İqtisadi göstəricilər yeni uğurlara rəvac
verir
Son 5 il Azərbaycanın
müasir tarixində keyfiyyətcə yeni bir mərhələnin,
dinamik iqtisadi inkişaf və Azərbaycanın dünya
arenasında nüfuzunun və mövqeyinin daha da yüksəlməsi
ilə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti
İlham Əliyev bu dövr ərzində bütün istiqamətlər
üzrə verdiyi vədləri ardıcıl olaraq yerinə
yetirib. Ölkənin hərtərəfli və dinamik
sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun ÜDM-də
payının durmadan artırılması, milli
sahibkarlığın inkişafı üçün əlverişli
mühitin formalaşdırılması, müasir
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi,
Qərbə inteqrasiya, yeni iş yerlərinin
açılması, bütövlükdə isə hər bir
Azərbaycan vətəndaşının maddi rifah
halının yaxşılaşdırılması və
müstəqil xarici siyasətin yürüdülməsi bu
strateji siyasi kursun prioritet istiqaməti olmuşdur. Bütün
bu nailiyyətlər Prezident İlham Əliyevin uğurla həyata
keçirdiyi məqsədyönlü islahatların nəticəsidir.
Ölkəmiz və xalqımız üçün tarixi hadisə
olan 2008-ci ilin 15 oktyabr prezident seçkiləri
"İlham-Xalq" birliyinin
sarsılmazlığını, xalqımızın öz
liderinə - möhtərəm İlham Əliyevə olan
sonsuz məhəbbətini bir daha təsdiqlədi.
Bu gün Azərbaycanın
rabitə sistemi sürətli inkişaf dövrünü
yaşayır. Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş inkişaf kursunun ölkə
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi bütün sahələrdə olduğu kimi,
informasiya-kommunikasiya texnologiyaları sahəsində də
böyük uğurların qazanılmasına səbəb
olub, Rabitənin inkişafına dövlət
qayğısı artıb, bu sahənin sürətli
inkişafını təmin edən dövlət
proqramları qəbul olunub. Cənubi Qafqazda ilk dəfə
olaraq qəbul edilmiş qlobal strategiya "Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)" ölkəmizdə bu sahənin tərəqqisinə
güclü təkan verdi. Rabitə və informasiya
texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərliyi və
qayğısı ilə son zamanlar bu sahədə
qarşıya qoyulmuş bütün vəzifələr
uğurla icra olunmuş, Azərbaycanın rabitə sistemi beynəlxalq
şəbəkəyə qoşulmuşdur.
Artıq ölkəmizdə
əhaliyə göstərilən telefon rabitə xidmətinin
səviyyəsi inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə
çatdırılmışdır. Bütün rabitə
müəssisələri öz işlərini bu günün
tələblərinə uyğun quraraq, yerlərdə
müasir texnologiyaların geniş tətbiqinə nail
olmuşlar. İşini müasir tələblər səviyyəsində
quran müəssisələrdən biri də Bakı Telefon
Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon
Qovşağıdır. Ötən 2008-ci il ərzində
qazandıqları uğurlar və əldə etdikləri
iqtisadi göstəricilər barədə təcrübəli
və peşəkar rabitəçi, rabitə ustası, Nizami Telefon Qovşağının
rəisi Fətulla Seyidov bizimlə söhbətində
dedi:
-Bu gün Azərbaycanda
telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafı
geniş vüsət alıb. Bu sektorun regionun aparıcı
ölkəsinə çevrilməsi üçün məqsədyönlü
dövlət siyasəti həyata keçirilir. Artıq XXI əsri
müasir informasiya cəmiyyətinin yaradılması əsri
kimi dəyərləndirmək olar. Belə ki, qloballaşan,
daim irəliyə doğru inkişaf edən dünyanı bu
gün ən müasir informasiya və kommunikasiya
texnologiyaları-internet, qlobal rabitə imkanları, elektron
poçt olmadan təsəvvür belə etmək
mümkün deyil. Nizami Telefon Qovşağının əmək
kollektivi də bu inkişafdan geri qalmır, öz işlərində
müasir texnologiyaların tətbiqi nəticəsində
uğurlar qazanır. Bu gün kollektivin qarşısında
duran əsas vəzifə əhaliyə keyfiyyətli telefon
rabitə xidməti göstərməkdir ki, buna da son zamanlar əsasən
nail oluruq.
Nizami Telefon
Qovşağı ötən 2008-ci ilin plan
tapşırıqlarının yerinə yetirilməsi
üçün səylə çalışmış,
qovşaq üzrə hesablanmış tarif gəliri proqnozunu
108,8 faiz yerinə yetirmişdir. Abunə haqqı 3792,0 min manat
proqnoza qarşı 4087,0 min manat olmuş və plandan əlavə
295,0 min manat artıq gəlir əldə edilmişdir.
Keçən illə müqayisədə 1324,0 min manat
çox gəlir əldə olunmuşdur. Telefon çəkilişi
üzrə də 706,0 min manat plana qarşı 743,0 min manat gəlir
olmuşdur. Tarif gəlirinin yığımı da keçən
ilin müvafiq dövrü ilə müqayisədə xeyli
artmışdır. Hesablanmış gəlir üzrə əhaliyə
göstərilən xidmətlər proqnozu 111,0 faiz yerinə
yetirilmişdir.
Qovşaq kollektivinin
ciddi səyi nəticəsində telefon çəkilişi
planı 100,0 faiz icra edilmişdir. Belə ki, 9350 ədəd
telefon çəkilişi planına qarşı faktiki 9390 ədəd
olmaqla 40 ədəd plandan artıq telefon çəkilmişdir.
Əlavə gəlirlər plan tapşırıqları
artıqlaması ilə yerinə yetirilmişdir. Faks
aparatları üzrə 120 ədəd plana qarşı faktiki
175 ədəd, mini ATS üzrə 60 ədəd plana
qarşı 66 ədəd, mənzil telefonlarının idarədə
işlədilməsi üzrə 96 ədəd plana
qarşı 98 ədəd, servis xidməti üzrə 8400 ədəd
plana qarşı faktiki 5867 ədəd, telefonun addan-ada
keçirilməsi üzrə 72,0 min manat plana qarşı
120,7 min manat olmuşdur. Qovşaq üzrə mənfəət
planı 126,9 faiz, investisiya qoyuluşu planı 100 faiz, büdcə
və büdcədənkənar fondlara ödəmələr
planı da 100 faiz yerinə yetirilmişdir.
Hazırda
qovşağın montaj edilmiş tutumu 153218 nömrədir.
Ötən il ərzində ATS-423-də 520 indeksli 3760 nömrə
və 1792 nömrə, Mehmandarov ATS-də 512 nömrə,
Zığ ATS-də 512 nömrə, 471, 172, 473-də 7360
nömrə və 474, 475, 476-da 1856 nömrə
artırılmışdır.
Görülən
işlər, əldə olunan nailiyyətlər deməyə əsas
verir ki, Azərbaycanda rabitə və informasiya
texnologiyaları sahəsində aparılan genişmiqyaslı
işlər sürətlə davam etdiriləcək, milli
informasiya sisteminin təkmilləşdirilməsi yönündə
mühüm tədbirlər görüləcək.
Bütün sahələrdə informasiya və kommunikasiya
texnologiyalarının uğurlu tətbiqi, genişləndirilməsi
və daha da dinamik inkişaf etdirilməsi nəticəsində
ölkəmiz bu sahədə qabaqcıl yerlərdən birini
tutacaq. Dövlətimizin bu sektora göstərdiyi yüksək
diqqət və qayğısı bunu deməyə bizdə əminlik
yaradır.
Ötən 2008-ci ili
uğurla başa vuran Nizami Telefon Qovşağının əmək
kollektivi 2009-cu ildə daha səylə çalışacaq,
rabitə və informasiya texnologiyaları naziri, akademik Əli
Abbasovun və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi
Beytulla Hüseynovun kollektivimizə göstərdikləri
etimadı bundan sonra da doğruldacaq və daha yüksək
iqtisadi göstəricilər əldə edəcəklər.
Əli SADIQOV,
Respublika.- 2009.- 25 yanvar.- S. 2.