Əsaslı islahatlar Azərbaycanın iqtisadi
potensialının möhkəmlənməsinə və
insanların rifah halının yaxşılaşmasına
yönəlib
Azərbaycanın
sosial-iqtisadi inkişafında əlamətdar nailiyyətlərlə
yadda qalan 2008-ci il ölkəmizin müstəqillik tarixinin
parlaq bir səhifəsidir. Ötən il dünyanı
bürüyən qlobal maliyyə böhranı bir çox
inkişaf etmiş ölkələrin iqtisadiyyatını silkələsə
də, Azərbaycan düzgün müəyyənləşdirilmiş
strateji kurs və çevik islahatlar sayəsində gözlənilən
təhlükələrdən yayına bildi, iqtisadi inkişaf
yolunda uğurlu addımlar atmağa nail oldu.
Ölkənin
bütün regionlarını əhatə edən müasir
istehsal müəssisələri istifadəyə verildi, əhalinin
pul gəlirləri nəzərə çarpacaq dərəcədə
artdı, məşğulluq səviyyəsi daha da yüksəldi,
möhtəşəm infrastruktur layihələr həyata
keçirildi, iqtisadiyyatın ayrı-ayrı sahələrinə
investisiya qoyuluşları artırıldı, Azərbaycan sərmayəsi
xarici ölkələrdə reallaşdırılan iqtisadi
layihələrə yönəldildi və respublikamız
öz sözü, müstəqil siyasəti olan dövlət
kimi beynəlxalq aləmdə daha yüksək nüfuza sahib
oldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin
banisi, ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan strateji siyasi kursun ölkə Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə yeni dövrün tələbinə
uyğun şəkildə həyata keçirilməsi sayəsində
mümkün olmuş, ardıcıl və məqsədyönlü
islahatlar nəticəsində gerçəkləşmişdir.
Bu gün ölkə həyatının
elə bir sahəsi yoxdur ki, orada davamlı artım və
dinamik tərəqqi müşahidə edilməsin. 2008-ci ildə
ümumi daxili məhsulun real artımı 10,8 faiz, qeyri-neft
sektoru üzrə 15,7 faiz, neft sektorunda isə 7 faiz
olmuşdur. Göründüyü kimi, artıq
iqtisadiyyatın şaxələndirilmiş inkişafına
yönəldilmiş dövlət siyasəti uğurlu nəticələr
vermiş, 2008-ci ildə ölkə iqtisadiyyatına qoyulan
investisiyaların 69 faizdən çoxu qeyri-neft sektorunun
payına düşmüşdür.
Əhalinin ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində həyata keçirilən
tədbirlər davam etdirilmiş, aqrar sektora dövlət
qayğısı artırılmış, bu sahədə fəaliyyət
göstərən sahibkarlara güzəştli kreditlərin
verilməsi genişləndirilmişdir. Bu baxımdan
Sahibkarlığa Kömək Milli Fonduna, "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə, Kənd Təsərrüfatı
Kreditləri üzrə Dövlət Agentliyinə ayrılan
dövlət vəsaitləri öz əhəmiyyətinə
görə xüsusilə qeyd olunmalıdır. Eləcə də
Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan ərzaq təhlükəsizliyi tədbirlərinin
daha da gücləndirilməsinə 50 milyon manat, cins
damazlıq mal-qaranın və mineral gübrələrin
alınmasına, mineral gübrələrin və kənd təsərrüfatı
texnikasının saxlanılması üçün xüsusi
anbarların tikintisinə 25 milyon manat vəsait
ayrılmışdır. Aqrar sahəyə dövlət dəstəyinin
davamı olaraq ötən il kənd təsərrüfatı
məhsullarının istehsalçılarına becərmədə
istifadə edilmiş motor yağlarına və yanacağa,
buğda və çəltik istehsalçılarına, mineral
gübrələrin güzəştlə alınmasına
görə 76,5 milyon manat vəsait verilmişdir. Təsadüfi
deyil ki, kənd təsərrüfatı məhsulları
istehsalçılarına subsidiyaların və vergi güzəştlərinin
verilməsi sayəsində son beş il ərzində aqrar
sektor üzrə məhsul istehsalının nominal dəyəri
2,4 dəfə artmış, bu sahə üzrə real
artım səviyyəsi 25,1 faizə yüksəlmişdir. Bu
istiqamətdə həyata keçirilən tədbirləri
yüksək dəyərləndirən ölkə Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ildə
sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş
iclasındakı nitqində atılan addımların
davamlı olmasının zəruriliyini bir daha önə
çəkmişdir: "Biz ərzaq təhlükəsizliyinə
böyük dərəcədə nail ola bildik, amma hələ
ki, tam şəkildə nail ola bilməmişik. Biz buna 100 faiz
nail olmalıyıq. Dünyada gedən proseslər bizi buna
vadar edir. Bir müddət bundan əvvəl dünyada taxıl
qıtlığı yaranmışdı. Taxıl
istehsalçıları taxılı satmırdılar, hətta
əvvəllər bizim özəl şirkətlər tərəfindən
imzalanmış müqavilələr də icrasız
qalmışdı. Ona görə biz dərhal
çalışmağa başladıq ki, yerli istehsalı
gücləndirək. Bu gün isə cəmi bir il keçəndən
sonra vəziyyət tamamilə fərqlidir. İndi dünyada o
qədər taxıl yığılıb ki, müştəri
axtarırlar və bizə də müraciət edirlər ki, gəlin
bizdən taxıl alın. Yəni bu onu göstərir ki, bu gün
belədir, sabah başqa cür ola bilər. Ona görə biz
tam şəkildə özümüzü bütün strateji
məhsullarla təmin etməliyik...".
2008-ci ilin sosial-iqtisadi
uğurlarını şərh edərkən son beş ildə
həyata keçirilən kompleks tədbirlərin,
reallaşdırılan dövlət proqramlarının əhəmiyyətini
qeyd etmək xüsusilə zəruridir. Bu baxımdan "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" (2004-2008-ci illər) çərçivəsində
görülən işlər olduqca böyük əhəmiyyət
kəsb edir. Proqram üzrə nəzərdə tutulan müddəaların
yerinə yetirilməsi sayəsində son beş ildə
ölkənin tarazlı inkişafına nail olunmuş, əmək
ehtiyatlarından səmərəli istifadə edilmiş, əhalinin
şəhərlərə axınının
qarşısı alınmış, yeni istehsal sahələri
yaradılmış, sahibkarlığın inkişafına əlavə
təkan verilmiş, infrastruktur sahələr müasir tələblərə
uyğunlaşdırılmış, ən əsası, daxili
investisiyaların xüsusi çəkisi nəzərə
çarpacaq dərəcədə
artırılmışdır. Belə ki, regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasına sərf olunan investisiyaların həcmi 6 milyard manat
təşkil etmiş, ölkə üzrə 26 min 641 yeni
müəssisə fəaliyyətə
başlamışdır. Əhalinin məşğulluğunun
təmin olunması yönündə atılan təsirli
addımların nəticəsi olaraq son beş il ərzində
766 min 300 yeni iş yeri açılmışdır ki, bunun
da 547 min 600-ü daimidir. Yaxın zamanda 2009-2013-cü illəri
əhatə edəcək yeni Dövlət Proqramının
icrasına başlanılacağını nəzərə
alsaq, bütün bu nailiyyətlərin miqyasının daha da
genişlənəcəyini, Azərbaycanın zəngin
iqtisadi potensialının bütün sahələrin misli
görünməmiş tərəqqisinə yeni bir təkan
verəcəyini əminliklə söyləyə bilərik.
Azərbaycanın inkişafında qeyri-neft sektoruna xüsusi
diqqət ayrıldığını, bu sahənin müasir tələblər
səviyyəsinə qaldırıldığını və
mövcud siyasi xəttin davamlı olacağını bildirən
ölkə rəhbəri son illərdə bu baxımdan
qazanılan uğurları yüksək qiymətləndirib:
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının
uğurla icra olunması bunun əyani sübutudur. Növbəti
beş il üçün yeni geniş proqram hazırlanır
və yəqin ki, yaxın vaxtlarda biz onu qəbul edəcəyik".
Odur ki, ötən beş ildə qazanılan təcrübə,
keçilən uğurlu yol qarşıdakı beş ilin
inkişaf və quruculuq baxımından daha zəngin
olacağına təminat verir.
Respublikamızın
iqtisadi yüksəlişi, artan maliyyə imkanları
birbaşa əhalinin sosial rifahının, xalqın həyat səviyyəsinin
yaxşılaşmasında özünü büruzə
verir. Ötən il əhalinin gəlirləri 2007-ci illə
müqayisədə 36,2 faiz artaraq, adambaşına 2343 manata
yüksəlmişdir. Dövlət
başçısının fərman və sərəncamları
ilə minimum əmək haqqı və əmək
pensiyalarının baza hissəsi artırılaraq 75 manat
olmuşdur. Bununla əlaqədar aylıq pensiyaların orta məbləği
2007-ci illə müqayisədə 50 faizdən çox artaraq
96 manata çatmışdır. Büdcə təşkilatlarında
çalışanların əmək haqları orta hesabla 50
faiz artırılmış, ölkə üzrə orta
aylıq əmək haqqı 268 manata yüksəlmişdir.
Bununla bərabər, dövlətin sosial siyasətinin yeni
imkanlar açdığını, iqtisadi tərəqqinin
növbəti illərdə daha geniş sosial proqramların
icrasına zəmin yaradacağını qeyd edən Prezident
İlham Əliyev bildirib ki, ünvanlı dövlət sosial
yardımı proqramı davam etdiriləcək, məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması məsələlərinə xüsusi
qayğı göstəriləcək, sosial obyektlərin
inşası və təmiri diqqət mərkəzində saxlanılacaqdır.
Bu gün Azərbaycanda əhalinin yoxsulluq səviyyəsinin
1362 faizə enməsi bir daha göstərir ki, ölkədə
aparılan köklü islahatlar həm respublika
iqtisadiyyatının möhkəmlənməsinə, həm də
xalqın həyat səviyyəsinin yüksəlməsinə
yönəldilib.
Azərbaycanın hərtərəfli
inkişafında, dövlətimizin daha da qüdrətlənməsində
mühüm bir mərhələ olan 2008-ci ildə ölkənin
enerji təhlükəsizliyinin təmin olunması, elektrik
enerjisi və mavi yanacaq sarıdan daxili tələbatın
etibarlı şəkildə ödənilməsi
üçün ciddi tədbirlər
görülmüşdür. Ötən il regionların
qazlaşdırılması davam etdirilmiş, bu göstərici
ölkə üzrə 85 faizə
çatdırılmış, enerji şəbəkəsində
əsaslı yenidənqurma işləri
aparılmışdır. Səngəçalda gücü
300 meqavat olan elektrik stansiyası istifadəyə verilmiş,
bir sıra paylayıcı elektrik şəbəkələri
yenidən qurulmuş, Azərbaycan artıq elektrik enerjisini
ixrac edən ölkəyə çevrilmişdir. Yaxın
müddətdə Sumqayıtda, Şirvanda və Qubada yeni
elektrik stansiyaları istifadəyə veriləcək və
bununla da həm artan enerji tələbatımız dolğun
şəkildə ödəniləcək, həm də ixrac
imkanlarımız artacaqdır.
Milli neft strategiyası və
Azərbaycanın düzgün enerji siyasəti ölkəmizə
əlavə iqtisadi və siyasi dividentlər gətirməkdədir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və
Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli layihələrin
ölkəmizin dünyadakı mövqelərini daha da möhkəmləndirdiyini
söyləyən dövlət başçısı bildirir
ki, enerji daşıyıcılarının ixracının
şaxələndirilməsi istiqamətində bütün məsələlər
həllini tapmışdır. Hazırda Azərbaycan
qazını və neftini müxtəlif istiqamətlərə
nəql edən 7 kəmərin mövcud olması beynəlxalq
aləmdə ölkəmizin etibarlı tərəfdaş,
dayanıqlı ixracatçı imicini daha da möhkəmləndirir.
Odur ki, bu gün bütün dünya ölkələri, o
cümlədən də Avropa Birliyi Azərbaycanla əməkdaşlığa
böyük üstünlük verir, qlobal iqtisadi böhrana
baxmayaraq, yeni enerji layihələrinin gerçəkləşdirilməsi
ətrafında müzakirələr intensiv xarakter alır.
Enerji sahəsində genişlənən dialoq çərçivəsində
ötən ilin noyabrında Bakıda enerji məsələlərinə
həsr olunmuş zirvə toplantısı keçirilmiş,
Xəzər hövzəsindən dünya və Avropa
bazarlarına yönələn neft və qaz kəmərlərinin
çoxşaxəliliyinin əhəmiyyətini təqdir edən
bəyannamə qəbul olunmuşdur. Azərbaycanın beynəlxalq
normalar, enerji xartiyası əsasında əməkdaşlığa
hazır olduğunu nəzərə çatdıran Prezident
İlham Əliyev ölkəmizin qaz ehtiyatlarının 2
trilyon kubmetr həcmində ölçüldüyünü
və bu imkanlardan növbəti illərdə daha səmərəli
istifadə ediləcəyini vurğulayıb: "Bir daha demək
istəyirəm ki, bu məsələ indi dünyada, dünyanın
gündəliyində bir nömrəli məsələdir və
şübhə yox ki, növbəti illərdə enerji
resurslarına olan tələbat daha da artacaqdır.
Çünki həm dünyada yeni mənbələr aşkar
olunmur, həm də ki, mövcud olan mənbələr və
nəqletmə sistemləri bu gün artıq tam şəkildə
fəaliyyət göstərə bilmir. Müəyyən səbəblər
üzündən bu, bizim işimiz deyildir. Amma bu
reallıqdır. İstehlakçı üçün səbəb
önəmli deyil, istehlakçı üçün o önəmlidir
ki, o qazı, yaxud da ki, başqa yanacağı
vaxtlı-vaxtında alsın və dünya qiymətinə
alsın. Hamı çalışır ki, daha da ucuz qiymətə
alsın. Amma əsas odur ki, əhəmiyyətli təminat
olsun. Azərbaycan bu günə qədər özünü
çox etibarlı tərəfdaş kimi göstərmişdir
və bir daha demək istəyirəm ki, bizim enerji siyasətimiz
dostluğa, əməkdaşlığa və
qarşılıqlı maraqların təmin olunmasına
yönəldilibdir". Məhz bu siyasət və qəti
mövqe, eləcə də yuxarıda qeyd olunan
üstünlüklər Azərbaycanın cazibə qüvvəsini
artırır, Avropa və dünya bazarlarında ölkəmizin
enerji ehtiyatlarına tələbatı yüksəldir.
Ötən il Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan müzakirələr konkret nəticələr verməsə
də, danışıqlar prosesində Azərbaycanın ərazi
bütövlüyünün bərpasının zəruriliyi
daim önə çəkilmişdir. Artıq Ermənistanda
da bir sıra dairələr işğalçılıq siyasətinin
onları fəlakətə apardığını bəyan
edir, geniş ictimaiyyət isə bu mövqeni açıq
şəkildə dəstəkləyir. Beynəlxalq arenada
nüfuzdan düşən, danışıqlar prosesində
dalana dirənən Ermənistan hakimiyyəti isə iradələrinin
öz əllərində olmadığını hər
addımda büruzə verir, forpost dövlət
olduqlarını, xaricdəki havadarlarından
asılılıqlarını artıq gizlədə bilmirlər.
Sülh
danışıqlarında daim beynəlxalq hüquqa əsaslanan
Azərbaycan münaqişənin nizamlanması istiqamətində
mövqelərini daha da möhkəmləndirmişdir. Bunun nəticəsidir
ki, 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci
sessiyasında Azərbaycan tərəfindən irəli
sürülmüş qətnamə qəbul edilmişdir. Qətnamənin
müdəalarına əsasən işğalçı erməni
qüvvələri zəbt olunmuş Azərbaycan ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz çıxmalı, azərbaycanlıların
doğma yurd-yuvalarına qayıtması təmin edilməli,
Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının
təhlükəsiz və bərabər həyat şəraitinin
təmin olunmasına imkan verən demokratik özünüidarəetmə
sistemi yaradılmalıdır. Ermənistan-Azərbaycan
münaqişəsində yalnız iki tərəfin
olduğunu, heç bir müqəddəratını təyin
etmə məsələsinin faktiki mövcud
olmadığını təsbit edən BMT Təhlükəsizlik
Şurasının ayrı-ayrı illərdə qəbul
edilmiş 4 qətnaməsində də, ATƏT-in, Lissabon
sammitinin sənədlərində də münaqişənin
yalnız beynəlxalq hüquq prinsipləri əsasında həllinin
mümkünlüyü irəli sürülür.
Münaqişənin qeyd olunan prinsiplər çərçivəsində
həllinin uzaqda olmadığına əminliyini bildirən
İlham Əliyev bütün bunlarla yanaşı, digər
vasi-tələrdən, hərbi gücdən istifadənin
mümkünlüyünü də inkar etmir: "Ancaq bununla
bərabər, o da heç kimə sirr deyil ki, biz ordu
gücümüzü də artırırıq və
böyük dərəcədə artırmışıq.
Son beş il ərzində ordu quruculuğu istiqamətində
atılmış addımlar Azərbaycanı çox gücləndirmişdir.
Növbəti illərdə orduya ayrılan xərclər daha
da artacaqdır. Mən bunu bir daha demək istəyirəm ki,
biz bu sahəyə prioritet diqqət göstəririk və
2009-cu ildə bütün hərbi xərclərimiz 2,3 milyard
dollar təşkil etməlidir. Bu, böyük rəqəmdir.
Ancaq bizim qarşımızda böyük vəzifələr
dayanır. Biz istənilən anda, istənilən yolla öz
doğma torpaqlarımızı azad etməyə hazır
olmalıyıq, hazırıq, ancaq özümüzü daha
da gücləndirməliyik".
Azərbaycanda
hüquqi-demokratik islahatlar, liberal iqtisadi sistemin tam şəkildə
təşəkkül tapmasına yönələn proqram və
tədbirlər davamlı şəkildə aparılır,
qazanılan uğurlar nüfuzlu beynəlxalq maliyyə
qurumları, hüquq institutları tərəfindən də
etiraf olunur. Təsadüfi deyil ki, ötən ilin
yekunlarına görə Dünya Bankı Azərbaycanı
ilin bir nömrəli islahatçı ölkəsi elan
etmişdir.
Daim yeniləşən,
demokratik dəyərlərə sədaqətini əzmlə qoruyub
saxlayan Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğuna, xalqın mənafeyinin qorunmasına, milli
maraqların təmin olunmasına xüsusi önəm verilir.
2008-ci il oktyabrın 15-də keçirilən prezident
seçkilərinin bütün dünya tərəfindən
müsbət qiymətləndirilməsi, xalqın iradəsinin
azad şəkildə ifadə olunması üçün
yaradılan şəffaf və demokratik seçki mühitinə
beynəlxalq qurumların və müşahidəçilərin
yüksək dəyər verməsi sivil dünyaya uğurla
inteqrasiya edən Azərbaycanın daha bir nailiyyəti,
müstəqil dövlətçiliyimizin demokratik
inkişafının təntənəsidir.
Azərbaycanın
davamlı və dinamik inkişafının uzaqgörən
siyasətə, müdrikliklə müəyyənləşdirilmiş
strategiyaya əsaslandığının daha bir təsdiqinə
çevrilən 2008-ci ildə ölkəmiz hər sahədə
ciddi irəliləyişə nail ola bilmişdir.
İqtisadiyyatın bütün sahələrində yüksək
artım əldə edilmiş, səhiyyə, təhsil, idman,
rabitə, nəqliyyat, tikinti infrastrukturlarında əsaslı
yenidənqurma tədbirləri həyata keçirilmiş və
bunlara uyğun olaraq parlaq nəticələr
alınmışdır. Ölkədə hökm sürən
siyasi sabitliyi, xalqla iqtidar arasında olan birliyi, iqtisadi
proqramların vaxtında icra olunmasını yüksək dəyərləndirən
Prezident İlham Əliyev deyib: "... Bizim iqtisadi
uğurlarımızın təməlində
düşünülmüş siyasət dayanır, ölkənin
milli maraqlarının qorunması dayanır, siyasi islahatlar,
demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və
bütün bunları görməmək mümkün
deyildir".
B.MƏMMƏDLİ,
Respublika.- 2009.- 27 yanvar.- S. 4.