Lənkəranda seminar-müşavirə keçirilmişdir

 

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi" mövzusunda seminar-müşavirə keçirilmişdir. Müşavirəyə Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarının torpaq şöbələrinin mütəxəssisləri, yerli bələdiyyə sədrləri dəvət olunmuşdular.

Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkına gəlmiş və ulu öndərin abidəsini ziyarət etmişlər. Sonra Heydər Əliyev muzeyində ümummilli liderin zəngin və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar.

Seminar-müşavirəni giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Tofiq Rzayev açmışdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aparatının rəhbəri, torpaq hərracları və müsabiqələri komissiyasının sədri Rafiq Süleymanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin torpaq islahatı ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrasına xüsusi önəm verdiyini vurğulamış, torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları, yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə torpaq bazarında hüquqların dövriyyəsinin şəffaflığı və subyektlər arasında bərabər hüquqi imkanların yaradılması və digər məsələlər barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Seminar-müşavirədə iştirakçıları maraqlandıran suallara cavablar verilmişdir.

 

 

Əlisəfa HƏSƏNOV,

 

Respublika.- 2009.- 31 yanvar.- S. 5.