İlham Əliyev: Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq, hazırıq

 

Azərbaycanın dinamik inkişafı son illər bütün dünyanın diqqətini cəlb etmişdir. Cəmiyyətin bütün sahələrində sanballı uğurlara nail olunmaqla bərabər, yeganə həll olunmamış Dağlıq Qarabağ problemi istiqamətində konkret addımlar atılmış, Azərbaycan işğalçı Ermənistan üzərində üstünlüyünü bir qədər də artırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində bu məsələyə xüsusi toxunaraq Dağlıq Qarabağ probleminə geniş yer ayırmışdır. Ölkə başçısı bildirmişdir ki, 2008-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsaslı əməli praktik nəticələr olmasa da, bizim mövqeyimiz daha da güclənmişdir. Həmin ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı qətnamənin böyük səs çoxluğu ilə qəbul olunması ölkəmizin gücünü bir daha nümayiş etdirdi. Eyni zamanda bu qərar dünya ictimaiyyətinə haqq-ədalətin bizim tərəfimizdə olduğunu göstərdi. Bu qətnamə onu da sübut etdi ki, dünya birliyi və beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işini dəstəkləyir.

Qeyd etmək lazımdır ki, qətnamənin qəbulu zamanı yalnız bir neçə ölkə onun əleyhinə səs versə də, ancaq böyük əksəriyyət Azərbaycanın mövqeyini müdafiə etdi. Bu, vacib sənəd olmaqla bərabər, həm də bizim böyük siyasi və diplomatik uğurumuz hesab olunmalıdır. Xatırladaq ki, on beş il əvvəl BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmiş, bunların hamısında Azərbaycanın ərazi bütövlüyü tanınmış, Ermənistandan öz işğalçı qoşunlarını Dağlıq Qarabağdan çıxarması tələb edilmişdir.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin həllində keçən il Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları bəyannaməni yüksək dəyərləndirərək bildirmişdir ki, bu sənəd Azərbaycanın maraqları ilə tam uyğun gəlir. Sənəddə göstərilir ki, münaqişə beynəlxalq hüquq prinsipləri əsasında, beynəlxalq təşkilatların qərarları və sənədləri əsasında öz həllini tapmalıdır. Burada BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi, ATƏT-in sənədləri, Lissabon sammitinin sənədləri-bütün bunlar Azərbaycanın xeyrinə qəbul edilmişdir. Yəni Moskva Bəyannaməsinə görə Dağlıq Qarabağ problemi bu sənədlər əsasında həll olunmalıdır.

Moskva Bəyannaməsində göstərilir ki, problemin həllinin bütün mərhələləri beynəlxalq zəmanətlə təmin olunmalıdır. Bu da ona dəlalət edir ki, problem yalnız Azərbaycanın irəli sürdüyü mərhələli həll prinsipi ilə çözüləcəkdir. Məlumdur ki, Ermənistan Bəyannamə qəbul edilənədək problemin paket həllini israr edirdi. Ancaq Azərbaycanın uzun illər apardığı siyasət, həyata keçirdiyi məqsədyönlü tədbirlər Ermənistanı razılaşmağa sövq etdi.

Moskva Bəyannaməsinin Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanması o deməkdir ki, Dağlıq Qarabağ üçüncü tərəf kimi qəbul olunmur. Halbuki uzun illərdir ki, Ermənistan Dağlıq Qarabağın üçüncü tərəf kimi qəbul olunmasına çalışırdı. Əsası odur ki, Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarına xidmət göstərir. Qətiyyətlə demək olar ki, bu sənəd ölkəmizin mövqeyini əks etdirir və bu siyasi niyyət 2009-cu ildə real nəticələrə çevriləcəkdir.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi ən yaxın vaxtda və danışıqlar vasitəsilə həllini tapsın. Təəssüf ki, Ermənistan həmişə danışıqları pozmağa, vaxtı mümkün qədər uzatmağa çalışır. Əslində Ermənistan bu münaqişədə ədalətsiz mövqe tutduğunu özgə torpaqlarını zorakılıqla qəsb etdiyini yaxşı bilir. Ancaq havadarlarının və erməni lobbisinin təzyiqləri ilə torpaqlarımızı hələ də işğal altında saxlamaqda davam edir. Ona görə də Azərbaycan danışıqlar aparmaqla bərabər, həm də silahlı qüvvələrini artırır, ordusunu möhkəmləndirir.

Nazirlər kabinetindəki iclasda bu barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Son beş il ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar Azərbaycanı çox gücləndirmişdir. Növbəti illərdə orduya ayrılan xərclər daha da artacaqdır. Mən bunu bir daha demək istəyirəm ki, biz bu sahəyə prioritet diqqət göstəririk və 2009-cu ildə bütün hərbi xərclərimiz 2,3 milyard dollar təşkil etməlidir. Bu, böyük rəqəmdir. Ancaq bizim qarşımızda böyük vəzifələr dayanır. Biz istənilən anda, istənilən yolla öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq, hazırıq, ancaq özümüzü daha da gücləndirməliyik".

Siyasi analitiklərimiz və politoloqlarımız, onların xarici həmkarları Dağlıq Qarabağ probleminin müvəffəqiyyətli həlli barədə nikbin fikirlər söyləyirlər. Onların fikrincə uzun illərdən bəri davam edən münaqişə 2009-cu ildə aradan qaldırılacaqdır.

Əgər Ermənistan rəhbərliyi, nəhayət, konstruktiv mövqe tutsa, münaqişənin bu il həll olunması gözləniləndir.

 

 

Vəli İLYASOV,

 

Respublika.- 2009.- 24 yanvar.- S. 1.