.
Zümrüd QURBANQIZI,
Respublika.- 2009.- 20 yanvar.- S. 6.