Vətənə sipər oğullar
Mavi Xəzərin nəğməli
sahilləri ilə Qaradağ rayonuna yollanırıq. Hansı
səmtə, hansı yana baxırsansa geniş quruculuq və
abadlıq işləri diqqəti cəlb edir. Bu isə ilk
növbədə ölkə rəhbərinin regionların
sosial-iqtisadi inkişafına göstərdiyi qayğı və
diqqətin bariz nümunəsidir. İş saatı yeni
başlasa da rayonun hərbi komissarlığına doğru
axışan insanların ardı-arası kəsilmirdi. Həmişəki
kimi rayonun müharibə və əmək veteranları,
pedaqoji kollektivlərin üzvləri ictimaiyyətin nümayəndələri
hərbi xidmətə yola salınma mərasimində yüksək
əhval-ruhiyyə ilə iştirak edirdilər. Burada
çoxsaylı insanların sevincinə biz də qoşuluruq.
Qürur hissi
geçiririk ki, qaradağlı gənclər, sabahın əsgərləri
Cənubi Qafqazda lider dövlətə çevrilən
müstəqil Azərbaycanın ərazi
bütövlüyünü qoruyacaq, hərbi anda sadiq
qalacaqlar.
Hərbi
komissarlığın həyətinə daxil olarkən
"Azərbaycanın Milli qəhrəmanları",
"Ordun varsa, yurdun var", "Heydər Əliyev unudulmaz
lider" və digər fotostend və yazılar diqqəti cəlb
edir.
Şübhəsiz ki,
belə təbliğat vasitələri gənclərin hərbi
vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində
müstəsna rol oynayır.
Burada biz ilk öncə
bir qrup qaçqın və məcburi köçkünlərlə
görüşüb söhbət etdik. İşğal
altında qalmış torpaqlarımızdan nankor erməni
daşnaklarının zaman-zaman türk xalqlarına
qarşı düşmənçilik mövqeyində
dayandıqlarından söhbət açdıq. Yurd eşqi
ilə alışıb-yanan insanların yaralı yerinə
toxunduq. Onlar əminliklə dedilər ki, biz bütün
ümidimizi qüdrətli Azərbaycan ordusuna, bu gün əsgəri
xidmətə yola düşən Koroğlu, Nəbi,
Cavanşir qeyrətli balalarımıza, Vətənə sipər
oğullara bağlamışıq. Əmin ola bilərik ki,
onlar xidmət dövründə hərbi texnikanın sirlərinə
mükəmməl yiyələnəcək,
torpaqlarımızın keşiyində ayıq-sayıq
dayanacaq, üçrəngli bayrağımızı həmişə
başları üzərində qürurla
dalğalandıracaqlar.
Həmişəki kimi hərbi
xidmətə yola düşən gənclər öz
doğmaları ilə xatirə şəkilləri çəkdirir.
Müharibə veteranları onlara tövsiyə edirlər ki,
xidmət dövründə ataların şanlı
döyüş ənənələrini layaqətlə
qoruyub saxlasınlar.
Budur, ortaya ani bir
sükut çökür. Danışıq üçün
söz rayonun hərbi komissarı polkovnik-leytenant Möhübbət
Balayevə verilir. O, ilk öncə yolasalma mərasimində
iştirak edən bütün insanları salamlayır, sonra isə
sevincini onlarla yarı bölərək deyir:
—Əziz balalar, Vətən
sizin kimi cəsur, şahin oğullarla fəxr edir. Siz
yaxşı bilirsiniz ki, Şuşamız, Kəlbəcərimiz,
Qarabağımız və digər bölgələrimiz ermənilər
tərəfindən işğal olunmuşdur.
Torpaqlarımızın düşməndən azad edilməsi
üçün Prezident İlham Əliyev tərəfindən
məqsədyönlü iş aparılır. Hər biriniz hərbi
xidmət dövründə ayıq-sayıq olmalı, ermənilərdən
qisas almağa hazır olmalısınız.
Hərbi xidmətə
yola-salma mərasimində Elmar Səidov ürək sözlərini
ifadə edərək dedi:
—İftixar hissi
keçirirəm ki, mən bu gündən Azərbaycan əsgəri
kimi şərəfli ad daşıyıram. Vətənə,
xalqa sədaqətli olmaq hər birimizin müqəddəs
borcudur. Əmin ola bilərsiniz ki, bizə göstərilən
etimadı öz əməlimizlə doğruldaraq, xidməti
borcumuzu şərəflə yerinə yetirəcək və gələcəkdə
müstəqil Azərbaycanın çiçəklənməsi
naminə əlimizdən gələn hər şeyi edəcəyik.
Əsgər atası Rəşadət
Muradovun çıxışı hamıda xoş ovqat
yaratdı. O vurğuladı ki, bu günü həyatımın
ən gözəl yadda qalan anı hesab edirəm.
Çünki oğlum Ceyhun bu gün ordu sıralarına
yollanır. Gün o gün olsun ki, onlar Laçından,
Qubadlıdan, doğma Qarabağımızdan müjdə xəbəri
gətirsinlər...
Təntənəli mərasim
başa catır. Gənclərdən Məftun Mustafayev,
Şahin Yusifov və başqaları musiqi sədaları
altında, valideynlərin xeyir-duası ilə əsgəri
xidmətə yollanırlar.
Qədir ASLAN,
Respublika.- 2009.- 29 yanvar.- S.6.