Heydər Əliyev Fondu və Polşa səfirliyinin
maliyyə dəstəyi ilə Samuxda yeni məktəb
binası tikilmişdir
Samux rayonunun ucqar kəndi
olan Sarıqamışda Heydər Əliyev Fondunun və
Polşa səfirliyinin maliyyə dəstəyi ilə
müasir tələblərə cavab verən yeni məktəb
binası tikilib istifadəyə verilmişdir.
Yeni məktəb
binasının açılışı mərasimində
iştirak etmək üçün rayona gələn
Polşanın ölkəmizdəki səfiri Kşiştof
Krayevski və Heydər Əliyev Fondunun icraçı katibi
Anar Ələkbərov rayonda ulu öndər Heydər Əliyevin
adını daşıyan parkda ucaldılmış nəhəng
abidə önünə tər çiçək dəstələri
qoymuşlar.
Açılış mərasimində
çıxış edən Heydər Əliyev Fondunun
icraçı katibi Anar Ələkbərov demişdir ki, bu il
fəaliyyətə başlamasının beş ili tamam olacaq
Heydər Əliyev Fondunun maliyyə vəsaiti ilə Samuxda
inşa edilən bu məktəb sayca 238-ci məktəbdir və
bu kompaniya gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Mərasimə məktəbyaşlı
oğlu ilə qoşulan Polşa Respublikasının ölkəmizdəki
səfiri Kşiştof Krayevski öz
çıxışında yeni məktəb binasının
inşasına maliyyə dəstəyi göstərdiklərindən
məmnunluq duyduğunu ifadə etmişdir.
Samux Rayon İcra Hakimiyyətinin
başçısı Vilyam Hacıyev tədbirdə
çıxış edərək rayonda yeni məktəb
binasının tikintisi üçün maliyyə dəstəyi
göstərmiş Heydər Əliyev Fondunun rəhbərliyinə,
şəxsən Mehriban xanım Əliyevaya və Polşa səfirliyinə
rayon sakinləri adından səmimi minnətdarlığını
bildirmişdir. O, yeni məktəb binasının tikintisini
xalqlarımız arasında son vaxtlar yüksək sürətlə
inkişaf edən dostluq və əməkdaşlığa
yeni töhfə kimi qiymətləndirmiş və bunun hər
iki ölkə başçısı arasındakı səmimi
dostluq münasibətlərinin nəticəsi olduğunu
xüsusi vurğulamışdır.
Natiq son vaxtlar
respublikamızın regionlarındakı keyfiyyət dəyişikliklərinin
Samuxda da geniş əks-səda tapdığını
bildirmiş və respublika Prezidenti möhtərəm İlham
Əliyevin Samuxa səfərinin doğurduğu yüksək
işgüzarlıq əhval-ruhiyyəsinin rayon zəhmətkeşləri
ilə görüşü zamanı verdiyi tövsiyə və
tapşırıqların uğurla yerinə yetirilməsinə
böyük təkan verdiyini məmnunluq hissi ilə ifadə etmişdir.
Sonra məktəbin
açılışını bildirən qırmızı
lent kəsilmiş, qonaqlar yeni təhsil ocağında
yaradılmış şəraitlə tanış
olmuşlar.
İstilik sistemi ilə
təchiz edilmiş məktəb 200 yerlikdir. Buradakı 15 sinif
otağında uşaqların yüksək tədris və tərbiyəsi
üçün hər cür şərait
yaradılmışdır. Kompüter otağı və
kitabxana ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Açılış mərasimində
məktəbli skripkaçıların ifa etdiyi klassik
Polşa musiqisi qonaqlar tərəfindən səmimi
qarşılanmışdır.
Polşa səfirliyi və
Heydər Əliyev Fondu tərəfindən yeni məktəbə
hədiyyələr təqdim olunmuşdur.
Y.TANRIVERDİYEV
Respublika.- 2009.- 31 yanvar.- S .5.