Azərbaycanın davamlı inkişaf yolu dönməzdir
Son dövrlər
dünya iqtisadiyyatında baş verən disproporsiya və
uyğunsuzluqlar, həmçinin müxtəlif regionlarda ərzaq
və maliyyə böhranları sürətlə
bütün inkişaf etmiş ölkələrin
iqtisadiyyatına əsaslı təsir göstərmiş,
inkişaf etməkdə olan ölkələri isə bir
növ silkələmişdir. Dünya iqtisadiyyatının
inkişafını təhlil etdikdə görürük ki,
vaxtaşırı baş verən belə böhranlar bir
növ qaçılmazdır. Hələ 1825-ci ildə
İngiltərədə ilk dəfə olaraq başlayan ifrat
istehsal böhranı təqribən on illər ərzində
davam etmişdir. Daha sonra isə ayrı-ayrı ölkələrdə
lokal səviyyələrdə istehsal, aqrar və digər bu
tip böhranlar baş versə də, bütövlükdə
dünya iqtisadiyyatını əhatə edən və
miqyasına görə indiyədək ən nəhəng
hesab olunan qlobal böhran 1929-33-cü illərdə baş
vermişdir. Bu illər ərzində dünyada istehsal səviyyəsi
5,2 dəfə, beynəlxalq ticarət isə 5,3 dəfə
aşağı düşmüşdü. İşsizlərin
sayı o dövrdə 30 milyon nəfəri əhatə
etmiş, baş verən böhran nəticəsində əksər
ölkələrin iqtisadiyyatı dərin tənəzzülə
uğramışdı. İndiki halda baş verən
müasir dünya böhranı da məhz bu qəbildəndir.
Sözün əsl mənasında sayca ikinci olan qlobal
dünya böhranı baş vermişdir. Həm də birinci
dəfə o, dünyanın yarısını əhatə
etmişdir, bu dəfə isə o, daha sərt və əhatəli
miqyasda özünü büruzə verməkdədir.
Dünya
iqtisadiyyatının ayrı-ayrı milli iqtisadiyyatların cəmi
formasında qəbul edilməsi məntiqi baxımdan
düzgün deyildir. Belə ki, hər bir ölkənin maraq və
istək dairəsi lokaldır, özünəməxsusdur.
Lakin mənfəət dalınca qaçmaq və hərislik,
real riskləri axıra qədər qiymətləndirməmək
və düzgün təhlil etməmək, qloballaşan
iqtisadiyyatın milli çərçivələrdə
ayrı-ayrı maraqlarla uzlaşdırılmaması və
dünya təsərrüfatı miqyasında dövlət tənzimləmə
mexanizminin olmaması, eləcə də qlobal səviyyədə
səmərəli tənzimlənmə mexanizminin yoxluğu,
digər tərəfdən isə belə bir xaostik arenanın
siyasi amillərlə çulğaşması və məcmu
tələb-təklifin qeyri-mütənasib strukturlarla
uzlaşdırılması cəhdləri—islahatçıların
aparacağı makroiqtisadi tənzimləmə siyasətini
çətin duruma salmışdır.
Fikrimizcə, istər mətbuat,
istərsə də müxtəlif iqtisadi nəşrlərdə,
dünyada baş verən sosial-iqtisadi və siyasi
böhranı bəzən maliyyə böhranı kimi qələmə
vermək cəhdi düzgün deyildir. Belə ki, maliyyə
sistemində baş verən hər hansı bir
çatışmazlıq istehsal prosesindən qaynaqlanır,
dolayısı ilə bu prosesin çevrilmiş forması kimi
təzahür edir. Məhz bu baxımdan, "maliyyə
böhranı"nın baş verməsinin kökünü
və əsl səbəbini istehsalda axtarmaq daha yerinə
düşərdi. Bu böhran öz qlobal miqyasına və əhatə
dairəsinə görə dünyada insanların maraq və mənafelərinə
ciddi şəkildə mənfi təsir göstərir. Lakin gələcək
üçün ciddi ehtiyaclar doğurmaqla, yeni tələbatların
ödənilməsini qarşıya qoyaraq və əvvəlkindən
daha sürətli inkişaf tələb etdiyi
üçün o, bir növ dünya iqtisadiyyatının təzələnməsi
və tənzimlənməsi yolunda böyük sanitar rolunu
oynamaq funksiyasını yerinə yetirir. Sanki qocalmış,
yorulmuş, modernləşə və artıq yeniləşə
bilməyən, öz reallığından xeyli kənara
düşmüş mühiti məhv edərək ciddi yeniləşmə
prosesləri tələb edir.
Bu baxımdan hansı
ölkə bu keçidi və transformasiya şəraitini əvvəlcədən
duyursa, o özünə daha sürətli inkişaf
üçün güclü mövqe seçmiş olur. Bu
zaman ayrı-ayrılıqda müxtəlif ölkələr
antiböhran tədbirlərinin həyata keçirilməsində
sanki yarışa girirlər. Böhranı doğuran səbəblər
geniş təhlil edilir və ondan çıxış
yolları araşdırılır.
Dünyanı
bürümüş qlobal böhran şəraitində Azərbaycanın
davamlı və sabit inkişaf mexanizminin
düşünülmüş və düzgün şəkildə
qərarlaşdırılması mühiti böyük
sosial-iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Bu
mexanizmin qurucusu isə ölkə Prezidenti möhtərəm
İlham Əliyevdir.
Müasir böhran
öz mahiyyətinə və miqyasına görə əvvəlkilərindən
daha əsaslı şəkildə fərqlənir desək, səhv
etmərik. Çünki bu böhran dünya
iqtisadiyyatının sürətlə
qloballaşdığı bir mərhələdə baş
verir və ölkələr arasında siyasi gərginliyin
olduğu dövrə təsadüf edir (bu tip siyasi-iqtisadi
böhranın motivində artıq iki sistemli dünya yox,
yalnız kapitalist ölkələri sırası durur, həmçinin
neft böhranı da burada mühüm rol oynamaqdadır). Bu
amillərin hər biri ayrı-ayrılıqda böhranın
aradan qaldırılmasına maneçilik edən mühüm
ünsürlərdəndir. Ona görə də hər
hansı bir dövlətin standart antiböhran tədbirlərindən
tam istifadə etməsi də qeyri-mümkündür.
Hazırkı dövrdə hesab etmək olar ki, Azərbaycanın
etibarlı iqtisadi təhlükəsizlik modeli onu dünya
iqtisadi böhranının sərt təsirlərindən
qoruyur. Belə ki, bu amil möhtərəm Prezidentimiz İlham
Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir.
Milli və iqtisadi təhlükəsizlik baxımından cəmiyyətin
tolerantlığı və sabitliyinin mahiyyəti ölkə
iqtisadiyyatının bütün elementlərinin
etibarlılığını və təşəbbüskarlıq
formalarını nəzərdə tutur.
Sürətlə həyata
keçirilən modernləşmə xətti, səmərəli
investisiya və innovasiya siyasətinin aparılması, ölkənin
əmək potensialından yetərincə istifadə edilməsi
bu gün dövlət başçısının diqqətində
olduğundan, Azərbaycan iqtisadiyyatı öz dinamik
inkişaf yolunda sürətlə inkişaf etməkdədir.
Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanda
bazar yönümlü və demokratik prinsiplərə əsaslanan
milli iqtisadiyyatın formalaşması, idarə olunması və
inkişafı ilə bağlı strategiya bu gün cənab
Prezidentimiz İlham Əliyev tərəfindən böyük
uğurla və yaradıcılıqla inkişaf etdirilir,
reallaşdırılır və səmərəli şəkildə
öz effektini verməkdədir. Belə ki, cənab
Prezidentimizin son illərdə milli inkişaf strategiyasına
verdiyi böyük yenilik və töhfələr
danılmazdır. Doğrudan da Azərbaycan ancaq milli reallıqlar
prizmasından çıxış edərək öz milli
iqtisadi strategiyasını formalaşdıra bilmişdir.
Azərbaycan
iqtisadiyyatı özünün transformasiya dövrünü
yaşayır. Düzdür, o hələ keçid
dövrü mühitindədir və ölkəmizdə bazar
iqtisadiyyatının prinsipləri axıra qədər formalaşmamışdır.
Müasir dövrdə dövlət quruculuğu da
özünün sabit inkişafının ilkin mərhələsindədir.
Öz milli strategiyasına arxalanaraq və beynəlxalq təşkilatların
qabaqcıl tövsiyələrindən bəhrələnərək,
milli ideyalıqlıq prizmasından gedəcəyimiz yol
artıq müəyyənləşdirilmişdir.
Respublika
iqtisadiyyatının ayrı-ayrı sahələrinin bazar
yönümlülüyünün artırılması, onların
xalqın maraq və mənafelərinə uyğun
qurulması, idarə olunması, strateji baxımdan
düzgün neft strategiyasının
formalaşdırılması və onun digər sahələrin
inkişafında rolunun səmərəli şəkildə
müəyyənləşdirilməsi elmli və
düşünülmüş idarəçilik mexanizmi
formalaşdırmışdır.
Dövlət
başçısının ölkə iqtisadiyyatını
inkişaf etdirmək üçün mühüm əhəmiyyətli
proqramlar və layihələr əsasında onların milli
iqtisadiyyatımızın çoxtərəfli
inkişafına istiqamətləndirilməsi— bütövlükdə
bu proqramların xalqın maddi və mənəvi rifah
halının yaxşılaşdırılmasına, eyni
zamanda sosial mühitin gərginliklərinin aradan qaldırılmasına
yönəldilməsi də təqdirəlayiqdir və
böhranın qarşısının alınmasında bir sipər
kimi özünü ifadə etməkdədir.
Qeyd etmək istərdim
ki, son dövrlərdə milli maraqlarımıza söykənən
və qabaqcadan dünyada baş verən böhranın mənfi
təsirlərindən kifayət qədər uzaq olmaq məqsədilə,
enerji və ərzaq təhlükəsizliyi ilə
bağlı ciddi proqram və layihələrin işlənib
hazırlanması, onların əzmlə
reallaşdırılması—milli iqtisadiyyatın
inkişafının davamlılığını qat-qat
artıraraq onun bir xüsusi halına çevrilmişdir.
Regionların
sosial-iqtisadi inkişafının, bütövlükdə
ölkə iqtisadiyyatı zəminində
uzlaşdırılmış məntiqli inkişaf etdirilməsi
və ardıcıl olaraq bu inkişafın ölkədə
infrastruktur sahələrinin inkişafı ilə əlaqələndirilməsi
də, ölkə iqtisadiyyatının sabit və
dayanıqlılığını xarakterizə edən
mühüm amillərdən olmaqla öz bəhrəsini verməkdədir
və Azərbaycan iqtisadiyyatının uzunmüddətli
inkişafı üçün çox mühüm əsaslardan
hesab olunur.
Dövlət
başçımızın xarici ölkələrlə
sosial-iqtisadi əlaqələrin qurulmasında
balanslaşdırılmış siyasəti də çox
uğurlu və təqdirəlayiqdir. Belə bir halda ölkəmiz
böyük risklərdən qorunmuş olur və əlverişli,
sərfəli partnyorluq siyasətini həyata keçirə
bilir.
Qeyd etməliyik ki,
baş verən dünya böhranı ayrı-ayrı
nüfuzlu ölkələrin maliyyə-bank sisteminə də
ciddi təsir göstərmişdir. Bu yaxınlara qədər
dünyanın iqtisadi inkişafını tənzimləmək
yolunda hegemonluq edən Beynəlxalq Valyuta Fondu və Dünya
Bankı da artıq bir növ ayrı-ayrı ölkələrin
iqtisadiyyatını tənzimləməkdə acizdir. Belə
ki, yuxarıda qeyd etdiyimiz kimi, dünyada baş verən maliyyə
böhranı iqtisadi böhranın təzahürü
formasında özünü ən çox inkişaf etmiş
ölkələrin bank və maliyyə sistemini iflic vəziyyətdə
qoymuşdur. Belə halda ölkəmizdə maliyyə-bank
sisteminin sürətlə artan inkişaf meyillərinə
uyğun qurulması və daim təkmilləşdirilməsi də
bizi bu böhranlardan sığortalayan mühüm amillərdən
hesab olunmalıdır. Bu baxımdan ölkədə maliyyə
sisteminin daim tənzimlənməsi, yeni şəraitə
uyğun maliyyə-pul-kredit sisteminin dəstəklənməsi,
həmçinin daxili tələbatların
stimullaşdırılması üçün vergi sisteminin təkmilləşdirilməsi
də mühüm əhəmiyyət kəsb etmişdir.
Fikrimizcə, artıq
gündəmə çıxan maliyyə sabitliyi forumu öz
fəaliyyətini daha da genişləndirməlidir və
iqtisadiyyatın zəif nöqtələrini müəyyənləşdirərək
bu zəifliyi aradan qaldırmaq üçün tədbirlər
planı işləyib hazırlamalıdır. Şübhəsiz
ki, böhran dünya xarakterlidir, bu və ya digər dərəcədə
ölkələrə təsiri qaçılmazdır. Lakin Azərbaycanın
böhrandan əvvəlki dövrdə ölkə
iqtisadiyyatının inamlı idarə olunması və biznes
mühitinə görə dünya ölkələri
sırasında birinciliyə malik olması, bu təsirlərin
olduqca minimuma endirilməsinə səbəb olmuşdur. Sadəcə,
bundan sonra ölkə iqtisadiyyatının ümumi yüksəlişi
üçün motivlər müəyyənləşdirilməli,
ayrı-ayrı hallarda istehsalın aşağı
düşmə meyilləri müəyyənləşdirilməli
və qarşısı alınmalı, çevik struktur siyasəti
aparılmalı, elmtutumlu və ağır sənaye sahələri
inkişaf etdirilməli, elmə qoyulan sərmayələr
artırılmalı və elmin inkişaf konsepsiyası daim
diqqət mərkəzində durmalıdır.
Xarici kapitalın ölkəyə
cəlb edilməsiylə yanaşı, çevik investisiya
proqramları həyata keçirilməli, iqtisadiyyatın
ayrı-ayrı sahələri üzrə rejimli və bərabər-şərtli
vergi rejiminin tətbiqi daha da diqqət mərkəzində
olmalıdır.
Eyni zamanda, belə bir
mühitdə hər cür inflyasiya prosesləri
bütövlükdə dövlətin nəzarətində
olmalı, dövlət qiymətli kağız bazarını
fəallaşdırmaq, özəlləşdirmədən gələn
gəlirləri artırmaq, qiyməti sərbəst buraxmaq,
manatı möhkəmləndirmək prinsipləri əsasında
əhalidə olan artıq pul kütləsini banklara cəlb
etməli və bir sözlə, mühitə uyğun
pul-kredit-büdcə siyasətini daha da uğurla davam etdirməlidir.
Şəxsi gəlirlərin məhdudlaşdırılması
siyasəti daha da inamla yürüdülməli, ixrac məhsulları
istehsalçıları stimullaşdırılmalı,
lüzumsuz idxal halları aradan qaldırılmalıdır.
İstər böhran və
istərsə də böhransız hallarda işsizlik
halları daim diqqətdə qalmalıdır. Ölkə rəhbərinin
gərgin əməyi sayəsində Azərbaycanda işsizlik
səviyyəsi əsasən aradan qaldırılmış və
bu proses minimuma endirilmişdir. Bu proses daim diqqət tələb
etdiyi üçün, iqtisadi artım templəri sabit
saxlanılmalı, ictimai iş yerlərinin təşkili, fərdi
sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
və eləcə də kiçik, orta biznesin inkişafı,
dövlət məşğulluq xidmətinin işinin təkmilləşdirilməsi
və digər bu kimi proseslər diqqətdə saxlanılmalıdır.
Tədiyə
balansında isə defisitlər aradan götürülməli,
bunun üçün isə xarici investisiya daha əzmlə
stimullaşdırılmalı, dövlətin ixrac siyasəti
təşfiq edilməli, milli valyutanın kursunun daim möhkəmləndirilməsi
üçün mühüm və məqsədyönlü tədbirlər
aparılmalıdır. Həmçinin dövlət büdcəsinin
kəsirləri və vergi islahatları vaxtaşırı
aparılmalı, balanslaşdırılmış büdcə
miqyasında sosial proqramlar daim yeniləşdirilməlidir. Digər
bu kimi amilləri də nəzərə almaq lazım gələcəkdir.
Bir sözlə,
artıq qeyd etdiyimiz tədbirlər sistemi ölkə
iqtisadiyyatında müvəffəqiyyətlə tətbiq
edilməkdədir və inanırıq ki, möhtərəm
Prezidentimiz İlham Əliyevin gördüyü məqsədyönlü
tədbirlər bu böhranın ehtimal olunan arzuolunmaz və
xoşagəlməz nəticələrindən bizi xilas edəcəkdir.
İsa Alıyev,
AMEA İqtisadiyyat
İnstitutunun direktoru,
iqtisad elmləri doktoru
Respublika.- 2009.- 30 yanvar.- S. 6.