Ağ Qütb zirvəsində üçrəngli bayraq

 

Antarktida Yer kürəsinin Cənub qütbündəki Ağ materikdir. Bu qitə Arktikanın cənub əksi olduğu üçün Antarktida adlanmışdır. Sahilləri Hind və Sakit okean suları ilə yuyulan Antarktidanın sahəsi 13.975 min kvadratkilometrdir. Antarktida Yer Kürəsinin ən yüksək qitəsidir. Onun orta hündürlüyü (buzlaqlarla birgə) 2040 metrə çatır. Bu da bütün materiklərin orta hündürlüyündən 730 metr artıqdır. Antarktidanın buz örtüyünün orta qalınlığı 1720 metrdir. Antarktida buzlaqlarının ümumi həcmi təxminən 24 milyon kubkilometrdir. Bu, Yer Kürəsində mövcud olan buzlaq sahəsinin 85,3 faizini, həcminin isə 87 faizini təşkil edir.

Materikin mərkəzində olan qalın buzlaqlar ətraflara doğru hərəkət edir. Buzlaqlar quru ilə okeanların qovuşduğu yerlərdə sınaraq Aysberqlər-buz dağları şəklində okeanlara düşürlər. Bəzən Buz dağlarının su tutumu Volqa çayının 5 il ərzində axıtdığı suyun həcminə bərabər olur.

Antarktidanın geniş miqyaslı tədqiqi 1955-ci ildən başlamışdı. Mən SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirən ili (1955) coğrafiyaçılar Antarktida ekspedisiyasına hazırlıq işi aparırdılar. Rəhbərlikdən təklif etdilər ki, mən də onlarla Antarktidanın öyrənilməsinə həsr edilmiş ekspedisiyanın tərkibində iştirak edim. Mən Bakıya qayıdaraq Azərbaycanın Böyük Qafqaz dağlarında vaxtı ilə baş vermiş qədim buzlaşmaları və müasir buzlaqları tədqiq etdim. Bu işin nəticələrinə aid kitab nəşr etdirdim.

Antarktidanın təbiəti çox sərtdir. Qışda temperatur mənfi 88,3 dərəcəyə çatır. Bu, Yer kürəsində müşahidə edilən ən aşağı temperaturdur. Bu, Sovet İttifaqının "Vostok" stansiyasında müşahidə edilmişdir.

Azərbaycan ekspedisiyası Cənub qütbündə olarkən yay fəsli idi. İlk Azərbaycan ekspedisiyası 2008-ci il dekabr ayının 24-də Bakıdan Antarktidaya yola düşdü. Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiyası qrupu 30 dekabrda Çilinin Punta Arlvas şəhərindən Antarktidanın "Ratriot-Hilss" stansiyasına doğru istiqamət götürdü.

Adı çəkilən məntəqədən hədəfə doğru irəliləyən ekspedisiya üzvləri tərəfindən buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirildi. İqlim və meteoroloji proseslərlə bağlı 300-dən artıq müşahidə-ölçmə işləri aparıldı, yol boyu 2 kiloqramadək qiymətli geoloji nümunələr götürüldü. Qeyd edək ki, bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur oldu və yalnız 12-ci gün Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatdı. Ekspedisiya qrupunun "İridium" peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupu dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Vinson dağına yürüşü uğurla başa çatdırdı.

Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə ulu öndər Heydər Əliyevin şəkli, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri və digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, "Azərbaycan, İlhamla irəli" sözləri yazılmış bürünc lövhəni 12 yanvar 2009-cu il tarixində Bakı vaxtı ilə saat 11:00-da Vinson dağının zirvəsinə sancdı. Cənub qütbünə doğru irəliləyən ekspedisiya qrupu elmi-tədqiqat işlərini davam etdirdi.

14/01/2009. Bakı, 14 yanvar (AzərTAc). Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupunun üzvləri qitənin ən yüksək zirvəsini— Vinson dağını (5140 metr) fəth etmişlər. Ekspedisiya qrupu yanvarın 12-də Çili vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 11.00-da) zirvəyə yürüşü başa çatdıraraq, orada Azərbaycan bayrağını sancmış, habelə bir üzündə ulu öndər Heydər Əliyevin şəkli olan və "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözləri, o biri üzündə isə Azərbaycan Prezidenti İlham Əliyevin şəkli və "Azərbaycan, İlhamla irəli!" sözləri yazılmış bürünc lövhə bərkitmişlər. Ekspedisiya qrupu bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə peyk rabitəsi vasitəsilə məlumat vermişdir. Dövlətimizin başçısı bu tarixi hadisə ilə əlaqədar onları təbrik etmiş, gələcək tədqiqat işlərinin davam etdirilməsində uğurlar arzulamışdır. Hazırda ekspedisiya qrupu Cənub qütbünə doğru irəliləyir və elmi-tədqiqat işlərini, qiymətli geoloji materialların toplanmasını davam etdirəcəkdir.

22/01/2009. Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupu Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə qalxdıqdan sonra Cənub qütbünə doğru irəliləməkdə davam edir. Ekspedisiya qrupunun "İridium" peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, Cənub qütbünə olan 115 kilometrtik məsafənin təxminən 80 kilometri qalıb. Bu yolun gedilməsində ekspedisiya üzvləri xizək və buzda yerimək üçün qarmaqlı çəkmədən istifadə edirlər. Cənub qütbünə doğru irəliləyən qrup üzvləri gün ərzində orta hesabla 10-12 kilometr məsafənin qət edilməsinin mümkünlüyü barədə məlumat verib. Amma bildirildiyinə görə, son 2 gündə hava şəraitinin nisbətən mülayim keçməsi səbəbindən gün ərzində 15 kilometr yol getməyə müvəffəq olunub. Ekspedisiyanın keçdiyi ərazilərdə hazırda dəyişkən hava şəraiti hökm sürür və orta temperatur təxminən mənfi 35-40 dərəcəyə bərabərdir. Ekspedisiya qrupunun verdiyi məlumatda bildirilir ki, yol boyu rast gəlinən dağqaya çıxıntılarından nümunələr götürülür. Qeyd edək ki, dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdə buz üzərində addımlayan ekspedisiya üzvləri öz ərzaq ehtiyatlarını və digər yüklərini kirşə vasitəsi ilə arxalarınca aparırlar. Cənub qütbünə doğru istiqamət götürən Azərbaycan ekspedisiyası Cənubi Afrika Respublikasının "Afrika üçün sülh" bayrağı aparan ekspedisiyasının ingilis və holland mənşəli 4 nəfərlik qrupu ilə yanbayan irəliləyir.

24/01/2009. Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti H.Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun "İridium" peyk rabitə sistemi vasitəsi ilə verdiyi məlumata görə, hazırda ekspedisiya Cənub qütbünün 34 kilometrliyində olmaqla, 3000 metr qalınlığında buz qatının üzərində hərəkət edir. Çətin hava şəraitinə baxmayaraq ekspedisiya öz elmi proqramını yerinə yetirməyə çalışır və bu məqsədlə qrup meteoroloji və iqlimlə bağlı 459 müşahidə-ölçmə işləri aparıb. Ümumiyyətlə ekspedisiyanın hərəkət sürəti bilavasitə hava şəraitindən asılıdır. Belə ki, daha aşağı temperaturda (mənfi 42-44 dərəcə) təxminən 8-9 saat ərzində 10-11 kilometr hərəkət etməyi bacaran ekspedisiya üzvləri nisbətən mülayim hava şəraitində (mənfi 27-28 dərəcə) daha çox, təxminən 15 kilometr məsafə qət edə bilirlər. Qalan saatlarını isə onlar itirilmiş enerjilərinin bərpasına sərf edirlər. Ekspedisiya üzvlərinin verdiyi məlumata görə Cənub qütbünə doğru hərəkət etdikləri müddətdə qeydə alınan ən yüksək temperatur mənfi 28, ən aşağı temperatur isə mənfi 44 dərəcə olmuşdur.

Qeyd edək ki, hər bir insan gündəlik fəaliyyəti zamanı orta hesabla 1600 kalori enerji sərf etdiyi halda, soyuq hava şəraitində və qeyri-adi vəziyyətdə Cənub qütbünə doğru irəliləyən "Azərbaycan-Antarktida" ekspedisiyasının üzvləri isə gün ərzində təxminən 6000 kalori enerji itirir.

27/01/2009. 2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupu bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq 2009-cu il yanvar ayının 26-da Cənub qütbünə çatmağa müvəffəq oldu. Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupunun "İridium" peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə ulu öndər Heydər Əliyevin şəkli, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri, digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, "Azərbaycan, İlhamla irəli" sözləri yazılmış bürünc lövhələri 2009-cu ilin 12 yanvar tarixində Vinson dağına, 26 yanvar tarixində isə Cənub qütbünə sancıb.

Cənub qütbünün yaxınlığındakı Amerikanın "Amundsen-Scott" bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum olub ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qarmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur.

Xatırladaq ki, ilk "Azərbaycan-Antarktida" ekspedisiya qrupu orta temperaturu təxminən mənfi 35-40 dərəcə olan buzla örtülü qitə ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparıb. Bununla da ekspedisiyanın elmi, idman, siyasi və rəmzi əhəmiyyət daşıyan bütün vəzifələri tam yerinə yetirilib.

Azərbaycan övladlarının, Vətənimizin buzlu materikin qütb hissəsində izinin, ümummilli liderimiz Heydər Əliyev və respublika Prezidenti İlham Əliyev nişanının olması orada "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərinin yazılması, ölkəmizə uğurla xidmət göstərən İlham Əliyev haqqında-"Azərbaycan, İlhamla irəli" sözlərinin yazılması biz azərbaycanlılarda qürur hissi oyadır. Bu çətin və həm də lazımlı işi uğurla yerinə yetirdiyinə görə, biz azərbaycanlılar tarixçi Hüseyn Bağırova öz minnətdarlığımızı bildiririk.

 

 

Budaq BUDAQOV,

Azərbaycan Coğrafiya

Cəmiyyətinin sədri,

akademik. 

 

Respublika.- 2009.- 31 yanvar.- S. 7.