Azərbaycan təhsilinin Bolonya prosesinə daxil olmasının reallığa çevrilməsi

 

Tutduğu vəzifəsindən, rütbəsindən və s. asılı olmayaraq Azərbaycanın Bolonya prosesinə qoşulması münasibətindən açıq-aydın görünür: bir qrup adamların köhnəpərəst (yeniləşə bilmədikləri) olduqları, bir qrupu Bolonya prosesinin tarixini, məqsədini, məzmununu və s. dərindən öyrənmədən xülyalarla danışanlar, bir qrupu üçün isə bu proses günü-gündən adiləşir və asanlaşır.

17 dekabr 2008-ci il və 07 yanvar 2009-cu il tarixdə İctimai Televiziya kanalında "Açıq dərs" verilişində aparıcının Bolonya prosesi ilə bağlı qoyduğu sualların bir çoxu yetərli səviyyədə cavablandırılmadı. Milli Məclis 30 dekabr 2008-ci ildə "Təhsil haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul etdi. Bolonya bəyannaməsinin təməlinə qoyulmuş prinsiplərin Azərbaycan tərəfindən reallaşmasına dair mühüm tədbirlərdən biri "Təhsil haqqında" qanunun qəbulu oldu. Bu qanunda həm məsafədən (distant) təhsil, həm də ali təhsilin üç pillədən (bakalavriat-magistratura-doktorantura) ibarət olduğu öz əksini tapdı. Avropanın fəlsəfə elmləri doktoru dərəcəsi ilə Azərbaycanın elmlər namizədi və elmlər doktoru (həm də MDB ölkələri və s.) arasındakı çoxlu sayda aydın olmayan və ziddiyyətli məqamların araşdırılması zərurəti yarandığından, yuxarıda göstərilənlərə aydınlıq gətirmək və həm də Azərbaycanın Bolonya prosesinə daxil olmasının görüntü yox, reallığa çevrildiyini göstərmək üçün bu məqalənin yazılmasına cəhd etdim.

Bolonya prosesi mövzusu ölkənin 2005-ci ilin mayında Bolonya prosesinə qoşulması ilə bağlı olaraq Azərbaycan üçün aktuallıq kəsb etdi. Azərbaycanın elmi pedaqoji ictimaiyyətinin həm nəzəri yanaşmalara, həm də ali (universitet) təhsilin nəzərdə tutulan yeni sxeminin qərarlaşmasına reaksiyasını müxtəlif vektorlu adlandırmaq olar. Bu mövzuya dair dərc edilən yazıların sürətli axını demək olar ki, əhalinin bütün təbəqələrinə çatırdı, lakin müəllimlər mühitində bu prosesə tam aydın münasibətin mövcudluğunu söyləmək görünür artıq vaxtıdır. Aparılmış sorğulardan aydın olur ki, hətta 2005-ci ildə Bolonya Bəyannaməsinin imzalanmasından sonra da (bu günə kimi) Bolonya prosesi haqqında biliklərin səviyyəsi son dərəcə aşağıdır. Məhz buna görə də Bolonya prosesinin başlıca prinsiplərini və onun Azərbaycanda inkişaf trayektoriyasını nəzərə almaqla Azərbaycanın Bolonya prosesinə daxil olmasını, bu daxilolmanın görüntü yaratması deyil, reallaşmasının bəzi faktorlarını göstərək.

Ali təhsil analitiklərinin əksəriyyəti Bolonya prosesini gözdən keçirərkən onun iki başlıca nöqtəsini göstərirlər: Bolonya Universitetinin 900 illiyinin bayram edildiyi günlərdə Bolonyada "Universitetlərin böyük xartiyası"nın qəbul edilməsi (1988) və orada "Avropa ali təhsil zonası" konfransında müvafiq bəyannamənin qəbul edilməsi (19 iyun 1999-cu il). Bu sahədə çıxış edənlərin bir çoxu həm də Bolonya prosesindən əvvəlki dövrün mühüm sənədlərinə Lissabon konvensiyasını (1997) və Sorbonna Bəyannaməsini (1998) əlavə edir. "Universitetlərin böyük xartiyası"nda universitetlərin 4 fundamental fəaliyyət prinsipi ifadə olunmuşdur. Bu prinsiplərin əsas mənası aşağıdakılardır:

1. Universitet-elmi-tədqiqatlar və təhsil vasitəsi ilə cəmiyyətdə mədəniyyətin yaranmasının, yayılmasının mənəvi və intellektual baxımdan müstəqil mərkəzidir.

2. Universitetdə tədris prosesi və elmi-tədqiqat fəaliyyəti bir-birindən ayrılmazdır.

3. Tədqiqat, təhsil və hazırlıq azadlığı - universitet həyatının fundamental prinsipidir. Onlara müəyyənləşmiş hüdudda həm dövlət, həm də universitetlər tərəfindən səlahiyyətlər verilməlidir.

4.Avropa universiteti mədəniyyətlərinin qarşılıqlı təsiri Avropa humanizmi ənənələrinin qoruyucusudur, bu da onun bu prosesdə hər hansı siyasi və coğrafi çətinliklərinin aradan qaldırılmasına cəhd olunmasını nəzərdə tutur.

Bolonya prosesi Avropada XX əsrin sonlarından baş vermiş sosial, siyasi, iqtisadi, mədəni inikasdır. Avropanın Avropa Birliyində birləşməsi, Avropanın maliyyə məkanını konsolidasiya edən vahid valyutanın yaradılması, üst-milli idarəetmə orqanlarının yaradılması, Şengen sazişinin imzalanması və s. avtomatik olaraq qarşıya vahid təhsil məkanı haqqında məsələ qoyurdu. İşçi qüvvəsinin vahid Avropa ərazisində sərbəst yerdəyişməsini, onun yenidən bölgüsünü və rasional istifadəsini məhz o təmin etməlidir. Bütün bunlar bütövlükdə Avropa iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətliliyini təmin etməlidir. Deyilənləri nəzərə alıb qeyd edək ki, Bolonya prosesi müxtəlif iqtisadi, maliyyə, siyasi, təhsil və s. məkanlarının birləşdirilməsi və dünya miqyasında rəqabət mübarizəsi vəzifələrini həll edən Ümumavropa prosesinin bir hissəsidir.

Müxtəlif ölkələrin universitetlərinin birləşməsi tendensiyasının üstündən on il keçdikdən sonra "Universitetlərin böyük xartiyası" Müşahidə Şurasının yaranmasında özünü göstərdi. 2001-ci ildə Şuranın inaqurasiyası oldu. Mühüm məsələ ondan ibarət idi ki, bu sənəd Bolonya prosesini, onun meydana çıxmasını stimullaşdırdı. Məsələn, Xartiya belə bir fikrlə başa çatır: irəli sürülən prinsiplərə uyğun olaraq öz tarixinin ilk dövrlərində olduğu kimi onlar müəllim və tələbələrin mobilliyini dəstəkləyir və hesab edirlər ki, statuslar, dərəcələr, imtahanlar (milli diplomların qorunub saxlanılması şərti ilə) və təqaüdlərin təyin edilməsi sahəsində ümumi ekvivalentlik siyasəti onların müasir vəzifələrinin həyata keçməsinə qarantiya verən başlıca alət təşkil edir.

Universitetlərin "Böyük xartiyası"nın qəbulundan sonrakı on il ərzində ümumavropa təhsil məkanı ideyası aydın şəkildə formalaşdı və bu öz əksini "Avropa Ali təhsil sisteminin arxitekturasının harmonikləşdirilməsi haqqında birgə bəyannamə" adlı sənəddə öz əksini tapdı. 25 may 1998-ci ildə Parisdə (Fransa) Böyük Britaniya, Fransa, İtaliya, Almaniyanı təmsil edən dörd nazirin birgə bəyannaməsi qəbul edilmişdir. Bu sənədin başlıca məqamları: Avropanın "Biliklər Avropası"na çevrilməsinə və "tələbələrin diplomlarının xaricdə tanınmasına, mobilliyinin asanlaşdırılmasına, həm də onların işədüzəlmə imkanlarının genişləndirilməsinə" yönəlmiş ümumi təhsil sisteminin yaradılmasının zəruri olduğunun elan edilməsi idi. Bu bəyannamədə iki başlıca cəhət: dərəcəyə qədər və dərəcədən sonrakı formasının elementləri qeyd edilmiş, həm də bu sistemdə yeniliyə, çevikliyə nail olunması üçün semestrlərdən və kreditlərdən istifadə haqqında fikir söylənmişdir. Bəyannamədə dərəcədən sonrakı ikinci pillə olan magistratura və nəhayət doktorantura proqramları nəzərdə tutulurdu. Ali təhsilin birinci dərəcəyə qədərki səviyyəsi isə bu sənəddə öz adını hələ əldə etməmişdi. “Avropa ali təhsil zonası” yaradılmasının konturları belə idi, burada bəyannaməni imzalamış nazirlərin fikrincə, milli maraqlar və ümumi maraqlar Avropanın, onun tələbələrinin və daha geniş mənada vətəndaşlarının faydası naminə qarşılıqlı təsir göstərər və bir-birlərini gücləndirə bilərlər. Nazirlər bu zaman Avropa Birliyi iştirakçılarını, həm də digər ölkələri onlara qoşulmağa çağırdılar. Qeyd edək ki, bəyannamədə Avropa ali təhsil sisteminin unifikasiyasından deyil, harmonikləşdirilməsindən söhbət gedirdi.

“Avropa ali təhsil zonası”nın qurulması ideyasının inkişafında növbəti mühüm addım Avropanın 29 ölkəsinin ali təhsilə cavabdeh olan nazirlərinin 1999-cu ilin iyununda Bolonyada keçirilən görüşü oldu, nəticədə onların Bolonya bəyannaməsi (konvensiyası) adını almış birgə bəyanatı meydana çıxdı. Orada "Avropa ali təhsil zonası" yaradılmasının təməl məqsədlərinin (prinsiplərinin) müəyyənləşdiyi öz əksini tapdı. Bu prinsiplərin arasında bunlar da var idi: 1. Hamı tərəfindən qəbul edilmiş və müqayisə edilə bilən dərəcələr sisteminin təsdiqlənməsi. 2. İki əsas tədris mərhələsinə-dərəcəyə qədərki və dərəcədən sonrakı ali təhsil sisteminin tətbiqi. 3. Tələbələrin mobilliyinə rəvac verilməsinə uyğun üsul olaraq ECTS (Avropa qarşılıqlı zaçot kreditlər sistemi) tipli kreditlər sisteminin yaradılması. 4. Tələbələrin, müəllimlərin, tədqiqatçıların və inzibati işçilərin mobilliyinə rəvac verilməsi. 5. Təhsilin keyfiyyətinin təmin edilməsində Avropa əməkdaşlığına rəvac verilməsi. 6. Ali təhsilin inkişafına Avropa yanaşmasının dəstəklənməsi.

Bütün bu sənədlərdə dəyişikliklərin həyata keçirilməsində aparıcı rol universitetlərin üzərinə düşürdü. Göstərilən sənədlərin sonuncusunda artıq ikipilləli təhsil sisteminin birinci mərhələsinin hazırlıq dövrü də (üç il) müəyyən edildi, lakin birinci mərhələnin başa çatmasında alınan dərəcənin adı hələ də konkretləşdirilmirdi. Bəyannamədə göstərilirdi ki, birinci mərhələdən sonra verilən ixtisas dərəcəsinə müvafiq olaraq Avropa əmək bazarında tələbat duyulmalıdır. Yəni ilk dəfə dövlət səviyyəsində vahid təhsil məkanının yaradılması çərçivəsində belə bir ali təhsil sisteminin bazarın tələbatına verdiyi təhsil dərəcələrinin uyğunluğu haqqında məsələ qoyulmuşdu. Həmçinin dərəcələrin müqayisəliliyini diploma əlavənin tətbiq edilməsi vasitəsilə təmin etmək təklif olunurdu. Sonuncu isə işədüzəlmə imkanını və dünyada Avropa təhsil sisteminin rəqabət qabiliyyətliliyinin təmin olunması idi.

Bolonya bəyannaməsi, Avropa ölkələrinin "Avropa ali təhsil zonası" yaradılması ideyası ətrafında konsolidasiyası prosesinin bünövrəsinə çevrildi, milli ali təhsil sisteminin Avropa ali təhsil sisteminə arxitekturasını harmonikləşdirməyə imkan verən strukturlaşdırmanı həyata keçirməli olan başlıca prinsipləri müəyyənləşdirirdi. Hansı ki, bu mərhələyə irəli sürülmüş prinsiplərin konkret şəkildə tamamlanmış mərhələsi kimi baxmaq olar. Bu prinsipləri çox vaxt Bolonya prosesinin alt prinsipi adlandırırlar.

Azərbaycan bu dövrlərdə Bolonya prosesinə qoşulmadı. 2005-ci ilə qədər olan dövrü Azərbaycan üçün fikrimizcə, Avropa ali təhsil məkanına daxilolma prosesində gizli olan dövr saymaq olar. Rusiya, Ukrayna və həm də Azərbaycanda Bolonya prosesinin məqsəd və prinsiplərinə uyğun tədris prosesinin struktur baxımdan təşkilinin müxtəlif tərkib hissələri sınaqdan keçirilirdi. Məsələn, Azərbaycan müstəqillik əldə etdiyi dövrdən TEMPUS Proqramı çərçivəsində Almaniya ali məktəbləri arasında əməkdaşlıq həyata keçirir. 1993/94-cü ildən ikipilləli təhsil sistemi tətbiq olunmuş və bunun nəticəsi olaraq magistr hazırlığı təcrübəsi qazanılmışdır. Bu kimi işlər rəvac verdi: 19 may 2005-ci il tarixində Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Bolonya prosesinə qoşuldu və bu prosesin həqiqi üzvü seçildi.

Bolonya prosesi kontekstində Avropa ölkələrində ali təhsil sisteminin struktur islahatları, 2008-ci ilə qədər onun əsas sənədlərinin qəbuluna uyğun təfsilatlı analizi xronoloji qaydada M.C.Mahmudovun "Bolonya prosesi və Azərbaycan" adlı monoqrafiyasında verilmişdir. Müəllif tərəfindən Rusiya və Ukraynanın Bolonya prosesinə daxil olması işində təcrübəsini və Azərbaycan ali təhsilinin Bolonya prosesinin tələblərinə uyğun olaraq aparılan islahatların istiqamətini işıqlandıran bir sıra məsələlər təhlil olunmuşdur.

İndi isə Bolonya prosesinə qoşulmaqda bir çox ziddiyyətli və hazırda həlli mümkün olmayan bəzi problemlər haqqında informasiyaları qeyd edək. Hansı ki, ölkəmizdə bu informasiyalar təhsil ictimayyəti və başqaları tərəfindən mübahisələrə səbəb olur. Məhz buna görə də birinci addımda həyata keçirilən üçpilləli təhsil sistemi "bakalavriat-magistratura-doktorantura" ilə Avropa üçpilləli təhsil sistemi arasındakı yaranan sədlər və ziddiyyətləri şərh edək.

Təhsil sisteminin Bolonya prosesi çərçivəsində təcəssümünü tapmış yeni paradiqması daha bir problem doğurmuşdur, yəni fəlsəfə doktoru dərəcəsi verməklə Azərbaycan üçün onun mahiyyəti müvafiq olaraq nə dərəcədə zəruridir sualı meydana çıxır. Həm də Avropada vahid təhsil məkanının yaradılması ölkədə elmi kadrların attestasiya sistemindən fərqli sistemə söykənməyinin meydana çıxmasına səbəb olur, bu isə Bolonya prosesinin katalizatoru kimi başa düşülür. Xatırladaq ki, məhz Berlin sammitində (2003) qəbul edilmiş qərara əsasən Bolonya prosesində bu sıraya üçüncü olaraq doktorantura pilləsi əlavə edilmişdi. Yəni sammit ali təhsilin daha bir əsas üçüncü pilləsinin həyata keçməsini təsdiq etdi. Təhsil prosesinin yeni bir şaquli strukturu meydana çıxdı, bu isə onun formallaşdırılmış zirvəsi olan fəlsəfə doktoru dərəcəsi idi. Məhz bu zaman ali təhsilli kadrlara dərəcələr verilməsi probleminin zahiri və daxili mahiyyətləri arasında fərq ortaya çıxır. Hətta aydındır ki, hər bir ölkədə elmi-tədqiqat prosesi iştirakçılarının sonrakı diferensiallaşması üçün meyarlar mövcud olmalıdır. Bolonya prosesi haqqında 12 fevral 2005-ci ildə Brüsseldə tərtib olunmuş memorandumda göstərilir ki, sonuncu elm dərəcəsinə irəliləmək üçün vahid forma olaraq doktoranturanın tanınması irəli sürülür. Doktorantura pilləsi elmi tədqiqatlara əsaslanan digər peşə karyerasının zəruri fazası olduğundan, namizəd tərəfindən doktoranturaya irəli sürülən şəxslər istedadlı olmalıdır. Əgər bu fikri əsas olaraq qəbul etsək, onda razılaşmaq lazımdır: Avropada belə bir anlayış mövcuddur, lakin doktorantura pilləsini yekunlaşdıran fəlsəfə doktoru dərəcəsi (PhD) tədqiqat karyerasında son hədd deyildir. Onda belə bir sual qarşıya çıxır, xarici ölkələrdə alimin bir tədqiqatçı olaraq ən yüksək pilləsinin tanınmasının sonrakı mərhələsi hansı dərəcədir. Qeyd edək ki, həm Avropa, həm də ABŞ aliminin elmi dərəcəsinin (ixtisas pilləsinin) formalaşdırılmasında fəlsəfə doktoru dərəcəsi yekun dərəcə kimi mütləqləşmir.

 

 

Müdafiə Mahmudov,

MMC EİM-in direktoru

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2009.- 24 yanvar.- S. 4.