Sığorta-pensiya sistemində aparılan islahatlar
yüksək qiymətləndirilir
Türkiyənin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Hülusi Kılıç
Dövlət Sosial Müdafiə Fondunda olub
DSMF-nin ictimaiyyətlə
əlaqələr sektorundan aldığımız məlumata
görə Türkiyənin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Hülusi Kılıc, səfirliyin
sosial müdafiə məsələləri üzrə
müşaviri Mustafa Gür və ticarət müşaviri
Qazi Bilgin ilə birlikdə Dövlət Sosial Müdafiə
Fondunda olub. Qonağa fondun iş şəraiti ilə
bağlı ətraflı məlumat verilib. DSMF sədri Səlim
Müslümov diplomatı fondun mərkəzləşdirilmiş
idarəetmə, fərdi uçotun
avtomatlaşdırılması sistemləri, tədris
otağı, sosial sığorta şəhadətnamələrinin
çapı mərkəzi ilə yaxından tanış edib.
S.Müslümov bildirib ki, müasir standartlara uyğun
qurulmuş sığorta-pensiya sisteminin idarə
olunmasını avtomaşlaşdırmaq üçün 6 il
ərzində fondun maddi-texniki bazası tamamilə yenidən
qurulmuş, 60-dan yuxarı yerli şöbənin yeni inzibati
binası istifadəyə verilmiş, hər bir şöbə
üçün lokal şəbəkə qurulmuş,
avtomatlaşdırılmış iş yerləri
yaradılmışdır. Hər bir işçi kompüterlə
təmin olunmuşdur. S.Müslümov əlavə edib ki,
aparılmış islahatların nəticəsində ölkəmizdə
aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində
yeni bir sistem formalaşdırılmışdır. 2003-2005-ci
illərdə pilot və hazırlıq tədbirləri
başa çatdırılmışdır. 2006-cı ildən
sığorta-pensiya sistemi ilə dövlət sosial yardım
sistemlərinin bir-birindən ayrılması və beynəlxalq
standartlar əsasında fəaliyyət göstərməsi təmin
edilmişdir. Köhnə pensiya sistemi ilə əhatə
olunmuş şəxslərin pensiya təminatı yeni normalara
uyğunlaşdırılmış və onların yeni
sistemin iştirakçısına çevrilməsi təmin
olunmuş, əvvəlki pensiya işləri mərkəzləşdirilmiş
qaydada arxivləşdirilərək elektron uçotu
qurulmuşdur. Sığorta-pensiya sistemində həyata
keçirilən islahatların mühüm həlqəsi kimi
2004-cü ildən pensiya və müavinətlərin ödənişinin
avtomatlaşdırılması işinə
başlanılıb. Azərbaycanda əmək
pensiyalarının plastik kartlarla ödənilməsi prosesi
müvəffəqiyyətlə tətbiq olunmaqdadır.
Hazırda ödənişdə olan pensiyaların 93 faizi, yəni
1 milyon 30 min nəfərin pensiyasının ödənişi
plastik kartlarla həyata keçirilir. Qarşıda duran vəzifələrdən
danışan S. Müslümov vurğulayıb ki, yaxın
vaxtlarda pensiya təyinatının avtomatlaşdırılması,
əhaliyə ödənişlərin avtomatlaşdırılmasının
başa çatdırılması, fondun mərkəzi məlumat
bazası ilə yerli şəbəkələrin birləşdirilməsi
və korporativ idarəetmə sisteminin qurulması, fondda
qeydiyyatda olan bütün pensiyaçı və
sığortaolunanların özlərinə aid istənilən
məlumatı internet sistemi vasitəsilə dərhal əldə
edə bilməsi üçün 3 milyon şəxsi əhatə
edəcək ümumi məlumat bazasının
yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyev
tərəfindən "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı"nın təsdiq olunduğunu
da nəzərə çatdıran S.Müslümov deyib ki, sənəd
Azərbaycanda sığorta-pensiya sistemində həyata
keçirilən islahatların növbəti mərhələsini
müəyyənləşdirir. Dövlət Proqramı
pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini
və tədricən yığım komponetinin tətbiqinə
keçidi nəzərdə tutmaqla, pensiya islahatlarının
daha da dərinləşdirilməsini, aparılan islahatlar nəticəsində
qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və
dinamik inkişafına nail olunmasını, bu zəmində vətəndaşların
pensiya təminatının daha da təkminləşdirilməsini
özündə ehtiva edir.
Onu da qeyd edək ki, Azərbaycan
Respublikasının və Türkiyə Cümhuriyyətinin
hökumətləri arasında sosial müdafiə sahəsində
əməkdaşlığı nəzərdə tutan
saziş mövcuddur.
Türkiyə səfiri
Azərbaycanın sığorta-pensiya sistemində həyata
keçirilən islahatları yüksək qiymətləndirib
və bu islahatların bir çox inkişaf etmiş ölkələr
üçün belə örnək ola biləcəyini
vurğulayıb.
Mustafa KAMAL,
Respublika.- 2009.- 31 yanvar.- S. 5.