Muğamımızın böyük sirri
(Birinci məqalə)
Əsrlər boyu dini, adət-ənənəsi, musiqisi, hətta mətbəxi də bir olan xalqların ifaçılıq - vokal sənətini hifz etmiş, onun sirlərini gələcək nəsillərə ötürə bilmiş sənətkarların siyahısına baxın: ravi, xanəndə, qəvval, hafizxan, novruzxan, rövzəxan, mərsiyəxan, növhəxan, qəzəlxan, qissəxan.
İndi isə mətləbi xırdalayaq. Novruz bayramının qeyd olunduğu ölkələrdə hansı mərasimlərin keçirildiyini etnoqraflar bilirlər. Amma, bütün müasirlərin unutduqları gözəl bir mərasim də vardı, ta qədim əyyamlardan XIX əsrin birinci rübünə qədər bayramın qeyd olunduğu yeddi gün ərzində ali zümrənin imarət və saraylarında sazəndələrin müşayətilə novruzxanlar çıxış edərdilər.
Novruzxan adları məhz bu bayramla bağlı olan havaları, dəsgahları, guşə və şöbələri oxuyardı.
Bizə təxminən otuzdan çox ad məlumdur:
"Novruzu-büzürg", "Novruzi-əcəm", "Novruzi-rəvənd", "Novruzi-xara", "Novruzi-səba" və i.a (Otuzdan çox guşənin, şöbənin adlarını tapıb üzə çıxarmış, onların nə vaxt, hansı məqamda necə ifa edilməsini əsl alim kimi tədqiq etmiş rəssam-tədqiqatçı Elçin Aslanova dərin minnətdarlığımı bildirirəm).
Hər xanəndə, qəvval, novruzxan ola bilməzdi, hərənin öz yeri vardı.
Sözümün canı budur ki, novruzxanlar atəşpərəstlik dövründə Sasani əyan-əşrəfinin, Arran mərzbanlarının, dehqanların hüzurlarında çıxış etsələr də, İslamın qələbəsindən sonra da hörmət və nüfuzlarını qorudular.
Ərəb məmurları "bu, zındıqlara məxsusdur, atəşpərəstlikdən qalıb",- deyib qədim avazların, onları ifa edənlərin ağızlarına qadağa möhürü vurmadılar. Əksinə, bu sənət inkişaf etdi.
Kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq, novruzxan farsın da, azəri türkünün də sevimlisi idi. Təbriz qəvvalına Şirvanda da, qədim Naxçıvan torpağında özgə cür sevinc və maraqla qulaq asırdılar.
Qəvval - orta əsrlərdə şifahi ədəbiyyatın ən gözəl nümunələrini, tanınmış şairlərin şeirlərini xüsusi avazla oxuyana deyərdilər. O, çıxışını dəflə müşayət edərdi. Yüzlərlə zərb üsulunu əzbər bilən qəvval, əruzun da mahir bilgisi idi. Vətənimiz kütləvi savadsızlar diyarı deyildi. Mollaxananı qurtarmayan, Quranı bitirməyən adam tapmaq çətin idi.
Ancaq köçəri maldarlıqla məşğul olan insanların övladlarının savadlanması müşkül idi.
Elə bir ev yox idi ki, onun taxçasında, ən hörmətli yerdə "Qurani-Kərim"in yanında meşin cildli bir neçə divan olmasın. Şimallı cənublu Azərbaycanda böyük lirik Hafizin təkrarsız qəzəllərini oxuyan hafizxan-müğənnilər şöhrət qazanmışdılar.
Azərbaycan tarixçilərinin vəsfəgəlməz "şücaəti" üzündən neçə qərinə ərzində gənclik yaxın keçmiş barədə bütün məlumatlardan mərhum oldu. Çox az adam bilirdi ki, sovet hakimiyyəti qurulana qədər bizim ölkədə bütün dəftərxana və idarə işləri rus dilində gedirdi. Adi məişət və şəriət məsələlərinin həlli isə rəsmi təyin olunmuş axund və qazilərə həvalə edilmişdi. Onlar da yazı-pozularını fars dilində aparırdılar. O dövrdə söhbət zamanı fars dilində beş-on beyti dilə gətirmək, tez-tez Firdovsiyə, Sədiyə, Hafizə, Nizamiyə və digər fars dilində yazıb-yaratmış şüəraya isnad etmək kübarlıq, savadlılıq əlaməti sayılardı.
İndi deyəcəyim
fakt təəccüblü görünməsin, məşhur
Cabbar Qaryağdıoğluna qədər Qafqazın
bütün müğənniləri ancaq fars dilində
yazılmış qəzəlləri oxuyardılar. Bu sehri
misilsiz Cabbar Qaryağdıoğlu sındırdı. Ancaq
ondan sonra bizim ifaçılar doğma dillərində olan əşara
müraciət etdilər. (Mən bizim fədakar maarifçilərimizin
doğma dilin təntənəsi, onun qorunması uğrunda
apardıqları mübarizədən daha danışmaq istəmirəm!)
Bəli, ağır da olsa etiraf etməliyik ki, Sovet hakimiyyətinə
qədər azərbaycanlı gənc Sədini, Hafizi,
Firdovsini öz millətinin şairlərindən daha
yaxşı tanıyırdı.
Birinci ricət
Avropada elə bir xalq yox idi ki, qədim
Roma imperiyasının zəhmini görməyəydi.
Ümmanlar qədər qanlar tökülmüş, neçə-neçə etnos ümumi qətliama məruz qalmış, tarix səhnəsindən bir dəfəlik itib getmişdir. Bununla belə Avropada XUIII əsrin sonuna qədər bütün elmi əsərlər, traktatlar, diplomatik sənədlər latın dilində yazılırdı.Halbuki Roma imperiyası 1200 il idi ki, yox olmuşdu.
Hazırda elmin bir neçə sahəsində latın dili hökmfərmadır, tarixşünaslıqda, biologiyada, təbabətdə və s.
XUIII əsrin sonunda Fransa ensiklopediyaçılarının zəhməti sayəsində fransız dili beynəlxalq dilə çevrildi. Latın dilinin söz lüğəti hər cəhətdən inkişaf etmiş elmin, texnikanın tələblərini ödəyə bilmədi.
II Dünya müharibəsindən sonra isə ingilis dili beynəlxalq aləmdə hegemona döndü. Ərəb, fars dillərinin bütün Şərq tarixində oynadıqları rol barədə çox yazılıb, çox deyilib.
Azərbaycanın namdar şəxslərini "niyə onlar fars dilində yazıb yaradıblar",- deyərək qınayanlardan soruşuram, ağalar, siz böyük türkçü, vətənpərvər Ə.Hüseynzadənin və onun məsləkdaşlarının əsərlərini oxumusunuzmu? Götürün "Fyuzat" məcmuəsini qoyun qabağınıza, oxuyun, əgər ikicə kəlmə sözü başa düşsəniz, mənə nə deyirsiniz deyin.
Misilsiz dövlət xadimi, dahi sərkərdə Süleyman Qanuninin (1494-1566-cı illər) Fransa kralı I Fransiskə göndərdiyi namənin giriş hissəsini təqdim edirəm:
"Ben ki sultanus-səlatin, bürhanül-havəkin, tacibəxşi-husrəvani ruyi-zəmin, zillulahi fil-ərzeyn, Ak denizin və Kara dənizin və Rumelinin və Anadolunun və Rum və Karaman vilayətlərinin və vilayəti Zülkədriyyənin və Kürdüstan və diyarı Bəkrin və Azərbaycanın və Vilayəti Tatarın və Şamın və Halebin və Misirin və Qüdsi - şərifin və Məkkeyi - mükərrəmə və Mədineyi müəzzəmənin və Ciddənin və sair diyarı Ərəbin və Yemenin və Basranın və Muşaşa vilayətinin və Luristanın və Tunusun və Çerbenin və məmaliki məşriqin və diyarı məqribin ki abayi giram və ecdadi-izamım enarallahu berahinehüm - kuvveyi kahirə ilə fəth eylədi ki neçə məmləkətlərin və iklimlərin və cənabi cəlalət-meabım dahi tığı-atəşbar və şəmşiri zəfərnigarım ilə fəth eylədiyim neçə məmləkətin Padişahı və Sultanı Sultan Bayezid han oğlu Sultan Səlim han oğlu Sultan Süleyman hanım!"
Bir şey başa düşdünüz? Türk dünyası istər əvvəl, istərsə də sonra Süleyman Qanuni kimi dahi ortaya çıxarmadı. İndi bizim haramıza yaraşır ki, durub ona irad tutaq, sən niyə başa düşdüyümüz dildə məktub yazmamısan?
Hörmətli oxuculardan xahiş edərdim ki, sadalayacağım dəsgah, guşə və şöbə adlarına fikir versinlər:
"Şur", "Rast", "Çahargah", "Mahur", "Segah", "Dügah", "Bəstə-nigar", "Rahi-Şəbdiz", "Təxti-Ərdəşir", "Daği-bayati", "Bayatı-Şiraz", "Baği-Şəhriyar", "Bağı-Səyavuş", "Firuzi", "Xavəran", "Şadurəvan", "Canfəza", "Gərdaniyyə", "Şüştər".
Mən hələ Nizaminin "Xosrov və Şirin" əsərində sadaladığı ləhnlərdən, Ürməvinin, Marağanın, Mübarəkşahın və digər musiqi alimlərinin əsərlərində sadalanmış muğam guşələrindən, dəsgahlardan danışmıram.
Sözümün canı nədir? Burada bir "bayatı" sözündən başqa qalanlar tər-təmiz ərəb və fars dilindədir. Musiqişünaslığa aid əsərlərin ərəb, fars dilində yazılması heç bir vaxt nə rəiyyəti, nə kübar təbəqəni narahat etmirdi. Axı bu barədə düşünən də yox idi. Avropa üçün latın, fransız dili nə idisə, Şərqdə də fars və ərəb dili eyni rolu oynayırdı. Səfiəddin Urməvi rəhmətlik ovcunun içini iyləmişdi ki, nə vaxtsa gələcək, Azərbaycanda kimsə onu danlaycaq ki, o niyə əsərlərini ərəbcə yazıb.
Bizim ipləmələr II Sultan Muradın (1421-1451-ci illər) özündən də artıq vətənpərvər, türkçü görünmək istəyirlər. Əbdül Qadir Maraği Bursaya gəlib özünün musiqi nəzəriyyəsinə aid fundamental "Məqasidəl-əlhan" əsərini sultana təqdim edəndə heç ağlına gətirməyib ki, əsrlər keçəcək və kimsə dil barəsində ona irad tutacaq.
Adlı-sanlı rus bəstəkarları bizim musiqidən bəhrələnəndə onun farsa, ya da türkə məxsus olması barədə düşünməyiblər. İ.Stravinski "Müqəddəs bahar" baletində "Hüseyni", "Petruşka" baletində isə "Üşşaq" muğamlarından istifadə edib. Mən hələ Rimski - Korsakovdan, Borodindən, Qlinkadan və başqa sənətkarlardan danışmıram. (Əlli il bundan əvvəl məni bir sual rahat buraxmırdı. İ.S.Bax ömrünün sonuna qədər doğma şəhərini bir gün də olsa tərk etməyib, bəs bizim "Bayatı-Şiraz" muğamımızı o harada dinləyib?
Elə azərbaycanlı yoxdur ki, İ.S.Baxın orqanda səslənən məşhur "Tokkata"sını eşidəndə həyacanlanmasın. Nə qədər əziz və doğma melodiya... Bizim "Bayatı-Şiraz"ımızın mayəsi orqanda necə də əzəmətli səslənirmiş!
İllər keçdi, çox zəhmətdən sonra bizim muğamın uzaq Almaniyaya - İ.S.Baxın evinə necə gedib çıxdığını öyrəndim, amma mətbuata açıqlama vermədim. Səbəbini bir azdan yazacağam...).
Borodinin "Knyaz İqor" operasının "Polves (əslində, qıpçaq - F.H) düşərgəsində" pərdəsində səslənən qızlar xoruna sakit qulaq asmaq olmur. A.Borodin bu havanı Şimali Qafqazda qıpçaqların məskunlaşdığı bir aulda nota almışdı. Nəhəng etnosdan indi çox az adam qalıb... Operada olduqca təsirli səslənən xor vaxtilə azman imperiya qurmuş bəxti qara millətin sanki son vida şərqisidir...
Bizim muğamın elmi-tədqiqat məsələsində heç vaxt bəxti gətirməyib. Nə qədər desəniz dissertasiyalar müdafiə olunub, kitablar yazılıb, özlərini savadlı göstərmək xatirinə hər yerindən duran yeri gəldi-gəlmədi orta əsr musiqiçilərinin adlarını sadalayıb.
Milli iftixarımız Üzeyir bəyin "Azərbaycan xalq musiqisinin əsasları" adlı məşhur əsərini nə az, nə çox bir İstanbul lotusu düz otuz il öz adına çıxdı. Bir vələdüzinanın səsi çıxmadı... Otuz il! Hələ indiyə qədər mən görmədim ki, bizim bir ədalı alimimiz beş-on muğamın, guşənin, şöbənin adlarının dəqiq etimologiyasını açıb araşdırsın.
Oxuduğumuz, eşitdiklərimiz bu olub: filan şöbədən sonra filan guşə gəlir, bu dəsgahı filan müğənni əla oxuyardı, filan bəstəkar filan muğama çox müraciət edirdi və i.a.
"Mavərənnəhr", bu muğam şöbəsi niyə belə adlanıb, "Zəng-sötör", mənası, dəvənin boğazından asılan zəng, bu nə deməkdir?
Onlarla ad çəkə bilərəm, indiyə qədər ərəb-fars mənşəli adların bircəciyinin əsl mənası, nə vaxt necə yaranması haqqında heç yerdə məlumat yoxdur. Yarıməsrdir boş, asudə vaxtımda bizim muğam sərvətinin adları, onların etimologiyasını öyrənməklə məşğul olmuşam. Ölüm-zülmlə onlarla məxəzdən damcı-damcı öyrəndiklərimi qəzet, jurnal səhifələrinə çıxartmışam.
Sovetlər dövründə dövrü mətbuatda tez-tez çıxış etsəm də, amma kitab məsələmə "veto" qoyulmuşdu. Müstəqillik illərində isə əlimdə pulum yoxdur... Alimnümalar da bundan yaxşı istifadə etdilər, o haramzada qalmadı ki, mənim tapıntılarımı, kəşflərimi öz adına çıxmasın.
"Mahur" sözünün heç də uçurum yox, qədim qızıl pul adı olmasını vaxtilə yazmışdım. Böyük moğol imperatorları Hümayunun və I Əkbərin dövründə çəkisi 11 qramdan artıq olan ən yüksək əyyarlı qızıldan zərb edilmiş "Mahur" adlanan qızıl sikkə bütün Şərqdə məşhur idi. Tərkibi "Mahur", "Şur", "Əşiran", "Dilkəş", "Dügah", "Zəng-sötör", "Hicaz", "Mavərənnəhr", "Şahnaz", "Hacı Yuni", "Sarənc", "Şüştər", "Məsnəvi" və "Suzi-güdaz" kimi şöbə və guşələrdən ibarət olan bu dəstgah bəzi məxəzlərə görə Şah Təhmasib Səfəvinin zamanında saray xanəndələri tərəfindən yaradılmışdır. Müasir İran musiqisində "Mahur"un tərkibinə 28 şöbə və guşə daxildir. Ustalıq və misilsiz səsləri ilə dünyanı heyran edən bizim gənc xanəndələr "Mahur"u ifa edəndə diqqətlə qulaq asın, onda biləcəksiniz ki, bu əzəmətli musiqi kaşanəsinə əbəs yerə yüksək əyyarlı qızıl pulun adını verməyiblər.
...Əcəldən aman
olsa məqalənin əvvəlində sadaladığım sənətkarlar,
Əmir Xosrov Dəhləvinin "Xəyal"
ifaçılıq üslubu barəsində söhbət
açacağam.
Firuz HƏŞİMOV
Reytinq.- 2017.-8
aprel.- S.7.