Təhsilin maddi-texniki bazası güclənir

 

Xalqımızın gələcəyini onun təhsilində görən dahi insan, böyük öndər Heydər Əliyevin fəaliyyətində təhsilin inkişafı daim diqqət mərkəzində olmuşdur. O, deyirdi: Biz orta məktəblərimizin səviyyəsini bilməliyik və onu ilbəil yüksəltməliyik".

Bu gün iftixar hissi ilə deyirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində təhsilimiz inkişaf etməkdədir. Bir neçə il ərzində yüzlərlə yeni məktəb binasının tikilməsi və əsaslı təmiri, onların müasir avadanlıqla təchiz olunması bunu təsdiq edir. Bu qayğıdan yetərincə bəhrələnən, daha da inkişaf edən regionlardan biri də Zaqataladır. Rayon təhsil şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Tahir Məmmədovun bölgə müxbirimizlə söhbəti də bu barədədir.

-Son illərdə Zaqatalada məktəb tikintisi çox böyük vüsət almışdır. Ötən iki il ərzində şəhər 5 saylı məktəb üçün 360 yerlik binanın tikintisi başa çatmış, şəhərdəki 3 saylı orta məktəbdə və humanitar fənlər gimnaziyasında əsaslı təmir işləri aparılmışdır. Humanitar fənlər gimnaziyasında əlavə 200 şagird yerlik 10 sinif otağı, Əliabad qəsəbəsində 4 saylı orta məktəbin yerində 360 şagird yerlik yeni məktəb binası tikilib təhvil verilmişdir. Tala kənd 2 saylı orta məktəbi əsaslı təmir olunmuş, Suvagil kənd 1 saylı orta məktəb üçün 200 şagird yerlik əlavə sinif otaqları, Qandax kəndində Heydər Əliyev Fondu hesabına 240 şagird yerlik məktəb binası tikilmişdir. Faldar kəndində köhnə məktəb binasının əsaslı təmiri, Yuxarı Çardaxlar kəndində məktəb üçün yeni korpusun və idman zalının tikintisi başa çatdırılmışdır. Köhnə məktəb binası əsaslı təmir edilmişdir. Rayonun Qımır, Danaçı, Muxax, Qandax, Göyəm kəndlərində, Qazangül qəsəbəsində Təhsil Nazirliyinin, Heydər Əliyev və Neft fondlarının, Yaponiya səfirliyinin vəsaitləri ilə yeni binalar, korpuslar tikilmiş, köhnə binalar əsaslı təmir olunmuşdur. Ötən il Z.Əliyeva adına lisey fəaliyyətə başlayıb. 2008-ci ildə məktəbdənkənar təhsil müəssisələrinə diqqət daha da artmış, şahmat məktəbi, Uşaq Yaradıcılıq Gənc Texniklər, ekoloji mərkəzlər əsaslı təmir edilmiş, 40 yerlik uşaq bağçasının tikintisi davam etdirilmişdir. Əgər 2007-ci ildə 1960 şagird yeni tədris ocaqlarında təhsilə başlamışdırsa, 2008-ci ildə bu rəqəm 3060 olmuşdur. Tikinti-təmir işləri də son illərdə böyük vüsət almışdır.

Ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunması istiqamətində xeyli işlər görülmüşdür. Əsaslı təmir edilən və yeni tikilən məktəblər tamamilə təzə avadanlıqla təchiz olunmuşdur. Təkcə 2007-2008-ci illərdə məktəblərə 1435 ədəd parta, 310 ədəd yazı lövhəsi, 180 stol, 459 stul, 250 metr pərdə, 10 ədəd xalça, 15 kabinet dəsti və sair verilmişdir. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramına (2005-2007-ci illər) uyğun olaraq ümumtəhsil məktəblərimizdə 603 kompüter şagird və müəllimlərin istifadəsindədir. Məktəblərdə informatika dərslərini təbliğ edən müəllimlərin hamısı kompüterdən istifadə edə bilirlər. Təhsil şöbəsinin tələbinə əsasən informatika fənnindən dərs deyən müəllimlər həftədə 4 saat öz həmkarlarına kurslar təşkil edirlər. Dayaq məntəqələrində kompüterlərdən istifadə edərək interaktiv təlim üsulları ilə dərslər nümayiş etdirilir. Dərsliklə təminat Proqramı (2006-2015-ci illər) istiqamətində Dövlət Proqramı yerinə yetirilib. Klassiklərin əsərləri və elmi-publisistik kitablar məktəblərə çatdırılıb. Məktəblərə 91 adda kitab gətirilib. Artıq kitabxanalarda ümumi kitab fondu 457398, o cümlədən dərsliklərin sayı 303066, bədii, pedaqoji, elmi-populyar əsərlərin sayı isə 154332-ə çatıb. Təhsilin əsas istiqamətlərindən birini milli kurrikulum islahatı təşkil edir. Milli kurrikulum tələbyönümlü, nəticəyönümlü, şagirdyönümlü olub interaktiv təlim üsullarına əsaslanır. Ümumən bu sənəd pedaqoji kollektivin fəaliyyətinin bütün sahələrini özündə cəmləşdirir. Ötən illərin əvvəlində 2008-2009-cu dərs ilində I siniflərdə "Kurrikulum" təlimində dərs deyəcək müəllimlərin siyahısı tərtib edilmişdir. Rayon məktəbləri rəhbərlərinin təqdimatına əsasən bu işə gənc, savadlı, nüfuzlu və əsasən ali təhsilli müəllimlər cəlb edilmişlər. Ötən ilin aprel ayında Təhsil Nazirliyinin əməkdaşları rayonumuzda olmuş və şəhərdəki 1 saylı orta məktəbdə 2 günlük seminar təşkil etmiş və müəllimlərə nəzəri hazırlıq üçün tapşırıqlar vermişlər.

Kurrikulum təlimi hamı üçün yenidir. "Hamılıqla öyrənək və öyrədək" şüarı ilə RTŞ-nin köməyi ilə məktəblər mütəmadi olaraq bu sənədin öyrənilməsinə dair tədbirlər həyata keçirib.

Açıq dərslər müəllim hazırlığının güzgüsüdür. Belə dərslər qabaqcıl təcrübənin yayılması və öyrənilməsi üçün ən yaxşı vasitədir. Tədris prosesində müəllimlər fəal təlim üsullarından istifadə edirlər. Məqsəd odur ki, şagird özü öyrənsin, problemin həllini özü axtarsın, mühakimə və müzakirə etməyi, nəticə çıxarmağı bacarsın. Nəticədə elmlərin əsaslarına yiyələnsin, bir şəxsiyyət kimi yetişsin. Bu dərs ilinin ötən dövründə Şəhər və Tala kəndlərinin məktəblərində 158 açıq dərs keçirilmişdir. Həmin dərslərdə rayonun 60 məktəbindən 330 müəllim iştirak etmişdir. Rayonumuzun ümumtəhsil ocaqlarında fənn olimpiadalarının, "Bilik" yarışlarının müxtəlif müsabiqələrin uğurla keçirilməsinə, yaxşı nəticələr verməsinə xüsusi diqqət yetirilir.

Vətənpərvərlik tərbiyəsinə diqqət və qayğı fəaliyyətimizdə mühüm yer tutur. Ötən ilin aprel ayında "Azərbaycanı sev və öyrən" devizi ilə respublika turist diyarşünaslıq ekspedisiyası keçirilmişdir. Ekspedisiya zamanı rayonumuzun tarixi abidələrinin, təbiətinin, füsunkar guşələrinin fotoşəkilləri toplanıb Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinə göndərilmişdir. Bu fotomüsabiqədə rayonun Mazıx, Yuxarı Çardaxlar, Car kənd 1 saylı orta məktəblərinin şagirdləri fərqlənmişlər.

Hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasını ən aktual və ən birinci vəzifə sayırıq. 48 orta ümumtəhsil məktəblərinin hamısı gənclərin çağırışa hazırlığı müəllimi ilə təmin edilmişdir.

Bunlardan 14-ü ixtisaslı kadr, 22-si ali təhsilli zabit, 7-i pedaqoji orta ixtisas təhsillidir. 12 nəfər gənclərin çağırışa qədər hazırlığı müəllimi Qarabağ döyüşlərinin veteranıdır. Bu sahə üzrə fənn kabinetləri rayon rəhbərliyinin köməyi ilə hazır plakatlarla təmin edilmişdir. Məktəblərdə "Cəsurlar", "Şahin", "Sərhəd" hərbi-idman oyunlarına maraq artmışdır.

Hər üç hərbi idman oyunlarında I-II-III yerləri tutmuş komandalar rayon icra hakimiyyətinin, Təhsil Nazirliyinin, Gənclər və Turizm Nazirliyinin, Müdafiə Nazirliyinin fəxri fərmanlarını almışlar. Yuxarı Çardaxlar, şəhər 1 saylı, Qımır, Tala 3 saylı, Yengiyan, Qandax məktəblərinin məzunları ali-hərbi məktəblərdə yaxşı qiymətlərlə oxuyurlar. Bu il ali-hərbi məktəblərə 311 nəfər qəbul olunmuşdur.

2008-2009-cu dərs ilində bağçalardan məktəblərə 78 nəfər uşaq yola salınıb. Bunlardan 374 nəfəri I siniflərdə, 104 nəfəri isə hazırlıq siniflərindəndir. Məktəbdənkənar müəssisələrimizin də normal fəaliyyətinə qayğı ilə yanaşırıq.

Zaqatala rayonundan ötən il ali və orta ixtisas məktəblərinə 491 nəfərdən çox məzun qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 8 nəfəri 600-dən, 33 nəfəri 500-dən çox bal toplamışdır.

Artıq məktəblərin birbaşa maliyyələşməsi həyata keçirilir. 1 sentyabr 2008-ci ildən RTŞ-nin nəzdində olan 110 müəssisənin işçilərinin hamısı maaşlarını bankomatdan alırlar. Məktəblərin idarə edilməsi demokratikləşdirilir. Bununla bərabər, məktəb rəhbərlərinin üzərinə çox böyük məsuliyyət düşür. Çünki məktəbdə şəffaflığın təmin edilməsinə onlar birbaşa cavabdehdir. Bugünkü məktəb ağıllı məntiqə, təmiz vicdana sahib olan insan yetişdirməlidir. Müstəqil düşüncə tərzinə malik, prinsipiallığı, ədalətliliyi, özünün, dövlətinin və millətinin mənlik və qürurunu üstün tuta bilən vətəndaşın yetişdirilməsi isə hər bir müəllimin müqəddəs vəzifə borcudur.

 

 

Rasim AMANOV,

 

Respublika.- 2009.- 29 yanvar.- S. 6.