“Ən çox tələbat
elmi-kütləvi ədəbiyyatadır”
Milli Kitabxananın direktoru Kərim
Tahirovun sözlərinə görə, əsas problem oxucuya təqdim
etdikləri ədəbiyyatdadır
Ölkənin kitab bazarında vəziyyət ürəkaçan
deyil. Bəzi mütəxəssislər bunu kitabların bədii
cəhətdən zəif olması, bəziləri isə
internetin kitabı əvəzləməsi ilə əlaqələndirirlər.
Mirzə Fətəli Axundov adına Milli Kitabxananın
direktoru, Əməkdar mədəniyyət işçisi Kərim
Tahirovla söhbətimizdə bu problemi müzakirə etdik.
- Açıqlanan statistikalar, mütəxəssis rəyləri
ölkədə kitaba marağın azaldığını
göstərir. Bəs, kitabxanada vəziyyət nə yerdədir?
Oxucuların sayında dəyişiklik müşahidə
olunurmu?
- Əksinə, Milli Kitabxananın göstəriciləri
nikbin olmağa əsas verir. Kitaba maraq günbəgün
artır. Milli Kitabxananın oxucularının sayına nəzər
saldıqda kitab oxuyanların sayının
artdığını görürük. Əsas problem oxucuya
təqdim etdiyimiz ədəbiyyatdadır. Oxucunun
marağına, tələblərinə cavab verən,
günün əsas məsələlərinə həsr
olunan kitabları oxucuya verə bilirikmi? Əgər belə
kitabları oxuculara təqdim edə bilsək, nəticə
ürəkaçan olar. Təəssüf ki, Azərbaycanda
kitab biznesi olmadığından oxucunun marağına cavab
verməyən kitablar yüksək tirajla çap olunur. Həmin
kitablar rəflərdə qalır. Oxucunun marağına cavab
verən kitabların sayı çox azdır. Digər tərəfdən,
internet oxucular üçün geniş imkanlar yaradıb.
Kitabların əksəriyyətinin elektron versiyası
mövcuddur. Bu amil isə oxucuların sayına öz təsirini
göstərir. Virtual oxucuları kənara qoymaq düzgün
deyil. Bu gün kitabxanamızda iki əsas məfhum var: potensial və virtual oxucu. Virtual oxucular öz
evlərində də
kitabxananın elektron versiyasından bəhrələnə
bilirlər. Hazırda Milli
Kitabxananın elektron versiyasından istifadə edən oxucuların sayı 120 mini keçib.
Bütün bunlara əsaslanaraq
demək olar ki, oxucuların sayında artım müşahidə olunur.
- Amma satılan kitablarla bağlı açıqlanan statistika bir o qədər də ürəkaçan
deyil...
- Azərbaycanda kitab
biznesi olmadığı
üçün kitabların
satışı zəifdir.
Kitab nəşri oxucuların istəyi əsasında həyata keçirilməlidir.
Həmçinin, kitablar yüksək
bədii keyfiyyətlə
çap olunmalıdır.
Çap
olunan kitabların satışı üçün
şəbəkə yaradılmalıdır.
Bu gün Bakı
şəhərində fəaliyyət
göstərən kitab
mağazalarının sayı
bir əlin barmaqlarından çox deyil. Belə bir şəraitdə
hansı satışdan
danışmaq olar?!
Amma əvvəllər Bakıda
60-70 kitab mağazası
olub. Hər küçədə kitab satılmalıdır.
Adi oxucu kitab almaq
üçün heç
vaxt şəhərin
bu başından o biri başına getmir. Kitab biznesi şəhərdə
kitab ticarəti şəbəkəsinin yaradılmasını,
həmin şəbəkəyə
daxil olan kitabların oxucu sorğularına uyğun olaraq cavablandırılmasını
və kütləvi oxucu üçün məqbul olan qiymətə satılmasını
tələb edir.
Bu şərtlər isə Azərbaycanda mövcud deyil. Bu gün nə
müəlliflər öz
kitablarını sata,
nə də oxucular onlara lazım olan kitabları tapa bilirlər. Kitab biznesi planlaşdırılmış
şəkildə həyata
keçirilməlidir.
- Bazarda
daha çox hansı kitablara tələbat var?
- Dərsliklərə, dərs vəsaitlərinə,
elmi-kütləvi nəşrlərə
tələbat daha çoxdur. Elmi-tədqiqat əsərləri çox nəşr olunsa da, onlara
tələbat dar çərçivədədir. Azərbaycan tarixi, mədəniyyəti,
ədəbiyyatı haqqında
elmi-kütləvi dildə
yazılmış ədəbiyyata
böyük ehtiyac
var.
- Hansı
yaş qrupuna daxil olan oxucular
kitaba daha çox maraq göstərirlər?
- Oxucular arasında
gənclər üstünlük
təşkil edir. Milli Kitabxananın oxucularının
80 faizi gənclərdir.
Lakin yaşlı oxucularımız
da var. Təqaüdçülər,
yaşlı oxucular daha çox dövri mətbuata müraciət edirlər.
Bugünkü gənclik informasiya
almağa meyllidir.
Kitabxanalar onların bu
tələbatını ödəməlidir.
15 il öncə
kitabxanalarımız susuz
dəyirmana bənzəyirdi.
Çünki, kitabxanalarda yalnız
sovet dövrünə
aid kitablar vardı.
Ancaq cənab prezidentin fərmanı ilə kütləvi şəkildə
kitab çapından sonra Kitab Fondunun
özəyi yarandı.
Bu iş davam etdirilməlidir.
- Milli Kitabxanada
əsasən hansı
növ kitablar üstünlük təşkil
edir? Oxucuların əldə edə bilmədiyi kitablar varmı?
- Bu yaxınlarda Mədəniyyət
və Turizm Nazirliyi Milli Məclisə "Kitabxana
və nəşriyyat
işi haqqında"
Qanuna əlavələr
edilməsinə dair təklif verib. Mütləq
bu sahədə sanksiya tətbiq olunmalıdır. Çap elədiyi
kitabı, qəzeti Milli Kitabxanaya göndərməyən hüquqi
və fiziki şəxslər cəzalandırılmalıdır.
Təqdim olunan informasiya
mənbələrini çoxaltmalıyıq
ki, oxucuların da sayı artsın.
Ən çox tələbat elmi-kütləvi ədəbiyyatadır.
Dərs vəsaitlərinin çoxu
kiril əlifbasındadır.
Biz böyük sürətlə həmin
kitabların elektron versiyasını yaradıb
lokal şəbəkəyə
daxil edirik.
- Xarici ölkələrdə
mövcud olan kitabxanalarla əməkdaşlıq
edirsinizmi?
-Xarici ölkə
kitabxanaları ilə
həvəslə əməkdaşlıq
edirik. Artıq 5 ildir ki, kitabxanamız Avropa Elektron Kitabxanasının
məlumat bazasına daxil olub. Avropanın
44 ölkəsinin oxucuları
bizim kitabxananın elektron versiyasından birbaşa bəhrələnə
bilirlər. Həmçinin, bizim oxucular da birbaşa həmin kitabxanaların saytına daxıl olurlar.
İyun
ayının 20-də ABŞ-a səfərimiz olacaq. Orada biz Dünya Elektron
Kitabxanasına daxil olacağıq. Bundan sonra
təkcə Avropa deyil, bütün dünya bizim kitabxananın elektron versiyasından bəhrələnə
biləcək. Eyni zamanda
bizim oxucularımız
da dünyanın müxtəlif ölkələrinin
elektron kitabxanalarından
faydalanmaq imkanı əldə edəcəklər.
Bu o deməkdir ki, Azərbaycan həqiqətlərini öz
elektron resurslarımız
vasitəsilə dünyaya
yaymaq imkanımız olacaq. Həmçinin, dünyanın 61 ölkəsinin milli kitabxanaları ilə qarşılıqlı kitab
mübadiləsi həyata
keçiririk. Bu yolla da dünyaya
çıxısı təmin
edirik.
Digər tərəfdən, dünyanın 17 ölkəsinin
milli kitabxanası ilə qarşılıqlı
əməkdaşlıq haqqında
müqavilə imzalamışıq.
Yaxın
günlərdə Tallində
Azərbaycan Milli Kitabxanası ilə Estoniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq
haqqında müqavilə
imzalanacaq.
- Xarici
ölkələrdən sifarişlər
alırsınızmı?
- Kitabxanamızın elektron
informasiya xidməti şöbəsi dünya oxucularına xidmət edir. Dünyanın müxtəlif ölkələrindən
bizə sifarişlər
gəlir. Biz həmin sifarişlərin
elektron versiyasını
onlara göndəririk.
- Bəs, Sovet dövründən qalan kitabların aqibəti necə oldu?
- Milli Kitabxana
hansı dövrə
aid olmasından asılı
olmayaraq, bütün kitabları saxlamalıdır. Biz kitablar
arasında fərq qoymuruq. Sovet dövrünə aid olan kitabların bir neçə nüsxəsini hələ
də saxlayırıq.
Sözsüz ki, biz elektron
nəşrləri yaradarkən
daha çox müasir dövrdə və ötən əsrdə çap olunmuş kitablara üstünlük veririk.
Yəqin
ki, həmin kitabların da elektron versiyası hazırlanacaq. Bu gün
həmin kitablara az da olsa tələbat var. Biz bu kitabları latın əlifbasına çevirməyə çalışırıq.
- Milli Kitabxanaya tanınmış insanlardan
daha çox kimlər müraciət edir?
- Azərbaycanın elə
bir alimi, akademiki, ziyalısı yoxdur ki, bizim
kitabxananın köynəyindən
keçməsin. Vaxtilə akademik
Ziya Bünyadov bizim daimi oxucumuz
olub. Bəkir Nəbiyev, Sabir Rüstəmxanlı, xalq yazıçıları Elçin,
Çingiz Abdullayev, millət vəkili Cəmil Həsənli də daimi oxucularımızdır.
Hətta
Moldovadakı səfirimiz
İsfəndiyar Vahabzadə
xaricdə olsa da, bizim kitabxananın
ən fəal oxucusudur. Ona tez-tez buradan
müxtəlif kitabların
elektron versiyasını
göndəririk.
- Həftənin
hansı günləri
oxucuların sayı daha çox olur?
- Ən çox oxucu şənbə və bazar günləri gəlir. Hətta həmin günlərdə
oxu zallarında növbə yaranır.
Yay mövsümü olduğundan
indi oxucular nisbətən azdır.
Növbələrin yaranmasının qarşısını almaq
üçün virtual oxucularımızın
sayını artırmağa
çalışırıq.
- Hansısa problemləriniz,
çətinlikləriniz varmı?
- Azərbaycan Milli Kitabxanasının heç bir problemi yoxdur. Biz sponsora
ehtiyac duymuruq. Prezidentin sərəncamı
ilə gələn ilin yanvar ayında
kitabxanamızda yenidənqurma
işlərinə start veriləcək.
İki il
ərzində Milli Kitabxana dünyanın ən müasir kitabxanaları sırasına
daxil ediləcək. Artıq layihə-smeta sənədləri
hazırlanıb. Cənab nazirin
səyi ilə bu işə Almaniya, Avstriya və Belarus mütəxəssisləri
cəlb olunacaqlar.
Yenidənqurma işlərindən sonra kitab sifariş
etməyə, oxucu bileti almağa ehtiyac olmayacaq. Hər şey avtomatlaşdırılacaq.
Bizim yeganə problemimiz Azərbaycan ərazisində
fəaliyyət göstərən
nəşriyyat və
mətbəələrin çap
etdikləri vəsaitin
bir nüsxəsini kitabxanaya təqdim etməmələridir. Bu problemin də yaxın vaxtlarda həllini tapacağına
inanırıq.
Rəbiyyə Süleyman
Reytinq.- 2010.- 6 iyun.- S. 12.