Başından bezən adam haqqında esse
"Bəzən
o, keçmişdə baş verənləri kiməsə
danışmaq ehtiyacı duyardı, lakin nəinki xatirələri
danışmağa, heç hava haqqında
danışmağa da münasib bir adam
tapmırdı. Anasıyla
danışmırdı. Axşam
düşəndə ana-bala sobanın yanında oturub
parıltısını itirmiş gözlərini alova zilləyirdilər.
Daşa dönmüş kimi əyləşən və
azacıq belə tərpənməyən bu iki adam
bir-birlərinə çox şey danışmaq istəyirdilər,
lakin ürəkləri kədərlə o qədər
dolmuşdu ki, danışmağa taqətləri də
qalmamışdı".
Zəhəri
içmək lazımsa,
Biryolluq
içəsən gərək,
Vaxtı uzatmaqla sovuşmur bəla.
A.S
.Qriboyedov, “Ağıldan bəla”
Sakif
çox az yeyir, pis yatırdı. Yataqdan könülsüz, süst,
qarmaqarışıq fikirlərlə qalxırdı. Qalxmırdı, özünü qalxmağa məcbur
edirdi. Gözünü açanda daxilində
üzücü bir boşluq hiss edirdi, elə bil, labüd bir
bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Son
iki ildə başqalarının əzab-əziyyətinə
qarşı çox həssas olmuşdu. Kobudluğa,
laqeydliyə, biganəliyə dözə bilmirdi. Özünü yer üzündə bədbəxtlərin
bədbəxti hesab edirdi. Evdə
ölüm sükutu hökm sürürdü. Hər axşam o, özü ilə əzablı
mübarizəyə başlayırdı. Ümidsizlikdən
və əzabdan gözlərinin altı vaxtından xeyli əvvəl
qırış-qırış olmuş, beli
bükülmüşdü. Hava qaralanda
ağır dərdlər sirli bir dərinlikdən baş
qaldırıb onun ruhunu və bütün vücudunu göynədirdi.
Bu göynərtiyə daha dözmək
mümkün olmadıqda evdən çıxıb küt
baxışını yerdən ayırmadan qaməti
bükük halda əlləri cibində hara getdiyini
özü də dərk etmədən, yan-yörəsindəkilərə
fikir vermədən yeriyirdi. Onun heç nəyi
yox idi. Nə pulu, nə qüvvəsi, nə söykənə
biləcəyi dayağı, nə də arzusu... Hər
şeyə təzədən başlamaq üçün
özündə qüvvə hiss etmirdi. Sağlamlığı
qalmamışdı. Gözləri
çuxura düşmüşdü. Bir vaxtlar hər
şeyə qadir olan bədəni indi limon
kimi sıxılmış, büzüşmüş, meyitə
dönmüşdü. Gözlərini divara
dikib otururdu. Uzanmaqdan, oturmaqdan, bir yerdə
dayanmaqdan təngə gəlmişdi. Bu
dünyada tənhalığını, canlı meyitə
çevrilməsini, nə üçün bu vəziyyətə
düşməsini başa düşmürdü. Hər
gün bir anın yaxınlaşdığını hiss
edirdi. Bu an onun səhvlərinin faciəsini
aşkara çıxaracaqdı. Meylini kitablara
salmışdı. Başqalarının qələbəsi və məğlubiyyəti,
sevinci və kədəri ilə tanış olduqca öz
şəxsi fəlakətini, az da olsa, unudurdu. Mütaliə
ona bir balaca rahatlıq gətirirdi. Adamların həyatı, onların
kiçik qələbələri, böyük məğlubiyyətləriylə
tanış olmaq onun yeganə dərmanı idi.
Öz-özünə tez-tez sualla müraciət edirdi:
İndi mən nə etməliyəm? Nəyə
yarayıram? Bu dünyada əsl yerim
haradadır? Həddindən artıq
yorulmuşdu. Onun qəlbində heç
bir yaradıcı hissə yer qalmamışdı. İllərlə daxilinə dolmuş iztirablar üzə
çıxmış və onun bütün vücudunu dərd-qəmə,
ümidsizliyə bürümüşdü. Həyatının ən ağır
çağlarını yaşayırdı və bunu
özü də dərk edirdi. Doğurdanmı hər şeyin sonudur,
doğurdanmı onun ömrü sona çatıb. Axı o, az da olsa, insanlara xeyir verə bilər. Bu suallar səhər, günorta, axşam, gecə
onun beynində dayanmadan elə hey fırlanırdı, ancaq bu
suallara heç cürə cavab tapa bilmirdi. Fikirləşirdi, fikirləşirdi, həyəcandan
dizləri əsirdi. O bilirdi ki, nəsə bir qəti qərara
gəlmək vaxtıdır. Necə
yaşasın? Harada yaşasın? O
istəyirdi ki, həyatında baş vermiş hadisələri
araşdırsın, bu vəziyyətə necə
düşdüyünü anlasın, fikirləri
dolaşırdı, boğazına ilişən qəhər
ona düşünməyə mane olurdu. Gələcəyi
zülmət kimi qaranlıq idi. Əsəbləri
gərginləşmişdi, yorğunluq onu ruhdan
salmışdı. Bəzən o, elə
ağır vəziyyətə düşürdü ki,
başqası onun yerində olsaydı, ya özünü asar,
ya da güllə ilə vurub özünü öldürərdi.
Çalışırdı ki, heç olmasa
ağlını itirməsin. Yox, belə
yaramaz. Əgər, doğurdan da, dəli
olubsa, ən azı, başqaları bunu bilməməlidir.
Cəmisi on il əvvəl o, xoşbəxt
bir gənc idi, özündə böyük bir güc hiss
edirdi, həyata şən və yüngül münasibət
bəsləyirdi, indi isə güzgüyə baxdıqda dərin
mənəvi iztirablardan əziyyət çəkən, tamam
dəyişmiş bir sifət görürdü. Gözlərindəki nur, bədənindəki enerji,
ürəyindəki şadlıq birdəfəlik itmişdi.
Bütünlüklə öz keçmişinə
qapılmışdı. Arxada qalan həyat ona xeyli təcrübə
qazandırmışdı. Keçmişdə
baş verənləri dönə-dönə
xatırlayırdı.
Keçmişi xatırlayanda səbəbini özü də
bilmədən stulda yox, çarpayıda oturardı. Bir xatirə
bütün xatirələrdən ayrılıb onun ürəyini
daha bərk göynədirdi.
Bu xatirə bir
tilişkə kimi sinəsində
qalmışdı. Hər nəfəs alanda onu
incidirdi. M şəhərində gəzdiyi
zaman telefonuna mesaj gəldi. İki il bir
yerdə yaşadığı qız abortdan
çıxmışdı. Mesaj da bu haqda idi: həll etdim,
narahat olma. Dörd sözdən ibarət olan bu
mesaj onu dondurdu. Kürəyinin düz
ortasından bir damcı, bircə damcı soyuq tər axdı.
Bir damcı soyuq tərin adamın kürəyinin düz
ortasından axması nə pis olurmuş! Bu
soyuq tər onu iki yerə böldü. Uşağı
heç cürə saxlamaq olmazdı. Buna
heç bir imkan yox idi. Nə qədər
düşündülər, nə qədər axtardılar,
uşağı saxlamaq üçün bir yol tapa bilmədilər.
Çətin olsa da, aborta qərar verdilər.
Sakif Bakıda qalmaq istəmədi. Başını götürüb M şəhərinə
getdi. Qıza da abortdan çıxandan
sonra ona heç nə yazmamasını bərk-bərk
tapşırmışdı. Onsuz da, hər
şey danışılmışdı. Qız Sakif Bakını
tərk etdikdən sonra aborta girəcəkdi. Lakin
qız onun tapşırığına əməl etmədi.
Bəlkə də bu dörd sözdən ibarət
mesajla dərdini bölüşmüşdü. Sakif bu mesajı alanda kilsənin
yaxınlığında idi. Yanında da
bir rus qızı vardı. Qız aktrisa
idi. M şəhərinə teatr
festivalına gəlmişdi. Sakif kilsəyə
girdi. Şam yandırdı.
Üzünü mehraba tərəf tutub dayanmadan təkrar etdi:
-
İlahi, bağışla, İlahi, bağışla! Özün şahidsən ki, məcbur oldum.
İlahi, bağışla, İlahi, bağışla!
Günahkaram…
Kilsədən çıxdı. Qız onu kilsənin
qarşısında gözləyirdi. Sakifin
halının qəfil dəyişməsindən nəsə
pis bir hadisənin baş verdiyini hiss etmişdi. Bir
müddət danışmadan addımladılar. Qız sual vermirdi. Sakif qızdan soruşdu:
- Sən
heç abort etdirmisən?
Qız bu sualı eşidəndə üzünün
ifadəsi dəyişdi. Özü də çox dəyişdi.
Qız susdu. Yenə bir
müddət danışmadan addımladılar. Haçandan haçana qız dedi:
- Bu,
çox tərbiyəsiz sualdır. Bu sualı
vermək haradan ağlına gəldi?
Sakif baş verən hadisəni, niyə kilsəyə
girdiyini danışdı. Danışdıqca
gözlərindən yaş axırdı. Kafeyə
girdilər. Kafedə az adam vardı.
Divarlardan məşhur italyan aktyorlarının portretləri, əqrəbsiz
saatlar, qadın çətirləri, kişi
şlyapaları, bir dənə də köhnə yazı
makinası asılmışdı. Boş
masalardan birində əyləşdilər. Ağ döşlüklü ofisiant qız
yaxınlaşıb, gülümsəyərək dayandı.
Qəhvə və isti qırmızı şərab
sifariş verdilər. Sakitlik idi. Arada masalara düzülən qab-qacağın,
çəngəl-bıçağın cingiltisi
eşidilirdi. Qız öz əhvalatını
danışmağa başladı. Danışdıqca
yuxarı qaldırdığı qədəhin arxasından ətrafa
baxırdı. İspaniyaya gedibmiş.
Orda bir
ispanla yatıb. Qorunmaqlarına baxmayaraq, necə
olubsa, qız ispandan hamilə qalıb. Uşağı
heç cürə saxlaya bilməyib. Qız
danışdıqca gözlərindən yaş axırdı.
Sonra onlar uzun müddət susdular. Ancaq elə çaxırdan qurtum-qurtum içib
siqaret çəkirdilər. Siqaretin birini
söndürüb, o birini yandırırdılar. Axşam teatra tamaşaya getdilər. Tərslikdən tamaşanın mövzusu çox
ağır idi. Tamaşanın rejissoru hər
ikisinin tanışı idi. Sakif zalda oturan
adamlara baxdıqca düşünürdü. Bu adamlar haradan bilə bilərlər ki, bu gün
onun ən ağır günlərindən biridir. Axı adamlar haradan bilsinlər?! Adamları
qınamaq olmaz. Budur, Sakif oturub zalda tamaşaya baxır.
Yanında gözəl, zövqlə geyinmiş,
ağıllı, təmkinli bir qız. Sakif
özü də çox yaxşı geyinib. Həyat nə qədər qəribədir.
Kimin ürəyində nə dərd gəzdirdiyini axıra qədər
heç kim bilə bilməz. İnsanlar nə
qədər tənhadırlar! Onların
iztirabları həqiqidir, sevincləri isə çox vaxt
yalana bənzəyir. Həqiqət nə qədər
banaldır! Tamaşadan çıxıb
restorana getdilər. Hər ikisi banketə dəvətli
idi. Məclisdə tanınmış
yazıçılar, dramaturqlar, aktyorlar, rejissorlar, teatr
direktorları,
kulturoloqlar, sənətsevər biznesmenlər iştirak edirdilər.
Adamlar deyib-gülür, sənət haqqında
danışır, bugünkü tamaşa haqqında fikirlərini
bölüşür, sağlıqlar deyirdilər,
zarafatlaşırdılar.
Danışıqlar,
musiqi səsləri, toqquşan stəkanların cingiltisi, hər
bir səs xəstəlik vaxtı kimi səslənirdi. Elə bil, evdə tək-tənha, xəstə halda
uzanmısan. Ətrafda isə sənə
laqeyd, yad olan, hətta ədavət doğuran gündəlik həyat
davam edir. Ziyafətdə iştirak edən
bütün qadınlar üçün
ayrı-ayrılıqda tost deyildi. Onların
şərəfinə badələr qaldırıldı.
Sakifin beynində dörd sözdən ibarət cümlə
dayanmadan fırlanırdı - həll etdim, narahat olma… O,
söhbətlərə qoşulur, sual verir, suallara cavab verir,
siqaret çəkir, şərab içir, hətta arada
gülür, yenə də öz danışığı ilə
adamlarda diqqət oyadırdı, amma yenə də beynində
fırlanan dörd sözdən ibarət cümlə ona
olmazın əziyyət verirdi - narahat olma, həll etdim… narahat
olma, həll etdim… narahat olma, həll etdim… narahat olma, həll etdim….
Sakif heç cürə beynində fırlanan
bu dörd sözdən ibarət cümləni dayandıra
bilmirdi. Həmin gecə onun gözləri
gövşəyən bir heyvanın gözləri tək
laqeyd və sönük idi. Restorandan
çıxdılar. Restoranın
qabağında içkili adamlar bir-birlərinə xeyli nəvazişli
sözlər dedilər. Qucaqlaşdılar,
öpüşdülər. Hərə bir
tərəfə getdi. Kimisi tək, kimisi
cüt. Sakiflə qız da bir taksiyə
oturub otelə gəldilər. Otelin həyətində
yerləşən restoranda ağacın altında oturub
çaxır sifariş verdilər. Danışmadan
çaxırdan qurtum-qurtum içib siqaret çəkdilər.
Gecə yarını keçmişdi. Otağa qalxdılar. Paltarlarını
soyunmadan yatağa uzandılar. Nə Sakif
qıza toxundu, nə də qız Sakifə. O fikirləşirdi
ki, bu gecə heç vəchlə gözünə yuxu getməyəcək
və səhərə kimi kədərlə aciz-aciz bir
böyrü üstdən o biri böyrü üstə
çevriləcək. Buna görə də,
sonra heç olmasa, otaqda var-gəl edərək,
özünü yormaq üçün paltarını
soyunmadan yatağa uzanmışdı. Lakin onun
başına qəribə iş gəldi. Ona elə
gəldi ki, yalnız bircə dəqiqəliyə
gözünü yumdu. Gözlərini açdıqda isə
pərdənin arasından nazik, uzun günəş
şüasının otağı iki yerə
böldüyünü gördü…
Bəzən
o, keçmişdə baş verənləri kiməsə
danışmaq ehtiyacı duyardı, lakin nəinki xatirələri
danışmağa, heç hava haqqında
danışmağa da münasib bir adam
tapmırdı. Anasıyla
danışmırdı. Axşam
düşəndə ana-bala sobanın yanında oturub
parıltısını itirmiş gözlərini alova zilləyirdilər.
Daşa dönmüş kimi əyləşən və
azacıq belə tərpənməyən bu iki adam
bir-birlərinə çox şey danışmaq istəyirdilər,
lakin ürəkləri kədərlə o qədər
dolmuşdu ki, danışmağa taqətləri də
qalmamışdı. Hər ikisi həyata təslim
olmuşdu. Əgər siz ana-balanı bu vəziyyətdə
görmüş olsaydınız, onların hər ikisinə
də yazığınız gələrdi. Hərdən
arvad vaxtsız ölmüş qızından
danışırdı. Danışa-danışa
köhnə boz şalının ucunu
dartışdırırdı. Elə
gözlərinin yaşını da bu şalın uclarıyla
silirdi. Anası bacısından danışanda Sakif lap
çoxdan baş vermiş bir əhvalatı
xatırlayırdı. Bir dəfə kəmağıl
bacısını gecə yarısı yuxudan oyatmış,
geyindirmiş, məktəbli çantasını belinə
keçirmişdi. Bacısı qapıdan
çıxmağa hazırlaşanda dözməmiş,
zarafat etdiyini, gecəyarısı olduğunu, dərsin
başlamağına hələ çox
qaldığını demişdi. Anadan kəmağıl
doğulmuş qız isə qardaşının bu şit
zarafatından inciməyərək bir neçə saat
yatacağına sevinərək təzədən soyunaraq yatağına
girmişdi. Bu əhvalatı xatırlayanda o qədər
kədərlənirdi ki, balacalaşırdı. Sanki yer
üzündə mümkün qədər az
yer tutmağa çalışırdı. Əlini hara qoymaq barədə xeyli düşünməli olurdu. Evin tavanı elə alçaqdır ki, əllə
toxunmaq olardı. Tavada buludların
arasında uçmaqda olan gülərüz, dolu bədənli
bir qadın surəti çəkilmişdi. Qadının ətrafında qanadlı uşaqlar var
idi. Otuz-qırx il əvvəl adamlar evlərin
tavanına, divarlarına, hətta təzə aldıqları
mebellərin üstünə belə rəsmlər çəkdirirdilər.
Sakif başını qaldırıb tənhalığının
şahidi olan şeyləri nəzərdən keçirməyə
başladı. Evdə çoxlu köhnə
şeylər var idi. Vaxtı ilə bu şeylər ev
sakinlərinə lazım idi, indi isə onlara baxan kimi
zamanın qaraltdığı hər bir əşyanın
insanlara müddətindən artıq qulluq etdiyi hiss olunurdu. Bu
əşyalar otaqda necə də qəribə
görünürdü! Qocaldıqlarına görə ev sakinlərindən dönə-dönə
üzr istəyirdilər. Evin döşəməsi
aralanmışdı. Divardakı ləkə
isə əlində ağac harasa addımlayan qocanı
xatırladırdı. Ucqar rayonlarda poçt kontoru,
hökumət idarələri necə
darıxdırıcı, cansıxıcı olursa, bu ev də o cür darıxdırıcı, cansıxıcı
idi. Bəzi evlər gündüz, bəzi evlər
gecə cansıxıcı olur. Bu ev
isə gündüz də, gecə də eyni dərəcədə
boğucu və cansıxıcı olurdu.
Səhərin açılmağı kənd
daxmalarının hamısında eyni cür olur. Qocalar ah
çəkir, uşaqlar ağlaşıb yemək istəyir,
toyuqlar dəhlizdə qaqqıldaşır. Daxmaların bacalarından
qıvrıla-qıvrıla, oğrun-oğrun sarımtıl
tüstü qalxır. Kənddə qarılardan və əldən
düşmüş qocalardan, iki-üç fağır,
vecsiz kişilərdən, dul qalmış arvadlardan, qorxaq böyüyən
uşaqlardan
savayı heç kim qalmamışdı. Kəndin
uşaqları küçədə yad adama rast gəldikdə həmişə
başlarını aşağı salırdılar. Əgər gözlərini qaldırıb adamın
üzünə baxsalar, bu gözlərdə elə
inamsızlıq, elə acizlik, elə ümidsizlik görərdin
ki, adamın ürəyi kədərdən dayanardı. Adamlar çox tez yatırdılar. Qaranlıq düşən kimi yerlərinə
girirdilər. Gecə cəmisi
üç-dörd evdən işıq gəlirdi. Bu da xəstələri, balacaları olan evlər
idi. Kənddə cavan kişilər demək
olar ki, yox idi. Cavanlar doğma evlərini
çox tez tərk edib gedir və çıxıb gedərkən
heç dönüb geriyə də baxmırdılar. Sakif də iyirmi il əvvəl evlərini tərk etmişdi. Universitetdə oxumuşdu, mitinqlərdə, piketlərdə
iştirak etmişdi. Çoxlu kəndlər,
qəsəbələr, şəhərlər gəzmişdi,
saysız hesabsız kafelər, restoranlar, məclislər
görmüşdü.
Vağzallar, yollar, pulsuzluq, pul, dayanmadan günlərlə
içmək, bir kafedən çıxıb başqa kafeyə
girmək, bir qatardan düşüb başqa qatara minmək…
Səxavətlə pul xərcləyirdi. Nə
hesabına yaşadığı barədə heç bir
şey bilinmirdi. Vəzifə dalınca
qaçmağa, qrafikli həyata nifrət edirdi. Başa düşmürdü, adamlar necə hər
səhər qalxıb işə gedirlər. Haradan biləydi ki, azadlığı ona qənim kəsiləcək.
Sərbəstliyi onu məhv edəcək. Təbiət ona həssas qəlb bəxş etməklə
böyük bir səhvə yol vermişdi. O, bu həssas
qəlblə adamların həyatının dərkolunmaz
qapalılığına nüfuz etməyə cəhdlər
edirdi. Axıracan çəkilməyən pərdələr,
divarlardakı insan kölgələri, gecənin səssizliyi
ilə dolmuş qaranlıq həyətlər, avtobusda kiminsə
unudub qoymuş olduğu jurnal, güzgünün
qabağında hansısa qadının unudub qoymuş
olduğu dodaq boyası, oteldə gecələyərkən
üst mərtəbələrdə döyülən
qapıların taqqıltısı onun qəlbində
insanların həyatına nüfuz etmək
duyğularını alovlandırırdı. Qəribə
bir ustalıqla idealist cildinə girsə də,
özünü dərdli bir zahid kimi göstərsə də,
əslində, şiddətli bir hedonist idi. Hər cür adamla rastlaşmışdı.
Elə adamlar var ki, əgər özləri istəyirlərsə, nə
yolla olursa, olsun, təmasda olduqları insanların rəğbətini
qazana bilirlər. Xarici görkəmləri,
danışıq və davranış tərzləri
onların səmimi qəlbini əvəz edir. Sakif də belə adamlardan idi. O, asanlıqla
adamların hörmətini qazanır, çoxlu
dost-tanışının olmasıyla fəxr edirdi. Onunla bir
dəfə söhbət edən adam onu
ikinci dəfə görmək istəyirdi. Sakifdə
xüsusi bir istedad vardı. Tez-tez günah
işləyir, lakin heç kəsin şiddətli qəzəbinə
düçar olmurdu. Çox vaxt hətta
ondan şikayətlənməyə tam əsası olan
adamlarda belə özünə qarşı mərhəmət
hissi oyatmağı bacarırdı. Şöhrət
naminə qələbə qazanmaq lazım olduqda heç nəyə
məhəl qoymazdı. Nə təhlükələr,
nə də vicdan əzabı, bir sözlə, heç nə
onun qarşısını kəsə bilməzdi. Adətən, coşqun arzular, məhəbbət məsələlərində
tələsmək kişiləri özlərini səfeh kimi
aparmağa vadar edir. Sakif isə məhəbbət məsələlərində
təcrübəsi olan adam kimi sevməkdən,
sevilməkdən daha çox xoşa gəlməyə cəhd
edirdi. Kişi öz məhəbbəti barədə
ağılla danışa bilirsə, deməli o, ürəkdən
vurulmamışdır. Sakif isə bu məsələdə
müstəsnalıq təşkil edirdi. O, öz hislərini
gözəl ifadə etməyi, həmin hislərə
qapılıb qızğın həyəcan keçirməyi
bacarırdı. Sakifi natiq edən onun
çılğınlığı deyildi. Əksinə, natiqliyi onda
çılğınlıq oyadırdı. Hər hansı bir qadını xoşlayanda onu alovlu
nitqləri ilə ələ almağa cəhd edirdi və bu
cür cəhdləri göstərərkən özü də
həmin qadına vurulurdu. O, qan-tər içində
başqalarının qəlbini riqqətə gətirmək
istəyərkən, özləri də göz yaşı
axıdan vaizləri xatırladırdı. Bu cür adamlar hətta
istəməsələr də, əzab çəksələr
də, sevdikləri
qadınları da bədbəxt etməyi bacarırlar. Qadınlar onun
ehtirasına təslim olarkən, bu ehtiras onların həyatını
mühafizə edəcəkdimi, ya onları fəlakətə
doğru sürükləyəcəkdimi, bu barədə
düşünmürdülər. Sakif
kimi adamlar başqalarının səadətini pozub tapdalayarkən
öz təbiətlərinin hökmünü yerinə
yetirirlər. Əlbəttə, ona təcrübəli
qadınlar da rast gəlirdi. Belələri
onun coşqun məhəbbət səhnələrinə,
natiqliyinə inanmırdılar, ancaq Sakif məhəbbət
naminə ağılsız hərəkətlər etməyə
də qadir idi. Məhəbbət naminə
ağılsız hərəkətlər etməyə qadir
olan kişilərə qadınlar laqeyd qalmırlar. O,
maneəyə rast gələndə coşan adamlardan idi. Məhəbbətə həyatı mənalandıran
bir sənət əsəri kimi baxırdı. Sakif məhəbbətini
elə bir məharətlə nümayiş etdirir,
danışdıqca sözlərindən tədricən elə ilhama gəlirdi
ki, özü də öz sözlərinə inanmağa
başlayırdı. Üzündəki
çapıq ona çox yaraşırdı. Çapıq adamlarda ona qarşı maraq
oyadırdı. Adamlar istər-istəməz
bu çapığın tarixçəsi ilə
maraqlanırdılar. Sakif isə
çapığın tarixçəsini çox məharətlə
danışırdı. Çapığın
tarixçəsini danışmağa başlayanda onun əlləri,
üzü və gözləri də
danışığında iştirak edirdi. Uşaq idi. Böyük əmisinin
oğlu hərbi xidmətdən qayıtmışdı.
Hərbi dəniz donanmasında xidmət edən
əmisi oğlu dənizçi papağını ona hədiyyə
etmişdi. Bu papağı əldə etməyi
çox uşaq arzulayırdı. Əmisi
oğlu isə onu seçdi. Bir gün o
başında dənizçi papağı qaçarkən
ayağı nəyəsə ilişdi. Qızılgül
kolunun üstünə yıxıldı. Nəticədə
onun sifətində ömür boyu gəzdirəcəyi bir
çapıq yarandı. Çapığın
tarixçəsi ilə maraqlanan qadın cinsinə mənsub
olduqda o, bu tarixçəni elə məharətlə, elə
şirin danışırdı ki, dinləyicisi də istər-istəməz
onun yaratdığı ovqatın təsiri altına
düşərək uşaqlığında baş
vermiş ən şirin və kədərli əhvalatları
xatırlamalı olurdu. Beləliklə, o, dinləyicisi ilə
öz arasında ruhi bir bağlılıq, doğmalıq yaradırdı. Onun danışmaq qabiliyyəti hamının diqqətini
cəlb edirdi. Sakif öz iradəsini
başqalarına aşılamağı bacarırdı.
Şöhrət və şəhvət naminə kiminsə qəlbini
fəth etdikdən sonra
düşünürdü: görəsən bu
işin axırı necə olacaq? Qəlbi bu
işlərdə kifayət qədər bərkiməyinə
baxmayaraq, qadınların göz yaşlarına qarşı
son dərəcə həssas idi. Nə qədər
vicdan əzabı çəksə də, içindəki
sirli yanğı onu yeni-yeni günahlar işləməyə
vadar edirdi. Ehtirasın ən güclü
çağında belə başqası haqqında
düşünürdü. Jonqlyor kimi eyni
anda bir neçə qadın ürəyini oynadırdı.
Canlı, hərarətli qadın qəlbini
tutmaq, ürəklərin döyüntüsünü duymaq
ona özü üçün də dumanlı, müəmmalı
olan qəribə bir zövq verirdi. Hərəsinin
özünəməxsus sirri vardı. Hərəsi
bir cür gülürdü, hərəsi bir cür
öpürdü, hərəsi bir cür utanırdı.
Hamısı bircə-bircə gəlib gedirdi.
Onların hər biri Sakifi ömürlük
yanında saxlaya biləcəklərinə ümid edirdilər,
amma nə qədər möhkəm yapışsalar da, bir
müddətdən artıq saxlaya bilmirdilər. Artıq
həyat Sakifə sonu faciəli sonluqla bitən roman kimi
görünürdü…
Lap taun epidemiyası da yayılsaydı, bu kənd yenə də belə bomboş boşalmazdı. O, kəndinin adamsız yollarıyla yavaş-yavaş addımlayırdı. Torpaq, elə bil, onun ayaqlarını tutub saxlayır, aşağıya tərəf çəkirdi. Kənardan o, adamdan daha çox böyük kərtənkələyə oxşayırdı. Evlərdən birinin qabağında balaca uşağa rast gəldi. Uşaq əldəqayırma skamyada oturmuşdu. Burnundan axan fırtığı diliylə silirdi. Uşaq ağacla sınıq bir vedrəni döyəcləyir, dəmirdən çıxan səsdən ləzzət alırdı. Uşağın həndəvərində qoca bir toyuq gəzişirdi. Bir az dayanıb uşağa, qoca toyuğa baxdı, sonra yoluna davam etdi. Sakif bağların arasıyla özünə çətinliklə yol aça-aça axan, adam dilindən azca uzun, adsız çaya çatdı. Başını qaldırıb buludlara baxdı. Buludlar islanmış qoyunlara oxşayırdı. İtələşə-itələşə göydə gəzirdilər. Adsız çayın hər iki sahilindəki bağlarda ağaclar qızılı rəngə boyanmışdılar. Qızıl payız, bax, buna deyərlər. Elə bil, mahir ustalar ağacların hər bir budağını, yarpağını qızıldan döyüb düzəltmişdilər. Əgər yer üzərindəki qızılın, misin hamısını bir yerə yığıb onlardan minlərlə nazik yarpaq hazırlasaydılar, bu bağlardakı payız bəzəyinin çox az bir hissəsini təşkil edərdi. Bir də ki, qızıldan, misdən döyülmüş yarpaqlar əsl yarpaqlarla müqayisədə çox kobud görünərdi. Adsız çayda ada halında üzən sarı yarpaqlar ağac kötüklərinə ilişib qalırdı. Arxadan yenə qalaq-qalaq yarpaq üzüb gəlirdi. Yarpaqlar adsız çayın qabağını saxlayır, sonra aramla dönüb kötüklərin caynağından xilas olur, nəhayət azadlığa çıxır, üzüb gedirdilər. Haradasa bir it tez-tez hürürdü. Adsız çayın o tərəfində bağda, ağacların arasında enli tuman geyinmiş eybəcər bir qoca arvad gəzişərək çır-çırpı yığırdı. İyirmi il əvvəl də bu qoca arvad ağacların arasında gəzib çır-çırpı yığırdı. Elə zənn etmək olardı ki, qoca arvad bu işi o vaxtdan bəri davam etdirir. Sakif xəyalında bu qoca arvadı lüt şəkildə canlandıraraq onun eybəcərliyindən dəhşətə gəldi. Əlini aşağı sallayıb soyuq suya toxundurdu. Suyun soyuqluğu barmaqlarının ucundan ürəyinə axdı. Bizim essenin qəhrəmanı məqsədsiz yerə alışqanını yandırdı. Bir dəfə, iki dəfə, üç dəfə... Alışqanın qazı yanıb qurtardı. Alov lap azalıb söndü. Alışqanın diyircəyini bir daha fırlatdı. Qırmızı qığılcım görünüb yox oldu. O, qazı qurtarmış alışqanı şalvarının cibinə qoydu. Ona əzab-əziyyət verən başından möhkəm yapışdı. Bütün gücünü toplayaraq başını bədənindən qoparıb adsız çaya atdı.
Seymur Baycan
Reytinq .- 2015.- 25 oktyabr.- S.7